Şəkil 1. Şərqi Zəngəzur iqtisadi rayonu. Məqalədə qarşiya qoyulan başlıca məqsəd tədqiqat ərazisi olaraq seçilmiş Şərqi Zəngəzur iqtisadi rayonunun su balansı və su ehtiyatlarının müasir metodikalarla hesablanması olub. Bu məqsədlə Kompleks su balansı metodunun (CWBM) prinsipləri əsasında qiymətləndirilməsi aparılmışdır. Yeni metodikanın tətbiqi su ehtiyatlarının hesablanması baxımından olduqca etibarlı nəticələr əldə etməyə imkan verir ki, bunu da şərtləndirən bir sıra vacib səbəblər vardır:
1) Ən yeni müasir tədqiqat üsullarından istifadə edilməsi. Yeni metodikalarda bütün tədqiqat prosesi yalnız məsafədən zondlama, multispektral peyk və radar şəkilərin analizi vasitəsilə yerinə yetirilir.
2) Tədqiqatın əsas etibarilə GİS və statistik hesablama texnologiyaları vasitəsilə yerinə yetirilməsi. Buraya GİS-də müqayisəetmə, üstünlükvermə və ehtimal texnologiyaları ilə aparılan hesablama və emal prosesləri daxildir.
3) Tədqiqat prosesində axımın formalaşması və su ehtiyatlarının kəmiyyətinə təsir edən əksər amillərin nəzərə alınması. Bu amillər sırasına ərazinin həm morfometrik, həm fiziki-coğrafi, həm də insan fəailiyyətinin təsirini əhatə edən kompleks amillər aiddir.
CWBM metodunun əsasını hər tərəfli amillərin təsirini özündə əks etdirən axım əmsalları əsasında su balansı və su ehtiyatlarının hesablanması prinsipi təşkil edir.
CWBM metodunun tədbiqi ilə Şərqi Zəngəzur iqtisadi rayonunun (ŞZİR) su balansı elementlərini və su ehtiyatlarını hesablamağa nail olunmuşdur. Orta çoxillik dövr üçün ŞZİR ərazisinə düşən yağıntıların miqdarı 602,7 mm, çayların tam axımı 194,2 mm, faktiki buxarlanma 408,5 mm, mümkün buxarlanma 768,3 mm, maksimal susaxlamalar 1101,2 mm, hidroloji itkilər 503,5 mm, ilkin abstraksiya 220,3 mm, torpaqların faktiki nəmliyi 283,2 mm təşkil etmişdir.
Çayların qidalanmasında səthi və yeraltı axım paylarının nisbəti baxımından böyük fərqlər vardır. ŞZİR üzrə ümumi su balansında hidroloji itkilər 83,6 %-ə bərabər olmuşdur. Bu o deməkdir ki, bölgəyə düşən yağıntıların bu qədər hissəsi səth axımına çevrilmədən ilkin formasında müxtəlif yerlərə sərf olunmuşdur. Torpaqların nəmlənməsi və infiltrasiyaya sərf olunan yağıntı sularının yalnız 33,7 %-i (95,45 mm) hissəsi çayların yeraltı yolla qidalanmasında iştirak etmişdir. Digər tərəfdən yağıntıların yalnız 32.2 %-i çay tam axımına sərf olunub ki, bu nisbətdə də yerüstü və yeraltı qidalanma payları bir-birinə yaxındır: müvafiq olaraq 50.9 və 49.1 %. Bütövlükdə isə bölgədəki çayların su balansı, xüsusilə də çayların qida mənbələri arasında kəskin fərqlər mövcuddur. Bu regionun mürəkkəb geoloji-geomorfoloji quruluşu və iqlim şəraiti ilə izah olunur. Rayonun qərb hissəsindən ‒ çatlı vulkanik süxurların üstünlük təşkil etdiyi Qarabağ vulkanik yaylasından başlanğıc götürən çaylarda yeraltı qidalanma hissəsi daha böyük kəmiyyətlərlə ifadə olunur. Şəkil 2-də Tərtər çayının ŞZİR daxilindəki hövzəsi daxilində su balansı göstərilib. Bu çay hövzəsində yağıntıların (623,4 mm) 58,7%-i axıma çevrilib və yeraltı qidalanma payı 53.9 %, səthi isə cəmi 46.1 % olmuşdur.
Rayonun cənub-şərq hissəsindən axan çayların su balansı qərb hissədəki çaylardan kəskin fərqlənir. Hesablamalar göstərmişdir ki, bu çayların əksəriyyətində yağıntıların axım yaratma göstəricisi heç 10 %-ə də çatmır. Eyni zamanda mövcud axımın da əsas hissəsi (70-90 %-i) səth axımı hesabına formalaşır.
Yeraltı axım 15,8%
Səth axımı
16,4%