Rza xəLİlov- 70



Yüklə 2,72 Mb.
səhifə6/27
tarix02.01.2022
ölçüsü2,72 Mb.
#1858
1   2   3   4   5   6   7   8   9   ...   27
Muxtar Kazımoğlu: Sözü Füzuli Bayata verək.

Füzuli Bayat: Hörmətli Elmi Şura üzvləri! Bu gün Folklor İnstitutunun çox sevdiyi, bəlkə də hamının ürəkdən sevdiyi, hörmət etdiyi bir adamın 70 illik yubileyinə toplaşmışıq. Burada çox insanların 60, 70 illiyi ilə bağlı tədbirlərdə iştirak etmişik. Amma könüllü şəkildə, sevərək tədbirə gələn insanları çox az görmüşük. Bu, Rza Xəlilovun ən böyük müvəffəqiyyətlərindən biridir. Rza Xəlilov o qədər təvazökar bir adamdır ki, biz yaşca ondan kiçik olmağımıza baxmayaraq heç bir zaman ona Rza müəllim deməmişik. Həmişə Rza dedik. Bu qədər özünü mütəvazi, təvazökar aparan ikinci bir insana rast gəlmək mümkün deyildir. Mən Folklor İnstitutunda işləyərkən Rza Xəlilovun ən böyük üç – sadəlik, səbrlilik, xeyirxahlıq – keyfiyyətini kəşf etdim. Əgər mütəvazilik, sadəlik bir simvola çevrilsə, o, bunun ən böyük örnəyidir. Çünki bu qədər sadə insanı elm camiyəsində çox az rastlanan bir hadisə kimi qələmə vermək olar. Mən 1990-cı ildə Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə yeni gələndə Rza Xəlilov da yenicə müdafiə etmiş, gənc alim idi. Ərəb nağılları ilə Azərbaycan nağıllarının müqayisəsini aparmışdı. Bəlkə də o, ilk dəfə olaraq ərəb folklorunu Azərbaycan folkloru ilə müqayisə edən şəxslərdən biridir. Əslində ərəblərlə bizim aramızdakı bu folklor yaxınlığını görməmək mümkün deyil. Belə ki, hər iki xalq din etibarilə eyni dinə mənsubdurlar, müsəlmandırlar, yaşayış baxımından da müəyyən yaxınlığımız var və nəhayət, ərəblər savaşçı millətdir, türklər ondan daha da savaşçıdır. Bu bir neçə parametri bir-birinə yaxın olan iki xalqın folklorunu ilk dəfə elmi müstəvidə araşdırmaya gətirən Rza Xəlilov oldu.

Rza Xəlilov o qədər mütəvazi insandır ki, hətta sonrakı işində onları davam etdirmədi. Bəzi insanlar çox bilib az yazırlar. Bəzi insanlar isə fərqlidirlər. Rza Xəlilov çox bilib, çox oxuyub az yazanlardandır. Rza Xəlilov öz biliyini, öz elmini, elmi təcrübəsini başqaları ilə çox sevə-sevə paylaşan insandır. Buradan da onun xeyirxahlığı ortaya çıxır. Nə bu Folklor İnstitutunda, nə də ondan öncə Ədəbiyyat İnstitutunda heç bir adam deyə bilməz ki, Rza Xəlilova hər hansı bir məsələ ilə bağlı müraciət edib və o, istər elmi baxımdan, istər mənəvi baxımdan, istərsə də digər məsələlərdə ondan öz köməyini əsirgəyib. Heç vaxt əsirgəmiyib. Burada kiçik bir haşiyə çıxıb demək istəyirəm ki, Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində işləyərkən bir azərbaycanlının ora işə qəbul olunması məsələsində Rza Xəlilov həmin şəxsdən daha çox fəallıq göstərdi. O adam dilçi idi, indi Qafqaz Universitetində işləyir. Düzdür, həmin şəxs ona sonradan arxa çevirdi, nankorluq etdi. Amma buna baxmayaraq R.Xəlilov axıra qədər ona öz köməyini, öz izzətini göstərdi. İstər dəhlizdəki söhbətlərdə, istər telefon söhbətlərimizdə bu insanın yalnız xeyirxahlığını hər kəs öz üzərində hiss edə bilər. Rza Xəlilov eyni zamanda bir səbr daşıdır. Səbrin simvolu peyğəmbərlər arasında Həzrət Eyyubdursa, mən deyərdim ki, insanlar içərisində Rzadır. Adam təəccüblənir ki, bu qədər səbr insanda hardandır. Rza Xəlilovu mən hələ indiyə kimi əsəbiləşən, özündən çıxan, nalayiq söz deyən və ya əsəbi şəkildə yalnış bir hərəkət edən görmədim. Görən varsa, söyləsin. Rza bu qədər səbrli bir insandır. Bu üç keyfiyyət – xeyirxahlıq, mütəvazilik və səbr onu insanların gözündə sevdirə bilmişdir. Hər kəs kimisə sevib, kimisə sevməməkdə sərbəstdir. Söhbət Rza Xəlilovdan gedəndə dəfələrlə Folklor İnstitutunda şahidi olmuşuq ki, hamı Rzaya böyük sevgi ilə, böyük diqqətlə yanaşır. Rza bu hörməti, bu sevgini özü qazanmışdır. Rza əslində yeni ədəbiyyata yaxın bir adamdır. Çünki belə bir ailədə doğulmuşdur, belə bir mühitdə böyümüşdür. Həm də o, yazılı ədəbiyyatın, xüsusən yeni dövrü ilə daha çox məşğul olmuşdur. Amma aldığı təhsil onu ərəblərə bağladısa, çalışdığı, müdafiə etdiyi mövzu da onu folklora bağladı. Yəni Rza özündə yazılı ədəbiyyatı, folkloru və ərəb mədəniyyətini daşıyan bir insandır.

O vaxt 75 min, hazırda 80-90 min tələbəsi olan Atatürk Universitetində çalışarkən tələbələrin xaricdən gələn müəllimlər içərisində ən çox sevdiyi Rza var idi. Mən o zaman Qarsda çalışırdım və bir gün ona qonaq getmişdim. Rza təmənnasız bütün tələbələrə ərəbcə mətnlərin oxunub çevrilməsində və tələbələrin diplom işində, magistratura işində, doktorluq işində, hətta dissertasiyaların yazılmasında təmənnasız kömək edirdi. Türkiyədə müəllimlər tələbələrə qayğı göstərirlər. Amma o qayğının müəyyən bir sərhəddi var. İşdən sonra heç kəs bir müəllimi tutub: Filan şey nə oldu? – deyə bilməz. Əks halda müəllim çox sərt cavab verər və tələbənin buna hüququ çatmaz. Bunu soruşmağa cəsarət etməz. Amma Rza o qədər sadə idi ki, dərsdən sonra tələbələr onun otağına gəlir və müəyyən şeyləri soruşub öyrənirdilər. Dəfələrlə biz onun şahidi olduq ki, oradakı tələbələr nəinki bir gün, iki gün, bir ay, iki ay, hətta aylarla, illərlə Rzanı narahat edib, ərəbcə mətnlərin öyrənilməsini, folklorla bağlı məsələləri ondan soruşurdular.

Bir mühüm məsələyə də toxunum. Rza təkcə orada bir ərəbist kimi tanınmırdı, həm də ədəbiyyatçı, folklorçu və ən yaxşı bir dilçi kimi tanınırdı. Çünki ixtisas etibari ilə ərəbistdir, ərəb dilinin qrammatikasını bilirsə, deməli Azərbaycan dilinin, türk dillərinin qrammatikasını da çox gözəl bilir. O baxımdan Rzanın fəaliyyəti hərtərəfli idi. Necə ki, burada da elədir. Rza ilk dəfə olaraq şəhər folklorunun, Bakı folklorunun toplanması, ərsəyə gətirilməsi və nəşrində çox böyük əməyi olan bir şəxs kimi adı tarixə keçmiş oldu. Rza arxivdəki o materialları toplamaqla Bakı folklorunun, şəhər folklorunun nümunələrinin çap olunmasını başlatmış oldu. Qısacası, Rzanın həm folklorşünas kimi, folklor elminin bilicisi kimi fəaliyyəti, həm bir ərəbist kimi, həm bir toplayıcı kimi fəaliyyəti, ən əsası insan kimi əvəzsiz olması onu kollektiv içində bu qədər çox sevdirmişdir.

Mən dost kimi dost, insan kimi insan, alim kimi alim Rza Xəlilovu 70 yaşı münasibətilə təbrik edirəm. 70 yaş müdrikliyin zirvəsidir. Rzaya bu zirvədən enməməyi arzu edirəm. İnanıram ki, Rza hələ çox işlər görəcək. Cənab Allahdan arzu edirəm ki, ona uzun ömür və bu ömür içində cansağlığı versin. Rza bizim üçün dəyərli bir insandır. Sağ ol, Rza! 70 yaşın mübarək!


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin