Rza xəLİlov- 70



Yüklə 2,72 Mb.
səhifə3/27
tarix02.01.2022
ölçüsü2,72 Mb.
#1858
1   2   3   4   5   6   7   8   9   ...   27
Muxtar Kazımoğlu: Hörmətli həmkarlar, əziz dostlar! Bu isti münasibətə görə əvvəlcədən hər birinizə təşəkkür edirəm. Mən çoxdandır ki, bu otaqda, bu kabinetdə belə mehribançılıq görməmişdim. Saat 11 olmamış “Klassik folklor” şöbəsi gəldi və öz məhəbbəti ilə bu otağı isindirdi. Ona görə şöbənin əməkdaşlarına təşəkkür edirəm. Bu mehribanlıq şöbənin Rza müəllimə olan münasibətinin çox gözəl bir göstəricisidir. Rza müəllimlə biz Ədəbiyyat İnstitutunda bir şöbədə işləmişik. Rza müəllim burada şöbə müdiri kimi nə qədər müdrikdirsə, nə qədər insanidirsə, orada da sıravi bir işçi kimi o qədər müdrik, o qədər istedadlı və yüksək intellekt sahibi idi. Rza müəllimin 70 yaşına bir neçə gün qalır. Dekabrın 11-də 70 yaşı tamam olur. Amma Rza müəllimin həm zahiri görkəmindən, həm daxilindən o cavanlıq şövqü getməyib. Arzu edək ki, cavanlıq şövqü həmişə onunla bir yerdə olsun. Rza müəllim bizim tanınmış folklorşünasımızdır, tərcüməçimizdir, pedaqoqumuzdur və ən yaxın dostlarımızdan biridir. Rza müəllim böyük bir məktəbin içindən keçib bura gəlib. Biz Ədəbiyyat İnstitutundan aralandıqca, vaxt keçdikcə, aydın olur ki, ora bizim hamımız üçün bir məktəb olub. Rza müəllim o məktəbdən çox şey götürüb, onun daxilindəki ədəb-ərkan Ədəbiyyat İnstitutundakı ab-hava ilə qaynayıb qarışıb. Rza Xəlilov Təhmasib müəllimin ─ Məmmədhüseyn Təhmasibin şöbəsində işləyib. Biz Ədəbiyyat İnstitutuna gələndə Təhmasib müəllimi bir az xəstəhal gördük. O xəstəhal kişi son dərəcə dərin bir adam idi. Ədəbiyyat İnstitutu Təhmasib müəllimdən sözün yaxşı mənasında çəkinirdi. Təhmasib müəllimin sözü söz idi, yazısı yazı idi, iclaslardakı çıxışı çıxış idi, qərarı qərar idi. Təhmasib müəllim tək canıynan o dövrdə Azərbaycan folklorşünaslığının nüfuzunu qaldıran, bəlkə də, bir nömrəli şəxsiyyət idi. Deyim ki, Ədəbiyyat İnstitutundakı koridor söhbətlərində bəzən o şöbəyə müəyyən ironik münasibəti də hiss edirdik. Amma elə ki Təhmasib müəllimin yüksək intellekti ortaya gəlirdi, heç kim o şöbə ilə o səpkidə danışa bilmirdi. Bunu ona görə deyirəm ki, Rza müəllim məhz həmin şöbədən, Təhmasib müəllimin məktəbindən çıxıb Folklor İnstitutuna gəlmiş bizim həmkarlarımızdan, dostlarımızdan biridir. Rza müəllim ixtisas etibarilə ərəbşünasdır. Bizim folklorşünaslığımızda Azərbaycan folklorunun dünya folkloru ilə, ümumiyyətlə, türk folkloru ilə ümumi kontekstdə öyrənilməsinə həmişə ehtiyac olub. Rza müəllim ərəb mədəniyyətini, ərəb dilini, həm də rus dilini çox gözəl bilməyi ilə, müqayisəli folklorşünaslıq sahəsində mühüm addımlar atmağı ilə həmin ehtiyacı müəyyən qədər ödəyə bilib. O, 1989-cu ildə Azərbaycan və ərəb sehrli nağıllarında qəhrəman məsələsindən namizədlik işi yazıb, müdafiə edib. Çox təəssüf ki, Rza müəllim namizədlik işini çap etdirməyib. Biz keçən dəfə Elmi Şurada qərar verdik ki, həmin kitab çap olunsun və bizim Rza müəllimə yubiley hədiyyəmiz olsun. O kitab bir çox baxımdan maraqlı kitabdır. Maraqlıdır, ona görə ki, o kitabda Rza müəllim səyyari, beynəlxalq motiv dediyimiz motivlərə çox böyük həssaslıqla yanaşıb. Materialın özünün diqtə etdiyi şəkildə – məşhur motivlər və süjetlər əsasında Rza müəllim tədqiqatı çox yüksək səviyyədə aparıb. İnşallah çap edəndən sonra o kitabla ətraflı tanış olmaq imkanı əldə edəcəyik.

Rza müəllimin folklorşünaslıq fəaliyyətinin ən səmərəli tərəflərindən biri onun toplama fəaliyyətidir. Rza müəllim toplamanı tək Şimali Azərbaycanın hüdudları daxilində deyil, onun hüdudlarından kənarda – Dərbənddə də aparıb. Oruc müəllimlə ─ Oruc Əliyevlə bir yerdə Dərbəndin ayrı-ayrı kəndlərini qarış-qarış gəziblər, material toplayıblar. Rza müəllim Dərbənd materialları haqqında mətbuatda mütəmadi çıxışlar edib. Azərbaycan elmi ictimaiyyətinə oradakı folklor mühiti haqqında, o mühitin bəzi nəzəri problemləri barədə məlumat verib. Rza müəllimin Oruc müəllimlə bir yerdə Şirvana, konkret desək, Şamaxıya ekspedisiyası mənim yadımdadır. Azərbaycan nağılları seriyasından Şamaxıdan toplanmış nağılların çapı da mənim yadımdadır. O nağıllar bir vaxt mənim baş redaktor olduğum “Yazıçı” nəşriyyatında böyük bir kitab şəklində çap olunub.

Rza müəllimin gördüyü vacib işlər sırasında “İlkin nəşrlər” seriyasını qeyd edə bilərəm. Rza müəllimin ərəb əlifbasını mükəmməl bilməyi bizim karımıza gəlir. Çünki “İlkin nəşrlər” adlandırdığımız kitabların böyük bir qismi XX əsrin əvvəllərində ərəb əlifbası ilə çap olunub. İsrafil müəllimin ─ İsrafil Abbaslının təşəbbüsü, Rza müəllimin səyi ilə o kitablar işıq üzü gördü. O kitabların çap olunmasının bir çox cəhətdən əhəmiyyəti vardı. Əhəmiyyət ondan ibarətdir ki, biz Azərbaycan folklor kitablarının XX əsrin əvvəllərinə aid tərtib prinsipləri ilə yaxından tanış olduq. Bir çox mübahisəli məsələlərə aydınlıq gətirmiş olduq. Yəni sirr deyil ki, bizim repressiyaya məruz qalmış bir çox folklorşünaslarımızın – Hənəfi Zeynallının, Salman Mümtazın, Əmin Abidin və başqalarının fəaliyyəti ilə bağlı qaranlıq məqamlar vardı. Məsələn, qaranlıq məqamlardan biri budur ki, bir çox hallarda onların gördüyü işlər başqa folklorşünasların adına çıxılıb. O tarixi araşdırmaq, o tarixi yenidən öz yerinə qoymaq missiyası bizim vacib işlərimizdən, vəzifələrimizdən biri idi. O vəzifənin də öhdəsindən gəlməkdə Rza müəllimin çox böyük xidmətləri oldu. “İlkin nəşrlər” seriyasından xeyli miqdarda, səhv eləmirəmsə, ondan artıq kitab çap olunub. O iş indi də davam edir. Rza müəllim təkcə “İlkin nəşrlər”lə məşğul olmur, həm də şöbə əməkdaşlarını işə həvəsləndirir. Hətta elə əməkdaşları işə həvəsləndirir ki, onların bu İnstitutda fəaliyyəti o qədər də gözə dəyməmişdi. O insanların arxivlərə bağlanmasında Rza müəllimin bir insan, bir alim kimi çox böyük xidməti var. O əməkdaşlarımız ayrı-ayrı arxivlərdən folklor materiallarının üzünü köçürtmək, həmin materialları İnstituta gətirtmək və onların təhlilini aparmaq işi ilə məşğuldurlar. Ümumiyyətlə, arxiv və folklor bizim ən vacib sahələrimizdən, xətlərimizdən biridir. Vaxtilə İsrafil müəllim onu qeyd edirdi ki, Azərbaycan folklorunu üzə çıxarmağın ən vacib məxəzlərindən biri arxivlərdir. O arxivlərdən materiallar hökmən üzə çıxarılmalıdır. Bu sahədə Rza müəllimin çox böyük fəaliyyəti var.

Rza müəllimin tərcüməçilik fəaliyyəti ilə bağlı da bir-iki kəlmə söz demək istəyirəm. O, şərqşünaslıq fakültəsinin ərəb və Azərbaycan filologiyası şöbəsini bitirəndən sonra bir neçə ərəb ölkəsində – Qahirədə, Suriyada, İraqda, Yəməndə tərcüməçilik fəaliyyəti ilə məşğul olub.

Rza müəllimin pedaqoji fəaliyyəti də çox faydalı olub, əhəmiyyətli olub. O, Türkiyənin Atatürk Universitetində dərs deyib.

Rza müəllim haqqında çox danışıb vaxt almaq istəmirəm. Dostlar, həmkarlar danışacaqlar. Amma bir şeyi də demək istəyirəm ki, Rza müəllim həm də tanınmış şair Zeynal Xəlilin ailəsində böyümüş dostumuzdur. Məşhur bir adamın evində böyümək adama bir neçə tərəfdən təsir göstərə bilir. Tanınmış adamın evindən çıxıb adam öz ətrafına yuxarıdan aşağı baxa da bilər, özünü təvazökar, gözü-könlü tox apara da bilər. Bu, ailənin tərbiyəsindən nə qədər asılıdırsa, insanın özündən də bir o qədər asılıdır. Min şükürlər olsun ki, Rza müəllim özünü gözü-könlü tox, son dərəcə təvazökar aparan dostlarımızdandır. Yəni o ailədən çıxmaq Rza müəllimin məsuliyyətini dəfələrlə artırıb. O mənada Rza müəllim öz davranışı ilə, öz mədəniyyəti ilə, öz insanlığı ilə həmişə seçilib, həmişə digərlərinə nümunə olub.

Rza müəllimin bizim çoxumuzdan fərqli olaraq, bir müsbət keyfiyyəti də var. Rza müəllim dostun uğuruna sevinən, nəinki sevinən, sevinc göz yaşı ilə bu uğura münasibətini bildirən dostlarımızdan biridir. Allah Rza müəllimə cansağlığı versin. Həmişə dostlarının arasında olsun. Dostları həmişə indiki kimi onu çox istəsin. Çox təəssüf ki, bizim yerimiz balacadır. Kənardan dostları, Rza müəllimin xətrini istəyənləri çağıra bilməmişik. Mənə elə gəlir ki, məclisin böyüyü, kiçiyi o qədər də fərq eləməz. Əsas odur ki, isti münasibət olsun. Sözümün əvvəlində dediyim kimi, Rza müəllimə isti münasibəti hiss etməmək mümkün deyil.

Mən Dərbənd ekspedisiyası, Şamaxı ekspedisiyası barədə danışanda Oruc müəllimin adını çəkdim. Oruc müəllimlə Rza müəllim Ədəbiyyat İnstitutunda Folklor şöbəsində bir yerdə çalışıblar. O Rza müəllimi məndən də yaxşı tanıyır.




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin