BİR MÜƏLLİM ÖMRÜNÜN
POEZİYA KARVANI
Ədəbiyyat aləmində müxtəlif sahələrdə ixtsas sahibləri olan qələm ustalarının sayı çoxdur. Azərbaycan teatrına əvəzsiz dram əsərləri bəxş edən İlyas Əfəndiyev, XX əsrin mütəfəkkir şairlərindən Məmməd Araz ixtisasca coğrafiyaçı, professor Xudu Məmmədov, kimyaçı-kristolloqraf, “həkimlik kəbinli arvadım, şairlik sevgilimdir” deyən məşhur rus yazıçısı A.P.Çexov isə həkim idi. Poeziya aləmindən söhbət açdığımız “Dağlar üz döndərib məndən”, “Bir tənhalıq axtarıram”, “Çəkir öz dərdini özündə dünya” kitabları ilə oxucu rəğbətini qazanan Oqtay Ələkbərov (Zəngilanlı) da ixtisasca coğrafiyaçıdır. Özünə ünvan seçdiyi “Zəngilanlı” ləqəbi ilə tanınan Oqtay müəllimin imzası şeir-sənət sərraflarına yaxşı tanışdı. O, Azərbaycanın bu gün erməni işğalı altında olan qədim Zəngilan rayonunun Veysəlli kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirərək uzun müddət Zəngilan orta məktəbində müəllim, məktəb direktoru kimi fəaliyyət göstərmiş, 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra Bakıda məskunlaşaraq, pedaqoji fəaliyyətini davam etdirmişdir. Bir çox mükafatlara layiq görülən Oqtay Zəngilanlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranıdar.
Ulu öndər Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram” kimi məşhur kəlamı şərəfli bir müəllim ömrü yaşayan Oqtay Zəngilanlının bütün müəllimlik fəaliyyətinin – yolgöstəricisi, müəllim kimi şərəfli adı daşımağının nümunəsidir. O.Zəngilanlı “Müəllim” şeirinin:
İdrak süzgəcindən keçirir sözü,
Gah tutqun görünür, gah gülür üzü,
Ömrünü şam edir, əriyir üzü…-
misralarında elmin qapısına yollar açan müəllim ömrünü insanlıq elmini öyrədən yollarda şam kimi işıq saça-saça əriyən bir heykələ bənzədir.
Azərbaycan milli təqvimində yer alan tarixi günləri ifadə edən şeirlər Oqtay Zəngilanlının poeziyasında bir silsilə təşkil edir.
20 Yanvar – Şəhidlər günü, 26 Fevral – Xocalı soyqırımı günü, 20-21 Mart – Novruz Bayramı, 31 Mart – Azərbaycanlıların soyqırımı günü, 28 May – Respublika günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə, eləcə də 1-2 Yanvar – Yeni il bayramına, 8 Mart – Beynəlxalq Qadınlar Gününə, 9 May – Faşizm üzərində qələbə gününə həsr etdiyi şeirlər öz məzmun və ideyası ilə oxucu ilə doğmalaşır.
1990-cı ilin 20 yanvarında öz müstəqilliyi uğrunda ayağa qalxan Azərbaycan xalqının igid oğul və qızları şəhid oldular. Şair “Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar” şeirində şəhidlərin öz ölümləri ilə ölməzlik qazandıqlarını ifadə edərək yazır:
Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır,
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır,
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar.
Bütün tarixlərin beşiyi, millətlərin sərmayəsi olan Vətən, vətənin tarixi, mədəniyyəti, dünəni, bu günü Oqtay Zəngilanlının şeirlərində mövzuya çevrilir. Vətənin müqəddəs torpağına daşına olan ülvi məhəbbət onun qələminə və sözünə kəsər verir. “Azərbaycan”, “Gözəldir Azərbaycan”, “Qalx döyüşə, Azərbaycan”, “Şuşa”, “Zəngilan həsrəti”, “Mincivan”, “Veynəli”, “Alınacaq qala Laçın, darıxma”, “Niyə məni doğdun, ana”, “Canlı şəhid mənəm, babam” kimi şeirləri vətən torpağının ətrini bir tütyə kimi ciyərlərinə çəkmək istəyən şairin harayıdır:
Aylar ötdü, il addadı,
Göy gurladı, yer çatladı,
Nə qədər ki, yurd yaddadı,
Canlı şəhid mənəm, babam.
…Kədər dənizində üzən gəmiyəm,
Yanıqlı bir udun zili, bəmiyəm,
Yurdu viran qalan elin qəmiyəm,
Bir vətən həsrətli göz itirmişəm.
Türk dünyasının böyük şairi Yahya Kamal Bəyatlı deyirdi ki, “Vətən nə bir filosofun fikridir, nə də bir şairin duyğusu… Yəni vətən gerçək və həqiqi məkandır. Onun hər maddəsini və halını sevənlər vətəni sevə bilər. Vətən İstanbuldur, Üsküdardır, Trabzondur, Yozqatdır, Ankaradır və bunların içərisində saysız-hesabsız xatirələr vətəndir”.
Oqtay Zəngilanlıya görə də, Vətən Qarabağdı, Zəngilandı, Şuşadı, Cəbrayıldı, Micivandı, Veynəlidi, otaylı-butaylı Azərbaycandı.
Yadlar böldü torpağımı ikiyə,
O tay Vətən, bu tay Vətən deyilmi?
Hicran dərdim gələ bilmir çəkiyə,
O tay Vətən, bu tay Vətən deyilmi?
İşğal altında qalan doğma yurd Qarabağ, Zəngilan, Şuşa, Cəbrayıl, doğma kənd Veynəli, Diridağ şairin həsrətinə dönür. Bu həsrətin kədər notları da üzücü, təlatümlü, kədərlidir. Aşağıdakı misralar işğal altında qalıb qəribsəyən ana torpağın ağrı-acısının poetik ifadəsidir:
Bağlanıbdı könül sənə,
Ürək səni ata bilmir,
Əl uzatdım dönə-dönə,
Əlim sənə çata bilmir.
(“Zəngilan həsrəti” şeirindən)
“Unudulmur Vətən dərdi” şeirində isə Oqtay Zəngilanlı “ananı, bacını, doğmaları itirsə də bu dərdlər unudula bilər, amma Vətən dərdini unutmaq mümkün deyil” düşüncəsinə hakimdir. Vətən torpağının itirilməsi elə bir dərddir ki, bu dərdin çarəsi vətəni yağılardan azad etməkdir, itirilmiş torpaqlarda, doğma Qarabağda zəfər çalmaqdır. O zaman şair zəfər marşı çalan şeirlərini yazacaqdır.
İki əsrlik bir tarixi əhatə edən Araz çayı boyunca ikiyə bölünmüş Azərbaycan adlı bir ananın dərdi S.Vurğundan, S.Rüstəmdən, M.Arazdan, B.Vahabzadədən bu yana bütün qələm sahiblərinin acısı olmuşdur.
Oqtay Zəngilanlının o taylı-bu taylı Azərbaycana həsr etdiyi “Dan ulduzu Şəhriyarım”, “Arazı keçdiyim zaman”, “Azərbaycan” kimi şeirlərində Azərbaycanın qədim tarixi, onun mədəniyyəti, ona arxadan vurulan güllə yarası şairi kədər notları üstündə kökləyir:
Ürək yanır hər baxdıqca qəmli axan Arazına,
Araz olub hicran çayı həm oğluna, həm qızına,
Görən nə vaxt o tay, bu tay son qoyar həsrət buzuna,
Bu ayrılıq, bu nisgillər qalacaqdır nə vaxtacan,
Arazınla iki yerə aralanmış Azərbaycan!
“Bir millət – iki dövlət” ifadəsi bu gün dilimizdə isbata ehtiyacı olmayan aksiomdur. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu ifadə münbit torpağa düşüb yetişən bir toxum kimi hər gün cücərir, pöhrələyir, neçə-neçə qələm sahiblərinin dilində poetik incilərə çevrilir.
Şairin “Bir millət, iki dövlət”, “Əyilməzdir türk oğlu”, “Türkün bayrağı”, “Millətin atası” kimi şeirlərinin məhvərində:
Bir millət, iki dövlət, var millətin öndəri,
Ölməz türk dünyasının Atatürkü – Heydəri –
fəlsəfi ideyası durur.
Vətən, millət, dil, torpaq, din, tarix kimi milli kimliyi ifadə edən mövzular Oqtay Zəngilanlının şeirlərinin ana xəttini təşkil edir. Bu milli kimliyin sahibləri Vətən torpağının yetişdirdiyi tarixi şəxsiyyətlərdir, milli qəhrəmanlardır. Bu cəhətdən onun Azərbaycanın milli qəhrəmanı, xalqımızın qeyrətli oğlu Mübariz İbrahimova həsr etdiyi “Vətən oğlu Mübariz” şeiri öz ideya səciyyəsi ilə seçilir. Erməni terroristləri ilə mübarizədə şəhid olan vətənin qeyrətli oğlu bu gün hər bir Azərbaycan vətəndaşının iftixarıdır. Şair xalqın qəhrəmanına olan sevgisini belə tərənnüm edir:
Ana vətən uğrunda sarıldı silahına,
Canını fəda etdi Vətənin sabahına,
Ölməz ruhu yol gedir Tanrının dərgahına,
Şəhidlik zirvəsində vicdanı, ruhu təmiz,
Ölməzliyə qovuşub, ölümsüzdü Mübariz!
“Zər qədrini zərgər bilər” ata sözünü şeirlərində təkrar-təkrar ifadə edən Oqtay Zəngilanlının Azərbaycan şeir-sənət dünyasının böyük ustadlarına həsr etdiyi şeirlər öz mükəmməlliyi, milli-mənəvi keyfiyyətləri ilə seçilir.
“Nizaminin dahiliyini” tarix özü yaşadır, “Musiqimin günəşi”, “Füzuli nişanəsi var”, “Füzulidir”, “Ustad Şəhriyar”, “Vətən oğlu Məmməd Araz”, “Vaxtsız getdi Xəlil Rza” kimi şeirlər məhz Azərbaycanın mükəmməl şeir-sənət ustadlarına həsr edilmişdir.
Bəzən ümid, bəzən hiddət, bəzən də şairlərin qınaq yerinə çevrilən dünya şeirlərimizdə bütün parametrləri ilə bədii ifadə vasitəsinə çevrilir. Oqtay Zəngilanlı “Dünya nədir?”, “Dünya gözəldir”, “A dünya”, “Çəkir öz dərdini özündə dünya” kimi şeirlərində “dünya gözəldir” desə də, yenə dünyanı gah sorğu-suala tutur, çox müşküllərin səbəbini də çox vaxt dünyada görür:
Çəkir dağı özü dünya,
Satır ağı, bezi dünya.
Udur axı bizi dünya,
Biləmmirəm, dünya nədir?
İçindəki bir səs ona:
“Allah da dünyadan əl çəkib daha”.
Odur ki, “Çəkir öz dərdini özündə dünya” –
deyərək dünya məfhumuna fəlsəfi bir anlam gətirir:
Dünyanı tutubdur kimin qarğışı?
Min fitnə törədir hər addımbaşı,
Pozulub elə bil tərəzi daşı,
Qovrulur odunda, közündə dünya.
Bədii yaradıcılıqda xalqın əsrlərin sınağından çıxmış deyim tərzinə canlı dilin ifadə vasitələrinə arxalanmaq klassik ənənələrimizdən gəlir. Oqtay Zəngilanlının qəliblənmiş xalq ifadə tərzini şeirə gətirməsi şeirlərinin poetikasına canayaxın bir aura verir, poeziyasına bir torpaq münbitliyi gətirir: “pərsəng”, “dərdəcər”, “qaxınc”, “cad”, “şər-şəbədə”, “alababat”, “pinə”, “nimdaş”, “yalquzaq” kimi daha çox canlı danışıq dilində ifadə edilən sözlər. O.Zəngilanlı şeirlərinin poetikasına canlı dilin duru şəffaflığını gətirir:
Qalx atlan qeyrət atına,
Düşmənə döyülmə, oğul.
Razı ol arpa cadına,
Namərdə əyilmə, oğul.
Demirəm sözlərim baldı, nabatdı,
Uzağı uç-dördü alababatdı.
Dərdim Şuşa, Laçın, Ağdam, Kəlbəcər,
Edir bu dərd məni xəstə, dərdəcər.
İnsan gördüm, üst-baş nimdaş,
Yurd dərdiylə ağardıb baş.
Diş qıcayır qara fələk,
Göz bərəldir yalquzaq tək.
Oqtay Zəngilanlının şeirlərində belə bədii nümunələr çoxdur. Bu nümənələr şairin söz emalatxanasında olduqca poetik mənalandırılır. Belə bədii bəhrələnmə nəticəsində onun şeir dili olduqca təbii və səmimi görünür.
Dostları ilə paylaş: |