3.GÜNAH ETDİYİN YERDƏN DƏRHAL UZAQLAŞMAQ - Əbu Səid Sad b. Məlik b. Sinan əl-Xudri – radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən əvvəlki ümmətlərdə doxsan doqquz insan oldürmüş bir kimsə var idi. Bu kimsə (öldürdükdən) sonra yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona (İsrail oğullarından) bir rahibi göstərirlər. O, rahibin yanına gələrək: «Mən doxsan doqquz insan öldürmüşəm və tövbə etməyin mənə faydası olacaqmı?» deyə soruşdu. Rahib: «Xeyr!» deyə cavab verincə onu da öldürür. Beləcə (öldürdüyü insanların sayını) yüzə çatdırır. Sonra yenə də yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona bir nəfər elmli insanı göstərirlər. Alimin yanına gələrək yüz nəfər öldürdüyünü və tövbə etməyin ona fayda verəcəyi haqqında soruşur. Alim: «Bəli! Tövbə edən insana kim mane ola bilər! Sən filan yerə get! Çünkü orada Allaha ibadət edən bir tayfa vardır. Onlarla birlikdə Allaha ibadət et və bir daha bu məmləkətə qayıtma. Çünkü bura çox pis yerdir! Bu (söhbətdən) sonra adam alimin dediyi yerə yollanır. Lakin yolun yarsına çatdıqda ölüm onu yaxalayır. Bu kimsəyə görə Rəhmət mələkləri ilə əzab mələkləri bir-birləri ilə mübahisəyə başlayırlar. Rəhmət mələkləri: «Bu adam tövbə edərək və qəlbini Allaha yönəldərək gəldi!» deyirlər. Əzab mələkləri: «Bu adam bu günə qədər heç bir xeyir işləməmişdir!» deyirlər. Bu an insan qiyafəsində bir mələk onların yanına gəlir və hər iki tərəf onu öz aralarında hakim təyin edirlər. O, deyir: «Gəldiyi yer ilə gedəcəyi yeri ölçün! Hansı tərəf daha yaxın olarsa ora aiddir!» Mələklər hər iki tərəfi ölçürlər və adamın getdiyi yerə yaxın olduğunu görürlər və Rəhmət mələkləri onun ruhunu alıb gedirlər (aparırlar)». Başqa rəvayətdə: «Uca Allah günahkarların yaşadığı yerə uzaqlaş! Tövbə edib getdiyi yerə yaxınlaş!» deyə vəhy etdi. Və mələklərə: «Hər iki tərəfin məsafəsini ölçün!» deyə buyurdu. Mələklər də hər iki tərəfi ölçdülər. Tövbəkarın gedəcəyi yerə bir qarış yaxın olduğunu gördülər. Bundan ötrü də (Allah) onun günahlarını bağışladı»1579.