5. Sosial idarəetmə metodları. Sosial idarəetmənin metodları ayrıca işçiyə, qrupa və bütöv kollektivə məqsədyönlü təsir metodlarının kompleksidir. Aydın məsələdir ki, idarəetmənin qeyd edilən səviyyələrindən hər birinin öz spesifik problemləri mövcuddur. Ona görə də tətbiq olunan metodlar bir-birindən fərqlənir. Bu metodların bəziləri bütün səviyyələri əhatə edir, bəzilərinin tətbiqi isə onların ancaq biri ilə məhdudlaşır. Məsələn, ayrıca bir işçiyə münasibətdə fərdin davranışına təsir göstərə bilən sadalanan metodları tətbiq etmək olar:
a) birbaşa təsir (işçiyə müəyyən iş icra etmək üçün əmr, sərəncam, tapşırıq vermək olar);
b) motivlər, mənafelər və tələbatlar vasitəsilə təsir (stimullaşdırma);
c) dəyərlər sistemi vasitəsilə təsir (tərbiyə, təhsil və s.);
d) sosial mühit vasitəsilə təsir (əmək şəraitinin yeniləşməsi, inzibati və qeyri-formal təşkilatda statusun dəyişilməsi və s.)
Müəssisə kollektivinə daxil olan qrupa münasibətdə sosial idarəetmə metodları belə bölüşdürülə bilər:
a) qrupun tərkibinin məqsədyönlü formalaşdırılması (məsələn, qrupun peşə-ixtisas əlamətlərinə görə formalaşması, iş yerlərinin sayına və xüsusiyyətlərinə görə mobil qrupların yaradılması və s.);
b) qrupun sıx vəhdətinin təmin edilməsi (sağlam rəqabətin təşkili, rəhbərlik üslubunun təkmilləşdirilməsi, sosial-psixoloji amillərdən istifadə olunması və s. vasitəsilə bunu həyata keçirmək mümkündür).
Bütövlükdə kollektiv, təşkilat səviyyəsində göstərilən metodlardan istifadə oluna bilər:
a) formal və qeyri-formal strukturların uzlaşdırılması. Bu baxımdan planlaşdırılmış və həqiqi, real əlaqələr, normalar arasındakı ziddiyyətlərin aradan qaldırılması xüsusi məna kəsb edir..
b) idarəetmənin demokratikləşməsi.
Bu baxımdan ictimai təşkilatların rolunun yüksəldilməsi, ümumi qərarların işlənib hazırlanmasına işçilərin cəlb olunması, bəzi rəhbərlərin seçkili olması qaydasının tətbiqi, əmək fəallığının inkişaf etdirilməsi və s. özünü tamamilə doğruldur.
c) sosial planlaşdırma.
İşçilərin ixtisasının artırılması və rifahının yaxşılaşdırılması, kollektivin sosial strukturunun təkmilləşdirilməsi, adamların sosial müdafiəsinə kömək edən tədbirlərin həyata keçirilməsi və s. kollektivin fəaliyyətinə səmərəli təsir göstərir. Müəssisədə sosial planlaşdırma sosial proseslərin inkişafının məqsəd, vəzifə və göstəricilərini, habelə onları həyata keçirmək vasitələrini müəyyənləşdirməyin elmi cəhətdən əsaslandırılmasını təmin etmək deməkdir.
Yeri gəlmişkən qeyd edək ki, elmi ədəbiyyatda təşkilatın idarə edilməsi baxımından xarakterinə görə sadalanan metodların ayırd edilməsinə tez-tez rast gəlmək mümkündür:
a) inzibati-təşkilati metodlar. Bu metodlar dövlətin iradəsinə və nüfuzuna istinad edir və idarəetmə obyektinə bilavasitə təsir göstərir. İdarəetmənin inzibati-təşkilati metodlarının xarakter xüsusiyyətləri sırasına bunlar aid edilə bilər:
operativlik;
idarə olunan obyektə birbaşa təsir;
göstərişlərin, sərəncamların, əmrlərin və digər inzibati qərarların yerinə yetirilməsinin məcburi xarakteri;
yerinə yetirilməyən əmr və sərəncamlar üçün ciddi surətdə müəyyən edilmiş məsuliyyət;
səhv qərarların qəbulu üçün fərdi məsuliyyət.
Bu metodların üstün cəhətlərinə baxmayaraq, onların tətbiqində müəyyən qüsurlar da özünü göstərir: qərarlrınn qəbuluna özbaşınalıq, volyuntarizm və bürokratizm təzahürləri.
b) iqtisadi metodlar Bu metodlar idarəetmədə və təsərrüfat fəaliyyətində iqtisadi qanunlardan və münasibətlərdən səmərəli istifadəni təmin edən tədbirlərin məcmusudur. İqtisadi metodların reallaşdırılmasının əsasını nəticə etibarilə adamların maddi maraqlarının aşkara çıxarılması və onlardan istifadə olunması təşkil edir; bu maraqlar işçiləri iqtisadi qanunların tələblərini yerinə yetirməyə sövq edir.
c) sosial-psixoloji metodlar. Bu metodlar ayrı-ayrı işçilərin və kollektivlərin fərdi xarakteristikalarını nəzərə almaqla tətbiq edilən metodlardır. Sosial-psixoloji metodlardan səmərəli istifadə olunması şəxsiyyətin və kollektivin mövcud potensialının azad, sərbəst inkişafına, onların fəaliyyətinin aktiv yaradıcı əsasda qurulmasına kömək edir. Ona görə də hər bir rəhbər işçi idarəetmənin sosial-psixoloji əsaslarına yiyələnməyə ciddi səy göstərməlidir. İşçinin davranışı, onun digər şəxslərlə qarşılıqlı təsiri, ünsiyyəti və s. hərtərəfli öyrənilməlidir.
NƏTİCƏ Beləliklə, Təşkilati struktur baxımından sosial idarəetmə prosesini bir-birinin ardınca gələn müəyyən mərhələlərin məcmusu kimi başa düşmək olar. Belə mərhələlərin ayırd edilməsinə müxtəlif müəlliflərin fərqli yanaşması mövcuddur. Həmin yanaşmaların müqayisəli təhlili göstərir ki, fərqlər əsasən məsələyə nə dərəcədə konkret yanaşma ilə əlaqədardır. Bəziləri (məsələn, V.Q.Afanasyev) 4 mərhələ - qərarın işlənib hazırlanması və qəbulu, təşkiletmə, tənzimetmə, uçot və nəzarət, bəziləri (məsələn, Q.Q.Vasilyev) 6 mərhələ - idarəetmə probleminin qoyulması, zəruri informasiyanın toplanılması, qərarın işlənib hazırlanması, qərarın qəbul edilməsi, qəbul olunmuş qərarın icrasının təşkili, nəzarət və s. ayırd edirlər.
ƏDƏBİYYAT 1. F.Vahidov, T.Ağayev. « Sosiologiya». Bakı-2008
2. Hüseynli A. “Sosial iş”.Bakı-2013
3. Vahidov F. «Sosiologiya». Bakı-2008
4. Vahidov F. «Sosiologiya». Bakı-2005
5. İnternet resursları