Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru, dosent
DÜNYAMIZI BƏZƏYƏN İNSAN
Biz insanlar çox vaxt əldə etdiklərimizi, ümumiyyətlə “etmək” bacarığımızı şəxsi hünərimiz sayırıq. Çox vaxt unuduruq ki, çox şeyə görə ətrafımızdakı insanlara borcluyuq: yaşamağı, yaratmağı onlardan öyrənirik. Bir sözlə – sözün hər mənasında bizi var edən həyat müəllimlərimizdir. Fəlsəfə doktoru, AMEA Folklor İnstitutu Klassik Folklor şöbəsinin müdiri, nağılşünas, şərqşünas və nəhayət, sözün həqiqi mənasında Böyük İnsan Rza müəllim – Rza Zeynal oğlu Xəlilov məhz belə bir həyat müəllimidir.
Həyat müəllimləri bizim məktəb müəllimlərimizdən fərqlənir. Müəllimlik etmək məktəb müəllimlərinin vəzifəsidir: içindən gəlsə də, gəlməsə də. Ancaq həyat müəllimləri elə anadan müəllim doğulurlar. Onlar öz yaşam tərzi ilə başqalarına həyat nümunəsi verirlər.
Rza müəllim haqqında həcmcə nə qədər yazılmasından asılı olmayaraq, bütün yazanlar onun haqqında, əslində, bir kitab yazır. Çünki o, əslində kitab-insandır. Oxunduqca bitməyən, öyrənildikcə tükənməyən kitab.
Onun ömrü sözün hərfi mənasında mənim gözlərimin qarşısında yaşanır: işlədiyimiz otaqların qapıları üzbəüzdür. Hər səhər onu görmək, arada stolunun üstündə olan dadlı xurmalardan “xüms-zəkat” adı altında dadmaq bir zövqü-səfadır.
Rza müəllimin koridordakı seyfin yanına çəkilib bir siqaret çəkməyi isə ayrıca “müzakirə” mövzusudur. O, gün ərzində bir ədəd siqaret çəkir. Hər görən soruşur: “Rza müəllim, bəyəm siz siqaret çəkirsiniz?” Rza müəllim də cavab verməkdən yorulub, axır ki, siqareti tullayır.
O, çox kövrək adamdır. Bu kövrəklik artıq onun şəxsi keyfiyyəti olmaqdan çoxdan çıxaraq, bizim institutun mənəvi dəyərinə çevrilib. Yaşca çoxlarından, bəlkə də, hamıdan böyükdür. Bu böyük insanın böyük qəlbi, bu qəlbin böyük kövrəkliyi bizlər üçün insan kimi yaşamağın parlaq örnəyidir. Onu heç bir dünyəvi dəyərin arxasınca qoşan, ömür adlı ilahi neməti dünya adlı fani dəyərə dəyişən görməzsən. Rza müəllim mənəvi dəyərlər aşiqidir. Ömrünü bu dəyərlərlə yaşayıb və bu dəyərlər onun ömrünün bəzəyinə çevrilib.
Baza ixtisası baxımından ərəbşünasdır. Namizədlik dissertasiyasını Azərbaycan-ərəb nağıllarının tipologiyasına həsr edib. Ona görə də həmişə elə güman edirdim ki, bugünkü məşğuliyyəti ixtisası ilə bağlıdır. Ancaq mən Rza müəllimi sonralar başa düşdüm.
O, ömrünü Azərbaycan folklorunun ilkin nəşrlərinin arasında keçirir. Milli Kitabxananın nadir kitablar fondunda işləyir. Keçən əsrin əvvəllərində, ya 30-40-cı illərində çap olunmuş, indi isə qəhətə çıxmış kitabları “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından yenidən tərtib edərək çap etdirir. Bu kitablar bizim oxu dünyamıza sanki bir möcüzə kimi daxil olaraq, bizdən əvvəlki nəsillərin necə böyük bir elmi-mədəni xəzinə yaratdığını göstərir. Rza müəllim kimi alim-qədirşünaslar olmasa, həmin mədəni irs tarixin qaranlıq səhifəsinə çevriləcək, adı olub, özü olmayan ədəbiyyata dönəcək. Lakin bu fəaliyyətin başqa bir tərəfi də var. Bu, Rza müəllimin iç dünyası, mənəviyyat aləmi ilə bağlıdır. O, öz fəaliyyəti ilə bizim milli yaddaşımızı bərpa edir. O yaddaşı ki, biz özümüz də onsuz zamanla yox olub unudula bilərik.
Rza müəllim institutda uşaqdan-böyüyə hamının böyük bir sevgi ilə ünsiyyətdə olduğu insandır. Biz sizi sevirik, Rza müəllim. Sizə Allahdan bizlər naminə, elmimiz və mədəniyyətimiz naminə sağlıq dolu ömür diləyirik.
Dostları ilə paylaş: |