Muxtar Kazımoğlu: Çıxış üçün sözü Ağaverdi Xəlilə verək.
Ağaverdi Xəlil: Təşəkkür edirəm. Hörmətli Muxtar müəllim, hörmətli toplantı iştirakçıları! Təbii ki, bu gün biz əlamətdar bir hadisə ilə bağlı yığışmışıq. Çıxış edənlərin söylədiyi fikirlərin hamısı ilə tamamilə şərikəm. Rza müəllim gözəl bir insandır, səmimi bir insandır, təvazökardır. Eyni zamanda, folklor sahəsinə öz xidmətlərini göstərmiş, əmək vermiş adamdır, zəhmətkeşdir. Təvazökarlığın içində bunu büruzə verməsə belə, zəhmətçəkən, çalışan, işləyən alimimizdir. Rza müəllimin fəaliyyəti kifayət qədər genişdir, əhatəlidir, çoxaspektlidir. Eyni zamanda, bu sahələrin hamısında Rza müəllim uğurla fəaliyyət göstəribdir. Onu fərqləndirən əsas cəhət ondan ibarətdir ki, Rza müəllim çox böyük intellekt sahibidir. Rza müəllimin ailədən, kökdən gələn, eyni zamanda özünün illər boyu qazandığı bir intellekti var. Rza Xəlilov folklor sahəsində böyük uğurlara imza atıb. Rza müəllimi çöl folklorçusu, sahə folklorçusu kimi Oruc müəllim səciyyələndirdi. Rza müəllim həm də arxiv folklorçusudur və arxivi gözəl bilən folklorçudur. Onun bir sirrini Kamran müəllim qeyd etdi. Arxivdə işləyib, çalışıb. Rza müəllim Azərbaycanda arxivi bəlkə də ən yaxşı bilən mütəxəssisdir. Nəyin harada olduğunu, xüsusən 20-30-40-cı illərdə nə varsa, dəqiqliklə bilən, adı ilə, yeri ilə bilən canlı bir kataloqdur. Yəni zəngin bir məlumata sahibdir. Burada müəyyən qədər bu xüsusiyyətlərdən bəhs olundu. Rza müəllim öz elmi, ictimai fəaliyyəti ilə yanaşı, daha çox bizim nəzərimizdə gözəl bir insandır. Onun bu keyfiyyəti o qədər üstündür ki, bu onun digər fəaliyyətlərinə kölgə salır. Biz Rza müəllimi bir gözəl insan kimi sevmişik. O bir fatehdir. Rza müəllim həqiqətən də öz ətrafında, çalışdığı kollektivdə, yaşadığı məhəllədə, binada insanların könlünü fəth edən insandır. O mənada Rza müəllimin xüsusi bir qabiliyyəti var. Bunun da əsasında onun çox dərin səmimiyyəti, təvazökarlığı durur. Bunun sayəsində Rza müəllim kamil insan kimi tanına bilib, qeyri-adi hörmət qazanıb. Rza müəllim bizim üçün çox əziz insandır. Bir vaxtlar S.Rüstəmin 70 yaşı tamam olanda verilişdə dedi ki, 0-ı 7-nin silin yanından. Mən də deyərdim ki, Rza müəllimin yaşındakı 0-ı silək. Elə Rza müəllim 7-dən başlasın, təzədən bir yetmişə qədər gəlsin. Rza müəllim çox mənalı bir ömür yaşayıb. 70-i yelə verməyib, elə-belə də verməyib, elə veribdir. Rza müəllimə cansağlığı, uzun ömür, bundan sonrakı işlərində də bax elə beləcə davam etməsini arzulayıram.