“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Milli
Aviasiya Akademiyası
Sərbəst iş № 1
FƏNN: Azərbaycan dilində İşgüzar və Akademik Kommunikasiya
FAKÜLTƏ: Fizika Texnologiyaları
QRUP: 2573 a
TƏLƏBƏ: Həsənli Türkel
MÜƏLLİM: Zeynalova Aygün
Azərbaycan dili qədim dillərdən biridir. Azərbaycanlıların ümumi ünsiyyət vasitəsi olan Azərbaycan dili tarixən heç də həmişə bu adı daşımamışdır. Qədimlərdən ta əsrimizin 30-cu illərinə qədər o, türk dili adı ilə tanınmışdır. XIX əsrdən Azərbaycan dilinə aid əsərlərdə, çarın rəsmi dövlət sənədlərində və ayrı-ayrı şəxslərin məktub və xatirələrində Azərbaycan dili müxtəlif adlarla adlandırılmışdır: “türk dili”, “türk-tatar dili”, “türk-Azərbaycan dili”, “tatar dili”, “tatar-Azərbaycan dili”, “Qafqaz-tatar ləhcəsi” və s. 30-cu illərdən isə konkret desək, 1936-cı ildən intensiv olaraq Azərbaycan dili adlandırılır.
Azərbaycan dili Azərbaycanda xalqlararası ünsiyyət vasitəsidir. Belə ümumi kommunikativ funksiya daşıması xüsusiyyəti onun tarixi təcrübəsindən irəli gəlir. Belə ki, Azərbaycan dili bir zamanlar (XIX əsrin ortalarına qədər) xalqlararası dil rolunu da oynamışdır. Dağıstan xalqları bu dildən uzun müddət ümumi ünsiyyət vasitəsi kimi istifadə etmişlər.
Azərbaycan dili olduqca qüdrətli bir dildir. Dünyanın hər bir dilindən asanlıqla bu dilə tərcümə etmək olur. Bunun əksini də demək olar: Azərbaycan ədiblərinin, görkəmli elm və mədəniyyət xadimlərinin əsərləri dünyanın ən nüfuzlu, beynəlmiləl dillərinə heç bir çətinlik olmadan tərcümə edilir.
XIX əsrdə Avropada geniş yayılmış fransız dilini Azərbaycan dili ilə müqayisə etsək, bizim dilimizin də Avroasiyanın hər yerində yüksək qiymətləndirildiyini görərik. Lermontov Azərbaycan dilinin Şərqdəki mövqeyini fransız dilinin Avropadakı nüfuzuna bərabər tutur: “Tatarca (azərbaycanca) öyrənməyə başlamışam, bu dil burada və ümumiyyətlə, Asiyada, fransız dili Avropada vacib olan qədər lazımlıdır. Təəssüf ki, indi öyrənib başa çatdıra bilməyəcəm, sonra lazım ola bilərdi”.
Azərbaycan dilinin inkişaf mərhələləri. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb inkişaf yolu keçmişdir. Azərbaycan dilinin inkişaf tarixini iki mərhələyə ayırmaq olar:
1) IX əsrdə formalaşmış “Kitabi-Dədə Qorqud”dan XVI əsr Füzuli dilinə qədər olan mərhələ;
2) XVI əsrin sonu və XVII əsrin əvvəllərindən bu günə qədər olan mərhələ.
Dilimizin inkişafında I mərhələ. Bu mərhələdə dilimizin mükəmməlliyi və zənginliyi tam mənzərəsi ilə Nəsiminin (XIV əsr) və Füzulinin (XVI əsr) dilində əks olunur. Bu dövrün şifahi xalq yaradıcılığının da dilinə aid nümunələr mövcuddur.
Azərbaycan dilinin XIV-XVI əsrlərdəki yüksəlişi ölkənin ictimai-siyasi və mədəni həyatının inkişafı və dövlət quruculuğu işinin milli zəmində güclənməsi, nəhayət, mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması ilə sıx surətdə bağlıdır. Mövcud siyasi şərait nəticəsində ana dilimiz ilk dəfə dövlət dili səviyyəsində işlədilməyə başladı. Sarayda, qoşun içərisində və qismən diplomatik yazışmalarda Azərbaycan dili işlədilirdi.
Dilimizin inkişafında II mərhələ. XVI əsrin sonu və XVII əsrin əvvəllərindən Azərbaycan dilinin inkişafında yeni mərhələ başlayır. Bu dövrlərdən dilimizin əsas lüğət fondu, qrammatik quruluşu və fonetik tələffüz norması müəyyənləşir. XVIII əsrin sonları XIX əsrin əvvəllərindən dilimizdə rusAvropa sözləri işlənməyə başlayıb. Bu dəyişmə tarixi-mədənisiyasi şəraitlə bağlı baş verib. Nəsillər arasındakı anlaşmada da heç bir çətinlik yox idi. XVIII əsrdə yaşayan azərbaycanlılar XVII əsrdə yaşayanların, XIX əsrdə yaşayanlar XVII-XVIII əsrdəkilərin, XX ərdəkilər XVII-XIX əsrdəkilərin dilini sərbəst, bugünkü azərbaycanlıların bir-biri ilə ünsiyyət saxladığı səviyyədə başa düşüblər.
Azərbaycan dilinin geneoloji və tipoloji xüsusiyyətləri. Azərbaycan dili ümumtürk dilinin diferensiasiyası nəticəsində təşəkkül tapmışdır. Bu isə o deməkdir ki, Azərbaycan dili ümumtürkcənin varisidir. Demək, dilimiz istər tarixi formalaşma prosesi, istərsə də geneoloji və tipoloji baxımından türk dillərinin ayrılmaz bir qoludur.
Bir kökdən törəyən dillər qohum dillər adlanır. Qohum dillərin hamısına dil ailəsi deyilir. Geneoloji əlaməti cəhətdən Azərbaycan dili türk dilləri ailəsinin Oğuz qrupuna mənsubdur.
XVI əsrdən etibarən Azərbaycan dili milli dil kimi formalaşmış və Oğuz qrupuna mənsub başqa dillərdən fərqli orijinal xüsusiyyətlərə malik olmuşdur.
Tipoloji (morfoloji quruluşu) xarakteri baxımından da Azərbaycan dili türk dilləri ailəsinə daxildir.
Azərbaycan dilinə dövlət qayğısı. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində qurulması zərurəti meydana çıxmışdır. Ona görə də, son illərdə Azərbaycan dilinin ayrı-ayrı sahələri ilə bağlı xeyli sayda araşdırmalar aparılmışdır. Müasir Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.
Hazırda Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin leksik fondu, geniş ifadə imkanları vardır.Vətənimiz Azərbaycanın dünyaya, Avropa ölkələrinə inteqrasiyası bütün sahələrdə tərəqqi ilə müşahidə olunur. Istər təhsil sahəsində, istərsə də mətbuatımızdakı inkişaf, canlanma və yeniləşmə nitq mədəniyyətinə də təsirsiz ötməmişdir. Ədəbi dilimizlə yanaşı, danışıq dilimiz də inkişaf edərək xalqın başa düşdüyü “kütləvi anlaşma” dilinə çevrilmişdir.
Dostları ilə paylaş: |