Şəhid Leytenant Quliyev Həsən Quliyev Həsən İbrahim oğlu 30 sentyabr 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qarahəsənli kəndində anadan olub. O, 2003-cü ildə Milli Qəhrəman Kərim Kərimov adına Qarahəsənli kənd tam orta məktəbinin I sinfinə daxil olub. 15 sentyabr 2003-cü ildə Milli Qəhrəman Kərim Kərimov adına Qarahəsənli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. Qarşısına hərbiçi həyatı yaşamağı məqsəd qoyan Həsən, təhsilini davam etdirmək üçün 15 sentyabr 2012-ci ildə Heydər Əliyev adına Hərbi liseyə daxil olub. Liseydə təhsil aldığı müddətdə bütün müəllimlərinin rəğbətini qazanır. Liseydəki təhsilini yaxşı qiymətlərlə bitirərək 2015-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 30 iyun 2019-cu ildə xidmətini davam etdirmək üçün Goranboy rayonun N saylı hərbi hissəsində leytenant rütbəsi ilə xidmətə başlamışdır. 2020-ci il iyul döyüşləri zamanı Polad Həşimov şəhid olması Həsəni çox məyus edir və könüllü olaraq arxa cəbhədən ön cəbhəyə yollanır. Vətəni öz canından çox sevən Həsən, “Vətən üçün ölməkdən daha şərəfli, dadlı ölüm varmı”, “Vətən, uğrunda ölən varsa Vətəndir”, “Vətən dardadır, biz onu qorumasaq, kim qoruyacaq?” deyərək 27 sentyabrda başlayan 2-ci Vətən Müharibəsində qəhrəmancasına döyüşüb və düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. 30 sentyabr 2020-ci ildə Talış-Madagiz uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə ucalmışdır.
Bir zamanlar gəlişi ilə ailəsinə sevinc gətirən Həsən doğulduğu gündə əbədi gedişi ilə hər kəsi hüznə qərq edib. 1 oktyabr 2020-ci ildə İllər öncə dünyaya göz açdığı Qarahəsənli kəndində torpağa tapşırılıb.
Leytenant Quliyev Həsən İbrahim oğlu Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Suqovuşanın azad olunmasına görə“ medalı, “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.