3. Sosial idarəetmə mürəkkəb proses kimi. Sosial idarəetmə prosesi müəyyən növ fəaliyyətin ümumiləşmiş ifadəsidir, qarşıya qoyulmuş məqsədlərə nail olmaq istiqamətində reallaşdırılan ardıcıl hərəkətlərin məcmusudur.
Elmi ədəbiyyatda qeyd olunur ki, idarəetməyə proses mövqeyindən yanaşmanı təklif edənlər XX əsrin 30-cu illərində inzibati idarəetmə tərəfdarları olmuşlar. Lakin onlar idarəetmə mərhələlərini funksiyalar kimi nəzərdən keçirərkən həmin funksiyaların qarşılıqlı əlaqəsinə lazımınca diqqət yetirməmişlər. Lakin idarəetməyə proses mövqeyindən yanaşanların digər qismi həmin qüsuru aradan qaldırmağa səy göstərmiş, müəyyən təşkilat hüdudlarında hərəkətlərin və ya funksiyaların qarşılıqlı əlaqəsini, ümumi fasiləsiz axarını nəzərə çarpdırmışlar. Bu konsepsiyanın ilk müəlliflərindən sayılan Anri Fayol belə hesab edirdi ki, idarə etmək planlaşdırmaq, təşkil etmək, sərəncam vermək, əlaqələndirmək və nəzarət etmək deməkdir.
Hazırda sosial-fəlsəfi ədəbiyyatda, idarəetmə nəzəriyyəsinə və praktikasına həsr olunmuş əsərlərdə idarəetmə prosesi təşkilati və funksional struktur baxımından təhlil olunur. Başqa sözlə, həmin prosesdə müəyyən mərhələlər və ya funksiyalar ayırd edilir.
İdarəetmə prosesinin nə dərəcədə konkret diferensiasiyası ilə şərtlənən fərqli mövqelərin olması təbii sayılmalıdır. Zənnimizcə, ayrı-ayrı mövqelərdə 3 mərhələnin ayırd edilməsi ümumi cəhətdir və demək olar ki, heç kəsdə etiraz doğurmur:
1. Qərarın işlənib hazırlanması və qəbul olunması;
2. Qərarın icrasının təşkili;
3. İcranın yoxlanılması (nəzarət).
Sosial idarəetmə prosesini təşkilati struktur baxımından bir-biri ilə sıx əlaqədar olan bu üç mərhələdən ibarət sistem kimi təsəvvür etmək mümkündür. Bu sistem, şübhəsiz, ümumi xarakter daşıyır.
4. Sosial idarəetmənin funksiyaları. İdarəetmənin funksiyalarına münasibətdə də vahid mövqe formalaşmamışdır. Müasir elmi ədəbiyyatda ən müxtəlif funksiyalardan bəhs edilir:
planlaşdırma;
təşkiletmə;
sərəncamçılıq;
motivləşdirmə;
nəzarət;
kommunikasiya;
tədqiqetmə;
qiymətləndirmə;
qərarların qəbul olunması;
işçi heyətin seçilməsi;
danışıqlar aparılması və s.
İdarəetməyə dair ayrı-ayrı nəşrlərdə demək olar ki, idarəetmə funksiyaları sadalanır, lakin onların fərqi çox azdır. Mütəxəssislərin fikrincə, Amerika menecmentində belə bir yanaşma üstünlük təşkil edir ki, idarəetmə fəaliyyətinin mühüm növlərini bir neçə anlayışda birləşdirməklə ifadə etmək olar. Hesab olunur ki, idarəetmə prosesi 4 funksiyadan ibarətdir: planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət. Qeyd edilən bu funksiyalar əlaqələndirici proseslərlə - kommunikasiya və qərarların qəbulu prosesləri ilə birləşirlər.
Planlaşdırma bu məqamları nəzərdə tutur:
bütövlükdə idarəetmə sisteminin, o cümlədən onun ayrı-ayrı hissələrinin elmi cəhətdən əsaslandırılmış inkişaf proqramının işlənib hazırlanması;
həmin proqramı reallaşdırmaq sahəsində idarəetmə subyektlərinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi;
proqramın zəruri ehtiyatlarla (maddi-maliyyə, əmək, təşkilati) təmin olunması;
planlaşdırılan nəticələrə nail olmaq vasitələrinin müəyyən edilməsi.
Təşkiletmə idarəetmə subyektlərinin fəaliyyətinin çox mühüm növü olub, daha konkret məqsədlərə istiqamətlənir, idarəedən və idarəolunan sistemlərin formalaşmasını, onlar arasında münasibətlərin nizamlı sahmana salınmasını nəzərdə tutur. Təşkiletmə zərurət olduqda yeni idarəetmə orqanlarının, strukturlarının yaradılması, kadrların seçilməsi və yerləşdirilməsi, müvafiq orqanların və vəzifəli şəxslərin səlahiyyətlərinin müəyyənləşdirilməsi, struktur məsələlərin həlli, idarəetmə münasibətləri iştirakçılarının qarşılıqlı təsir və əlaqə qaydalarının müəyyənləşdirilməsi və s. kimi məsələlər kompleksini əhatə edir.
Motivləşdirmə funksiyası qarşıya qoyulan və planda əksini tapan vəzifələrin təşkilat üzvləri tərəfindən yerinə yetirilməsində mühüm rol oynayır. Faktlar sübut edir ki, qədim zamanlardan işçilərə hədə, cəza və s. ilə, nisbətən az adama isə mükafatlarla təsir göstərmək imkanlarından istifadə olunmuşdur. XVIII əsrin sonundan etibarən belə bir inam möhkəmlənmişdir ki, adamların çox qazanmaq imkanı olduqda onlar daha səylə, daha yaxşı işləyirlər. Bu motivləşdirmə asan və sadə qavranılan məsələ hesab olunmuşdur. Tədricən insan münasibətlərinə diqqətin artması, Elton Meyonun eksperimentləri (“Uestern Elektrik” zavodunda - ABŞ) sayəsində belə bir cəhət aydınlaşdı ki, insan hərəkətlərinin motivləşməsi əsasən iqtisadi amillərlə deyil, müxtəlif tələbatlarla şərtlənmişdir. Hazırda artıq dərk edilir ki, işçiləri effektiv motivləşdirmək üçün müəyyənləşdirmək vacibdir ki, hansı tələbatlar hansı işçilər üçün aktualdır, həmin tələbatları hansı işlə ödəmək mümkündür. Yaxşı təşkil olunmuş səmərəli əmək işçinin fəaliyyətini motivləşdirən çox mühüm amildir.
Səmərəli və obyektiv qərarlar qəbul etmək, problemin mahiyyətini və miqyaslarını aydın təsəvvür etmək üçün adekvat, dəqiq informasiya olması vacibdir. Belə informasiyanı əldə etməyin üsulu kommunikasiyadır. Kommunikasiya informasiya mübadiləsi prosesidir. İdarəetmə obyektinin, idarəedici sistemin və xarici mühitin vəziyyəti barəsində məlumatların məcmusu məhz idarəetmə informasiyasıdır. Bunsuz qəbul olunan qərarların əsaslandırılması və reallaşdırılması mümkün deyildir. İnformasiya idarəetmə prosesinin bütün mərhələlərində, bütün idarəetmə funksiyalarının reallaşdırılmasında zəruri olan ünsürdür.