Ş.N.) görüşərək arayışı almadığımı və çox kədərli olduğumu söylədim. Nəsib bəy
dedi: “Bəli, mən səni heç bu qədər kədərli görməmişdim”. Mən də dedim: “Nəsib
bəy, ermənilər çox naşükürlük etdilər. Nuru paşa üçün haqlı olan arayışı mənə
vermədilər”. Nəsib bəy gülərək dedi: “Üzülmə, Nuru paşanın azad olunmasının
daha asan yolu var. Batumdan xəbər aldım. Hopa bəyləri plan hazırlayıblar. Nuru
paşanı basqın ilə qurtaracaqlar. Ancaq pula ehtiyacları var. Sən iki min manat pul
götürüb Batuma get”. “Əmr et, pul versinlər, axşam yola düşüm”, - sevinərək
dedim. Pulu alıb Batuma gəldim. Azərbaycan konsulu doktor Mahmud bəylə
görüşdüm. Məsələni ona anlatdım və soruşdum. Doktor dedi ki, imkan yoxdur.
Ancaq Mürsəl paşa ilə görüşə bilərsən. İngilis komandanlığında nəzarət altındadır.
Mən tez gedib Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa dedi: “Aman, mənə bir şey
etməyəcəklər. Ancaq Nuru paşanı edam edəcəklər. Onun qaçırılmasının yolunu
tapın”. Mürsəl paşa gizli saxladığı bir kağızı mənə verdi. Aldım, oxudum. Bu
bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa dedi: “Bunu çoxaldıb İslam
dünyasına dağıtmaq. İslam dünyasını böyük cihada çağırmaq. Qurtuluş bundadır,
başqa çıxış yolu yoxdur”. Onu dinlədikdən sonra dedim: “Ay paşam, bu, bir
mərsiyədir. Çox təsirli yazılıb, bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir.
İslam dünyasında birlik yox, qüvvə yox və olmayacaq. Olsa da bir şey çıxmayacaq.
Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir türk kəndində olan qeyrət,
iman, Vətənə, dinə bağlılıq müraciət etdiyimiz İslam dünyasında yoxdur. Bu, boş
işdir. Varlıq, qüvvə yalnız milli imandır”. Bəyannaməni kimə oxudumsa, hamısı
mənimlə eyni fikirdə oldu. Mən Bakıya geri qayıtdıqdan dörd gün sonra Nuru paşa
ilə Bakıda görüşdük”.
Türkiyənin Quru qoşunlarının hərbi arxivindən aldığımız rəsmi sənəddə igid
sərkərdə Fəriq Mustafa Nuru paşanın ümumtürk dünyasında göstərdiyi
xidmətlərinə görə təltif olunduğu orden və medallar da göstərilmişdir.
1. 1916-cı il, iyulun iyirmi doqquzunda Almaniya imperatorluğu
tərəfindən “Dəmir Salib” medalı ilə;
2. 1916-cı il noyabrın iyirmi ikisində Trablusqərbdəki qeyrətli döyüşlərinə
görə “Altın Ləyaqət” medalı ilə;
3. 1917-ci il martın on ikisində padşahın qərarı ilə Trablusqərbdəki
qeyrətli döyüşlərinə görə vaxtından əvvəl hərbi rütbə verilmişdir.
4. 1917-ci il aprelin üçündə Qərbi Afrika hərbi qruplarına komandanlıq
etdiyinə görə Avstriya-Macarıstan dövləti tərəfindən üçüncü dərəcəli fəxri əsgəri
fərqlənmə nişanı verilmişdir.
5. 1917-ci il iyunun iyirmi beşində Trablusqərbdəki döyüş xidmətlarinə və
hərbi birliklərə əla komandanlıq etdiyinə görə padşahın qərarı ilə “Altın-imtiyaz”
medalı ilə mükafatlandırılmışdır.
6. 1918-ci il fevralın altısında üçüncü dərəcəli “Osmani” ordeni ilə
(qılıncla birgə) təltif olunmuşdur.
7. 1918-ci il avqustun altısında birinci dərəcəli “Məcidiyyə” ordeni ilə
(qılıncla birgə) təltif olunmuşdur.
8. Sarıqamış hücumunda könüllü olaraq on ikinci diviziyaya komandanlıq
etdiyinə görə 1929-cu il yanvarın on altısında 15260 saylı “İstiqlal” medalı ilə
təltif olunmuşdur.
* * *
1918-ci ilin noyabr ayında podpraporşiklər məktəbinin ilk buraxılış
təntənəsində Azərbaycan hökumətinin nümayəndələri ilə birgə Qafqaz müsəlman
ordusunun baş komandanı Nuru paşanın atası Hacı Əhməd paşa da iştirak etmişdir.
O vaxt həmin təntənədə çıxış edən Azərbaycan xalq təhsili naziri Nəsib bəy
Usubbəyov Hacı Əhməd paşaya müraciət edərək demişdir:
- Zati-aliləri! Sizin şanlı oğullarınız Ənvər paşa və Nuru paşanın adları
nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün Türk xalqlarının yaddaşında
həmişəlik qalacaqdır. Belə qəhrəmanların atasının başını dik tutmağa və xoşbəxt
olmağa haqqı var. Sizin kimi atalar azdır. Allah Sizi və oğullarınızı hifz eləsin və
Sizin illər boyu köməyiniz olsun.
Türklərin köməyi ilə açılan Gəncə podpraporşiklər məktəbinin buraxılışı
günündə on dördüncü Çanaqqala diviziyasının komandiri, polkovnik Nazim bəy də
çıxış edib üç ay müddətində azərbaycanlı gənclərin qazandıqları müvəffəqiyyətə
görə xalqımıza öz sevincini bildirmişdir:
- Cənablar, Azərbaycanın həyatında bu gün ən xoşbəxt gündür. Biz - sizin
uzaqdan gəlmiş qardaşlarınız sizin istedadınız qarşısında baş əyirik və sizi bu
günkü ana görə yox, ən çox əldə edilmiş parlaq gələcəyinizə görə təbrik edirik.
Mən şəxsən müharibə tərəfdarı deyiləm, amma belə bir söz var: “Əgər sülh
istəyirsənsə, müharibəyə hazırlaş”. Ona görə ki, əgər ölkə güclüdürsə və
müharibəyə hazırdırsa, onda heç kəs cürət edib onun üzərinə hücuma keçə
bilməz. Cənablar, mən çox şadam ki, siz hərbi işi öyrənmisiniz və əminəm ki,
Azərbaycanın şanlı və zəhmətsevər zabitləri olacaqsınız, lazım gəldikdə öz
ölkəmizin mənafeyini qorumağı bacaracaqsınız. Bunun üçün güclü ordu lazımdır
və ümid edirəm ki, onun yaranmasında siz öz gücünüzü əsirgəməyəcəgsiniz. Mən
ölkəni bir də ilk buraxılış münasibətilə təbrik edirəm və inanıram ki, gələcəkdə siz
Vətənin iftixarı olacaqsınız (hər iki çıxış “Azərbaycan” qəzetinin (rusca) 8 noyabr
1918-ci il tarixli sayından götürülüb).
* * *
Nuru paşa ikinci gün idi ki, general Əliağa Şıxlinski ilə Göyçaya getmişdi.
Müsüslü, Bərgüşad və Göyçay uğrunda döyüşlər gedirdi. Onuncu Qafqaz alayının
komandiri Osman bəydən həyəcanlı xəbər alınmışdı. İyunun on yeddisində
Göyçayın qərbində vuruşan alay iki yüz nəfərdən çox itki vermişdi. Günah
döyüşçülərdə deyildi. Şamaxı və Ağsudan enib gələn bolşeviklərin hərbi
qüvvəsinin qəfil zərbəsinə məruz qalmışdılar. General Şıxlinskinin təklifilə dörd
yüz nəfərlik Azərbaycan süvarisi və Ərəş alayından bir vzvod Osman bəyə köməyə
göndərildi. Nuru paşa gecədən xeyli keçmiş Yevlaxa qayıtdı. Məqsədi sabah
axşam üstü Gəncəyə getmək idi.
Dan üzü ağarar-ağarmaz avtomobil Əşrəf bəyin Qarxundakı həyətinə çatdı.
Küləfirəngidə yatan bəy maşının səsini eşidib dərhal yataqdan qalxdı, geyinib aşağı
düşdü.
- Sabahın xeyir, paşa. Cəbhədə vəziyyət necədir?
- Yaxşıdır, narahat olmağa dəyməz.
- Keçin evə, bir az istirahət edin, yol gəlmisiniz.
Nuru paşa geriyə - Kürə tərəf boylandı, Baxışlarını bir xeyli oradan çəkmədi.
Əşrəf bəy də Kürə tərəf baxdı, amma ins-cins görmədi.
Nuru paşa yorğun-yorğun:
- Bəy, - dedi, - yol boyu yaxşıca mürgüləmişəm. İki gündü Şirvanın tozu-
torpağı canıma hopub.
Əşrəf bəy dərhal onun fikrini başa düşdü. Darvazanın yanında dayanan oğlu
Knyazı çağırıb nəsə dedi. Üzünü Nuru paşaya tutub:
- Biz gedək, paşam, - dedi, uşaq da dalımızca gəlib özünü bizə yetirər.
Yarı yolda onları haqlayan Knyaz iki can dəsmalını atasına verib qayıtdı.
Yarğanın başına çatanda hər ikisi dayandı. Gah sağa, gah da sola dönüb çay
boyunca baxan Nuru paşa köksünü ötürdü.
- Nə qılınc çalmalı sudur.
- O nə deməkdir, paşam. Suya qəzəbin var?
- Yox, suya hirslənmirəm. Belə dərin çaylara məhəbbətim var. Bu ağır nəhri
gördüm, uşaqlığım yadıma düşdü. Bilirsən, atam Əhməd bəy biz qardaşlara balaca
olanda qılınc çalmağı suda öyrədib. Özü sahildə dayanar, bizi isə dizə qədər suya
salıb, əlimizə də qılınc verərdi, əlbəttə, qılınc balaca olardı. Sağı-solu və qarşını
döyəcləyə-döyəcləyə “düşmənə” qılınc çalmağı öyrənərdik. Kəl belində, at üstündə
Ənvərlə o tay-bu taya keçərdik. Mən Ənvərə çata bilməyəndə hirsimdən
ağlayırdım, qardaşım məni bağrına basıb toxdadardı. İndi harda belə əzəmətli çay
görürəmsə, elə bilirəm onda qolumun gücü, qəlbimin məhəbbəti var.
Əşrəf bəy məhəbbət dolu nəzərlərlə ona baxıb gülümsündü:
- Böyük Füzuli, - dedi, - sağ olaydı, sizin bu qeyri-adi, qəribə məhəbbətinizi
tarixə salardı.
- Bu dan üzünün saflığında nə yaxşı elədin aydan arı, sudan duru Füzuli
babamızı xatırladın. Bəy, mənə elə gəlir, hər bir türk oğlu ilk məhəbbətilə yanaşı,
qəlbində Füzuli babamızın da sevgisini yaşadır.
- Paşam, xəbəriniz var, Füzuli İraqın Kərbəla şəhərində doğulsa da, atası
müfti Süleyman əfəndi bizim Ərəşlidir. Hətta bəzi məlumatlara görə, şairin oğlu
Fəzli atasının ölümündən sonra bizim Ərəş mahalına qayıdıb, qohumlarının
yanında yaşamışdır.
Nuru paşa Əşrəf bəyin çiynini qucaqlayıb iri, yorğun gözlərini təəccüblə açdı.
- Bu, rəvayətdir, yoxsa özün elə indicə uydurdun. Sırağa gün məclisdə də
gördüm, müğənniləriniz elə hey Füzulidən oxudu, Sən də babamız Füzulidən
böyük şövqlə şerlər deyirdin.
- Paşam, mən sözümün əvvəlində dedim ki, bəzi məlumatlara görə... Bizim
Ağdaşda Çələbilər nəsli var. Bu nəslin qocaları deyir gi, Fəzli onların məhəlləsində
yaşayıb. Bir də ki, paşam, narahat olmağa dəyməz, böyük Məhəmməd Füzuli nə
sizindir, nə də bizim. O, bütün türk dünyasında şer-sənət soltanıdır.
- Bax, bu fəhminə əhsən, bunu gözəl dedin, bəy. Füzuli böyük türk
dünyasının şer-sənət soltanıdır.
Kefi durulan paşa dostunun dirsəyinə toxundu. Aşağı, çaya düşmək işarəsi
verdi. Yarğanı enib çaya çatana kimi üç - dörd dəfə: “Füzuli şer-sənət soltanıdır”
deyə öz-özünə təkrar etdi.
Dostunun onun sözlərinə qiymət verməsindən məmnun olan Əşröf bəy:
- Amma bir məsələ də var, - dedi. Bizdən bir az əvvəlki və bizim nəsil gün
çıxandan gün batana kimi olan türk dünyasını qoruya bilmədik.
- Bunu nə mənada deyirsən, Əşrəf bəy?
- O mənada ki, görün bir nə gündəyik. Bizi yüz iyirmi il əvvəl sarı ruslar
parçalayıb. Yarımız o tayda - İranda, - daha nə bilim haralarda. Bu saat elə siz də
bizim günümüzdəsiniz. Sultan Türkiyəsi Antanta dövlətlərinin əlində fağır bir
ölkəyə çevrilib. Deyilənə görə, Sultan Türkiyəsinin Şərq vilayətlərini Rusiya almaq
iştahındadır. Suriya tərəfləri Fransa, Mesopatomiya, İzmir və Aydın dəmir
yollarının keçdiyi ərazini ingilislər, Anadoluya isə almanlar göz dikib. Bəs bizim
taleyimiz necə olacaq? Əgər o boyda Türkiyənin taleyi belə acı olsa, parçalansa,
görün biz Azəri türkləri nə günə düşəcəyik. Paşam, bizim ümidimiz, nicatımız
sizədir. Siz də ki, bu gündə...
- Sən lap qardaşım Ənvər paşa kimi yana-yana danışırsan. Onun ən böyük
arzusu türkçülük, turançılıq uğrunda mübarizə aparmaqdır. İnşallah, vaxt gələr,
səni onunla tanış edərəm. Siz qardaşımla eyni fikirdəsiniz, eyni zindana
döyürsünüz.
- Hər bir türk oğlunun borcudur ki, birlik uğrunda eyni zindana çəkic
vursun.
- Dərd də bundadır ki, bizim yeni padşah olan Sultan Vahidəddin belə
düşünmür. Əşrəf bəy, siyasət söhbəti başımızı qatdı, çimməyi unutduq, - deyib
paşa suya atıldı... Beş-on dəfə qol atıb üzə-üzə geriyə döndü. - Çıxanda babamız
Füzulidən sənə bir məktub oxuyacağam, - dedi. - Yadıma salarsan.
Yarğanın qaşında on iki yaşında bir oğlan uşağı “ata, ata”, - deyə qışqırıb əl
eləyirdi. Bu, Əşrəf bəyin kiçig oğlu Məhəmmədəli idi.
- Nə olub? - deyə ata aşaqıdan yuxarı qışqırdı.
- Gəncədən qonağımız gəlib, sizi istəyirlər - dedi.
Sudan çıxan Nuru paşa:
- Gedək, - dedi, - yarğanı çıxana kimi məktubu da sənə oxuyaram.
- Onda tələsmə, əl-ayağını qurula, məktubu da tap, oxuya-oxuya yarğanı
çıxarıq.
Nuru paşa gülümsünüb:
- Məktub-zad axtarmayacaqam, o burdadır, - deyib əlilə başını
göstərdi.
- Yaddaşındadır?
- Bəli, necə bəyəm, ola bilməz?
- Əhsən sənin yaddaşına, qardaş.
- Sən arada siyasi “dərddən” danışdın. Mənim isə hüsni-xəyalım hələ də
babamız Füzulidən ayrılmayıb. Sən Çələbi dedin, Füzulinin Bəyazid Çələbiyə
yazdığı məktubu xatırladım. Oğlu Fəzli Ərəşə qayıdıb, Çələbilər məhəlləsində
yaşayıbsa, burda bir qanuna uyğunluq var. Kim bilir, bəlkə də Füzuli bu nəsillə
qohum imiş. Allah onun torpağını pak, yerini behişt eləsin.
- Paşam, çələbilərin dediyinə görə Füzulinin gəlini, Fəzlinin arvadı bu
nəsildən imiş.
- Bəy, onda qulaq as, məktubu oxuyum. Füzuli Sultan Süleymanın oğlu
şahzadə Bəyazid Çələbiyə yazır:
“Mənə bir məktub, bəlkə çiçəkli bir bağça gəldi. Onun işıqları gözümün
nurunu artırdı. O, ən lətif lövhələr üzərinə diqqətlə təsvir edilmiş gözəl bir şəklə
bənzəyir. Onun sətirləri, işarələri ulduzlu səmaya oxşayır. Yazıları budaqlar,
ibarələri çiçəklər kimidir. O, mərifət fənlərini əhatə edən bir səhifə, nemət
budaqları yetişdirən bir bağçadır. Onun gəlişi göz baqçasını çiçəkləndirdi...”
Əşrəf bəylə Nuru paşa mülkə dönəndə, bir qədər sükut içərisində
addımladılar. Buna sükut demək olmazdı. İçlərində lal bir haray vardı. Füzuli
harayı idi bu: türk qardaşlarım, çiçəkli bağçamızın viranəliyə çevrilməsinə imkan
verməyin!
Və onlar sanki bu harayın təsiri ilə addımlarını yeyinlətdilər...
* * *
Türk qoşunları Azərbaycana ilk dəfə iki qrup halında gəlmişdir. General
Nuru paşanın təşkil etdiyi birinci qrup 1918-ci il iyunun 7-də, ikinci qrup isə bir
gün sonra Qazağa və iyunun 9-da Gəncəyə çatmışdı. Hər iki qrup üçüncü türk
ordusunun beşinci Qafqaz diviziyasından seçilmişdi. Gümrü və Qazax
istiqamətində hərəkət edən birinci qrupa onuncu Qafqaz alayı, doqquzuncu və on
üçüncü Qafqaz alayına mənsub iyirmi altıncı batalyon, topçu dar batalyonu,
istehkam bölüyü, rabitə vzvodu daxil idi. Bu qrupda yüz qırx zabit və iki min
səkkiz yüz on iki əsgəri qüvvə vardı.
Lori nahiyəsi boyunca üzüaşarı gələn ikinci türk hərbi qüvvələrinin yolu
Cəlaloğlu şəhərindən sonra Sadaxlı, Körpülü, Kəmərli və Aslanbəyli kəndlərindən
keçərək Qazağa iyunun 12-də çatmışdır. On üçüncü Qafqaz alayından təşkil olunan
bu qrupda güclü dağ topçu batalyonu, yüz on zabit və iki min yeddi yüz altmış üç
əsgəri qüvvə daxil idi.
Türk qoşunlarının gəlişini Lenin və Stalina bildirən daşnak Şaumyan
həyəcanla Bakıdan yazırdı: “Türklər Qarakilsədən, Dilicandan keçib Ağstafaya
çatıblar. Oradan da birbaşa Bakıya yeriyəcəklər. Bağlanan sülh müqaviləsinə
əsasən türklər dəmir yolu ilə qoşunlarını Bakıya və Culfaya daşıyacaqlar. Xəbər
verirəm: “Hücum başlanmışdır”.
Türklərin gəlişindən bərk qorxuya düşən ermənilər 1918-ci il iyunun 30-da
azsaylı rus hərbi qüvvələrinə arxalanaraq qəfildən Göyçaya basqın etdilər, Həmin
hadisəyə görə türklərə otuz səkkizinci alaydan ibarət yeni qüvvə göndərildi.
Alayda altmış beş zabit, iki min dörd yüz yetmiş beş əsgəri qüvvə, dörd güclü dağ
topu və bir güclü dağ batareyası vardı.
İyulun doqquzunda ehtiyatda olan üçüncü türk ordusundan üç yüz əlli əsgəri
qüvvə seçilib Bərgüşad və Göyçay uğrunda gedən döyüşlərə göndərildi. Beşinci
qrup isə polkovnik Nazim bəyin komandanlığı ilə birbaşa Bakı döyüşlərinə
çatdırılmışdı. Azərbaycan Əlahiddə korpusu, yerli əhalidən təşkil olunmuş könüllü
dəstələr də türk ordusu ilə çiyin-çiyinə vuruşurdu.
Cənub qrupuna azərbaycanlı polkovnik Həbib bəy Səlimov, Şimal qrupuna
isə türk polkovniki Osman bəy komandanlıq edirdi.
“Azərbaycan -Türkiyə qüvvələrinin əks hücuma keçməsi bolşevikləri təşvişə
saldı. Bakı Soveti iyulun 12-də hərbi səfərbərlik elan etməyə məcbur oldu. Lakin
bu tədbir onları məğlubiyyətdən xilas edə bilmədi. Göyçay ətrafındakı şiddətli
döyüşlərdə Azərbaycan - Türkiyə birgə qoşunları parlaq qələbə qazanmışdı.
Biçeraxovların, avetisovların Qırmızı Orduya köməyə gəlişi zəfər yürüşünün
qarşısını ala bilmədi. Göyçaydan sonra Şamaxını yadellilərdən təmizləyən ordu
sürətlə Bakıya yaxınlaşırdı” ( A.Rüstəmli, “Azərbaycan ordusu” məqaləsi,
“Həqiqət” qəzeti, 2 dekabr 1992-ci il).
Həmin döyüşlərin iştirakçısı, türk ordusunun podpolkovniki Rüştü bəy 1934-
cü ildə İstanbulda nəşr etdirdiyi “Böyük hərbdə, Bakı yollarında beşinci Qafqasiya
piyada firqəsi” adlı memuarında verdiyi məlumata görə, türk hərbi qüvvələrinin
ümumi sayı on min nəfər olmuşdur. O yazır: “Şamaxının zəbtindən sonra Bakıya
yaxınlaşan ordu avqustun 5-də Bakı şəhərinə yapdığı müvəffəqiyyətsiz bir hücum
üzərinə on beşinci firqənin kamilən Azərbaycana göndərilməsi üçün müraciət
edilmiş və ingilislərin Bakıya İran tərəfindən yardım göndərmələrini nəzərə alaraq
Qarakilsədən Bakıya min iki yüz hərbçi, mövcud firqə qərargahı ilə əlli altı və yüz
altıncı piyada alayları da gəlmişdi. Bundan başqa, cəbhədə min nəfərlik bir
Azərbaycan qüvvəsi, iyirmi makinalı tüfəng, altı top və bir zirehli qatar Hərb
edirdi. Əlavə olaraq artan Türkiyə qüvvəlörilə bərabər, Azərbaycan qüvvələri də
artmış, Qazax, Gəncə, Şəki, Zaqatala, Cavanşir, Ağdaş, Ağdam, Quba, Səlyan,
Göyçay və Bakı ətrafında süvari milis təşkilatı, silahlı könüllü qrupları vücuda
gəlmişdi”.
Bu dövrdə Azərbaycan türklərinin vəziyyəti çox ağır idi. İrəvanda, Zəngəzur
və Göyçayda rus hərbi qüvvələrinə arxalanan daşnaklar xalqı qılıncdan keçirir,
tonqalda yandırır, daşqalaq edirdi. Yüzlərlə kəndi yerlə-yeksan etmişdilər. Bakıda
bolşeviklərin və daşnakların fitvası ilə mart qırğını törədilmişdi. Bu qırğında on
beş minə yaxın azərbaycanlı öldürülmüşdü. Ölkədə anarxiya, başıpozuqluluq hökm
sürürdü.
Martın 20-də Zaqafqaziya seyminin iclasında çıxış edən musavat lideri
Aslan bəy Səfikürdski bütün qafqazlıları bolşeviklərə qarşı mübarizəyə səsləyirdi:
“Biz Zaqafqaziya hökumətindən xahiş edirik, bolşevizmi məhv etmək üçün
özünümüdafiə şurası yaratsın. Biz müsəlman sosialist bloku adından xəbərdarlıq
edirik ki, həmişə bolşevizmə qarşı mübarizə etmişik və bu gün də ona hazırıq.
Əgər bu barədə ölçü götürülməsə, biz özümüz bolşevizmi məhv edəcəyik... Bizim
tarixdə çox qanlar axıdılıb. Tariximiz başdan-ayağa qanla yazılıb. Biz bolşevizmi
əzməklə yenə də tariximizi qanlı hərflərlə yazacağıq”.
Musavat hökumətinin nümayəndələri türklərin qardaş köməyinə
arxalanmaqdan başqa yol görmədiklərini açıqdan-açığa bildirirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gün Tiflisdəki “Oriant”
mehmanxanasında Zaqafqaziya Seyminin üzvlərindən biri Fətəli xan Xoyskidən
soruşmuşdu:
- Siz Bakıya döyüşə-döyüşə gedəcəksinizmi?
- Bəli, gedəcəyik.
- Siz döyüşlə Bakıya getsəniz, onda bu imperializm üzərinə ilk hücum
olacaq. Amma siz o yürüşü təkbaşına edə bilməzsiniz. Siz Türkiyənin və türk
qoşunlarının köməyi ilə Bakını düşmənlərdən azad edə bilərsiniz.
“1918-ci ilin iyun-iyul aylarında erməni hərbi hissələri iki istiqamətdə -
Göyçay-Ərəş-Nuxa istiqamətində və Kürdəmir-Yevlax-Gəncə istiqamətlərində
irəliləməyə başladılar. Lakin daşnak quldur dəstələrinin Yevlağı ələ keçirmək
planları baş tutmadı. Ermənilər burada yerli əhalidən təşkil olunmuş könüllü
dəstələrin güclü müqaviməti ilə üz-üzə gəldilər.
Daşnakların qarşısının alınmasında o zaman öz igidliyi ilə Qarabağda ad
çıxarmış M.Ə.Rəsulzadənin yaxın dostu və məsləkdaşı Qaramanlı Qamboy ağanın,
Qarxunlu Əşrəf bəyin, Bərdəli Sarıtel Aslanın misilsiz xidmətləri və
qəhrəmanlıqları olmuşdur. Yaranmış real təhlükəni vaxtında dərk edən Qamboy
ağa və Əşrəf bəy öz silahdaşları ilə ətraf kəndlərdən qısa müddətdə minlərlə
könüllü yığaraq onları silah, sursat, paltar, ərzaq, at-araba və digər ən zəruri
şeylərlə təmin edirlər. Az vaxtda Yevlax ərazisində xeyli könüllü və beş min
nəfərdən çox süvari dəstə toplanır ki, bu da sonralar Azərbaycan Xalq
Cümhuriyyətinin ilk süvari dəstələrinə çevrilmişdir” ( V.İsayev, “Haradan gəlir
bu köç” kitabı, Azərnəşr, 1995-ci il, səh. 50-51).
* * *
Sonrakı tarixi hadisələr də göstərdi ki, Azərbaycan xalqının Türkiyə və türk
ordusundan başqa ikinci bir arxası, xilaskarı olmamışdır.
Türkçülüyə dərin ehtiram, sonsuz məhəbbət bəsləyən gənc bir şairə yaşayırdı
Bakıda. 1918-ci il sentyabrın 15-də türk qoşunları ilə birgə qalib kimi Bakıya varid
olan Azərbaycan əsgərlərini Ümmügülsüm “Ey türk oğlu” şerilə alqışlamışdı:
Ey türk, sən ey qəhrəman,
igid oğlu türklərin,
Şanlı, ulu babanın öyüdünü unutma!
Sən də yürü o yolu, ad çıxarsın
əsgərin,
Ulular ardınca get, başqa bir yolu
tutma!
Yüz illərcə əzildin,
ayaqlandın yetər, keç,
Yüz illərcə ağladın,
eşidilmədi səsin.
Yüz illərcə dərd-sərin duyulmadı
nədən heç,
Sən şimdi oyan, hayqır,
bitməmişkən nəfəsin!
Əsrin əvvəllərində istiqlalımız uğrunda dönmədən mübarizə aparan on doqquz
yaşlı Ümmügülsüm böyük öndərimiz Məmmədəmin Rəsulzadənin əmisi qızı idi.
“Azərbaycan xalqının öz ruhundan doğan ümummilli bir hərəkat və hadisədən
(M.Ə.Rəsulzadə)” sonra başı bəlalar çəkən şairə Ümmügülsüm cəmi qırx beş illik
ömrünün çoxusunu Vətəndən uzaqlarda, Mordoviyada sürgündə keçirmişdir. Bu
nəcib və vəfadar şairə görkəmli yazıçımız, otuz yeddinci ilin günahsız
qurbanlarından biri olan Seyid Hüseynin həyat yoldaşı idi.
Hələ 1919-cu ildə müstəqilliyimizə qəsd etmək istəyən daşnak-bolşevik
qəsbkarlarının təhlükəsindən qəzəblənən Ümmügülsüm yazırdı:
Ey buzlu Şimaldan qopan ruzigar,
Toxunma qəlbimə, atəşim parlar.
Sakın, gəlmə, nəfəsim boğar,
Dəf ol, Vətənimdə görməm səni!
Sən ey murdar çöhrə, ey mənhus sima,
Gözümə görünmə, qarşımda durma!
Nifrətim var sənə, mənə yaxlaşma,
Kinlərim məhv edər yaxın gələni!
TÜRKİYƏNİN HƏRBİYYƏ NAZİRİ ƏNVƏR PAŞANIN
BAKININ XİLASI HAQQINDA 1918-Cİ İL
SENTYABRIN 16-DA ŞƏRQ ORDULAR QRUPUNUN
KOMANDANI XƏLİL PAŞAYA
TƏBRİK TELEQRAMI
Bakıdakı uğurlarınıza görə sizin gözlərinizdən öpür və təbrik edirəm.
Bakının xilasından sonra Azərbaycanda hələlik bir diviziya saxlayaraq, qalan
qoşunları doqquzuncu ordunun sərəncamına vermək istəyirəm. Nuru paşaya
Dərbənd, Petrovsk şəhərlərinin ələ keçirilməsi üçün Şimali Qafqaza bir alay, iki
batareya və bir pulemyot dəstəsindən ibarət qoşun göndərməyi tapşırdım. Digər
tərəfdən, Ənzəli və Rəşt şəhərlərinin işğalı üçün qoşunların Cənuba
göndərilməsinə sərəncam verdim və Təbriz - Qəzvin istiqamətində irəliləyən qoşun
dəstəsinin Kiçik xana
39
yardım etməsini və bu məsələ ilə əlaqədar Sizinlə
görüşməsini tövsiyyə etdim. Tapşırıqların qısa bir vaxtda yerinə yetirilməsini rica
edirəm.
Nuru paşa öz qüvvələrini toplayaraq, yalnız bolşeviklərin irəliləməsinin
qarşısını almaqla kifayətlənməlidir.
“DİKAYA DİVİZİYA”, yoxsa...
Azərbaycanlılar hərbçilik istedadına,
sönməz daxili ruhi zənginliyə malikdirlər.
Dostları ilə paylaş: |