- 15 -
vəzifəsi istehsalçıların üzərinə düşür. Sənaye mü-
əssisələrinin tərkibində bu məqsədlərə xidmət edən
layihə-konstruktor büroları və hətta xüsusi “elm”
bölmələri fəaliyyət göstərir ki, bunlar da bir qayda
olaraq “sahə elmləri” adı altında əhatə olunur.
Tətbiqi elmlər sahəsində fəaliyyət bilavasitə
konkret müqavilələr, sifarişlər əsasında aparılmasa
da, onların hansı istehsal sahəsində, hansı təsərrüfat
forması üçün istifadə olunacağı irəlicədən məlum-
dur. Bu baxımdan, tətbiqi elmlərin yerli iqtisadiy-
yatın istiqamətlərinə və tələblərinə uyğun yönəldil-
məsi prinsipcə mümkündür. Dünyanın bütün öl-
kələrində tətbiqi elmlərin əsas hərəkətverici qüvvəsi
yerli iqtisadiyyatın ehtiyaclarıdır. Heç bir ölkədə
bütün tətbiqi elm sahələrində fəaliyyət göstərilmir
və bu mümkün də deyil. Əlbəttə, dünya hökmranlığı
iddiasında olan super ölkələr öz məhsulları üçün bü-
tün dünya bazarlarını açıq saxlayırlar. Amma bunun
üçün təkcə elmi-texnoloji rəqabət və iqtisadi me-
xanizmlər kifayət deyil; bu məqsəd üçün siyasi və
hətta hərbi-siyasi vasitələr də işə salınır.
Azərbaycanda da tətbiqi elm həmişə sənaye
ilə, kənd təsərrüfatı ilə, mədəniyyətin müxtəlif sahə-
ləri ilə qarşılıqlı əlaqə şəraitində inkişaf etmişdir.
İkinci dünya müharibəsində yüksək oktanlı benzinə
böyük ehtiyac yarandığı bir vaxtda məhz neft şəhəri
Bakıda professor Yusif Məmmədəliyev bu sahədə
bir sıra yeni kəşflərin və ixtiraların müəllifi oldu.