Miqrasiyaya səbəb olan amillər çox aspektlidir. Belə ki, BMT-nin 2013-cü ildə gənclərin vəziyyəti və xüsusi ilə gənc miqrantların müasir dünyaya verdiyi töhfələr və onların qarşılaşdığı çağırışlarla bağlı hesabatında qeyd olunur ki, iqtisadi, ekoloji və demoqrafik amillərin təsiri insanları miqrasiya etməyə məcbur edir və bu tendensiya artır. Sənəddə həmçinin qeyd olunur ki, yaxşı təhsil və iş imkanlarının axtarılması, müharibədən, təbii fəlakətlərdən xilas olunmaq gənclər arasında miqrasiyaya səbəb olan amillərdəndir.
Hər bir hərəkət, hadisə və proses nəticələr verir. Bu nəticələr köklərə bağlı olur. Yəni nəticələr səbəblərdən meydana gəlir. Məsələn, məcburi (zorakı) faktorlar elə hadisələr üçün elə məcburi nəticələr verir, hadisələrin məcburi məzmun və formasını meydana gətirir. Məsələn, müharibə müəyyən ərazilərdə humanitar fəlakətlərin və bu fəlakətlərin tərkibi olan məcburi köçetmələrin əsaslarını meydana gətirir. Miqrasiya ilə nəticələnən (elə miqrasiyaya səbəb olan) universal gözlənilməyən və iradələrdən asılı olmayan səbəblər tərkib baxımından təhlillər əsasında ümumiləşdirilərək, əsasən, ölkələr daxilində və ölkələr arasında baş verən və gərginliklərlə müşahidə olunan müharibələr, siyasi böhranlar, eləcə də təbii fəlakətlər və fövqəladə faktorlara bölünə bilir. (Əlavə olaraq 17, 18 saylı qrafiklərə baxmaq olar). Bu kimi gərginliklərin yaranmasının bazasında da müəyyən amillər dayanır. Məsələn, müharibələr, münaqişələr və böhranlarla xarakterizə olunan və nəticə eibarilə ölkələr daxilində və ölkələr arasında məcburi (zorakı) miqrasiyaya gətirib çıxaran gərginliklərin kökündə səbəb kimi bu kimi faktorların dayanmasını qeyd etmək olar:
ölkə daxilində etniklər arasında dözülməzlik;
müəyyən xalqlarda başqa xalqlara qarşı kin və küdurətin baş qaldırması, nifrət hissinin oyanması;
dini etiqadlar və digər inanclar arasında barışmazlığın olmaması (dini tolerantlığın bərqərar ola bilməməsi);
xalqların böyük imperiyalar yaratmaq iddiaları və s. kimi neqativ hallar;
azadlıq və suverenlik üçün fərdi və ümumi istəklərmüəyyən etnik qrupun istəkləri və onların dövlətçiliyə qarşı təxribat xarakerli fəaliyyəti və s.
Məcburi hadisələr köçün məcburi formalarını meydana gətirir. Məsələn, bu məcburi halın nəticəsi sürgünlərdən (miqrasiyanın sürgün forması-məcburi forması) ibarət olur. Dövlətlərdaxili və dövlətlərarası sürgünlərin və deportasiyaların kökündə (deportasiyaya səbəb verən və gətirib çıxaran amillər) xalqlara və qruplara qarşı təzyiqlər, soyqırımlar, müharibələr dayanır. Deməli, universal məcburi köç proseslərinin nəticələnməsinin əsaslarını deportasiyalar və sürgünlər təşkil edir. Hər ikisində repressiyalar tətbiq olunur.
Gözlənilməyən və qeyri-humanist səbəblərə görə köç hallarının meydana gəlməsi əsasən insan həyatına olan risqlərlə bağlı olur. Eyni zamanda bu vəziyyətlərdə həyat üçün tələb olunan kompleks ünsürlərin itkisi halları da yaşanır. Qrup halında məcburi köç etmələr etnik təmizləmələrdən, xalqlara qarşı olan təzyiqlərdən, bu təzyiqləri yaradan ifrat eqoizmdən, dini və mədəni dözümlülüyün olmamasından meydana gəlir.
Universal – gözlənilməyən, yəni iradələrdən asılı olmayan və məcburi xarakter daşıyan səbəblər nəticə etibarilə insanların qrup halında məcburi köç etmələrini meydana gətirir. Qrup halında məcburi köç etmənin də iki mühüm baza əsası mövcud olur: birincisi, bir ölkədə yaşayan xalqlara qarşı birbaşa təzyiqlərin göstərilməsi ilə (ölkədə başqa xalqların hakimiyyəti tərəfindən) meydana gələn qaçqın vəziyyətinin mövcudluğu; ikincisi, ölkənin müharibəyə qoşulması risqləri və müharibələrə qoşulma vəziyyətinin mövcudluğu. Birinci hal birbaşa təcavüzləri (məsələn, Ermənistanda yaşayan azərbaycanlıların erməni xalqı və hakimiyyəti tərəfindən məcburən, zor tətbiq etmək yolu ilə ölkədən qovulması) özündə əks etdirir. Burada hədəf ayrıseçkiliyə məruz qalmış xalq olur, onlar deportasiyaya məruz qalırlar.
İkinci məsələdə isə ölkə müharibə təhlükəsi ilə üz-üzə qalır, vətəndaş müharibəsi və beynəlxalq müharibə baş verir. Hər iki məsələdə xüsusilə qonşu ölkələrlə sərhəd ərazilərində gərgin rejimlər yaşanır. Məsələn, bu kimi hala misal olaraq qeyd etmək olar ki, 2013-cü ilin avqust ayının sonlarının statistik məlumatına əsasən, Suriyada daxili müharibənin başlamasından sonra, son üç ildə Livana 700 min, İordaniyaya 500 min, Türkiyəyə 400 min, İraqa 150 min suriyalı sığınıb.