Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə13/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   9   10   11   12   13   14   15   16   ...   147
1963–1970. 

 

 



 

 



 

69

GÜMÜŞÜ, NARINCI, MƏXMƏRI... 

 

Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb 



gördü ki, yenə çisəkləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb 

müharibədənqalma  şinelini ağ tuman-köynəyinin üstündən çiyninə saldı  və sidq-

ürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi. 

Bu il payız gec gəlmişdi, amma yaman gəlmişdi – dörd gün idi kənddə hava 

açılmırdı, elə hey xırda-xırda çisəkləyirdi. Birdəfəlik  şıdırğı yağmırdı ki, adamın 

canı qurtarsın; bu gün də, deyəsən, elə belə olacaqdı. 

Ayna arvad da artırmaya çıxıb həyətə boylandı  və o da ürəyində havanın 

qarasına deyindi. 

Amma bu saat bu evdə bir adam da vardı ki, bu gecikmiş payız da, bu 

zəhlətökən çiskin də onun heç vecinə deyildi, çünki həmin adam – Allahverdi – 

keflə yatırdı isti yorğan-döşəyində, həm də yuxu görürdü. Görürdü ki, təzə ayaqqabı 

geyib, təzə kostyum geyib, boynuna da qalstuk taxıb dayanıb rayon mərkəzindəki 

dəlləkxananın qabağında, başında da şəhərdən gələn kinooperatorun papağından bir 

papaq. Hamı heyrətlə gah Allahverdiyə baxırdı, gah da Allahverdinin başına 

qoyduğu bu papağa. Allahverdi də bundan qürurlanırdı. Birdən o gördü ki, dədəsi 

bazar başından ona sarı gəlir. Doğrudan da, Allahverdinin dədəsi oğluna yaxınlaşıb 

başına qoyduğu papağa baxdı və həmişəki zəhmlə soruşdu: 

– O nədi, ə, qoymusan başına? 

Allahverdi ağzını açmağa macal tapmamış dədəsi yenə nə isə qışqırdı.  

Qəşəm kişi artırmada dayanıb yenə üzünü Allahverdi yatan otağa sarı tutdu və 

qışqırdı: 

– Ə, Allahverdi, gün günortanı keçdi, dursana! 

Allahverdi var gücü ilə çalışdı ki, rayon mərkəzindəki dəlləkxananın yanından 

heç hara getməsin, amma mümkün olmadı, çünki Qəşəm kişi bu dəfə açıq-aşkar 

hədə-qorxu gəldi: 

– Ə, Allahverdi! 

Allahverdi hələ də gözünü açmayıb isti yorğan-döşəyində bu səhər axırıncı dəfə 

gərnəşdi – bilirdi ki, bir azdan bu istini də, bu yuxunu da həyətdəki boz payız əvəz 

edəcək – sonra gözünü açıb zoğalı boya ilə rənglədikləri tavana baxdı və ərinə-ərinə 

soruşdu: 

– Nədi e? 

Əlbəttə, Allahverdi özü lap yaxşıca bilirdi ki, iş  nə yerdədir: həmişəki kimi, 

əvvəlcə göydəmir ürgəni tövlədən çıxarıb arxa suvarmağa aparmalıydı, sonra 

qayıdıb Qızıl inəyi naxıra qoşmalıydı, sonra bir-iki qucaq odun doğramalıydı, sonra 

isə, isti südlə pendir-lavaşını yeyib dərsə getməliydi. Bunların hamısını yaxşı bilirdi, 

amma hər dəfə də dərsə hələ iki saat qalmış yuxudan durmaq müsibət idi onun üçün, 

ələlxüsus da payızın bu çiskinində. 

Eybi yox, az qalmışdı, lap az qalmışdı Bakıya gedib instituta girməyinə: qış 

gəlib keçəcəkdi, yaz gəlib keçəcəkdi, sonra da yay gələcəkdi – imtahan imtahan 

dalınca – sonra da xudahafiz, göydəmir ürgə, xudahafiz Qızıl inək, xudahafiz, vələs 

saplı balta. Imtahanlar çətin olacaqdı – aydın məsələdir – amma nə qədər çətin olsa 

da, səhərin gözü açılmamış hövlnak isti yorğan-döşəkdən qalxıb payızın çiskininə 

girməkdən min dəfə asandı. 

Qəşəm kişinin lap səbri tükənmişdi:  

– Ə, noldun?! 



 

70

– Durdum e, durdum!..  



Allahverdi yorğanı üstündən atıb çarpayıda oturdu, yekə ayaqlarının altındakı 

cecimdə toxunmuş ceyran sürüsünə baxdı, sonra qızarmış gözlərini qırpa-qırpa 

geyinməyə başladı. 

Qəşəm kişi Qızıl inəyi tövlədən çıxarıb artırmanın altına çəkdi. Qızıl inəyin 

buzovu da quyruğunu yelləyə-yelləyə canfəşanlıqla düşdü anasının dalına. 

Üşüyə-üşüyə artırmadakı  əl-üzyuyanda xala xətrin qalmasın yuyunan 

Allahverdinin buzova yazığı  gəldi və ürəyində fikirləşdi ki, ay yazıq buzov, sənin 

təqsirin nədir ki, gül kimi tövləni qoyub düşürsən bu sısqa çiskinin altına. 

Qəşəm kişi buzovu inəyin qıçına bağladı, Allahverdinin anası Ayna arvad da 

artırmanın altında çöküb sərnici qoydu iki dizinin arasına və başladı inəyi sağmağa. 

Allahverdi  ərinə-ərinə  aşağı düşüb salamsız-kəlamsız tövləyə  tərəf getdi, içəri 

girib göydəmir ürgəni axurdan açdı, cilovu atın başına keçirib darta-darta həyətə 

çıxartdı, darvazanın qapısını itələyib göydəmir ürgənin çılpaq belinə tullandı: cavan 

və sağlam at öz yolunu tanıyırdı və öz işini də bilirdi. 

Allahverdinin sinif yoldaşı, yəni Allahverdi ilə birlikdə  kənddəki məktəbin 

onuncu sinfində oxuyan Məlik də  həmişəki kimi əsnəyə-əsnəyə oturmuşdu kəhər 

madyanlarının belində  və  kəhər madyan da ədəb-ərkanla arxdan su içirdi, alapaça 

dayça da böyründə. Allahverdini görəndə  Məlikin birinci sözü bu oldu ki, Səftər 

müəllim xəstələnib, dərsə gəlməyəcək. 

Yuxudan kal durduğuna görə  hələ  də aynası açılmamış Allahverdi gözlərini 

qırpa-qırpa: 

– Ba? – dedi və ürəyində fikirləşdi ki, yazıq Səftər müəllim neyləsin, belə sarsaq 

havaya da revmatizm tab gətirər? – Revmatizmi qalxıb? 

Məlik əsnəməyinə ara vermədən: 

– Hə, – dedi. 

Səftər müəllim Məlikgilin həyətbir qonşusu idi, fizika müəllimi idi və bu gün də 

birinci dərs fizika dərsi idi; deməli, bu gün birinci dərs olmayacaqdı. 

Kəhər madyan sudan doyub boynunu qaldırdı,  əvvəlcə bir an müdrik-müdrik 

arxın o tayındakı heyva ağaclarına baxdı, sonra yenə başını  aşağı salıb arxın 

qırağında təzə göyərmiş payız otundan otlamağa başladı. Məlik cilovu çəkib: 

– Cəfər rayona gedir, – dedi. – Axşama kino gətirəcək. 

Allahverdi yenə də: 

– Ba? – dedi və göydəmir ürgənin arxdan su dümləməsinə tamaşa elədi. 

Cəfər, Məlikin böyük qardaşı idi, özü də kinomexanik idi, iki gündən bir, üç 

gündən bir rayondan film gətirirdi, axşamlar klubda göstərirdi. Kinomexanik Cəfər 

kənddəki cavanların arasında hörmətli adam idi, amma həmin  əcaib papaqlı 

kinooperator Bakıdan gəlib bu kəndə  çıxalı  Cəfərin hörmətinə bir az xələl 

toxunmuşdu, çünki məlum olmuşdu ki, dəvədən böyük fil var, yəni məlum olmuşdu 

ki, bir var hıqqana-hıqqana velosipedlə buradan rayona gedəsən, hıqqana-hıqqana da 

oradan bura film gətirəsən, bir də var ki, par-par parıldayan aparatı əlinə alıb tutasan 

gözünün tuşuna və başlayasan özün film çəkməyə. 

Bakıdan gələn kinooperator dörd gün idi ki, kənddə idi, özü də qalırdı 

Allahverdigildən iki ev yuxarıda olan Salman kişigildə. Dörd gün idi gəlmişdi, 

amma heç nə çəkə bilməmişdi, deyirdi ki, hava pisdir, gərək gün çıxsın. 




 

71

Həmin kinooperatorun başına qoyduğu qırmızı papaq Allahverdinin yadına 



düşdü və bayaq gördüyü yuxunu da xatırladı  və fikirləşdi ki, nə münasibətlə bu 

qırmızı  məxmər papağı başına qoyub rayondakı  dəlləkxananın qabağında 

durmalıymış? Orasını da fikirləşdi ki, axır günlər elə hey səfeh yuxular görür. 

Allahverdi qayıdıb həyətlərinə girəndə Ayna arvad buzovu açıb buraxmışdı 

Qızıl inəyin altına və buzov da anasının əmcəyini əmməkdə idi.  

Ayna arvad artırmanın altında qırmızı  kərpicdən hörülmüş kürədə ocaq çatıb 

mis qazanda süd qaynadırdı. 

Qəşəm kişi kürəklə tövlənin peyinini kürüyüb qurtarmışdı.  

Allahverdi atın belindən atılıb göydəmir ürgəni tövləyə  gətirdi, dəmir qaşovla 

tumarlamağa başladı. 

Qəşəm kişi xəlbirdən keçirtdiyi beş-altı qoşa ovuc arpanı axura tökdü və 

axurdakı samanla qarışdırdı, sonra dəmir qaşovu Allahverdidən alıb: 

– Yeri, bir-iki qucaq odun yar, – dedi. 

Allahverdi tövlədən çıxıb artırmanın altında bir tərəfə dəstəçin yığılmış odundan 

bir yekə qucaq götürdü və həyətin ortasındakı yoğun kötüyün yanına gəlib yarmağa 

başladı. O, vələs saplı baltanı başının üstündə hərləyib odunları bir-bir parçaladıqca, 

bədəninə bir istilik gəldi, canı qızışmağa başladı, yavaş-yavaş tərlədi və yavaş-yavaş 

da bu çiskinli payızın ürəkqısan əhvali-ruhiyyəsi çıxdı getdi işinin dalınca. 

Allahverdi düyünlü bir palıd kötüyünə möhkəm balta ilişdirib buğlana-buğlana 

dedi: 


– Səftər müəllim xəstələnib yenə, birinci dərsimiz olmayacaq. 

Artırmanın pilləkənində oturub acqarına papiros çəkə-çəkə Qızıl inəyin altındakı 

buzova tamaşa edən Qəşəm kişi soruşdu: 

– Yenə ayağının yelidi? 

– Hə. – Allahverdi palıd parçasını  tən iki yerə böldü və fikirləşdi ki, belədir 

kənd həyatı, hamı bir-birini tanıyır və hamı da bilir ki, kim hansı dərdə mübtəladır.  

Burası doğru idi ki, Allahverdi şəhər həyatı görməmişdi, yəni, dədəsi Bakıya 

gedəndə hər dəfə iki-üç gündən artıq qalmamışdı dayısıgildə, amma orası da doğru 

idi ki, Allahverdi kənd həyatı barədə  fəlsəfəyə qapılırdı, çünki Allahverdi hiss 

eləyirdi  şəhər həyatını; yəni özünü gətirirdi gözlərinin qabağına və gözlərinin 

qabağında da günlərlə yaşayırdı  şəhərdə: səhər-səhər qəhvəxanaya girib sosiska 

yeyirdi, günorta stadiona gedib futbola baxırdı, axşamçağı bulvarda gəzməyə çıxırdı 

və başlayırdı heç vaxt görmədiyi adamların arasında gəzişməyə. Bundan gözəl şey 

var ki, hər gün təzə adamlar görəsən? Yəni bundan gözəl  şey var ki, hər gün 

yuxudan durasan və bütün gün ərzində küçələrdə, mağazalarda, bağda-bağatda 

indiyəcən görmədiyin adamlar görəsən? 

Qabaqlar – üç-dörd il bundan əvvəl, Bakıdan gələn asfalt yol Allahverdigilin 

kəndlərinin böyründən ötüb gedirdi. Allahverdigil də – kəndin bütün uşaqları – 

həmişə yığışırdılar yolun qırağına və saatlarla oturub Bakıdan gələn, Bakıya gedən 

maşınlara tamaşa edirdilər. 

Bir də görürdün bir maşın dayandı onların yanında və sürücü başını çölə çıxarıb 

nə isə soruşurdu onlardan – bu yol filan yerə gedir? Bu kəndin adı nədir? Filan yerə 

neçə kilometr qalıb?.. – onlar da canfəşanlıqla, bir-birinin sözünü kəsə-kəsə cavab 

verirdilər, başa salırdılar. Ya da bir şey lazım olurdu, məsələn, maşına tökməyə su 

lazım olurdu, sürücü su istəyirdi, uşaqlar da hamısı su dalınca qaçırdı, hamısı 

istəyirdi ki, köhnə kameralardan kəsib düzəltdiyi rezin vedrəsini birinci gətirsin və 

onun gətirdiyi suyu maşına töksünlər; hamı – təkcə Allahverdidən başqa. 



 

72

Allahverdi heç hara qaçmırdı, elə-beləcə dayanırdı yolun qırağında və başlayırdı 



maşının içindəki adamlara tamaşa eləməyə, sonra da gecələr yuxu görürdü, cürbəcür 

yuxular: özü gedərdi maşında, özü termosdan çay töküb içərdi, özü geyərdi şəhərli 

uşaqların geydiyi rəngbərəng paltarları. 

Üç-dörd il bundan əvvəl təzə yol çəkdilər və bu təzə yol daha Allahverdigilin 

kəndlərinin böyründən deyil, birbaş rayon mərkəzindən keçirdi. Uşaqlar daha bu 

yolun qırağına yığışmırdı, çünki daha bu yoldan maşın gəlib-getmirdi, gələndə  də 

rayondan kəndə gəlirdi, kənddən rayona qayıdırdı. 

Allahverdi odunu gətirib kürənin yanında dəstəçin elədi və  Qəşəm kişi də 

əlindəki papirosun kötüyünü ocağa atıb dedi: 

– Apar heyvanı qat naxıra. 

Qəşəm kişi həmişə buyruq verirdi, guya ki, Allahverdi öz işini bilmir – gündəlik 

işlər idi və bu günlər də Allahverdi üçün bir-birinin güzgüdəki əksi idi. 

Ayna arvad buzovu Qızıl inəyin altından dartıb çıxartdı ki, kəndin buzovlarına 

qatsın. Allahverdi də Qızıl inəyi darvazadan adladıb üzüaşağı gedən kəndarası araba 

yoluna düşdü və yenə  də bayaqkı yuxusunu xatırladı  və  təzədən fikirləşdi ki, nə 

münasibətlə  şəhərdən gəlmiş  həmin kinooperatorun əcaib papağını başına qoyub 

rayondakı dəlləkxananın qabağında durmalıymış? 

Allahverdi bir şey barədə fikirləşəndə, yarımçıq qoymazdı, axırına çatmasaydı, 

olmazdı. 

Indi də naxıra qatmaq üçün o həyətdən, bu həyətdən heyvan çıxarıb bir-biriləri 

ilə salamlaşan, bir-birilərinə atmaca atan kəndlilərinə məhəl qoymadan xeyli götür-

qoy eləyəndən sonra axırda bu qərara gəldi: ona görə yuxuda həmin əcaib qırmızı 

məxmər papağı başına qoyub rayondakı  dəlləkxananın qabağında durmuşdu ki, 

başqaları kimi həmin papağa lağla baxmırdı, ürəyinin dərinliyində lap həsədlə 

baxırdı həmin papağa. 

Allahverdi bu qərara gəlib çıxdı və nədənsə, bu fikir onu birdən-birə kefsizlətdi, 

bayaq başının üstünə qaldırıb-endirdiyi baltanın gətirdiyi hərarət canından çıxıb 

getdi və o, yenə də üşüməyə başladı və yenə də ürəyində bu çiskinli payızı söydü. 

Arxadan onu səslədilər: 

 – Ə, Allahverdi! 

Allahverdi geri qanrıldı və camışını qabağına qatıb ona tərəf addımlayan Salman 

kişiyə baxdı: 

 – Nədi? 

 – Şükürün qızı sənnən oxuyur? 

Allahverdi elə bil bir balaca diksinən kimi oldu, sonra da dedi: 

 – Hə. 


Salman kişi demisindən dərin bir qullab vurub: 

 – Onu kinoya çəkəcəklər, – dedi. 

 Allahverdi qulaqlarına inanmadı: 

 – Nə? 


 – Kinoya çəkəcəklər onu. Nadir çəkəcək. Deyir ki, yaman kinoya düşən qızdır. 

Nadir həmin əcaib papaqlı kinooperator idi. Salman kişinin Bakıda yaşayan oğlu 

ilə dostluq edirdi və buna görə də düşmüşdü Salman kişigilə. Salman kişi qonağının 

adını qürurla çəkirdi və ona əməlli-başlı hörmət edirdi, hərçənd özü də ürəyində 

həmin qırmızı papaqdan pərt idi bir balaca. Allahverdi bilirdi ki, Salman kişi onun 

tayı-tuşu deyil və zarafat etmir, amma, həqiqətən, çox gözlənilməz xəbər idi. 

 – Necə yəni kinoya çəkəcək? 



 

73

 –  Şükürün qızı  səhəngi çiyninə alıb bulaqdan su gətirəcək, Nadir də onu 



çəkəcək kinoya. – Sonra Salman kişi yenə demisindən dərin bir qullab vurub təkrar 

etdi. – Deyir ki, yaman kinoya düşən qızdır. – Sonra da Salman kişi başını bulaya-

bulaya xırda gözlərini qıyıb gülümsədi. 

Allahverdi bu gülümsəməyin səbəbini lap yaxşıca başa düşdü, yəni ki, qəribə 

adamdırlar bu şəhərlilər, bu boyda kənddə  qız tapmadılar, gedib Şükürün caydaq 

qızını kinoya çəkirlər. 

Salman kişi «Şükürün qızı» dediyi qızın adı Sədəf idi və Sədəf birinci sinifdən 

ta indiyə kimi Allahverdi ilə bir sinifdə oxuyurdu. Əvvəlcə – uşaqlıqda, qonşu 

kənddəki məktəbə gedib-gəlirdilər, sonralar öz kəndlərində məktəb tikdilər və indi 

də həmin bu məktəbdə oxuyurdular. 

Sədəf nə  əlaçıydı, nə  də gözəl idi, hətta təhər-töhürsüz idi bir balaca və 

Allahverdi birdən-birə  eşitdiyi bu xəbərə heç cürə inana bilmirdi; Salman kişiyə 

dübarə sual verməkdən özünü güclə saxladı. 

Məsələ burasındaydı ki, Sədəf Allahverdinin dərdindən hayıl-mayıl idi, yəni 

vurulmuşdu Allahverdiyə, amma bunu heç kim bilmirdi, bunu, ancaq Allahverdi özü 

bilirdi, çünki bu yay günlərin bir günündə Sədəf ona məktub vermişdi və Allahverdi 

də bu məktubu oxuyandan sonra heç kimə heç nə deməmişdi. 

Allahverdi Qızıl inəyin dalınca gedə-gedə bu təzə  xəbər barədə fikirləşirdi və 

daha üşümürdü; fikirləşirdi və onu açıq-aşkar heyrət bürüyürdü, həm də  nədənsə, 

sıxılırdı, səbəbini özü də bilmirdi. 

Salman kişinin bayaqkı sözləri onun qulaqlarından getmirdi: «– Deyir yaman 

kinoya düşən qızdır». Daha doğrusu, Allahverdi bu saat bu sözləri elə bil 

kinooperatorun öz dilindən eşidirdi: «Çox fotogenik qızdır». Bu sayaq eşidirdi, 

çünki kənddə qaldığı dörd gün ərzində «fotogenik» sözü kinooperatorun ağzından 

düşmürdü və Allahverdi də gedib lüğətə baxıb bu sözün mənasını öyrənmişdi. 

Deməli, «fotogenik qızı» axır ki, tapıb kinooperator. 

Hələ üstəlik, elə bil, həmin kinooperator Allahverdinin qulaqlarına deyirdi də: 

«– Şəhərdə yaşasaydı, kinoya çəkilməli birinci qız olardı Sədəf». 

Və Allahverdi, gəlib gözlərinin qabağında dayanmış  Sədəfin qarayanız 

sirsifətinə, arıq bədəninə, hacıleylək qıçı kimi uzun qıçlarına baxa-baxa bir mətləb 

qana bilmirdi. 

Allahverdi qayıdıb evə  gələndə  Qəşəm kişi hinin ağzını açıb toyuq-cücəni, 

hinduşkaları  həyətə buraxmışdı, indi də zirzəmidən çıxardığı maşın yağı ilə 

ayaqyolunun qapısını yağlayırdı ki, açılıb-örtüləndə cırıldamasın. 

Ayna arvad artırmanın altında samovara od salmışdı. 

Allahverdi yuxarı qalxıb bir az islanmış saçlarını quruladı, amma əslində təkcə 

saçlarını qurulamırdı, bütün başını silkələyirdi. 

Məsələ burasında idi ki, Allahverdi bütün həyatında ilk dəfə heç nə barədə 

fikirləşmək istəmirdi, istəyirdi ki, bütün fikirlər başından olsun. 

Allahverdi məhrəbanı  əlüzyuyanın yanındakı mismardan asıb artırmadan aşağı 

boylandı və samovarın yanında dayanmış anasına acıqlı-acıqlı dedi: 

– O dudkeşi götür qoy ağzına də, gözümüz çıxdı ki!.. 

Qəşəm kişi tərs-tərs oğluna baxdı və Allahverdi daha heç nə deməyib otağa girdi 

və  dəftər-kitabını  yığdığı dolabın yanına gəldi, yadına düşdü ki, Səftər müəllim 

xəstələnib, yenə bu gün birinci dərs olmayacaq, tələsmək lazım deyil həmişəki kimi; 

bir neçə an elə-beləcə dinməz-söyləməz dayandı, sonra dolabın aşağı gözünü çəkib 

lap dibdə, kağız-kuğuzların altında gizlətdiyi məktubu götürdü. 



 

74

Yenə bir neçə an elə-belə dinməz-söyləməz dayanıb  əlində tutduğu dördkünc 



bükülmüş dama-dama dəftər kağızına baxdı, sonra kağızı açıb Sədəfin məktubunu 

bir də oxudu ürəyində: 

 

«Şanlı məktub! 



Allahverdi, bu məktubu sənə yazıram. Allahverdi, ömrümdə heç kimə  məktub 

yazmamışam, bu, birinci məktubumdur. Allahverdi, bu məktubu oxuyandan sonra, 

heç kimə heç nə demə, bu məktubu da cır, yandır, qoy külə dönsün. Onsuz da, mən 

yanıb külə dönürəm, Allahverdi. Hara baxıramsa, səni görürəm. Yuxuda da həmişə 

səni görürəm. Fikrim özümdə olmur, Allahverdi, birdən elə bilərsən mən bütün 

oğlanlara məktub yazıram. Yox, Allahverdi, təkcə sənə, təkcə sənə. Qismət olsa, bir 

yerdə söhbət eləsək, hamısını  sənə danışaram. Yenə gözlərim dolub, Allahverdi. 

Mənə cavab yaz. 

 

Mən ki, səni görəndən bəri, 



Açdı ürəyimin incə telləri. 

Sənsiz ayrı gəzmərəm, ey gözəl Allahverdi. 

Unutma dediyim bu sözlərimi. 

 

Mənə gülmə, Allahverdi. Heç kimə  də heç nə demə ki, mənə gülsünlər. Bu 



məktubu da yandır. 

Sədəf». 


 

Məktubdakı yazının üstünə bir damcı da düşmüşdü – bir gilə göz yaşı – və göy 

mürəkkəblə yazılmış beş-altı hərf bulaşmışdı, amma oxunurdu – təkcə izi qalmışdı 

göz yaşının. Əvvəlcə Allahverdi elə fikirləşmişdi ki, Sədəf özü bilərəkdən salıb, lap 

adicə su damcısıdır bu, amma günlər keçdikcə və Allahverdi də bu məktubu çoxlu-

çoxlu oxuduqca, inanmışdı ki, doğrudan da, göz yaşıdır bu. 

Sədəf bu məktubu ona verənə  qədər buradakı mətləb Allahverdinin heç ağlına 

gəlməzdi. Doğrudur, hərdən Sədəf ona elə baxırdı ki, başqaları bu cür baxmırdı heç 

vaxt. O da doğrudur ki, Sədəf qəflətən onu görəndə  qızarırdı, elə bil lap özünü 

itirirdi, amma Allahverdi heç cürə fikirləşməzdi ki, hal-qəziyyə bu yerdədir. 

Allahverdi bu məktubu birinci dəfə oxuyandan sonra, heç kimə heç nə demədi 

və indiyəcən də heç kimə heç nə deməyib, amma Allahverdi cavab da yazmadı 

Sədəfə  və bu məktubu da yandırmadı, bir-iki gün cibində  gəzdirdi, bilmədi ki, nə 

eləsin, sonra gətirib dolabın aşağı gözündə, lap dibdə, kağız-kuğuzların altında 

gizlətdi. 

Məktubu oxuyandan sonra Allahverdi Sədəfə bir kəlmə  də söz demədi, səhəri 

gün onu görəndə özünü elə tutdu, guya ki, heç nə olmayıb. Sədəf də bir az pörtdü-

qızardı, amma heç nə soruşmadı. O gündən sonra Allahverdi ilə Sədəf demək olar 

ki, danışmırdılar, təkcə  hərdənbir, o da dərs zamanı – bir-birilərinə bir söz 

deyəydilər, ya yox – vəssalam. 

Bu məktubu birinci dəfə oxuyanda Allahverdi bir az çaşbaş qalmışdı, amma 

sonra yavaş-yavaş acığı tutmağa başladı və ürəyində Sədəfi səfeh bildi. 




 

75

Allahverdi bir müddət beləcə acıqlı oldu, amma günlərin bir günündə gecə 



yerinə girmişdi Allahverdi, yatmaq istəyirdi, amma yata bilmirdi və necə oldusa 

ayağa qalxıb dərhal dolabın gözünü açdı, Sədəfin məktubunu kağız-kuğuzun 

altından çıxarıb təzədən yerinə girdi, heç kim xəbər tutmasın deyə, işığı yandırmadı, 

elə  əl fənərinin işığında bir də oxudu həmin məktubu. Bu dəfə acığı tutmadı 

Allahverdinin, əksinə, məktub yavaş-yavaş ona ləzzət eləməyə başlamışdı, həm də 

ürəyində bir narahatlıq  əmələ  gəlmişdi, bir nigarançılıq vardı ürəyində, amma bu 

narahatlıq da, bu nigarançılıq da onu sıxıb-əzmirdi. Bu narahatlıq, bu nigarançılıq 

bir kövrəklik gətirmişdi o gecə. Bu məktubu beləcə gizlin-gizlin oxumaq onun 

ürəyini isindirirdi o gecə. O gecə bir ilıqlıq vardı ürəyində. 

Sonralar hərdənbir Allahverdi bu məktubu dolabın aşağı gözündən çıxarıb 

təzədən oxuyurdu və  hər dəfə oxuduqca da özünü yaman naqolay hiss eləyirdi, 

amma ona görə yox ki, Sədəfə  məhəl qoymadığı halda, onun məktubundan gizli 

həzz alırdı, açıq-aşkar gülməli misralar onun ürəyinə yayılırdı. 

Ayna arvad artırmadan Allahverdini səslədi ki, gəlib çörəyini yesin və 

Allahverdi də tələm-tələsik Sədəfin məktubunu yenə dolabın aşağı gözündə gizlədib 

otaqdan çıxdı. 

Daha çisəkləmirdi, amma hava da açılmamışdı  və Allahverdi elə bil yenə  də 

Bakıdan gələn kinooperatorun şikayətini eşidirdi: « – Belə də iş olar, dörd gündür 

gün çıxmır ki, syomkamı çəkim qurtarsın...» 

Gün çıxacaqdı  və o, par-par parıldayan aparatını gözünə tutub Sədəfi lentə 

çəkəcəkdi və bütün dünya tamaşa edəcəkdi Sədəfin bulaqdan su gətirməsinə və heç 

kim də bilməyəcəkdi ki, bu qız Allahverdinin dərdindən hayıl-mayıldı. 

Allahverdi kinooperatorun sözlərini bir də eşitdi: «Çox fotogenik qızdır». Sonra 

Allahverdi hiss etdi ki, həm bir balaca pərt olub, həm də bir balaca qürur var 

ürəyində. 

Məlum oldu ki, məktəbdə hamı  Sədəfin kinoya çəkiləcəyindən xəbərdardır. 

Uşaqlar sinif otağında oturub elə hey təzə  xəbərdən danışırdılar və bu təzə  xəbər 

həmişəki sinif otağına da bir təzəlik gətirmişdi. Təkcə Allahverdi dinib-danışmırdı. 

Bir azdan Sədəf gəlib çıxdı  və  uşaqlar onu görəndə bir anlıq lap özlərini 

itirdilər: Sədəf özünə bir sığal vermişdi, bir geyinib-kecinmişdi ki, gəl görəsən, həm 

də uçmağa qanadı yox idi, yerə-göyə  sığmırdı. Sonra uşaqlar hay-küylə düşdülər 

Sədəfin canına və başladılar onu sorğu-suala tutmağa. Sədəf də bülbül kimi ötə-ötə 

dedi ki, dünən həmin kinooperator gəlib onlara və xeyli söz-söhbətdən sonra 

dədəsinin razılığını alıb ki, Sədəfi kinoya çəksin. 

Sədəf uşaqlarla danışdıqca, hərdənbir partanın arxasında oturub guya ki, heç 

nəyi vecinə almayan Allahverdiyə baxırdı, özü də elə baxırdı ki, elə bil məktubda 

yazdığı sözləri təzədən təkrar edirdi gözləri ilə, amma daha o cür əzvaycasına yox, 

bir az qürurla. 

Ikinci dərs triqonometriya dərsi idi və zəng vurulan kimi də Gülsüm müəllimə 

girdi içəri. 

Sinifdəki uşaqların hamısından iki qarış hündür olan Allahverdi birinci sırada 

lap axırıncı partada otururdu. Sədəf ikinci sırada, ortada otururdu.  

Gülsüm müəllimə  dərs keçirdi, amma Allahverdi heç nə  eşitmirdi və heç nə 

fikirləşmirdi. Sonra Allahverdi başa düşdü ki, səhərdən bəri Sədəfə baxır. 




 

76

Sədəfin qara gözləri var idi, qara saçları var idi, yoğun da hörükləri və 



Allahverdi heç vaxt Sədəfi belə görməmişdi. Sədəfin gözləri də  həmin gözlər idi, 

hörükləri də  həmin hörüklər idi, amma Allahverdi bu gözləri də birinci dəfə idi 

görürdü, bu hörükləri də. Sədəf arıq olmağına arıq idi, amma sinəsi yaman dolu idi. 

Sədəfin sifəti qarayanız idi və Allahverdi indi gözlərini bu qarayanız sifətdən çəkə 

bilmirdi, özünə acığı tuturdu, istəmirdi bu sifətə baxsın, amma bir şey çıxmırdı, elə-

beləcə baxırdı. 

Uşaqlıqda bir yerdə oynamaları, dalaşmaları, bir yerdə məktəbə getmələri, neçə 

illər bir yerdə oxumaları Allahverdinin yadına düşürdü və Allahverdi indi heç cürə 

inana bilmirdi ki, gözlərinin qabağındakı bu qız həmin Sədəfdir, yəni ona elə gəlirdi 

ki, istədiyi vaxt istədiyi sözü deyə bildiyi, istədiyi buyruğa buyurduğu o qız uzaqda 

qalıb, indi həmin qız yoxdur, bu qız isə tamam başqa qızdır. 

Sonra Allahverdinin başından bir fikir keçdi ki, bu fikir onun bütün bədənini 

titrətdi, lap birtəhər elədi onu: birdən-birə ona elə gəldi ki, evlərindəki dolabın aşağı 

gözündəki həmin məktubu Sədəf yazmayıb, bu məktubu ona Sədəf verməyib, bu 

məktubu çəkinə-çəkinə ona uzadan həmin qız Sədəf deyil, tamam başqa bir adam 

idi. Yəni bu saat Allahverdi inana bilmirdi ki, həmin məktubdakı bir gilə göz yaşı 

ondan ötrü düşüb göy mürəkkəblə yazılmış hərflərin üstünə. 

Bu fikir Allahverdinin bütün bədənini gizildətdi və o, gözlərini Sədəfdən çəkib 

Gülsüm müəllimənin başa saldığı teoremə qulaq asmaq istədi, amma yenə bir şey 

çıxmadı və elə-beləcə Sədəfə baxdı və yalnız indi başa düşdü ki, Sədəf də ona baxır 

və ancaq bundan sonra gözlərini qızın qarayanız sifətindən çəkib düsturlarla dolmuş 

qara lövhəyə dikdi. 

Allahverdi Gülsüm müəllimənin lövhədə yazdığı düsturlara tamaşa edirdi, 

dediyi sözlərə qulaq asırdı və bütün varlığı ilə Sədəfin nəzərlərini öz üzərində hiss 

edirdi. Axırda tab gətirməyib Sədəfə baxdı  və bu dəfə  Sədəf gözlərini yayındırıb 

lövhəyə baxdı. 

Allahverdi hiss elədi ki, sifəti od tutub yanır. 

Tənəffüs oldu və tənəffüsdə yenə hamı Sədəfin başına toplaşdı. Sədəf də yenə 

bülbül kimi dil-dil ötdü. Bütün ömrü boyu heç vaxt Sədəfə bu qədər göz 

dikilməmişdi, heç kim bu qədər səbrsizliklə onun ağzından çıxan sözü 

gözləməmişdi, heç vaxt ona dikilmiş gözlərdə bu cür vəcd olmamışdı. Sədəf lap 

başını itirmişdi sevincdən, çünki Sədəf heç vaxt ömründə bu qədər sevincək 

olmamışdı. 

Dərslər beləcə ötdü bir-bir, tənəffüslər də beləcə. Yenə çiskin başladı, sonra 

yenə də kəsdi, sonra yenə başladı və bütün günü Allahverdinin halı özündə olmadı. 

Məktəbdən qayıdandan sonra bütün günü Allahverdi otaqdan eşiyə çıxmadı. 

Qəşəm kişinin rayon mərkəzində işi vardı, göydəmir ürgəni minib getmişdi. 

Ayna arvad bardaş qurub tabaqçada kəllə qənd doğrayırdı. 

Allahverdi isə içəridə, pəncərənin qabağında oturub boz payıza baxırdı. Yamac 

başdan-başa heyvalıq idi və  hər heyva ağacında da bir dəstə  sığırçın. Sığırçınların 

civildəşməsi bu boz payızın müşayiəti idi və bir qəmginlik gətirirdi. 

Yamacın ayağında görünən ev Salman kişinin evi idi və birdən-birə 

Allahverdinin Salman kişiyə acığı tutdu ki, niyə bu gün səhər elə gülümsəyib əllərini 

yellədi. 




 

77

Allahverdi nə kitab oxuya bilirdi, nə dərs hazırlaya bilirdi, nə də kəndə çıxmağa 



həvəsi vardı. Elə bil öz-özünə  qıraqdan tamaşa edirdi və ona elə  gəlirdi ki, daha 

əvvəlki Allahverdi deyil. Niyə ona belə  gəlirdi, niyə bu cür fikirləşirdi? – baş aça 

bilmirdi. Burası məlum idi ki, onun adı yenə də Allahverdi idi və bu baş da, bu əllər 

də, bu ayaqlar da onun idi, intəhası, məlum deyildi ki, niyə bu adıyla, başıyla, əlləri-

ayaqlarıyla bərabər daha əvvəlki Allahverdi deyil. 

O, gözlərini boz payızdan çəkib taxta kətilin üstündən ayağa qalxdı, balaca 

dolaba yaxınlaşıb aşağı gözü çəkdi və  Sədəfin məktubunu kağız-kuğuzun altından 

götürdü, amma məktubu təzədən açıb oxumadı, çünki birdən-birə  kəşf elədi ki, 

burada yazılanların hamısını  əzbər bilir. Özündən asılı olmayaraq Sədəfin 

cümlələrini bir-bir ürəyində təkrar eləməyə başladı.  

Allahverdinin heç ağlına da gəlməzdi ki, bu məktubu bu cür əzbərləyib. 

Gecə yorğan-döşəyinə girəndə Allahverdiyə elə  gəldi ki, səhərə kimi yata 

bilməyəcək, amma yatdı Allahverdi, yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu 

gördü: 


Dan yeri sökülürdü. 

O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi – gümüşü, 

narıncı, məxməri... 

Rənglər par-par parıldayırdı. 

Hər tərəfə şüa saçırdı rənglər. 

Allahverdi bu rənglərin içində idi. 

Bu rənglər Allahverdinin bütün bədənindən axıb keçirdi. 

Allahverdi bilirdi ki, bu yuxudur və onu da bilirdi ki, bu Sədəfin yuxusudur. 

Sədəf özü yox idi, amma Allahverdi bilirdi ki, bütün bu rənglər Sədəfdən 

ötrüdür və əslində bütün bu rənglər Sədəfin özüdür. 

Amma yenə Qəşəm kişinin səsi gəldi: 

– Ə, Allahverdi, gün günortanı keçdi, dursana! 

Allahverdi yuxuda da olsa, bilirdi ki, indilərdə bu səsi eşidəcək və qorxurdu, 

qorxurdu ki, bu rənglər yox olub gedəcək – gümüşü, narıncı, məxməri... 

 – Ə, Allahverdi! 

Allahverdi gölərini açdı  və elə bil bir anlıq həmin rənglər bu otağa da doldu, 

sonra yavaş-yavaş bu otağın divarlarına, döşəməsinə, tavanına hopdu; bir anlıq 

Allahverdiyə elə gəldi ki, bu səhər bahar bayramına açılır, bahar bayramıdır bu gün. 

 – Ə, noldun? 

 – Dururam!.. 

Allahverdi həyətə düşəndə Ayna arvad Qızıl inəyi sağırdı. Qızıl inək yenə  də 

artırmanın altında dayanmışdı, çünki yenə  də çisəkləyirdi. Buzov da elə hey 

dartınırdı ki, anasını əmsin, başını elə hey vururdu anasının döşünün altına.  

Çisəkləyirdi, amma bu çisək Allahverdinin ürəyini heç sıxıb-eləmirdi, üşümürdü 

də Allahverdi və o, gəlib göydəmir ürgəni tövlədən çıxardanda Qəşəm kişi təəccüblə 

oğluna baxdı – həmişə gözləri yumula-yumula, deyinə-deyinə göydəmir ürgəni 

sulamağa aparan Allahverdinin kefi indi açıq-aşkar kök idi. 

Məlikin kəhər madyanı yenə  də arxın qırağında idi, alapaça dayçası da 

böyründə. Allahverdini görən kimi Məlikin əsnəyə-əsnəyə verdiyi sual bu oldu: 

– Dünən niyə kinoya gəlməmişdin? 




 

78

Ancaq indi Allahverdinin yadına düşdü ki, Cəfər dünən axşam kino 



göstərəcəkdi və o, kənddə yaşadığı bütün müddət  ərzində ilk dəfə bunu yadından 

çıxarıb, kluba getməyib. Allahverdi nə  təəssüfləndi, nə  də heyfsiləndi, çünki hər 

tərəfi basmış bu boz payızdan o tərəfdə Allahverdinin öz aləmi vardı daha və bu 

aləm rəngli idi, cürbəcür rənglər – gümüşü, narıncı, məxməri... 

Allahverdi göydəmir ürgəni çapıb həyətlərinə qayıdanda Qəşəm kişi yenə 

təəccüblə oğluna baxdı və bu dəfə lap dəqiq qət etdi ki, Allahverdinin bu həyətdən, 

bu evdən, bu təsərrüfatdan kənardakı  həyatında  əməlli-başlı bir hadisə baş verib; 

Qəşəm kişi bunu da hiss elədi ki, həmin hadisə cavanlıqla bağlıdır. Sonra oğlunun 

balaqları topuğundan yuxarıda qalmış  şalvarına diqqət eləyib fikirləşdi ki, 

Allahverdiyə təzə şalvar almaq lazımdır – gədə yaman uzanıb. 

Əlbəttə, Allahverdi dədəsinin fikirlərindən xəbərsiz idi və  şəstlə  gəlib Qızıl 

inəyi qabağına qatdı, naxıra qoşmaq üçün təzədən həyətdən çıxdı. 

Allahverdi üzüaşağı düşən kəndarası araba yolu ilə addımlayırdı  və birdən 

fışqırıqla bir oyun havası çalmağa başladı və birdən-birə də başa düşdü ki, səhərdən 

bəri – yerindən qalxandan indiyə qədər – həmin havanı ürəyində çalır; həm də başa 

düşdü ki, bu hava onun gördüyü yuxunun, həmin rəngli yuxunun davamıdır. 

Arxada öskürdülər və Allahverdi başını döndərib gördü ki, Salman kişidir, 

demisini tüstülədə-tüstülədə camışını gətirir. 

Salman kişi, elə bil, Allahverdinin ona baxmağına bənd imiş, başladı havanın 

qarasına deyinməyə: 

–  Ə, belə  də hava olar?! – Sonra Salman kişi bir-iki yağlı söz dedi havanın 

qarasına, sonra da dedi: – Nadir də çıxdı getdi. 

Allahverdi ayaq saxladı və açıq-aşkar hiss etdi ki, nəfəsi qaralır. Sonra cavabını 

özü lap yaxşıca bildiyi bir sual verdi: 

– Bəs, kino çəkməyəcək? 

– Nə kino, ə? Bu havada da kino çəkərlər? – Salman kişi bilən adamlar kimi 

əlini yellədi və yenə havanın qarasına bir-iki yağlı söz deyib əlavə etdi: 

– Enib aranda çəkəcək. Deyir, il on iki ay bu dağın kəlləsində oturub gözləyə 

bilmərəm ki, görüm nə vaxt gün çıxacaq... Düz deyir də... 

Allahverdi özünü güclə saxladı ki, soruşsun «Bəs, Sədəf?» 

Allahverdi heç nə soruşmadı, çünki hər şey məlum idi: bu payız ot da olacaqdı, 

yaxşı çörək də olacaqdı, amma Sədəf daha səhəngi çiyninə alıb bulaq başında 

kinoya çəkilməyəcəkdi. 

Allahverdi Sədəfi gördü, Sədəfin tutulmuş sifətini gördü, dünənki sevincdən 

sonra Sədəfin pərtliyini gördü və  Sədəfin bu pərtliyi onun da bütün içindən keçib 

cızdağını  çıxartdı  və özünü güclə saxladı ki, geri dönüb düz elə Salman kişinin 

üzünəcə bihörmətlik eləməsin, qonağının abrını ətəyinə bükməsin. 

Allahverdi başa düşdü ki, Sədəfə nə isə demək lazımdır, Sədəfin könlünü almaq 

lazımdır və bunu elə Allahverdinin özü eləməlidir, amma orasını da başa düşdü ki, 

bu çox çətin olacaq. Çətin olacaq ona görə ki, Allahverdi əməlli-başlı utanırdı 

Sədəfdən.  

Allahverdi fikirləşdi ki, bəlkə məktub yazsın Sədəfə və ürəyindəki bütün sözləri 

köçürtsün bu məktuba, yəni bu məktub da rəngli olsun – gümüşü, narıncı, 

məxməri... Amma hiss elədi ki, cürəti çatmayacaq bu məktubu Sədəfə verməyə. 

Sonra fikirləşdi ki, məktubu Bakıdan yazar Sədəfə, Bakıya gedib instituta 

girəndən sonra, amma başa düşdü ki, Bakıya getməyi də çox çətin olacaq, çox ağır 

olacaq, çünki ürəyi qalacaq burada, Sədəfin yanında.   



 

79

 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin