partladalım bombalar,
Məhv olsun, məhv olsun xain,
alçaq yağılar.
Qoşa addım, irəli, vətən fədailəri,
İrəli, irəli, vətən fədailəri,
İrəli, irəli, Azərbaycan əsgəri.
Bu sancaq bizlərə qanlı kəfən olacaq,
Qoşa addım, irəli,
dönməyəlim biz geri,
İrəli, irəli, vətən fədailəri,
İrəli, irəli, Azərbaycan əsgəri.
* * *
Xain düşmən göz dikmiş
vətənimi almağa,
İştə gəldim vətən üçün
şəhid olub qalmağa.
Mülaziləm, göymidən uca
dağlar aşağa,
Ana-baba tərk edərək,
can verməyə qoşaraq.
Gəldim bu gün düşmənimi
bu torpağa basdıram,
Onun kirli bayrağını
Vətənimə asdırmam.
Türk əsgəri tüfənginə,
Allah deyib sarılır,
Qabağında düşmən deyil,
dağlar olsa yarılır.
Allah, Allah, bu nə gündür,
ana-övlad kəsilir,
Uşaqların qafaları
çəkmələrlə əzilir.
Hansı bir türk ərlərdən,
uşaqlardan ucalmış,
Bu alçaqlar, bu hüdudlar
qorxusundan bunlamış.
Komandanım, izn verin qabaq
səfə girəyim,
Baş tərəfdə sancaqdarlıq
vəzifəsin görəyim.
Keç düşməni, keç, aslanım,
budur düşmən, gedəlim,
Arkadaşlar, haydı, haydı irəli
hücum edəlim.
Allah, Allah, Allah, Allah,
həp bir ağızdan,
Marş irəli, sürəlim
düşməni yurdumuzdan.
Mən vuruldum, xain güllə
cikərimi yaxıyor,
Aç sinəmi, bax qanıma,
irmaq kimi çatıyor.
Mülaziləm, düşmənləri
yurdumuza düşürmə,
Al əlimdən bayrağımı,
torpaqlara düşürmə.
Aman, çabuq bir qurtum
su veriniz də içəyim,
İlahimdan mücdə gəldi,
cənnətimə köçəyim,
Tabutumun üzərinə altun
bayraq örtülsün,
Mən tutuşdum Allahıma,
bari Vətən qurtulsun.
* * *
Azərbaycan, Azərbaycan,
Ey qəhrəman övladın Vətənin,
Səndən ötrü can verməyə hazırıq,
Səndən ötrü qan tökməyə qadirik,
Üçrəngli bayrağınla məsud yaşa,
Türkük, yaşarıq biz namımızla,
İntiqam doludur sinəmizdə.
Aşarıq Qafqazı ordumuzla,
Boyarıq hər yeri qanımızla.
Türkük, ölərik namusumuzla,
Bombalar, bu qanlı silah əldə.
Qafqasyanın partladar göbəyində,
Boyarıq hər yeri qanımızla.
1993-cü il.
ÜZEYİR BƏYİN NƏRBİ
LÜĞƏTİ
Binanın son daşı heç vaxt bünövrə
daşını inkar edə bilməz; etsə, özü
yuxarılarda dayana bilməz.
Üzeyir bəy HACIBƏYOV.
1948-ci il noyabrın 28-də gecə saat ikidə dünyadan köçən dahi
bəstəkar Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş bir not qaldı. O,
general Əliağa Şıxlinskinin altı bəndlik şerinin iki bəndinə romans yazmışdı.
Ey sevdiyim, ey dilrüba,
Səbrim, qərarımsan mənim.
Səd mərhəba, səd mərhəba!
Nə türfə yarımsan mənim.
Səni ziyarət eylərəm,
Sənə ibadət eylərəm,
Həm çox sədaqət eylərəm,
Çün sən Nigarımsan mənim.
Bəstəkar Üzeyir bəy Hacıbəyov və general Əliağa Şıxlinski. Birinin əlində
qələm, o birinin əlində silah. Hər ikisi xalqımıza təmənnasız xidmət edib, əvəzsiz
irs qoyublar. Sənətdə elmin çətin yollarında bəlkə də özlərinin də xəbəri olmadan
birləşiblər. Onlarda tale oxşarlığı da var. Bu oxşarlıq könülaçan olmasa da həyat
həqiqətidir. Nə Üzeyir bəyə, nə də Əliağaya tale övlad qismət eləmədi. Əsrin
əvvəllərində tale onlara bir əməl oxşarlığı qismət elədi. 1907-ci ildə bəstəkar
Üzeyir bəy Hacıbəyovun siyasi, iqtisadi, hüquqi, əsgəri və qeyri sözlərə dair
“Türk-Rus və Rus-Türk lüğəti” nəşr olundu.
1926-cı ildə isə general Əliaqa Şıxlinskinin “Rusca-türkcə qısa hərbi lüğət”i
işıq gördü.
Oxucuların general Şıxlinskinin lüğətindən az-çox xəbəri var. Bu barədə biz
ayrı-ayrı məqalə və kitablarımızda söhbət açmışıq. Hərb elmi üçün bu gün ən
uğurlu tapıntılardan biri də Üzeyir bəyin lüğətidir. Onu bizə Respublika
Əlyazmaları institutunun elmi arxivindən tapıb təqdim edən alim dostumuz Arif
Ramazanova səmimi təşəkkürümüzü bildiririk. Bu qiymətli tapıntıyla hərbi
lüğətçilik tariximiz düz iyirmi il qədimləşdi. Üzeyir bəyin hərbi lüğətində rast
gəldiyimiz bir ad bizi xüsusilə sevindirdi. Onun naşiri “İrşad”ın mühərrirlərindən
biri, xalqımızın böyük oğlu Məhəmməd Əmin Rəsulzadədir. Otuzuncu illərdə
qırmızı bolşeviklər onun adının üstündən tuşla qara çəksələr də yenə aydınca
oxumaq mümkün oldu. Burda deyiblər ki, yazıya pozu yoxdu.
Əlbəttə, Əliağa Şıxlinskinin hərbi lüğəti ilə müqayisədə Üzeyir bəyin lüğəti
həcmcə kiçik və nisbətən kasıb olsa da, ilk mənbə kimi qiymətlidir. Oxucu da
nəzərə almalıdır ki, general Əliağa Şıxlinski hələ gənc zabit ikən hərb elmi ilə
dilçilik və hərbi lüğət, terminologiya ilə maraqlanmış, bu sahədə çox uğurlu
axtarışlar aparmışdır. Əlli ilə qədər qürbətdə, yad bir iqlimdə yaşayan general hərbi
lüğətini nəşr etdirməyə imkan tapmamışdır. Onu da etiraf etməliyik ki, generalın
hərbi lüğəti ilə bəstəkarın hərbi lüğəti arasında böyük fərq var. Üzeyir bəyin hərbi
lüğəti hərb sənətinə ilkin maraq göstərənlər üçün hazırlanmışdır. O, siyasi, hüquqi,
iqtisadi və hərbi lüğətdir. Burada izahlar aydın və sadə sözlərlə verilmişdir.
Generalın lüğətində isə onların bəzilərindən istifadə olunmamışdır. Məsələn:
Admiral Əmir ül-bəhr, ataman - qazax bəyi, vaxmistr - baş çavuş, voevoda qoşun
rəisi, qvardiya - xassə qoşunu, qərb - tüğra, yefreytor - onbaşı və s.
General Əliağa Şıxlinskinin hərbi lüğətini isə mütəxəssislər sırf elmi əsər
kimi qiymətləndirirlər. O, hərb elminin mütəxəssisləri üçün yazılmışdır. 1907-
ci ildə “İrşad”, “Bakinskiy den”, “Təzə həyat” qəzetləri Üzeyir bəyin lüğəti
haqqında çox doğru olaraq yazırdılar ki, bu lüğət müsəlman qəzetə oxuyanlara çox
böyük kömək göstərəcəkdir.
Üzeyir bəyin “Lüğət”inə yüksək qiymət verənlərdən biri də akademik
Heydər Huseynov olmuşdur. Akademikin fikrincə, “...Üzeyir bəy Hacıbəyov bu
lüğəti ilə mədəniyyətimiz tarixində irəliyə bir addım atmışdır. Öz lüğətində bir sıra
ictimai-siyasi istilahları izah və şərh edərkən, zəmanəsinə görə olduqca doğru və
düzgün cavablar vermişdir”.
Doğrudan da, iyirmi iki yaşlı gənc müəllim Üzeyir bəyə xalq arasında
yayılmış hərbi istilah və sözləri ilk dəfə xalqına çatdırmaq xoşbəxtliyi nəsib
olmuşdu.
Fərəhləndirici haldır ki, ilk nəşrindən səksən yeddi il keçməsinə
baxmayaraq, Üzeyir bəy Hacıbəyovun hərbi lüğəti bu günümüz üçün də gərəkdir.
Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə, habelə terminologiya ilə
maraqlananlara qiymətli bir vəsaitdir.
“GENERAL TAĞIYEV” MARŞI
“Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün elədiyi xidmətlərini
durub burada saymaq fikrinə düşsək, heç olmasa bir ay qəzetimizi ancaq elə bu
təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik”.
Məşhur naşir Haşım bəy Vəzirov bu sətirləri 1907-ci il aprelin 10-da “Təzə
həyat” qəzetində dərc etdirmişdi. Əsrin əvvəllərində Tağıyev bütün dünyada
Qafqaz müsəlmanlarının fəxri kimi tanınırdı. Onun xalqımıza göstərdiyi əvəzsiz
xidmətlərini bu gün də saymaqla qurtarmaz. Məktəblər açdıran, su kəməri
çəkdirən, teatr binası tikdirən, mülklər inşa etdirən Azərbaycanın ictimai, iqtisadi
işlərinin başında duran ilkin şəxs Hacı Zeynalabdin Tağıyev idi. Və nəhayət, bu
günlərdə məlum oldu ki, xalqına general kimi xidmət edənlər sırasında Hacı
Zeynalabdin Tağıyev də olub. Əlbəttə, bəzi oxucular Hacının general olmasına
şəkk-şübhə edəcək. Amma ağıllı oxucu dərhal anlayacaq ki, Hacının xalqa xidməti
hər bir generalın xidmətindən qat-qat mənfəətli və xeyirli olub. Şərt nə zər-paqon
daşımaqdı, nə də cəbhədə vuruşmaq. Hacı bütün sahələrdə, mülki geyimdə
xalqının generalı olub.
Milli ayrı-seçkiliyə fərq qoymayan Tağıyev işində, əməlində böyük bir
şəxsiyyət olduğunu əyani olaraq göstərmişdir. Xüsusilə, müsəlman dindaşlarının
nəfinə xeyriyyə işlərinə külli miqdarda qızıl və pul xərclədiyinə görə səxavətli
Hacıya imperator II Nikolay 1907-ci ildə, yanvarın 25-də həqiqi dövlət müşaviri
ali rütbəsi vermişdir. Bu da kontr-admiral, general və oberprokuror rütbələrinə
bərabərdi.
Xalqına etdiyi əvəzsiz xidmətlərinə görə 1900-cü ildə Hacı Zeynalabdin
Tağıyevin nəsli fəxri vətəndaş adına və senatın 1910-cu il 8 fevral tarixli fərmanı
ilə zadəgan rütbəsinə layiq görülür.
Hələ sağlığında Tağıyevə çoxlu şer, publisistik və nəsr əsərləri yazılıb.
M.V.Kneydin adlı müəllif isə “General Tağıyev” marşı bəstələmişdir. Marşın
mətnini də bəstəkar özü yazmışdır.
General Hacı Zeynalabdin Tağıyevin şərəfinə yazılan nadir not bəstəkar
dostum Tofiq Babayevin ailə arxivindən 1991-ci ildə aşkar edilmişdir. Təəssüf ki,
notun yazılma və bəstələnmə tarixini dəqiqləşdirmək mümkün olmadı. Üz
qabığındakı yazıdan aydın olur ki, “General Tağıyev” mahnısı Bakıda və Kiyevdə
ifa olunmuşdur. Ümid edirik ki, doxsan ilə yaxın “əsir” qalan “General Tağıyev”
mahnısı bəstəkarlarımız tərəfindən yenidən işlənib ifa olunacaq.
1991-ci il.
ƏLİAĞA VAHİDİN “MEYXANA”SI
Mərhum maarif xadimi Vəli ağa Dilbazi görüşlərimizin birində mənə belə
bir əhvalat danışmışdı:
... 1918-ci ildə yeni yaranan Azərbaycan Milli Ordusunun ikinci piyada
diviziyası Xaçmazda yerləşdirilmişdi. Ərzaqla, geyimlə pis təmin olunan əsgərlər
qaçıb dağılırmış. O vaxt gənc şair olan Əliağa Vahidi Xaçmaza göndərirlər ki,
əsgərlərin qaçmaması üçün təbliğat aparsın.
Əliağa Vahid də Xaçmaza gəlir, əsgər və zabitlərin güzəranı ilə tanış olur və
şahidi olduğu faktlardan “Meyxana” adlı şer yazır. Uzun illər keçməsinə
baxmayaraq onun bircə bəndi Vəli ağa Dilbazinin yadında qalmışdı.
Dərdini insan necə bəs açmasın?
Əzəldən pisdir havası Xaçmazın.
Əsgər it oğlü neyləsin, qaçmasın,
Ölür soyuqdan, necə bəs dolansın?
Bu günlərdə bukinist kitab mağazasından Əliağa Vahidin 1954-cü ildə
“Azərnəşr” tərəfindən buraxılmış “Qəzəllər” kitabını aldım. İki cildliyinə və başqa
heç bir kitabına düşməyən “Meyxana” şerinə burda rast gəldim. Qəribədir, yetmiş
yeddi il bundan əvvəl yazılmış şerin bəzi bəndləri günümüzlə necə də səsləşir.
Doktora rüşvət verib əsgərliyə getməyən milyoner oğulları, qız kimi
bəzənib gəzən boynuyoğunlar, orduya kömək lazımdı deyəndə sımsığını sallayan
dövlətlilər tənqid olunur.
Bir tərəfdən də şeri oxuyanda qürur hissi keçirirsən ki, o vaxtkı əsgərin pis
güzəranı, bəzi zabitlərin kobudluğu bu günkü nizami ordumuzda yoxdur.
Zənnimcə, “Meyxana” şerinin təkrar dərci ona görə lazımdır ki, düşmənlə
üz-üzə dayandığımız bu ağır gündə metro stansiyalarının qabağında saqqız, siqaret
satan, həkimlərə rüşvət verib yalançı xəstəlik kağızı alan bəzi gənclərimiz bəlkə bu
şerdən vətənpərvərlik dərsi aldılar.
MEYXANA
(1918-ci ildə musavat əsgərlərinin
acınacaqlı vəziyyətləri haqqında
deyilmişdir.)
Hər kəs olur əsgər ilə zidd, döyür,
Baş çavuş şeytanlayır, zabit döyür,
Zalımın oğlu elə bil it döyür;
Canı çıxıncan, necə bəs dolansın?
Əsgərliyə düşməyibdir Təhmasib,
Milyoner oğludur, deyildir kasıb;
Altıca min doktora rüşvət basıb,
Kasıb lüt-üryan necə bəs dolansın?
Gəncəyə get, xəstəxana qapısın aç,
Xəlvətə sal, azarlını götür, qaç!
Yoxsul olan xəstəyə baxmır vraç,
Yazıq verir can, necə bəs dolansın?
Qız kimi zabit bəzənibdir özü,
Çarıqlı əsgərləri görmür gözü.
Əsgər əgər söyləsə paltar sözü,
Baş, göz olur qan, necə bəs dolansın?
Desək əgər az qalıbdır ilimizə,
On bir aydır ət dəyməyib dilimizə;
Bir yekə daş bağlanacaq belimizə,
On altı batman, necə bəs dolansın?
Dərdini insan necə bəs açmasın?
Əzəldən pisdir havası Xaçmazın,
Əsgər it oğlu neyləsin, qaçmasın,
Ölür soyuqdan, necə bəs dolansın?
Qazarmaya baxanda zəhlən gedir,
Pol, pataloq yox, elə bir töylədir.
Əsgərlərin bit yaxasından gedir,
Mitilli yorğan, necə bəs dolansın?
Qızıl da yoxdur ki, sataq sərrafa,
Undan ötrü yalvarırıq əllafa,
Məhəllə baqqalı gəlmir insafa;
Yoxsul acından necə bəs dolansın?
Bir evimiz var qapsında yoxdur zamok,
Hay deməmiş dum da gəlir: “Vernaloq!”
Nə pul vardır, nə şey var, qoyaq zaloq,
Bu evi viran, necə bəs dolansın?
Kasıb avamdır, nə desən allanar,
Varlıya dəymə, sımsığı sallanar,
Bəs bizim axır bu yazıq mollalar
Olmasa ehsan, necə bəs dolansın?
Bir kişi gördüm ki, deyir maşında,
(Olardı əlli-əlli beş yaşında)
Raboçilər əyləşsə iş başında –
Sahibi milyon necə bəs dolansın?
Dövlətlilər bir ev tikib kiracdan,
Kasıblarla olmayırlar qracdan.
Çaxır butulkasın asıb ağacdan,
Gündə lül-piyan, necə bəs dolansın?
37-nin general qurbanları
Yüksək sərkərdəlik qabiliyyətini Müsavat ordusunda qazanmış
general Qambay Vəzirov, Cəmşidxan Naxçıvanski, polkovnik Seyfulla Mehdiyev,
Murtuz Talıbzadə, Məmməd Veysov və başqaları otuzuncu illərdə hərbin çətin
yollarında surətlə irəliləyir və milli diviziyalara komandirlik edirdilər. Onlar qeyri-
adi bacarığa malik olan hərbçi oğullarımız Səmədbəy Mehmandarov, Əliağa
Şıxlinski, Məmməd bəy Sulkeviç, İbrahim ağa Vəkilov, Şahzadə Əmir Kazım xan
Qacar, Həbib bəy Səlimov kimi qüdrətli generallarımızın şinelindən “çıxmışdılar”.
Azərbaycan sərkərdələrinin ildırım surətli irəliləyişi Sovet imperiyasında
yuxarı dairənin narahatlığına səbəb oldu. Onları məhv etmək üçün hərəsinə bir
qara yaxdılar: pantürkçü, müsavat zabiti, trotski-zinovyevçi və daha nələr...
Sibir və Solevetski adalarına azərbaycanlı zabitlərin ucdantutma sürgünü
başlandı. Yüksək rütbəlilər - generallarımız isə həbs edilib dar zindanlarda
güllələndilər. Milli Azərbaycan diviziyaları isə ləğv edildi.
Böyük Vətən müharibəsi başlananda 1 rus diviziyalarının tərkibində döyüşən
azərbaycanlı əsgər və zabitlər addımbaşı diləgəlməz bir söyüşlə təhqir olunur,
güllələnirdilər. Onda (1942-ci ildə) ömrünün son aylarını yaşayan məşhur
generalımız Əliağa Şıxlinskinin təklifi ilə milli diviziyalar təşkil olundu.
Acınacaqlı haldır ki, “respublikanın sahibi” M.C.Bağırov məhz onda ayıldı
ki, bu milli diviziyalara komandanlıq etmək üçun bir nəfər belə azərbaycanlı
general qalmayıb, hamısı güllələnib...
Otuz yeddinci ildə günahsız həbs olunub güllələnən hərbi
xadimlərimizin acı taleyi məni çoxdan düşündürürdü. O illərdə ən mahir
sərkərdə oğullarımız vicdansızcasına məhv edilib, istintaq zamanı onları
ağlasığmaz vəhşiliklə döyüb bir-birinin üzunə dirəndiriblər. Nə respublikada, nədə
Azərbaycan diviziysında “əksinqilabitəşkilat” olmaya-olmaya onlardan iftiraçı,
yalan ifadələr alıblar. Bunların hamısı zorla, qeyri-insani işgəncələrin və
amansız cəzanın tətbiqi sayəsində əldə olunmuşdur.
Repressiyaya məruz qalmış belə hərbiçilərin oğlu, qızı, həyat yoldaşına
yaxın-uzaq qohumları mənə onların çəkdiyi dəhşətli əzablardan danışanda istər-
istəməz Fyodor Dostoyevskinin “Heyvan heç vaxt insan qədər qəddar ola bilməz,
insan qədər mahir və yaradıcı qəddarlıq edə bilməz”, - sözlərini xatırlayırdım.
Əziz oxucu, əgər vaxt tapıb bu yazıları oxuya bilsən hərbçi oğullarımızın
dözülməz əzablarla məhv edildiyinin şahidi olacaqsan.
GENERAL-MAYOR QAMBAY
VƏZİROV
Əlini vurmasa oda bir nəfər,
Odun istisini necə hiss edər.
Nizami GƏNCƏVİ
Otuz yeddinci illərdə hərbçilərin tuthatutu başlananda ordu komandanı Oka
Qorodovikov marşal Semyon Budyonnıya deyir:
- Semyon, hamını bir-bir aparırlar. Bunun axırı necə olacaq?
Budyonnı təmkinini pozmadan cavab verir:
- Hamını yox, yalnız ağıllıları aparırlar. Bu, nə sənə, nə də mənə aid deyil...
Bu epizodu oxuyanda istər-istəməz həmin illərin günahsız qurbanları olan
hərbçi oğullarımızı xatırladım. Diviziya komandiri general-mayor Qambay
Vəzirov, briqada komandiri Cəmşidxan Naxçıvanski, komissar Heydər Vəzirov,
Cabir Əliyev, polkovnik Seyfulla Mehdiyev, Cəlil Əliyev, Murtuz Talıbzadə,
komissar Şəmistan Əyyubov və onlarca başqaları belə ağıllı, bacarıqlı sərkərdələr
idi... İyirmi-otuzuncu illərdə milli hərbi kadrların hazırlanmasında, Vətənimizin
müdafiə qüdrətinin möhkəmləndirilməsində bu sərkərdələrimizin danılmaz
xidmətləri olub. Onların arasında Qambay Vəzirovun xüsusi yeri var. Bu igid
komandir Azərbaycan hərb tarixinə beş cəsur general bəxş edən Naxçıvandakı
nüfuzlu Kəngərli nəslindəndir.
Ömrünün otuz səkkizinci baharında həbs edilən Qambay Məmməd oğlu
Vəzirov 1899-cu il avqustun 19-da Ermənistanın Gümrü
49
(indiki Leninakan
şəhəri) şəhərində anadan olmuşdur. İlk yeddi illik təhsilini İrəvan gimnaziyasında
alan Qambay on səkkizinci ildə səfərbər olunaraq altı ay Türkiyədə işləmişdir.
1919-cu ildə Azərbaycan Demokratik Respublikası milli ordusunda və hərbiyyə
məktəbini bitirən Qambay iyirminci ildən iyirmi ikinci ilə kimi Qazaxda,
Cəbrayılda və Qarabağda bolşevizm əleyhinə mübarizə aparan daşnaklara qarşı
döyüşlərdə vuruşmuşdur.
Bəs iyirminci ildə bolşevik ordusuna könüllü keçən, sonralar general-mayor
ali rütbəsi verilən və diviziya komandiri kimi məsul vəzifə tapşırılan Qambay
Vəzirovun otuz yeddinci ildə günahı nəydi?
Arxiv sənədlərində göstərilir ki, guya o, terrorçu-əksinqilabi milli təşkilatın
rəhbəri olub. Təşkilatın əsas məqsədi silahlı üsyan təşkil etməklə Bakı
qarnizonunun və 77-ci diviziyanın zabitlərini üsyana qaldırıb Azərbaycanı SSRİ-
dən ayırmaq idi.
Bunların hamısının yalan və iftira olmasını gec də olsa tarix özü sübut
elədi.Ancaq diqqətlə təhlil edib, fikirləşəndə belə qənaətə gəlirsən ki, Qambay
Vəzirov kimi istedadlı sərkərdənin “günahı” hərbi pillələri sürətlə keçməsində
olmuşdur. Hələ tör-töküntüsü qalan, özümüzdə mühüm vəzifələr tutan daxili
düşmənlərimiz bundan qorxuya düşürdülər. Axı, Qambay həm də vaxtilə musavat
ordusunda sıravi əsgər kimi xidmət etmişdi. Bir də, həmin illərdə Qarabağda,
Qazaxda daşnak ünsürlərinin məhv edilməsində yaxından iştirak etmişdi. İndi,
1937-ci ildə Azərbaycanda XDİK DTİ beşinci şöbəsinin rəisi Avanesyan ondan
heyfini alırdı. Qambay Vəzirovu həbs etdirən və yalançı ittihamnamələrlə
güllələtdirən də daşnak Avanesyan olmuşdur. Akademik Ziya Bünyadovun otuz
yeddinci ildə güllələnmiş kapitan Kəbi Saniyev haqqında “13896 nömrəli istintaq
işi” adlı məqaləsindən bir epizodu oxuyanda adam istər-istəməz ürək ağrısı keçirir.
1955-ci il sentyabrın ikisində SSRİ Baş Prokurorluğunun prokuroru keçmiş
canilərin birindən soruşmuşdur:
“ Sual: - Söyləyin görək, sizin Azərbaycan SSR XİDK-də işlədiyiniz dövrdə
məhbuslara qarşı cəza tədbirləri tətbiq olunurdumu?
49
Sоn vахtlаrа qədər Qаmbаy Vəzirоvun Nахçıvаndа аnаdаn оlduğu göstərilirdi. İstеfаdа оlаn pоlkоvnik
R.Zеynаlоvun tаpdığı аrхiv sənədlərindən məlum оlmuşdur ki, аtаsı Мəmməd Gümrüdə işlədiyinə görə, Qаmbаy
оrаdа аnаdаn оlmuşdur - müəl.
Cavab: - Məhbuslara cəza tədbirləri (repressiya) mənim rəhbər olduğum
şöbədə tətbiq olunurdu, amma konkret olaraq kimə, - indi deməyə çətinlik çəkirəm.
Amma yadımdadır ki, Azərbaycan diviziyasının Siyasi şöbə rəisi Əliyev Cabiri
döyürdülər. Başqa familiyalar yadımda deyil. Əliyevi ondan ötrü döyüb
əzişdirirdilər ki, o, istintaqa lazım olan ifadələr versin, yəni Vəzirov, Axundov və
başqaları tərəfindən idarə edilən “əksinqilabi mərkəz” haqqında ifadələr olsun.
Sual: - Qambay Vəzirovu tanıyırsınızmı?
C avab: - Tanıyıram. O, Azərbaycan diviziyasının komandiri idi. O, bizim
şöbə tərəfindən həbs edilmişdi. Onun işini şəxsən beşinci şöbənin keçmiş rəisi
Avanesyan aparırdı. Qambay Vəzirovu dindirmələr zamanı bərk döyürdülər. Onu
Avanesyan şəxsən mənim və şöbənin başqa əməkdaşlarının yanında döyürdü.
Avanesyan Qambayı şallaqla döyüb ondan tələb edirdi ki, o, özünün əksinqilabi
millətçi mərkəzində iştirakı haqda ifadə versin. Qambay əvvəlcə özünü müqəssir
bilmədi, döyüləndən sonra isə hər şeyi boynuna alıb lazımi ifadələr verdi. Mən
Vəzirov Qambayı döyməmişəm, amma bir daha deyirəm ki, Avanesyanın onu
döyməsinin şahidiyəm.
Sual: - Vəzirov Qambayın həbs edilməsi və məhkum olunması əsaslı idimi?
Cavab: - O zamankı, mən bildiyim işlərin arasında heç bir diqqətə layiq iş
yox idi. O işlərin hamısı məhbuslara zorluğun, işgəncələrin tətbiq olunması ilə
quraşdırılıb və o işlərin hamısı qeyri-obyektiv idi. O cümlədən Vəzirov Qambayın
işi də ondan və başqa həbs edilmiş adamlardan zorla və işgəncələrlə alınmış yalan
ifadələr üzərində quraşdırılıb. İstintaq zamanı məhbuslar dəfələrlə bu ifadələri rədd
edirdilər, amma onların bu ifadələri işlərinə tikilmir, məhv olunurdu. İşlərə yalnız
o ifadələr tikilirdi ki, onlar istintaq üçün faydalı idi. Həbs edilənlərin başqa
ərizələri və rədd cavabları da heç vaxt işlərinə tikilmirdi”.
Qambay Vəzirov tək həbs olunmamışdı. Onunla birlikdə Azərbaycan
diviziyasından qırx nəfər, Respublika Hərbi Komissarlığından iyirmi nəfər yüksək
rütbəli azərbaycanlı zabit həbs olunub “əksinqilabi hərbi təşkilatın üzvləri” kimi
günahsız olaraq güllələnmişlər.
1937-ci il oktyabrın on üçündə 77-ci Azərbaycan diviziyasının komandiri,
general-mayor Qambay Vəzirovu güllələdilər. Bu güllə təkcə Qambaya yox,
Azərbaycanın hərb tarixinə dəydi. Onun şəxsində biz Azərbaycanın ən yaxşı
sərkərdələrindən birini itirdik. Deyirlər, məşhur generalımız Əliağa Şıxlinski onun
güllələnmək xəbərini eşidəndə qırx gün yas saxlamış və niyə bikef olduğunu
soruşanlara “oğlum Qambay güllələnib, belim qırılıb” - cavabını verirmiş.
General-mayor Qambay Vəzirov həbs ediləndən sonra Azərbaycan
diviziyasında qadınlar şurasının sədri işləyən həyat yoldaşı İzzət xanım Qiyasbəyli
- Vəzirova və yeganə övladı Yavuz da həbs edilib Qazaxıstana sürgün olunurlar.
Səkkiz illik Qazaxıstan sürgünündən xəstə qayıdan İzzət xanım 1976-cı ildə
Bakıda vəfat edir.
1937-ci il oktyabrın 22-də İzzət xanım İsmayıl ağa qızı Vəzirova Bakıda
ümumi həbsxanada saxlanılmışdır. Onu səkkizinci şöbənin baş müfəttişi, dövlət
təhlülkəsizlik leytenantı Moşeçkov dindirmişdir.
Dostları ilə paylaş: |