2. Din fərdi dünyagörüşün və ictimai şüurun forması kimi Din ictimai şüurun tarixi bir forması kimi meydana gəlmişdir. Doğrudur, dini şüur əsasını fərdi şüurdan irəli gəlmişdir, lakin tarixə nəzər saldıqda görürük ki, bütün dünya dinləri fərdi şüurun hüdudlarını keçib ictimai xarakter qazanmışdır. Dini şüur tarix boyu müxtəlif cəmiyyətlərdə fərqli formalarda təzahür etmişdir. Bu müxtəliflik, ilk növbədə, cəmiyyətlərin ictimai-mədəni təməllərinin fərqliliyindən irəli gəlir. Ümumilikdə, dini şüur nəzəri, praktik və ictimai olmaqla üç ifadə formasında özünü göstərir. Dini şüurun nəzəri ifadəsi ilə dini inam və etiqadlar, praktik ifadəsi ilə ibadət və ayinlər, ictimai ifadəsi ilə dini birliklər nəzərdə tutulur.
Dini şüurun təməli kimi çıxış edən nəzəri aspektin özü də müxtəlif səviyyələrdə təzahür edir. İbtidai dünyagörüşlərində miflər şəklində ifadə edilən etiqadlar mədəniyyətin daha mütərəqqi mərhələlərində “dini doktrinalar” və ya teologiyaya (ilahiyyat) çevrilmişdir. Dini şüurun nəzəri ifadəsi xüsusi əhəmiyyətə malik olan üç mövzunu əhatə edir: tanrı, kainat və insan. Başqa sözlə, teoloji, kosmoloji və antropoloji anlayışlar müxtəlif dinlərdə miflər, inamlar və doktrinalar formasında təzahür etmişdir. Teologiyada tanrının və ya tanrıların mahiyyəti, atributları, mənşəyi və bunların isbat edilməsi mövzularından bəhs edilir. Kosmologiyada kainatın mənşəyi, inkişafı, müxtəlif mərhələləri, onun aqibəti və ya sonu ilə əlaqəli konsepsiyalar yer tutur. Dini təcrübənin nəzəri ifadəsinin antropoloji bəhsi isə insanın yaranması, onun mahiyyəti, vəzifəsi və aqibəti ilə bağlı mövzulardan ibarətdir.
Dini şüurun praktik təzahürünə müqəddəs hesab edilən varlıqla bağlı ayinlər, mərasimlər, ibadətlər, simvollar və müxtəlif qurban ritualları daxildir. Dini şüurun nəzəri, yoxsa praktik yönünün daha önəmli olduğu mövzusunda çoxlu müzakirələr aparılmışdır. Nəticə olaraq, ibtidai və milli dinlərdə dini təcrübənin praktik və ya ritual aspektinin, ümumbəşəri dinlərdə isə dini şüurun nəzəri (etiqad) aspektinin daha əhəmiyyətli olduğu fikri qəbul edilir. Dini şüurun başqa bir yönünü isə onun ictimai ifadəsi təşkil edir, çünki dinlər insanları dini qruplar və birliklərdə birləşdirmə potensialına malikdir. Dini şüurun ictimai aspekti, əslində fərdi şüurun ictimai şüur müstəvisinə yüksəlmə prosesidir. Belə ki, subyektiv dini şüurun yayılması və ictimailəşməsi nəticəsində din bir qrup insanın və ya bütovlükdə cəmiyyətin ictimai şüurunun formalaşmasında mühüm rol oynayır.
Dinin funksiyası dedikdə, dinin fərd və cəmiyyət üçün əhəmiyyəti, dinin cəmiyyətdəki rolu və yeri nəzərdə tutulur. Dinin sosioloji təriflərinin, eləcə də dini şüurun ifadə formalarının müxtəlif olması, dinin fərd və cəmiyyət üçün bir-birindən fərqli funksiyaları yerinə yetirdiyi mənasına gəlir. Dinin bütün cəmiyyət və zamanlar üçün dəyişməz funksiyalarını müəyyənləşdirmək o qədər də asan deyil. Onun ictimai rolu cəmiyyətin strukturundan və mədəniyyətindən asılıdır. Məsələn, dövlət strukturuna malik olmayan primitiv cəmiyyətlərdə ictimai nizamı tənzimləyici funksiyanı din, dünyəvi dövlətlərdə isə bu funksiyanı mədəni hüquq yerinə yetirir. Deməli, dinin funksiyaları universal deyildir, əksinə, bunlar dəyişkən və nisbi xarakter daşıyır. Bununla belə, müxtəlif tarixi dinlərin keçmişdə və günümüzdə cəmiyyət və fərd üçün vacib olan bəzi rollarını müəyyənləşdirmək mümkündür. Bunları, əsasən, iki qismdə – dinin fərdi funksiyaları və dinin ictimai funksiyaları olaraq nəzərdən keçirək.
Dinin fərd üçün əhəmiyyəti çox böyükdür. Belə ki, din insanların həyatına məna qazandırır və onların dünyagörüşünü formalaşdırır. İstər keçmişdə, istər müasir dövrdə insanlar “Nə üçün varam?”, “Nə etməliyəm?”, “Öldükdən sonra nə olacaq?” kimi suallara cavab axtarıblar. Lakin din xaricində bu suallara konkret cavab verən başqa dünyagörüşü forması mövcud deyildir. Dini şüurun nəzəri ifadəsi, daha öncə də gördüyümüz kimi, müxtəlif etiqad sistemləri, miflər, yaxud dini hekayələr vasitəsilə kainatın, insanın necə və nə üçün yaradıldığı, vəzifələri, onun aqibəti ilə bağlı cavabları ehtiva edir.
Elm təbiətlə bağlı olan bir çox hadisələri izah etməyə nail olsa da, həyatın mənası və dəyərini izah etmək elmin vəzifələrinə daxil deyildir. Odur ki, bir çox filosoflar həyatın mənası, məqsədi və hədəfini elmin deyil, yalnız dinin müəyyənləşdirə biləcəyini etiraf etmişlər. Məsələn, tanınmış alman sosioloqu Maks Veberə (1864-1920) görə, həyata məna vermək dinin əsas funksiyasıdır. Çünki iztirab, haqsızlıq, ədalətsizlik, ölüm kimi hallara din xüsusi məna qazandırır, fərdin mənəvi-psixoloji ehtiyaclarına cavab verən əhatəli dünyagörüşü formalaşdırır. Həmçinin insana mənsubiyyət və kimlik qazandırmaq dinin digər fərdi funksiyasıdır. İnsan inandığı fövqəltəbii qüvvəyə tabe olaraq, hansı dinə və ya məzhəbə mənsub olduğunu, qısaca, öz kimliyini müəyyənləşdirir. Beləliklə, din müasir dövrdə bir çox insanın məruz qaldığı kimlik böhranına qarşı güclü sipər funksiyasını yerinə yetirir.
Dinin ictimai funksiyaları da müxtəlifdir. Burada dinin sosial inteqrasiya, tənzimedici və legitimləşdirici funksiyaları xüsusilə qeyd edilməlidir. Dinin sosial inteqrasiya və birləşdirmə funksiyasını yerinə yetirməsi, demək olar ki, bütün funksionalist sosioloqlar tərəfindən vurğulanmışdır. Din ortaq inanc, ayin və mərasimlər vasitəsilə insanları dini birlik və qruplarda birləşdirir. Müştərək dünyagörüşü və eyni hədəflər insanların cəmiyyət halında yaşamasını mümkün edir. E.Dürkheym məhz din sayəsində cəmiyyət həyatının mümkün olduğunu ifadə edir və bildirirdi ki, din, əslində ictimai həyatın simvolik ifadəsindən ibarətdir. Buna baxmayaraq, dinin inteqrasiyaedici funksiyası nisbi xarakter daşıyır. Din müştərək inancları bölüşən insanları birləşdirdiyi halda, fərqli inanclara malik olanlara və ya inancsızlara qarşı mənfi münasibət bəsləməyə, hətta zorakılığa da səbəb ola bilər. Dinin bu qəbildən olan mənfi rollarına isə dinin disfunksiyası deyilir. Tarixdə və günümüzdə dini zəmində çoxlu münaqişələrin baş verdiyi məlumdur. Odur ki, dinin inteqrasiya və ya münaqişəyə səbəb olması situasiyaya bağlı olaraq dəyişir.
Eyni zamanda, din ictimai dəyərləri, normaları və mədəniyyəti legitimləşdirmə, onlara haqq qazandırma funksiyasına malikdir. Belə ki, o, ictimai norma və dəyərlərə müqəddəs məna yükləməklə sosial strukturu qoruyur. Beləliklə, din adət-ənənələr, ictimai normalar və dəyərlər üçün sağlam təməl rolunu oynayır, həmçinin dini məna daşıyan norma və dəyərləri nəsildən-nəslə ötürür. Yaxşı və ya pis əməllərin (normalar) din tərəfindən müəyyənləşdirilməsi insanlarda özünənəzarət mexanizmini gücləndirir. Bu da ictimai asayişin təmin olunması və ictimai nizamın möhkəmlənməsi sahəsində öz töhfəsini verir. Sonda bir daha qeyd etmək lazımdır ki, dinin inteqrasiyaedici, ictimai nizamı dəstəkləmə və ya iğtişaşlara səbəbolma funksiyaları cəmiyyətin mövcud sosial, mədəni, iqtisadi və siyasi strukturundan, habelə toplumda, geosiyasi mühitdə baş verən proseslərdən asılı olaraq, müsbət və ya mənfi istiqamətdə inkişaf edə bilər.