Qeyd: Curriculum vital (latın dilində) (Azərbaycan dilində xülasə, fransız dilində resume – “həyatın axını”, tərcümeyi-hal) qısaldılmış forması CV-bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımi məlumatları özündə saxlayan sənəd. Mahiyyətcə işəqəbulolunma sənədi sayılır. Tərcümeyi-hal, yəni CV, Xülasənin həcmi bir namizədin bacarıqları ilə müəyyənləşir.
CV hazırlayarkən aşağıdakı məlumatlara xüsusi diqqət yetirilməlidir:
Ad, soyad, doğum tarixi, doğum yeri, ünvan, telefon nömrəsi, elektron poçt ünvanı – Bu məlumatların tam dəqiq və düzgün olmasına əmin olun. Çünki işə götürənin ilk baxdığı məlumatlar bunlar olur və burada yanlış hər bir məlumat sizin haqqınızda artıq mənfi rəyin formalaşmasına səbəb olur.
Təhsil – Burada sizin sahib olduğunuz təhsil dərəcələriniz qeyd olunur. Burada bitirdiyiniz və ya hal-hazırda təhsil aldığınız universitet haqqında məlumatın olması daha vacibdir. Çünki insan resursları mütəxəssisləri və ya CV-nin ünvanlandığı şəxsləri məktəb təhsilindən çox ali təhsil maraqlandırır.
İş təcrübəsi– Əgər varsa, iş təcrübəsini mütləq qeyd edin. Bu mütəxəssis insanın sizin barədə ümumi fikir formalaşmasına böyük ölçüdə təsir edir. Bununla o, sizin ona nə vəd etdiyinizi ilkin formada anlaya bilər. İş təcrübənizi qeyd edərkən hansı vəzifənin sahibi olduğunuzu və gördüyünüz işləri qısa formada yazmaq olar.
Xüsusiyyətləriniz – Burada namizədin nə qədər “təchizatlı” olduğu önə çıxır. Burada siz xarici dil bilgiləriniz, kurs və ya seminarlar, nailiyyətləriniz, texnoloji bilikləriniz və əlavə nə ağlınıza gəlirsə istifadə edə bilərsiniz. Bu hissə sizinlə tərcümeyi-hala baxan arasında tam ümumi bir fikir formalaşmasına səbəb olur. Namizədin öz üzərində nə qədər işlədiyi, nələrə sahib olduğu və bunlardan potensial vakansiya üçün necə istifadə edəcəyi fikri yaranır.
Sosial aktivlik– Burada boş zamanınızı necə dəyərləndirdiyinizi qeyd edə bilərsiniz. Qeyd edək ki, məqsədinə görə bu hissəni əlavə etmək könüllüdür. Çünki bu hissədə yazacaqlarınız daha çox komanda şəraitində necə işləyə biləcəyiniz barədə kiçik fikir formalaşdırır. Məsələn, foto çəkmək, həvəskar aktyorluq və s.