Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


DÜŞÜNƏN VƏ DÜŞÜNDÜRƏN ŞAİR



Yüklə 4,68 Mb.
səhifə39/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   34   35   36   37   38   39   40   41   42
DÜŞÜNƏN VƏ DÜŞÜNDÜRƏN ŞAİR
Azərbaycanın XX yüzildə yetişdirdiyi böyük şəxsiyyətlər­dən olan Bəxtiyar Vahabzadə öz ədəbi, siyasi, elmi görüşləri ilə dünyanın bir çox elm, siyasət və mədəniyyət xadimlərinin diq­qə­tini cəlb etmişdir.

Bəxtiyar Vahabzadə yaradıcılığındakı müdrik fəlsəfi anal­yış, onun xalqının varlığını, milli-mənəvi dəyərlərini, dilini, tari­xini əks etdirən ədəbi, elmi-publisistik yazıları, poeziyasındakı fəlsəfə dünyanın bir çox siyasətçilərini, elm, ədəbiyyat xadim­lərini onun haqqında fikir söyləməyə vadar etmişdir.

Azərbaycan və onun hüdudlarında B.Vahabzadə yaradı­cı­lığını izləyənlər onun haqqında bir-birindən maraqlı fikirlər söy­ləmişlər. Alman şərqşünası Hans Ahmet Şmide “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyətini mən B.Vahabzadədən öyrəndim” demişdir.

Bəxtiyar Vahabzadənin Azərbaycan ictimai və ədəbi düşün­cəsindəki yeri, onun haqqında deyilənlər içərisində ümummilli lider Heydər Əliyevin ayrıca yeri vardır.

Ədəbiyyat məsələlərinə dair çox qiymətli fikirləri olan, Azərbaycan mədəniyyət tarixində şərəfli bir səhifə açan Heydər Əliyev “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mə­dəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mə­nəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” – deməklə ədəbiyyatın milli mentalitetin formalaşmasındakı mühüm rolunu xüsusi qeyd edirdi.

Azərbaycan ziyalısını, bu ziyalıların içərisində olan gör­kəm­li ədəbiyyat xadimlərini hələ Sovet İttifaqının sərt rejimi döv­ründə də bir çox məhrumiyyətlərdən qorumağı bacaran Hey­dər Əliyev son illərdə bunu özü bir neçə faktla açıqlamış, çıxışlarının birində bu barədə demişdir: “60-70-ci illərdə Azər­baycanda dissendent axtarsaydıq, onlar çox idi. Ən böyük dissi­dent Bəxtiyar Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud Xəlil Rza ən böyük dissident­lərdən biri idi. Ancaq biz Xəlil Rzanı da qoruyub saxladıq”.

Heydər Əliyevin Təhlükəsizlik Nazirliyində işlədiyi illər Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını 1958-ci ildə ya­zıb, 1963-cü ildə “Şəki fəhləsi” qəzetində çap etdirdiyi illər idi. Şimali və Cənubi Azərbaycanın ayrılıq faciəsini əks etdirən, o zaman əlyazması şəklində əldən-ələ gəzən bu poemaya görə B.Vahabzadə ittiham edilir, siyasi təqiblərə məruz qalaraq onun siyasi həbsi gözlənilirdi. B.Vahabzadə dərin milli təəssüblə yaz­dığı “Gülüstan” poemasında 1813-cü ildə Azərbaycanı işğal edən Çarlıq Rusiyası ilə İranın aralarında bağlanan “Gülüstan” müqaviləsinə nifrətini, narazılığını bildirir, müqavilə bağlayan tərəflərin yadlar olduğunu ürək ağrısı ilə yazırdı:
…Tərəflər kim idi? Hər ikisi yad!

Yadlarmı edəcək bu xalqa imdad? – deyirdi.


Poemada işğal olunmuş Azərbaycanın var-dövlətini talan edənlər nifrətlə qələmə alınırdı:
Min ləkə vurdular şərəfimizə,

Verdik, sahibimiz yenə ver dedi.

Lap yaxşı eyləyib doğrudan bizə,

Biri “baran”* dedi, biri “xər”* dedi.

Bizi həm yedilər, həm də mindilər,

Amma dalımızca hey deyindilər.


O zaman “Şəki fəhləsi” qəzetində nəşr edilən bu poemaya görə qəzetin redaktoru Məhiyəddin Abbas işdən çıxarıldı, qəze­tin nüsxələri yığışdırılsa da, poema əldən-ələ gəzdi. B.Vahab­zadənin adı şübhəlilər siyahısına düşdü, əsərləri üzərində senzor gücləndi. “Ana dili”, “Latın dili”, “Oğrular”, “Riyakar” kimi əsərləri tənqid hədəfinə çevrildi. “Köklər və budaqlar” əsərinin nüsxələrini satışdan götürərək yığışdırdılar. O zaman Təhlü­kə­sizlik Nazirliyində işləyən Heydər Əliyevin sayəsində şair həbs olunmaq təhlükəsindən qurtarmışdı. Bunu B.Vahabzadə özü də­fələrlə etiraf etmişdi.

“Azərbaycan xalqının, Azərbaycan dövlətinin istiqlal və azadlıq mücadiləsində Bəxtiyar Vahabzadənin xidmətləri çox böyükdür, əvəzsizdir” – deyən Heydər Əliyev Bəxtiyar Va­hab­zadənin yaradıcılığına hər zaman diqqətlə yanaşmış, onun yara­dıcılığı haqqında dərin məntiqi ilə seçilən fikirlər söyləmişdir. Bu baxımdan Ümummilli Liderin B.Vahabzadənin “Özümüzü kəsən qılınc” və “Hara gedir bu dünya” əsərləri haqqındakı ədə­bi düşüncələri çox qiymətlidir. H.Əliyev tarixi mövzuda yazıl­mış “Özümüzü kəsən qılınc” əsərinin tamaşaşından sonra de­mişdir: “Belə bir əsər qədim tariximizin, o cümlədən milləti­mizin qədim köklərinin tarixinin böyük bir səhifəsini açıb icti­maiyyətə göstərir. Bu mövzunun indiki dövr üçün əhəmiyyətli cəhəti bir də ondan ibarətdir ki, biz köklərimizin türk millətinə, qədim türk tarixinə bağlı olduğunu da XX əsrdə ya deməmişik, ya da bunu deməyə cəsarət tapmamışıq. Burada heç kəsin gü­nahı yoxdur. Sadəcə olaraq tarixi təhrif edənlər insanları bu ta­rixi köklərdən məhrum ediblər”.

Heydər Əliyevin B.Vahabzadənin mənəvi psixoloji möv­zuda yazdığı “Hara gedir bu dünya” pyesi haqqında söylədiyi “Əsərdə kökə qayıtmaq məsələsi var. Mən onun mənasını belə anlayıram ki, kökümüzdə olan o müsbət cəhətləri götürmək la­zımdır”. Milli-mənəvi irsimizdə, soykökümüzdə dəyərli nə var­sa, onların qorunub saxlanmasını ifadə edən bu fikir, şüb­həsiz, dərin ideya və məzmunu ilə seçilir.

B.Vahabzadə haqqında öz vətənində yazılanlar, deyilənlər böyük bir tədqiqata möhtacdır. Biz bu yazımızda bunların bir neçəsini incələməyə çalışacağıq.

Akademik Məmmədcəfər Cəfərov, böyük yazıçı və tənqidçi Mehdi Hüseyn, dünyaca ünlü Mayestro Niyazi, yazıçılardan Sü­leyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, Nəriman Hə­sən­zadə, İsmayıl Şıxlı, prof. Nizami Cəfərov, prof. Yaşar Qara­yev, prof. Xudu Məmmədov kimi dövlət, siyasət və elm adam­la­rı B.Vahabzadə haqqında bir-birindən maraqlı fikirlər söyləmişlər.

B.Vahabzadənin alim və şairliyini ifadə edən, onun alim­liyindən daha ziyadə şairliyinə yüksək qiymət verərək “qatla­yıb dizinin altına qoyar, alim Bəxtiyarı şair Bəxtiyar” deyən ünlü xalq şairi Süleyman Rüstəm “Bəxtiyar Vahabzadənin yaradıcı­lığında mənim xoşuma gələn nədir? Bu suala belə cavab veri­rəm: ilk növbədə vətəndaşlıq, azərbaycançılıq, sonra da çəsarət, dərinlik. Onun respublikamızdan kənarda çap olunan şeirlərində imzasının yanında “Azərbaycan” sözünü yazmamaq da olar. Sanki onun bütün yaradıcılığına “Azərbaycan” möhürü vurul­muş­dur” (“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 28).

Şeirlərinin birində:
Mən dərddən qaçanda dərd yalqız qalır,

Bu da mənim üçün təzə dərd olur –


deyən Bəxtiyar Vahabzadə yaradıcılığına yüksək qiymət verən görkəmli tənqidçi və publisist Mehdi Hüseyn Vahabzadəni haqlı olaraq “Narahat şair” adlandırdı və bu baxımdan onun yara­dıcı­lığının diqqət mərkəzində olduğunu vurğulayaraq “Vahabzadə sözün ən yaxşı mənasında narahat şairdir. B.Vahabzadənin qəh­rəmanı ilə özü arasında ziddiyyət yoxdur” – deyirdi (Bax: Bəx­tiyar Vahabzadə. Bakı, 1995).

Akademik Məmməd Cəfər “Hikmətli-fəlsəfi fikirlə zəngin klassik şeir və siyasi kəskinliyi ilə fərqlənən yeni məzmunlu şeir mədəniyyəti Bəxtiyar şeirinin bünövrəsidir” deməklə B.Vahab­zadənin əsərlərində dərin siyasi fikir və fəlsəfə olduğuna diqqət çəkmişdir (“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 41).

Görkəmli bəstəkar Niyazi də parlaq istedad adlandırdığı Bəxtiyar Vahabzadəyə xalq sevgisini onun xalqla olan qarşılıqlı sevgisində görürdü.

“Bəxtiyar ona görə bəxtiyardır ki, onu xalq sevir, xalqı da ona görə bəxtiyardır ki, onun Bəxtiyarı var” (Bax: B.Vahabzadə. Bakı, 1995).

Süleyman Rəhimov onu “Şeiri bulaq kimi axıb tökülən, şeirləri, şeir kitabları dil-dil, əl-əl gəzən şair” adlandırır, pro­fes­sor Yaşar Qarayev “Azərbaycan poeziyasında Bəxtiyar zirvəsi təkrarsız qranit qaya zirvəsi kimi bütün cinahlardan görünən” zirvə olduğunu deyir, Rəsul Rzanın “Şair Bəxtiyarın bəxtiyarlığı onun qibtə ediləcək dərəcədə böyük olan poetik istedadıdır” ifadəsi B.Vahabzadənin Azərbaycan ictimai və ədəbi düşüncə­sindəki yerini müəyyənləşdirmək üçün kifayət qədər yetərli mə­lumatlardır.

Əslən azərbaycanlı, İranın Məşhəd şəhərində yaşayan Meh­di Münəccimi Məmqaninin B.Vahabzadəyə yazdığı bir şeirində Vahabzadənin milli ruhunu, onun bütöv Azərbaycan düşüncəsini belə dilə gətirmişdi:


Məktəbi-eşqdə sən xətmi-kəlam eyləmisən,

Bu böyük mədrəsədə dərsi tamam eyləmisən.


Sən həyatın boyu dünyadan ədalət dilədin,

Şərə meydan oxuyub, zülmə qiyam eyləmisən.


Sabirin, Şəhriyarın şeirində qeyrət yolunu,

Sən məharətlə, cəsarətlə davam eyləmisən.


Bəxtiyar oldu adın, dərd-qəmi ləzzətlə yeyib,

Bilirik, sən özünə keyfi haram eyləmisən.


Şəki şəhərində doğuldun, nəfəsin çatdı bizə,

Sən Azərbaycanı öz şeirinə cəm eyləmisən.

(“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 393).
B.Vahabzadə vətənində çox vaxt haqsız tənqidlərlə də qar­şılaşıb. Bütün ömrünü, bütün yaradıcılığını Azərbaycan adlı məm­ləkətin varlığına, azadlığına həsr edən əsərləri ilə, “Gülüs­tan” poeması ilə Azərbaycanı ikiyə bölənlərə açıqca nifrətini bildirsə də, bu üsyanına görə onun başına nələr gəldiyi bir tarixi həqiqət olsa da, yenə öz amalından dönməyən şair üçün əslində qadağan olunanlar, yasaq edilənlər yox idi. Onsuz da sözünü sətiraltı ifadələrdə deyirdi. Yadımdadır, B.Vahabzadə özü de­yirdi ki, onun “Azərbaycan” şeiri işıq üzü görəndə, üzdəniraq tən­qidçilərdən biri orada “Azərbaycan” deyil, “Sovet Azərbay­canı” yazılmamasına etirazını bildirmişdi. Bütün bu haqsız tənqidlərə baxmayaraq o, yenə də sovet rejimi illərində yazıb çap etdirə bilmədiyi bir sıra əsərəlrində Azərbaycan və digər türk torpaqlarının Rusiyanın işğal etdiyi günü matəm günü he­sab etmişdi. 1963-cü ildə qırğız türklərinin Rusiyaya ilhaq edil­diyi günün 100-cü ilindən bəhs edən şeirində qırğızlara bu gü­nün bayram etdirilməsini “yadın toxtasını taxaraq ağ günə çıx­maları”nın bayram deyil, “zar-zar ağlamaq günü”, “öldüyü gün” olduğunu istehzalı şəkildə ifadə edərək:
Buna bax, buna! Sevinir

Fəxr edir qul olduğuna.

Bayramamı?

Zar-zar ağlayasan gərək sən bu gün –


deməkdən çəkinmirdi.

1990-cı ildə rus imperiyasının Azərbaycanda törətdiyi 20 Yan­var faciəsi Azərbaycanın tarixi yarasıdır. O zaman B.Vahab­zadə bu haqsızlığa və zorakılığa qarşı səsini ucaltmış, 20 yanvarda Televiziya Şirkətinin həyətində enerji blokunun partladılmasına rəhbərlik edən rus generalının üzünə tüpürmüşdü. Bu hadisə şair Yusif Nəğməkarın “Tüpürcək” şeiri ilə tarixləşmişdi.


Şair neyləyəydi? – sinəsi dağlı,

O ki öz xalqının bağlı diliydi.

Günahsız qırılan millətin oğlu,

Qanlı göz yaşını türüpməliydi.


Sonralar tənqidçilərdən Vaqif Yusifli yazırdı: “Qanlı Yan­var faciəsindən bir nesə gün sonra Bəxtiyar Vahabzadənin rus generalının üzünə tüpürdüyünü dedilər, amma o öz şeirlərində çox-çox əvvəl imperiyanın üzünə tüpürmüşdü”.

Yaradıcılığının ilk illərindən Azərbaycanda marağa və müba­hisəyə səbəb olan Bəxtiyar Vahabzadənin mövqeyi dəmir pərdələri aşaraq türk ictimai və ədəbi düşüncəsini məşğul etmişdir.

Azərbaycanın müstəqilliyi illərində Azərbaycan-Türkiyə əla­qə­lərinin genişlənməsi ilə onun haqqında elmi-tədqiqat əsər­ləri yazılmağa başlanmışdır.

1996-cı ildə Türkiyənin On Doqquz Mayıs Universitetində Hüsniyyə Mayadağlı “B.Vahabzadə. Həyatı və əsərləri” mövzu­sun­da namizədlik işi müdafiə etmiş, müəllifin 420 səhifəlik əsəri 1988-ci ildə Türkiyə Diyanət Vakfı tərəfindən yayınlanmışdır.

Azərbaycan Universitetlərində fəaliyyət göstərən türk tədqi­qat­çı­ları da 2010-cu ildə B.Vahabzadə yaradıcılığına həsr olunmuş bir namizədlik dissertasiyası müdafiə etmiş, (Bayram Gündoğdu. “B.Vahabzadənin publisistikası. Əsər 2013-cü ildə Qafqaz Univer­sitetində yayınlanmışdır). Yenə Qafqaz Universitetinin müəllimi Er­dal Karamanın “Türk dünyasının səsi B.Vahabzadə” monoqra­fi­ya­sı da 2009-cu ildə Qafqaz Universitetində yayınlanmışdır.

1990-cı illərdən başlayaraq B.Vahabzadənin şeirlər kitabı, publisistik yazıları Türkiyədə yayınlanır, teatr əsərləri tamaşaya qoyulurdu. Onun əsərləri haqqında Türkiyədə onlarla məqalə dərc edilir, özünün də bir çox məqalələri hələ 1980-ci illərdən Türkiyənin nüfuzlu jurnallarında dərc edilirdi.

B.Vahabzadənin özü, əsərləri haqqında daha çox yazısı olan müəlliflərdən biri də indi təqaüddə olan, o dövrdə Türkiyənin On Doqquz Mayıs Universitetində fransız dili müəllimi işləyən şair Halistin Kukul olmuşdur.

Halistin Kukul B.Vahabzadənin Türkiyədə yayınlanan, demək olar ki, bütün kitablarına münasibət bildirir, haqqında qə­zet və jurnallarda məqalələr dərc etdirirdi. 1992-ci ildə B.Va­habzadənin İzmirdə nəşr olunan “Gün var min aya dəyər” ki­tabındakı “Örümçək ağ bağladı” (“Hörümçək tor bağladı”) şei­rini təhlilə cəlb edən Halistin bəy “Ortadoğu” qəzetində “Örüm­çək ağ bağladı” şeirinin təhlili” adlı məqaləsində yazırdı: “Örüm­çək ağ bağladı insanı hədəf alan və bütün cəbhələri ilə bir cəmiyyəti çökdürmək istəyən bir diktatorluq rejiminə qarşı baş qaldırmış üsyandır. …Bu şeirdə B.Vahabzadə Azərbaycanın düçar olduğu 70 illik macəralarını anladır. Başdan sona ifadə etdiyi məsələ milli mədəniyyət qiymətlərimizdir. O, bu şeirində heç bir zaman maddi məsələlərə toxunmur. Çünki bir milləti məhkum vəziyyətə gətirmək üçün maddi deyil, onun mənəvi dəyərlərini məhv etmək, onu milli-mənəvi dəyərlərdən uzaqlaş­dırmaq lazımdır. Budur 70 illik panorama”.

Sonrakı məqalələrinin birində Halistin bəy yenə bu şeir üzərində təhlil apararaq yazır: “Diqqət edilirsə, Mehmet Akif, Yahya Kamal Neçip Fazılın ümumi fikir anlayışlarının təmə­lində din (islamiyyət), milli tarix (türk tarixi) və dil (türkcə) ən mühüm ittifaqı təşkil edər. …B.Vahabzadə 1968-ci ildə yazdığı “Örümçək ağ bağladı” adlı şeirində bu üç ünsürün üzərində durur. Bu üç ünsürdən məhrum bir millətin hafizəsi yoxdur” deyir (“Erciyes” 2010 mart, səh.1).

H.Kukul B.Vahabzadənin “Sonbahar düşüncələri” kitabı haqqında yazdığı “Qurub düşüncələri” adlı məqaləsində də Bəxtiyar Vahabzadəni “Azərbaycanın gur səsli, üfüqlü, alim şairi” adlandıraraq yazırdı: “Şeirdən ləzzət almaq istəyənlər, tarixdən ibrət almaq istəyənlər və çilə içində gözəlliyi görmək istəyənlər “Qurub düşüncələri”ni oxusunlar” (Bax: “Türk ədə­biyyatı” jurnalı 1996, sayı 276, ekim, səh. 48-49).

Bəxtiyar Vahabzadənin yaradıcılığının formalaşdığı dövr keçmiş sovet dövrünə təsadüf edir. Bu dövrdə xalq həyatına, milli duyğulara, dövlətçilik ideologiyasına münasibət birmənalı olmamışdır. Velikorus şovinizminə aludəçiliyin baş aldığı bir dövrdə ana dili ilə bağlı yazılan mövzular hər bir sənətkar üçün millətçilik kimi yozulurdu. Bu dövrdə B.Vahabzadənin “Latın dili” şeiri ilə bağlı qaldırılan hay-küy bunun əyani nümunəsidir.

B.Vahabzadənin ana dilinə olan xüsusi vurğunluğu türk dünyası aydınlarının diqqətini cəlb etmişdi. B.Vahabzadənin ana dilinin saflığına, xalqın milli-mənəvi dəyərəlrinə, ədəbiyyatının xəlqiliyinə, türk xalqları ədəbiyytanın ortaq dəyərlərinə verdiyi qiymətlər və əsərlərinin bu mövzulara həsr edilməsi mütərəqqi türk aydınlarını B.Vahabzadə yaradıcılığına yaxınlaşdırırdı.

Prof. Mehmet Kaplan B.Vahabzadə şeirini “Brilyant kimi bir şeir” adlandırmış, prof. Dursun Yıldırım onu “Azərbaycan türklərinin olduğu qədər müasir dünya türklərinin də böyük şeir ustası” hesab etmiş, prof. Ahmed Bican Ercilasunun “Vahabza­də bizə öyrətdi ki, hər millətin ana dili o dilin namusu və vic­da­nı­dır” konsepsiyası, onun şeirini “insanın içində yanan bir atəş”ə bənzədən Ali Yavuz Akpınarın poetik düşüncələri, Yavuz Bü­lend Bakilərin “Türk ədəbiyyatı üçün Mehmet Akif, Yahya Ka­mal, Nəcib Fazıl kim isə Azərbaycan ədəbiyyatı üçün də Bəx­ti­yar Vahabzadə odur. Bu baxımdan yeni Azərbaycan Cümhuriy­yətinin yaradılmasında onun haykıran yaradıcılığının mühüm payı vardır” deməsi Vahabzadə yaradıcılığının Türkiyədəki ictimai və siyasi məziyyətlərini göz qabağını gətirməkdədi.

1995-ci ildə o zaman Türkiyənin IX Prezidenti olan Süley­man Dəmirəl Bakıya gələndə B.Vahabzadəni qəbul etmişdi, onun­la söhbətində “Sizin ədəbi yaradıcılığınız bütün türk dün­yasının mənəvi birliyi və yüksəlişi ilə də yaxından əlaqədardır. Odur ki, sizi sadəcə azərbaycanlı qardaşlarımızın deyil, çağdaş türk dünyasının böyük bir qələm ustadı olaraq salamlayıram” de­mişdi (B.Vahabzadə. “Azərbaycan” Nəşriyyatı, 2000, səh. 18).

Türkiyənin IX Prezidentinin B.Vahabzadənin 1967-ci ildə yazdığı “Kök” şeirini əzbər deməsi də təsadüfi deyildi.
Ağaclar

Kök üstə boy atır.

Ucalır.

Ağaclar


Kökündən güc alır.
Dünyada

Hər şeyin kökü var.

Kökü var

Torpağın, daşın da…

Adamsa kökünü

Gəzdirir başında.


Süleyman Dəmirəl kökümüzün bir olduğu və “Bir millət, iki dövlət” kimi aksiomlanmış Azəbaycan və Türkiyə münasi­bətlərində ortaq dəyərlərimizin müstəsna rolunu qeyd edərək, bu ortaq dəyərləri yaşadan məşhur şəxsiyyətlər içərisində B.Vahab­zadənin də adını çəkərək böyüyən bu ortaq dəyərlərin hamımızın olduğunu, bütün türk xalqlarının eyni kökdən olduğu üçün eyni kökdən də boy atıb ucalmalarını, eyni ideala xidmət etmələrini deyirdi.

Türk dünyasının böyük qələm ustası Ç.Aytmatov B.Vahab­zadə yaradıcılığından qürur, iftixar və məhəbbətlə söz açaraq yazırdı: “Bizi əhatə edən aləmdə nə varsa, Vahabzadəni düşün­dürür: xeyir və şəri, gözəlliklə eybəcərliyi, böyüklərlə kiçikliyi, bir sözlə, insan ruhunun ali və xırda duyğularını poeziya sə­viyyəsinə qaldırmaq ehtirası Bəxtiyarın fitrətindədir” (B.Vahab­zadə. “Gəlin açıq danışaq”. Bakı, 1988, səh. 111).

B.Vahabzadənin böyük sənətkar, böyük vətəndaş, böyük insan deyə qiymətləndirdiyi Ç.Aytmatovu Vahabzadəyə bağla­yan tellərdən biri də Ç.Aytmatovun da ana dilinə olan milli münasibətdir. Qırğızıstanda keçirilən elmi-praktik konfransda rus jurnalisti Romanyukun qırğız dilində məktəblərin lüzum­suzluğunu ifadə edən fikrini Ç.Aytmatovun acı istehza ilə “Əgər qırğızlar öz dillərini bilməsələr, görəsən qırğız dilini öyrənən ruslar bu dildə kimlə danışacaqlar?” - eyhamına B.Vahabza­dənin münasibəti kəsərli idi. O “İftiraya cavab” məqaləsində yazırdı: “…Heç bir xalq, o cümlədən qırğızlar öz ana dilinən əl çəkməzlər. Söhbət “Manas” kimi epos yaradan bir xalqın dilin­dən gedir. Bu xalq öz uşaqlarını ana dilində oxumaq istəmir? Xalq da ana dilindən imtina edərmi? Bax, məsələnin dəhşətli tərəfi budur. Boynuna ədaləti müdafiə missiyası götürən müxbir bəs buna niyə narahat olmur? Yoxsa, bu, ona sərf eləmir?” (“Gəlin açıq danışaq”, səh. 27-28).

Ç.Aytmatov başqa bir yazısında “B.Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan. Xalqının canlı dil memarlığına öz töhfəni verəsən” deyirdi (B.Vahabzadənin “Достоинство” (rus dilində) kitabına yazdığı ön sözdən. Bakı, “Yazıçı”, 1988).

B.Vahabzadənin milli və bəşəri amallara xidmət edən bədii və publisist yaradıcılığına diqqət edən Qazax türklərinin milli düşüncəli ədibi Oljas Süleymenov yazırdı: “Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb. O, xalq şairidir, lauretdır, ən böyük mükafatlara layiq görülüb. Lakin ən böyük mükafatı xalqın sevgisidir. Bəxtiyarın həm bədii yara­dıcılığı, həm də ictimai fəaliyyəti hər cür hörmətə layiqdir” (B.Vahabzadə. Bakı “Azərbaycan” Nəşriyyatı, 1995).

O zamanlar Sovetlər Birliyində yaşayan mütərəqqi fikirli elm adamları, qələm ustaları da İranda yaşayan Azərbaycan şairləri də B.Vahabzadə yaradıcılığının önəmini qeyd edirdilər.

Görkəmli tarixçi alim Lev Qumilyovun B.Vahabzadənin “Fəryad” əsəri haqqındakı aşağıdakı fikri də öz səmimiyyəti ilə önəmlidir. O yazırdı: “Bəxtiyar Vahabzadə azad fikirli qəhrəman­larını mütəfəkkir şair və şəhidlər, onların düşmənlərini isə doğma övladlarının belə üz döndərməyə hazır olduğu amansız, kütbeyin ehkamçılar kimi təsvir etməkdə haqlıdır. Onların davranışında xeyirxahlıq və mənəviyyat, qeyd-şərtsiz, qorxaqlıqdan və şəxsi mənafe güdmək cəhdindən daha güclüdür. Müəllif tarixi həqiqəti təhrif etməyib. Çünki qədim türklərə təmənnasızlıq, rəşadət və öz ideallarına sədaqət xas idi. Məhz bu keyfiyyətlər türklərə bəşəriyyət tarixində şərəfli yer tutmaqda kömək etmişdir (Bax: “Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 246).

Rus şairi Yevgeni Yevtuşenko yazırdı ki, “Bəxtiyarı dinlə­yəndə, dili bilməsən də, onun şeirləri adama şirinsoy gəlir. Hətta sətri tərcüməni oxuyanda dilin gözəlliyi arxasında gizlənmiş də­rin qəm və kədəri hiss edirsən. Elə bil ki, Azərbaycan narıdır: şi­rəsini içirsən, şirindir, qabıqlı yesən acıdır” (B.Vahabzadə. “Ру­ка в руке” (rus dilində) kitabına öz sözdən. Bakı, Gənclik, 1981).

Başqa bir rus yazıçısı İqor İsayevin B.Vahabzadənin rus dilində nəşr olunan “Мы на одном коробле» (“Bir gəminin yol­çusuyuq” kitabına yazdığı ön sözdən bir neçə cümlə: “Bəxtiyar dərin axtarışda olan və narahat düşüncələr şairidir. Sözü ilə əməli bir olan adamdır. Bir insan və şair kimi xarakterinin bu keyfiyyəti təkcə onun kiçik şeirlərində deyil, epik əsərlərində, adamları vicdana, igidlik və gözəlliyə çağıran poemalarında da meydana çıxır”.

B.Vahabzadə şeirlərini rus dilinə tərcümə edən rus şairi Rimma Kazakovanın “Mən Bəxtiyar Vahabzadəyə müəllim deyirəm, çünki onun şeirlərini oxuyanda, yaxud tərcümə edəndə öyrəndim və öyrənirəm. Onun kimi əsl müəllimdən yalnız öz sənətini cilalamağı yox, ürəyin etiqad etdiyi ciddi, vicdan qa­nun­larını mənimsəyirsən” (bax: «Литературная газета» (rus dilində) 1985, 21 avqust) ədəbi düşüncəsi, Ukrayna şairi Pavlo Movçanın “Bəxtiyar Vahabzadə insan varlığını, insan taleyini ənənəvi motivlərlə, ən yeni poeziyanın nailiyyətləri ilə birləş­dirərək, geniş imkanlar yaradır… Şair hər şeirində təbiidir, çünki o səmimidir, ürəyiaçıqdır, ədəbaz deyil, sünilikdən uzaqdır” de­məsi («Литературная газета» (rus dilində) 1984, 12 sen­tyabr) Vahabzadənin real sənətinə verilən əsil qiymətdir.

B.Vahabzadə haqqında yazılanlardan da göründüyü kimi, vətən, dil, milli-mənəvi dəyər onun əsərlərinin baş mövzusudur.

B.Vahabzadə bir publisist məqaləsində Vətən haqqında ya­zırdı: “Sevgilini sevməyin müddəti ömür qədərdir. Yəni bu­rada sevginin müddəti ömrə bərabərdir… Vətən sevgisinin müddəti isə ömürdən o tərəfə keçir. Sevgilini özümüz üçün seviriksə, Vətəni xalqımız üçün, bu xalqın gələcəyi üçün, üzünü belə görə bilməyəcəyimiz nəvələrimiz, nəticələrimiz və kötücələrimiz üçün sevirik” (“Gəlin açıq danışaq” Bakı, 1988, səh. 72-73).

Altmış illik yaradıcılığını Azərbaycançılıq, türkçülük, döv­lətçilik məfkurəsinə və milli-mənəvi dəyərlərin qorunmasına həsr edən vətənpərvər şair sözün əsl mənasında xalq üçün ya­şamışdır. Deyə bildiklərinə cəsarəti çatmış, deyə bilmədikləri həqiqətlər isə “dilinin ucunda” qalmışdır. Böyük mütəfəkkir Əli­bəy Hüseynzdənin dediyi kimi:
Dilimin ucundadır həqiqətin böyüyü,

Nə qoydular deməyə, nə kəsdilər dilimi.


B.Vahabzadə isə bədxahlardan ehtiyat edib deyə bilmədik­lərini:
Çəkilmişəm qınıma

qorxuram mən,

Yalan desəm Tanrıdan,

Doğru desəm bəndədən –


şəklində etiraf edirdi.

Məqalədə B.Vahabzadənin Azərbaycan və türk dünyasının, eləcə də dünyanın ictimai, ədəbi düşüncəsindəki yeri, onun haqqındakı qərəzli və qərəzsiz mülahizələri incələməyə, dövlət, ədəbiyyat, siyasət və elm adamlarının B.Vahabzadə yaradıcılı­ğına olan mövqeyini açıqlamağa çalışdıq.



Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin