Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


AZƏRBAYCAN MƏTBUAT TARİXİNDƏN*



Yüklə 4,68 Mb.
səhifə35/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   31   32   33   34   35   36   37   38   ...   42
AZƏRBAYCAN MƏTBUAT TARİXİNDƏN*
XIX əsrdə Çar Rusiyası Qafqazı işğal etdikdən sonra Qaf­qazda rus dilini yaymaq məqsədilə rus dilində mətbuatın güc­lənməsinə çalışırdı. Mütəxəssislərin yazdıqlarına görə, 1870-1899-cu illər arasında Çar Rusiyası Qafqazda 56 adda mət­buatın nəşrinə icazə vermişdi. Bunların 20-si rusca, 15-i gürcücə, 15-i ermənicə, 3-4-ü isə Azərbaycan dilində idi.

Rusiya mətbuat orqanlarının çoxunun Tiflisdə fəaliy­yə­tinə icazə verirdi. Çünki o zaman Çar Rusiyasının Qafqaz Ca­nişinliyi Gürcüstanın Tiflis şəhərində yerləşirdi.

1813-1828-ci illər arasında Azərbaycanın Şimal his­sə­si­nin tam olaraq Rusiyaya ilhaq edilməsindən sonra Çar Rusiyası Bakıda və Azərbaycanın başqa bölgələrində xristian əhalisinin sayının artırılmasına çalışır, rusdilli mətbuatın artırılmasına daha çox diqqət edirdi. Odur ki, XIX əsrin sonlarına doğru Bakıda “Бакинские известия» (1876), «Бакинский торгово-про­мыш­ленный листок» (1888), «Бакинские ведомости» (1894) kimi qəzetlər nəşr olunmağa başladı. Bu qəzetlərdə rəs­mi xəbərlər, elanlar teleqramlar, hökumətin qərarları əsas yer tuturdu.

Çar Rusiyasının Qafqazda rus dilində yayınladığı ilk qəzet “Тифлисские ведомости» (1828-1832) idi. Çar sen­zu­rası bu qəzetdə öz siyasi baxışları xatirinə ara-sıra Azərbaycan və Azər­baycan xalqı, onların yazılı və şifahi ədəbiyyatları haqqında ya­zı­lar yayınlanmasına icazə verməyinə baxmayaraq, qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə isə fars dilində nəşr edilir. Yalnız 1830-cu ildə qəzetin Azərbaycan dilində əlavə vərə­qi­nin nəşrinə icazə verilir ki, bu əlavə vərəq “Тифлисские ведо­мости» qəzetinə əlavə olan “Tatar xəbərləri” idi. Qəzetin redak­toru rus əsil­li S.San­kovski idi. “Tatar xəbərləri” qəzetinin Azər­bay­can dilin­də ilk nöm­rəsi 1832-ci ilin yanvarında çıxmışdı. Qə­zetin nəşri 1833-cü ilə qə-

------------------------------------

* Məqalə Ankarada nəşr olunan “Türk yurdu” jurnalının sifarişi ilə yazıl­mış­dır. Dos. Şahin Köktürklə müştərək yazılan məqalə həmin jurnalın 1996-cı il yanvar nömrəsində Türkiyə türkcəsi ilə yayınlanmışdır.

dər davam etmiş və həmin ildə dayan­dırılmış və bir neçə il Azər­bay­can dilində qəzet çıxarılmasına icazə verilməmişdir. Çar höku­məti Azərbaycan dilində qəzet nəş­ri­nə icazə verməyinə çox narahat idi. Çünki hökumət xalqın əley­hinə olan işlərinin qəzet­lərdə çıxma­sını istəmirdi. İcazə verdiyi “Tatar xəbərləri” qəzeti­nin nəşr olun­ması haqqında arxiv sə­nəd­ləri mövcud olsa da, onun bir nüsxəsi belə zəmanəmizə gə­lib çat­ma­mışdır. Amma arxiv sənədlərindən məlum olur ki, “Tatar xə­bərləri” təkcə Qafqazda deyil, Türkiyə və İranda da oxu­nurdu (bu barədə bax: Nəriman Zeynalov. Azərbaycan Mətbuat Tarixi. I c. Azərbaycan Dövlət Universiteti nəşri, 1974, səh. 9).

1845-ci ildə «Гафгазский вестник» qəzetinə əlavə olaraq “Qafqazın bu tərəfinin xəbərləri” qəzeti Azərbaycan dilində nəşr olunur. Həftədə bir dəfə çıxan və hökumətin əmrləri, qərarlarını yayınlayan bu qəzetin sadəcə 1845-ci ildə çıxan bir nömrəsi əldə olunub ki, bu nömrə də hal-hazırda Rusiyanın St.Peterburq kitab­xa­nasında mühafizə olunmaqdadır. “Qafqazın bu tərəfinin xə­bərləri”nin 1846-cı ilə qədər nəşr olunduğu və bundan sonra 30 il Azərbaycan dilində qəzet çıxarılmadığı tədqiqatçılar tərə­findən yazılmışdır.

XIX əsrin ortalarından bir çox Azərbaycan ziyalısı (Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və b.) mətbəə qurmağa cəhd etsələr də, çar hökuməti tərəfindən heç bir maddi və mənəvi dəs­tək ala bilmədilər. Fəqət XIX əsrin II yarısından sonra tanınmış ziyalı və elm adamı Həsən Bəy Zərdabi (1842-1907) böyük zəh­mət hesabına bu işin öhdəsindən gələ bildi.

Məlumdur ki, XIX əsrin sonlarına doğru Rusiyada təhsil alan bir çox azərbaycanlı ziyalı yetişdi. Bunlardan biri də xal­qı­nın maariflənməsinə çalışan, xalqını sevən milli ziyalı Həsən bəy Məlikov Zərdabi idi. 1865-ci ildə Moskva Universitetinin təbiət fakültəsini bitirən H.B.Zərdabi Rusiyada mətbuatla bağlı təcrübə almış, hürufatı isə Türkiyəyə gedərək İstanbuldan al­mağı planlaşdırmışdı. Həsən Bəy Zərdabi “1874-cü ilin iyul ayında İstanbula gedib 12 put hürufat alıb, avqust ayında gəl­dim. Hürufat qışda gəlib çatdı” deyə yazmışdır (bax: H.Zərdabi. Seçilmiş əsərləri, səh. 230).

Böyük ziyalı olan H.Zərdabi qəzeti ana dilini öyrədən bir məktub hesab edərək, “qəzet və jurnal oxumağın insanı dün­ya­dan xəbərdar etməsini, ona dilini öyrətməsini xüsusi qeyd edir­di. Həsən bəy Zərdabinin böyük zəhmət hesabına nəşr etdiyi “Əkin­çi” qəzetinin ilk nömrəsi 22 iyun 1875-ci ildə işıq üzü gördü. Həyat yoldaşı Hənifə xanım qəzetin yayınlandığı ilk günü belə dilə gətirirdi: “Həsən bəyin sevincdən gözləri yaşar­mış­dı. O, çox həyəcanlı bir halda evə gəldi. Bu gün onun hə­ya­tı­nın ən xoş günü idi” (bax: «Револьюция и культура» 1936, №6).

“Əkinçi” qəzetinin nəşri yalnız Azərbaycan xalqının de­yil, baş­qırd, tatar, krım və digər türk xalqlarının da sevincinə səbəb ol­du. Qafqazın müxtəlif guşələrindən, habelə Omskdan, Oren­burq­dan, Ufadan, Volqaboyundan, Krımdan təbriklər və abunə­lər gəl­mə­yə başladı (bax: Vəli Məmmədov. “Əkinçi”, Bakı, 1976, səh. 15).

Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım xati­rə­lərində yazırdı: “Fransız qəzetindən baş müxbir Bakıya gəl­mişdi. O, Rusiyada, xüsusən Azərbaycanda qəzet işinin və­ziy­yətini öy­rən­mək istəyirdi. O, Azərbaycan dilində çıxan yeganə qəzetlə ma­raqlanıb Həsən bəyin yanına gəlmişdi. Qəzetin üç il müddə­tində 300 abunəçisinin olduğunu bilincə Həsən bəyə demişdi: “Siz qəhrəmansınız. Bizim Fransada belə fağır qə­zet­lər üçün çalışan tapılmaz. Görünür, siz öz xalqınızı çox sevir­siniz” (bax: N.Zey­nalov. “Azərbayan mətbuat tarixi”. Bakı, 1973, səh. 15).

Azərbaycan xalqına böyük xidmət göstərən H.Zərdabi “Əkinçi” qəzetinin oxuyanların sayını artırmaq üçün qəzeti çox zaman pulsuz paylayırdı. Böyük ziyalı olan H.Zərdabi qəzet fəaliyyəti ilə bərabər, ədəbi və elmi fəaliyyət də göstərirdi. O, “Torpaq, su, hava”, “Bədəni təmiz saxlamaq” və ədəbiyyatla bağ­lı bir çox məqalələr yazmışdır.

Çar Rusiyasının senzor idarəsi tərəfindən daima təqib edi­lən “Əkinçi” qəzeti maddi baxımdan çətin vəziyyətdə idi. Tə­qiblər və maddi imkansızlıq qəzetin bağlanmasına səbəb oldu. Sonralar H.Zərdabi yazırdı: “Əkinçi”ni ana dili müəl­limi ad­landıran Nəcəf bəy Vəzirovun (o zaman N.Vəzirov Moskvada oxu­yurdu və qəzetə abunə idi) Moskvadan gön­dər­diyi bir mə­qalə yayınlanmışdı. Bu məqalədə dükanların qapı­sında qəsidə oxuyan və xalqı elmə çağıran bir dərviş təsvir olu­nur­du. Sen­zuradan icazə alınmasına baxmayaraq, məqalə qə­zet­də dərc olun­duqdan sonra qəzetin bütün nömrələri ya­saqlandı”.

H.Zərdabinin N.Vəzirovun məqaləsində siyasi fikirlər ifadə etdiyi bəhanəsi ilə qəzetin bir daha nəşrinə icazə verilmədi (bax: H.B.Zərdabi. Seçilmiş əsərləri. Bakı, 1960, səh. 232-233).

Çar Rusiyası H.Zərdabini siyasi cəhətdən təhlükəli hesab edirdi. 1880-ci ildə H.B.Zərdabi bütün təqibləri nəzərə ala­raq anadan olduğu Zərdab kəndinə köçmək məcbu­riy­yə­tində qalır.

“Əkinçi” qəzeti bağlandıqdan sonra Çar hökuməti Qaf­qaz­da bir müddət Azərbaycan dilində qəzet nəşrinə icazə vermədi.

Bir müddət sonra Azərbaycanın Şamaxı şəhərindən olan və o zaman Tiflisdə yaşayan Hacı Seyid Ünsüzadə Azərbaycan dilində qəzet çıxarmaq üçün Qafqaz senzur idarəsinə dəfələrlə müraciət etmişdi. Müraciətlərindəki bir məktubunda “Şərqlilər də qərblilər kimi işığa və həqiqətə can atırlar. Onları bir-birinə düşmən edən cəhalətlər” olduğunu yazırdı (bax: N.Zeynalov. Azər­baycan Mətbuat Tarixi. Bakı, 1973, səh. 36).

Hacı Seyid Ünsüzadə 1879-cu ildə “Ziya” adlı qəzetin nəşrinə icazə aldı. Yanvarın 11-də qəzetin ilk nömrəsi çıxdı. Qəzet 76 nömrəsi çıxdıqdan sonra “Ziyayi-Qafqaz” adı ilə nəşrini davam etdirdi. Bu qəzetin cəmi 107 nömrəsi çıxdıqdan sonra 1883-cü ildən 1884-cü ilə qədər nəşrini Şamaxıda davam etdir­miş. Qəzetin cəmi 183 nömrəsinin yayınlandığı yazılmaqdadır.

“Ziya” və “Ziyayi-Qafqaz” qəzetləri xalqın maarif­lən­mə­sində xeyli iş görmüşdülər. Qəzetin mətbəəsində islam dinini təbliğ edən çoxlu kitablar da nəşr olunurdu. Seyid Ünsüzadənin “Mövludi-Şərif” kitabı, uşaqlar üçün yazılmış “Təlimatül-ətfal”, “Təkzibül-əxlaq” kitabları da bu mətbəədə nəşr olun­muş­dur.

“Ziyayi-Qafqaz” qəzeti də nəşrinə son vermək məc­bu­riyyə­tində qalınca Seyid Ünsüzadənin qardaşı Calal Ünsüzadə Tiflisdə Azərbaycan oğlan uşaqları üçün bir məktəb açmaqla “Kəşkül” adlı bir jurnal nəşr etmək üçün Rusiyanın Qafqaz Canişinliyindən icazə alır. Jurnalın 11 nömrəsi çıxdıqdan sonra Calal Ünsüzadə onu qəzet kimi nəşr etməyə başlayır. “Kəşkül” Azərbaycan yazı­çıları, onların əsərləri haqqında mə­lumat və əsər­lərindən nümunə­lər də verilirdi. “Kəşkül” dün­ya klassikləri­nin əsərlərinin Azər­bay­can dilinə tərcüməsinə də böyük əhəmiy­yət verməklə, ara-sıra fars və rus dillərində də mə­qalələr nəşr edir­di. Azərbaycan klas­siklərinin əsərlərini başqa xalqların dil­lərinə tərcümə etməyə ilk dəfə təşəbbüs edən də bu qəzet olmuşdur.

“Kəşkül” qəzetinin nəşri 1883-cü ildən 1891-ci ilə qədər da­vam etmiş, cəmi 123 nömrəsi çıxmışdı. Davamlı yayın­lan­ma­dığı, abunəçilərinin sayı azaldığı üçün bağlanmaq məc­bu­riy­yə­tində qalmışdı.

Tiflisdə Azərbaycan dilində mətbuat orqanı nəşri üçün tə­şəb­büslər olmuşdu. Məmmədağa Şahtaxtlı “Tiflis” (1886), Ka­mal Ünsüzadə “Danış” (1900) qəzetlərini nəşr etməyə tə­şəbbüs etsələr də, bir nəticə alınmırdı.

Məmmədağa Şahtaxtlı 1846-cı ildə Leypsik Univer­si­tetini bitirib vətənə döndükdən sonra Şahtaxtlı kəndindəki ata mülkünü sataraq, Tiflisə köçmüş və orada bir qəzet çıxarmaq üçün höku­mətə müraciət etmiş və 1903-cü ildə “Şərqi-Rus” qəzetinin nəşri­nə icazə almışdı. Qəzetin ilk nömrəsi 1903-cü ilin mart ayında işıq üzü görür. Bu qəzetdə əlifbanın dəyiş­dirilməsi, baş örtüsü məsələsi, məktəblərdə maarifin inkişafı, biliklərin verilmə­si möv­zularında yazılarla bərabər, ədəbiyyat, dil məsələlərinə də diqqət yetirilir, dünya klassiklərindən tər­cümələr də verilirdi.

1905-ci ildə qəzeti bağlayan M.Şahtaxtlı Bakıya köçməyə qə­rar verir. Qəzetin son nömrəsi 15 yanvar 1905-ci ildə yayın­lanmışdı.

XX əsrin əvvəllərində Bakıda Çar Rusiyasına qarşı eti­raz­ların artdığı bir vaxtda bir çox Azərbaycan ziyalısı və sahib­kar­ları Azərbaycanda elmin inkişafına çalışır, məktəblərin, xü­susən qız məktəblərinin açılmasına, milli qəzet və jurnalların nəşrinə çalışırdılar. Bu sahədə Azərbaycan milyonçularından Zeynalab­din Tağıyevin xüsusi xidməti olmuşdur. Zeynalabdin Tağıyev Azərbaycanda bir çox elm, mədəniyyət binalarının tikil­məsinə, məktəblər, cəmiyyətlər açılmasına böyük məb­ləğdə pul xərclə­yir, xalqın mədəniyyəti və maariflənməsi üçün əlindən gələni əsirgəmirdi. Xalqın “millətin atası”, “millətin di­rəyi” adlandırdı­ğı bu nəcib insanın şəxsi nüfuzu sayəsində 1905-ci il 7 iyunda Azərbaycan dilində “Həyat” adlı bir qəzetin nəşrinə icazə verilir. Qəzetin nəşri 1906-cı ilin noyabrına qədər davam etmiş, 1905-ci ildə 131, 1906-cı ildə 194 nömrəsi yayın­lanmışdı. Qəzetin naşiri Əlimərdanbəy Topçubaşov, baş redaktoru Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev idi.

“Həyat” qəzetinin nəşri Çar Rusiyasının sarsıldığı, bolşevik hərəkatının gücləndiyi bir dövrə təsadüf edirdi. Qə­zetdə yazıları çıxan Əhmədbəy Ağayev və b. Rusiyada, Qaf­qazda, Bakıda cərə­yan edən ictimai-siyasi hadisələri şərh edirdilər.

Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev “Həyat” qəze­tində ic­timai, siyasi, fəlsəfi və ədəbi yazılarında millət, din, xalq və dil haqqında görüşlərini bəyan edirdilər.

Sonralar 1905-1908-ci illərdə Əhmədbəy Ağayev “İrşad” adlı bir qəzet nəşr etdi. Qəzetin birinci nömrəsi 17 dekabr 1905-ci ildə çıxmış, 1908-ci ilin 25 iyununa qədər qəzet fəa­liy­yət göstərmişdir. Rus çarizminə düşmən olan Əhmədbəy Ağa­yev türkçü və islamçı ideologiyasının gerçək təbliğatçısı idi.

XX əsrin əvvəllərində Rus-Yapon müharibəsi, Rusiyada marksizm-leninizm ideyalarının yayılması ilə bolşeviklərin baş qaldırması rus imperatorluğunu zəiflətdi. Odur ki, Çar höku­məti söz, mətbuat, insan haqları ilə bağlı bir çox manifestlər verməyə məcbur oldu. Tarixdə 17 oktyabr 1905-ci il adlı məş­hur manifest imperatorluq içərisində yaşayan xalqların mətbuat və söz sər­bəst­liyini təmin etməyə məcbur oldu. Bu manifestdən yararlanan demokratik fikirli Azərbaycan ziyalıları da cəsarətləndilər. 7 ap­rel 1906-cı ildə Cəlil Məmmədzadə “Molla Nəsrəddin” (1906-1931) adlı bir jurnalın nəşrinə nail oldu. Bu jurnalın Azərbaycan xalqının dil və mədəniyyətində böyük xidməti oldu. Tədricən “Fyuzat”, “Şəlalə”, “İşıq”, “Məktəb”, “Dəbistan”, “Rəhbər” kimi jurnallar işıq üzü görməyə başladı.

“Məktəb” jurnalının redaktoru Azərbaycanın ziyalı qa­dın­larından Şəfiqə xanım Əfəndiyeva idi. Azərbaycanda maa­rifin inkişafına böyük önəm verən Şəfiqə xanım Əfəndiyeva jurnal­dakı məqalə və rəsmlərdə bu mövzunu işıqlandırırdı.

1906-1920-ci illər arasındakı Azərbaycanda “Bəhlul” (1906), “Zənbur” (1909-1910), “Mirat” (1910), “Arı” (1910-1911), “Kəlniyyat” (1912-1913), “Tuti” (1914-1917), “Lək-lək” (1914), “Məzəli” (1914-1915), “Babayi-əmr” (1915-1916), “Tartan-Partan” (1918), “Məşəl” (1919-1929) kimi sa­tirik jur­nal­lar da nəşr olunmağa başladı.

Ümumiyyətlə, 19 oktyabr manifestindən sonrakı 1905-1912-ci illər arasında Azərbaycan dilində 40-a yaxın qəzet və jurnalın nəşr olunduğu göstərilir (bax: Məmməd Məmmədov. “Sabir, mübahisələr, həqiqətlər”. Bakı, 1990, səh. 10).

1911-ci ildə Bakıda Azərbaycan dilində ilk qadın jurnalı olan “İşıq” nəşr olundu. Jurnalın redaktoru Xədicə xanım Əlyar­bəyova idi.

Bununla belə bolşeviklərin Bakıda rus, Azərbaycan dil­lə­rin­də “Бакинский рабочий», “Hümmət”, “Призыв», “Təkamül”, “Каспи”, “Трудовой” kimi xalqı marksist-leninçi fi­kir­ləri dəs­tək­ləməyə çağıran mətbuat orqanları gizli və ya açıq şəkildə fəaliyyət göstərirdi.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Res­publikasının qurulduğu, 1920-ci ildə Azərbaycanın Qızıl Ordu tərəfindən işğal olunduğu illərdə və 1991-ci ildə Azərbaycanın Sovetlər İttifaqın­dan ayrılıb müstəqil dövlət qurduğu illərdə Azərbaycan mətbuatı tarixi ayrıca olaraq incələnən bir möv­zudur.


Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin