Şübhəsiz ki, günahlara yol açan səbəbləri bilmək, qəlbi günahlara qarşı müalicə etməyə və onları tərk etməyə kömək olur. Xəstəliyin müalicəsi də ona yol açan səbəbləri aradan qaldırmaqla olur. Burada günaha yol açan səbəbləri, hamısını olmasa da Allahın nəsib etdiyi qədərini açıqlamağa çalışacağıq. Allahdan mənə və bu kitabı oxuyanlara günahları tərk etməkdə kömək olmasını diləyirik. 1. İmanın zəifliyi və təqvanın yoxluğu – İmanı gücləndirmək, qəlbi təqva və Allah qorxusuyla diriltmək. İman və Təqva gücləndikcə Allah qorxusu da artar. Allah qorxusu günahları tərk etmək üçün ən mühüm müalicə yoludur. İbn Həcər Heytəmi – rahmətullahi aleyhi – deyir ki: «Bil ki, insanı günahlardan uzaq edən ən böyük şey Allahdan qorxmaq, Onun güc və intiqamından çəkinmək, cəza, əzab və qəzəbindən çəkinməkdir. Bu səbəblə onun əmrinə zidd davrananlar, başlarına bir bəla və ya müsibətin gəlməsindən qorxsunlar»106. Qorxu Allaha yaxın ola bilmək üçün qulları elm öyrənməyə və əməl etməyə sövq edən bir qamçıdır, əzaları günahlardan çəkindirən və onları ibadətlə bağlayan, pis arzu və zövqləri yandıran, əzaları tərbiyyə edən, qəlbi itaətkar və alçaq könüllü edən, təkəbbürlüyü, riyanı, həsəd və kini uzaqlaşdıran ən böyük səbəbdir. Beləcə qəlb diqqətini qorxduğu şey üzərində toplayar, pis aqibət haqqında düşünər və boş şeylərlə məşğul olmaz. Qorxunun olmaması qəflət və günahlara düşməyə səbəbdir, həddən artıq qorxmaq isə ümüd kəsməyə yol açar. Qulun günah etməməyə səbr etməsi onun imanının qüvvəsinə bağlıdır. İmanı nə qədər güclü olarsa səbri də qüvvətli olar. Amma iman zəif olarsa səbri də zəif olar. Sağlam bir imana sahib olmadan haram və günahları tərk edə biləcəyini zənn edən kimsə xəta edər. Əgər qəlbdə iman lampası güclənib onun nuru qəlbin hər bir güşəsini nurlandırdıqda bu nur əzalara da yayılar. Beləcə əzalar imanın bu çağırışına həmən qulaq verər, itaətsizlik və təmbəllik etmədən ona itaət edərlər. 2. Allahı tanımamaq, əmr və qadağalarını bilməmək – Allahı tanımaq, İsim, Sifət, əmr və qadağalarını öyrənmək. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Cəhalət öldürücü bir xəstəlikdir, onun şəfası isə iki şeydədir: Quran və Sünnə. Həkimi isə Rabbani alimdir». Ömər b. AbdulBərr – rahmətullahi aleyhi – dedyir ki: «Cahil kimsə yaşı çox olsada uşaqdır, alim isə yaşı az olsa da böyükdür». 3. Allahın əffinə güvənib bağışlanma xəyallarına dalmaq – Allahın əffinə ümüdlü olmaqla boş xəyallara dalmaq arasındakı fərqi öyrənmək. İnsanlardan bir çoxları böyük günahlar edir, ibadətlərdən uzaq olurlar, sonra da elə zənn edirlər ki, Cəhənnəmə düşüb bir az yandıqdan sonra Cənnətə girəcəklər. Şeytan sahib olduğu hiylələri ilə insanları bir çox ibadətlərlə başlarını qataraq onların doğru yolda olduqlarını və yaxşı işlər etdiyini onlara vəsvəsə edər. Bu kimi kimsələrdən görürsən ki, bir-iki dəfə sədəqə verir, lakin fərz zəkatı vermir, haramdan qazanan bir kimsə elə zənn edir ki, bir-iki quruş sədəqə verməklə malını təmizləyir, halbuki bilmir ki, Allah pis malı qəbul etməz. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Ey boş xəyallara aldanan kimsə! Bil ki, Allah İblisi ona əmr etdiyi bir tək səcdəni etmədiyinə görə lənətlədi və uca məqamından qovdu, Adəm – əleyhissəlamı - ı yediyi bir loxma səbəbilə Cənnətdən çıxardı»107. 4. Şübhə və arzuların çoxluğu – Haqqı dəlilləriylə öyrənmək, dini fitnələrdən qorunmaq, Quran və Sünnəyə sarılmaq. Yəhyə b. Muaz – rahmətullahi aleyhi – deyir ki: «Mənə görə ən böyük aldanma günah etməyə davam edib peşmançılıq çəkmədən bağışlanacağını, itaət və ibadət etmədən Allaha yaxın olacağını, Cəhənnəm toxumlarını əkib Cənnətə girəcəyini, üsyanlar edərək itaətkarlarla bir yerdə olacağını, əməl etmədən mükafat alacağını və həddi aşdığı halda Allahın rəhmət etdəcəyini zənn etməkdir»108. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Allahdan qaçaraq Onu qəzəbləndirəcək yerlərə gedən, Onun lənətini haqq edən, əmirlərini zay edən, qadağalarını bəsit görən bir kimsə necə Allah haqqından hüsnü zənn edə bilər? Allaha döyüş açan, Onun dostlarına düşmən, düşmənlərinə dost olan, kamil sifətlərini inkar edən kimsə necə Allah haqqında yaxşı niyyətlər bəsləyə bilər? Yenə də Allahın danışmadığını, əmir və qadağa qoymadığını, razı olmadığını, qəzəblənmədiyini zənn edən bir kimsə Allah haqqında necə hüsnü zənn sahibi ola blər? Hüsnü zənn Rəca/ümüdlü olmaq deməkdir. Kimin ümüdü onu itaətə yönəldirsə və üsyandan uzaqlaşdırırsa bu doğru bir ümüddür. Lakin təmbəlliyi ümüd zənn edən, ümüdü də təmbəllik qəbul edən kimsə aldanmış deməkdir»109. İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: «Rəcadan qəsd edilən budur: Hər hansı bir qüsur edən kimsə Allah haqqında hüsnü zənn edər və Onun günahını bağışlayacağını ümüd edər. Bir ibadət etdikdə də Allahın onu qəbul etməsini umar. Lakin cəzalandırmayacağını ümüd edərək günahlara baş vuran və onları tərk etməyən və peşmançılıq hissi də keçirməyən bir kimsə özünü aldadır deməkdir». Əbu Osman əl-Cizi deyir ki: «Qurtulmağın əlamətlərindən bir itaət və ibadət edib onun qəbul olmamasından qorxmaqdır. Həlak olmağın əlamətlərindən biri də üsyan edib qurtulacağını ümüd etməkdir»110. İbnul Covzi – rahmətullahi aleyhi – deyir ki: «Dünyanın aqibətini düşünən tədbirini görər, yolun uzun olduğunu bilən səfərinə hazırlıq görər, bir şeyə inanan və sonda onu unudan, Allah qorxulmaya daha layiq ikən insanlardan qorxan kimsə sənin halın necə də qəribədir? Başqalarının ölümü sənə sənin də öləcəyini göstərir, başqalarının yatdığı yer sənə də yatacağın yeri göstərir. Sən isə sanki bunlardan xəbərsizsən». 5. Pis insanlar və günahkar kimsələrlə bir yerdə olmaq – Saleh insanlarla bir yerdə olmaq və elmilə əməl edən alimlərin həyatlarını öyrənmək. Çox günah etməyin səbəblərindən biri də qulun onu günah etməyə sövq edən insanların içərisində oturması və onlarla dostluq etməsidir. Alimlər də dini qorumaq üçün pis kimsələri tərk etməyi və bununla bərabər saleh kimsələrlə birlikdə olmağı tövsiyə edirlər.