4. “Teatr kabusu” –avtoritetlərə kor-koranə inamdan törəyir. Bu kabusun aradan qaldırılması üçün sxolastika və Aristotelin fəlsəfi sistemindən imtina etmək lazımdır. Onlara kor-koranə inam elmi biliyin inkişafında maneə rolunu oynayır.
F.Bekon metod məsələsində də Aristoteli qəbul etməmiş, belə hesab etmişdir ki, onun sillogistikası, deduktiv təfəkkür tərzi bizə yeni elmi biliklər verə bilməz. Bunun üçün bizə induktiv təfəkkür lazımdır. Məntiqi təfəkkür və məntiqi əqli nəticənin formalarından biri olan induksiyanın gerçək yaradıcısı Bekon hesab edilir.
Tomas Hobbs (1588-1679) materializm mövqeində olmuş, yalnız real predmetlərdən danışmagı zəruri hesab emişdir. O hesab edirdi ki, elm insanın bədəni, yəni cismi ilə məşgul olmalıdır, insanın ruhu isə elmin deyil, inamın obyekti olmalıdır. Dövlətin yaranmasını ictimai müqaviləyə əsaslandığını irəli sürən filosoflardandır. O hesab edirdi ki, insanlar anadan olarkən onların tələbatları yaranır və bu tələbatlar ödənilməlidir. Əsas əsərləri ”Fəlsəfənin əsasları”, “Leviafan” idi ki , bu əsərlərdə Hobbs vətəndaş qarşıdurmalarının qarşısını almaq üçün ideyalar irəli sürürdü. Onun yaradıcılıq sferası geniş olmuş, insan haqqında, dinin cəmiyyətdə rolu barədə, əxlaq və hüququn nisbəti kimi məsələləri əhatə etmişdir. Hobbsun adı 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Yeni dövr fəlsəfəsinin digər nümayəndəsi Rene Dekart (1596–1650) fəlsəfi sistemi yenidən formalaşdırmağa çalışmışdır. Əsas əsərləri– «Metod haqqında mülahizələr» və «Metafizik düşüncələr»dir ki, bu əsərlərdə Dekart təbiət və cəmiyyət hadisələrinə şübhə ilə yanaşmağı vacib hesab edirdi. “Düşünürəmsə, deməli mövcudam»– kimi məşhur aforizmin müəllifi elmi metod adlandırdığı universal riyaziyyat metodu vasitəsilə elmlərin yeni sistemini yaratmağa çalşıb.
O hesab edirdi ki, təbiətin dərk edilməsinin həqiqi idraki metodu yalnız riyaziyyatdır. Dekart Allahı və onun yaratdığı dünyadan bəhs edərək dünyanı iki substansiyaya – mənəvi və maddi olana ayırırdı. Başqa sözlə, ruhun və bədənin dualizmi.
Onun yanaşmasına görə, təbiətdə hər şey mexaniki qanunlara tabedir ki, bu da yalnız riyazi elm olan mexanikanın vasitəsilə araşdırıla bilər. Bu fəlsəfi yanaşmasıyla R.Dekart klassik mexanikanın əsasını qoyanlardan biri hesab olunur.
Yeni dövr fəlsəfəsinin hollandiyalı nümayəndəsi Benedikt Spinozanın(1632– 1677) əsas əsərləri «Dini–siyasi traktat», «Siyasi traktat» və «Etika»dır. Bu filosof panteist cərəyanın nümayəndəsi hesab olunur, belə ki, allahı və təbiəti eyniləşdirirdi. Onun fikrincə, cəmiyyət və təbiətin sirlərindən agah olmaq mümkündür. Çünki bunların hamısı müəyyən inkişaf qanunauyğunluqlarına tabedirlər. Spinoza Allah dedikdə təbiətin maddi substansiyasını nəzərdə tuturdu. O substansiyanı özü–özünün səbəbi kimi qəbul edirdi.
«Azadlıq dərk edilmiş zərurətdir»– tezisinin məntiqi sübutunu verən Spinozaya görə dünyadakı proseslər yalnız zərurət nəticəsində baş verir. Başqa sözlə, insan iradəsi heç nəyi dəyişə bilməz.
XVIII əsr ingilis maarifçisi Con Lokkun (1632– 1704) əsas əsəri «İnsan əqli haqqında təcrübə» adlanır ki, bu da özündə pozitiv sosial proqramı əks etdirir. Con Lokk empirizmin banilərindən biri kimi qəbul edilir. Belə ki, C. Lokk təcrübəyə prioritet verməklə insanı sosial mühitin nəticəsi adlandırırdı.
C.Lokka görə, insan bir təmiz lövhə kimi dünyaya gəlir, ona yazılanlar insanın daxili refleksiyası vasitəsilə ətraf aləmdən əldə etdikləridir. Tərbiyə praqmatizmə və rasionalizmə əsaslanmalıdır. Bədənin tərbiyəsi insanın sağlamlığı üçün, əqlin tərbiyəsi isə ləyaqətli mövcud olmaq üçündür. Əsas tərbiyə vasitələri isə mühit və nümunədir. Yəni, tərbiyə olunanlara bu tərbiyəni verənlər özləri hansı xüsusiyyətlərə malikdirlər. Təlim əyani olmalıdır və təhsil alanlara standart terminlər öyrədilməməlidir.
C.Lokkun siyasi baxışları da maraqlıdır. O qeyd edirdi ki, insanın hüquqları və əmlak üzərində haqları təbiidir. Lokk azadlığı sözün bütün mənalarında geniş mənada götürürdü. Hesab edirdi ki, insan öz üzərində bütün istədiklərini edə bilər. Azadlıq nisbi deyil, heç kim onu hansısa formada məhdudlaşdıra bilməz. Burada istisna yalnız insanın öz iradəsi ilə ola bilər ki, bunu o ictimai müqavilə nəzəriyyəsində əsaslandırır.
Başqa sözlə, sosial müqavilə adlanan bu nəzəriyəyə görə insanlar ümumi əmin-amanlığı təmin etmək üçün bəzi hüquqlarını dövlətə həvalə edirlər. Bu isə daimi deyil, məqsədə çatdıqdan sonra müqavilə qüvvədən düşür. C.Lokk deyirdi ki, müqavilənin şərtlərinin pozulması kimlərinsə diktaturasına gətirəcəksə, insanların üsyan haqqı vardır.
Yeni dövr fəlsəfəsinin alman nümayəndəsi Qotfrid Leybnits (1646–1716) monadalar adlandırdığı çoxsaylı substansiyaları əsas götürürdü. Onun fikrincə, monad sadə, bölünməzdir, amma materiya anlayışı ilə eyniləşdirilə bilməz. Leybnits düşünürdü ki, yaratdığı monadologiya nəzəriyyəsi allahın mövcudluğunun ən parlaq təsdiqidir. Leybnits allahın varlığının 4 əlamətini qeyd edirdi: a) Ontoloji; b) kosmoloji; c) əbədi həqiqət; d) determinə olunan harmoniya.
O Dekart və Spinozanın nəzəriyyələrini mükəmməl olmamaqda ittiham edərək substansiyanın əsas və asılı olanlara ayırmağın yanlış olduğunu deyirdi. Leybnits qnoseologiya məsələsində rasionalizm və empirizmi əsas götürərək ağıl həqiqəti və faktlar həqiqətinin olduğunu deyirdi.
Fransız filosofu Jan Jak Russo (1712-1778) ictimai müqavilə nəzəriyyəsini irəli sürmüş, bütün insanların azad dogulması, lakin həyatları boyu müxtəlif məhdudiyyətlərə rast gəldiklərindən bu azadlıqlarını reallaşdıra bilmədikləri fikrini irəli sürmüşdür. İnsanlar öz mülkiyyətlərini mühafizə etmək üçün ictimai müqaviləyə möhtacdırlar. Bu müqavilə dövlətin formalaşdırılması anlamındadır və insanların hüquq və azadlıqlarını qoruyur.
Onu insanlar arasında qeyri-bərabərliyin yaranması səbəbləri narahat edirdi. Russonun ideyaları cəmiyyətin siyasi sferasının təkmilləşməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Belə ki, o deputatların səlahiyyət müddətinin azaldılması, referendum keçirilməsi, hakimiyyət üzərində xalq nəzarətinin təmin olunması kimi ideyaları ilə Fransa inqilabının ideya müəlliflərindəndir. Əsas əsərləri “Yeni Elioza” və “İctimai müqavilə”dir.