2. Əməli yazı növləri. İşgüzar sənədlərinin tərtib olunması.
Dövlət və ya hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhür və s. ilə təsdiq edilən sənədlər rəsmi sənədlər adlanır. Dövlətin konstitusiyası, qanunları, qərarları, fərmanları; hökumətin sərəncamları, nazirlərin əmrləri və s.ən mühüm rəsmi sənədlərdir.
İşgüzar sənədlər isə xüsusi dövlət əhəmiyyəti daşımır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir. Afişa, annotasiya, anons, akt, arayış, bildiriş, elan, ərizə, izahat, məktub, reklam, rəy, protokol, teleqram, tərcümeyi-hal və s. işgüzar sənədlərə aiddir. İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır. Bu məqsədlə sizə işgüzar sənədlərin tərtib olunması qaydalarını təqdim edəcəyik. Sənəd ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır. İmzanın tərkibinə sənədi imzalamış şəxsin adı, soyadı, onun şəxsi imzası daxildir. Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir. Məsələn: Sədr: «-------» Əli Məmmədov Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə göstərilir. Məsələn: Nümunə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri: «-------» Həsən Nuriyev (tarix) Təşkilatlara göndərilən sənədlər onu göndərən təşkilatın rəhbəri və ya onun müavinləri tərəfindən imzalanır. Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər isə müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır.
İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. İşgüzar üslubun leksik xüsusiyyətlərindən danışarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və 3 formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s. Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın olmasını, asan başa düşülməsini bir növ təmin edir. Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən biridir. İşgüzar üslubun qrammatik xüsusiyyətləri. İşgüzar üsluba aid mövcud yazılarda indiyə qədər, adətən, onun leksik və sintaktik xüsusiyyətlərindən bəhs olunmuşdur. Müşahidələr göstərir ki, ədəbi dilin başqa üslubları kimi, işgüzar üslubda da bəzi morfoloji xüsusiyyətlər bu üslubun səciyyələnməsində və formalaşmasında az əhəmiyyət kəsb etmir. Morfoloji xüsusiyyətlər. İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin bəzi cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən sadə və mürəkkəb isimlər, vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez işlənilməsinin vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir. İşgüzar üslubda şəxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur. Doğrudur, üslubi məqsəd və əlavə izahlar üçün başqa üslublarda da mötərizə işlədilir. Lakin burada başqa üslublardan fərqli olaraq, konkret şəkildə məsul şəxslərin adı, soyadı, idarə və təşkilat adları göstərilir. İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin (əsasən cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır. Bununla belə, qanunvericilik aktlarının xarakterindən asılı olaraq, cəza , cinayət, icra, şikayət haqqında kodekslərdə «rəhbərlik», «plan», «yoxlama», «qərar», «üsul», «istehsalat», «müvəffəqiyyət» və s. mücərrəd isimlər də işlədilir. Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer verilir. Dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan 4 konkret isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ayrı-ayrı sahə kodeks və əsasnamələrində mücərrəd isimlər tez-tez müşahidə edilir. Belə isimlərin bir qrupunu feli isimlər təşkil edir. İşgüzar üslubda -lar, -lər şəkilçisi ümumiləşdirmə məqsədilə və termin yaradıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sənədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ bilmədilər» cümləsindən göründüyü kimi, hər hansı iki dövlət və yaxud iki dövlət nümayəndəsi nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrində işlənərək söz birləşməsi tərkibində ismin konkretləşməsinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual müddəalar və s. İşgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur. Müşahidələrdən də aydın olur ki, isimlərin işlənilməsində termin - söz birləşmələri, ismi-dominantlar da işgüzar üslubun səciyyələndirilməsində müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin dilinə xasdır. Məsələn, diplomatik sənədlərin dilində işlənən nota, ultimatum, attaşe, iqamətgah, saziş, müqavilə, fəxri qaravul, cənab, zati-aliləri, ATƏM-in nümayəndələri, BMT nümayəndəsi və s. İşgüzar üslubun bəzi janrlarında (qərarlarda, qanunlarda, fərmanlarda) ad və soyadlar bütöv yazılır (diplomatik sənədlərdə adlar bəzən ixtisar edilir) və vəzifələr hər bir adın qarşısında mütləq göstərilir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin sədri… Azərbaycan Respublikası Təhsil naziri və s .
Dostları ilə paylaş: |