Ölçmələrin vəzifəsi – təcrübə yolu ilə xüsusi vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin tapılması və onların qəbul olunmuş vahidlərlə ifadə edilməsindən ibarətdir.
Ölçmə cihazları – müşahidəsinin bilavəsitə qəbul edə bildiyi formada ölçmə informasiyası siqnalları, yəni ölçülən fiziki kəmiyyətlə funksional əlaqəli olan siqnallar yaradan ölçmə vasitələrinə deyilir.
Ölçmə cihazları iş prinsipinə və konstruktiv quruluşuna görə çox müxtəlifdir.
Göstərişləri ölçülən kəmiyyətin dəyişmələrinin kəsilməyən funksiyası olan olçmə cihazlarına analoq cihazları deyilir.
Ölçmə informasiyasının diskret siqnallarını avtomatik yaradan və göstərişləri rəqəm formasında təsvir olunan ölçmə cihazlarına rəqəm cihazları deyilir.
Ölçmə cihazları göstərişləri oxuma və qeydetmə imkanından asılı olaraq iki qrupa ayrılır: göstərici cihazlar və qeydedici cihazlar. Əgər qeydedici ölçmə cihazı göstərişləri diaqram formasında qeyd edirsə, belə cihazlara özüyazan cihazlar deyilir. Göstərişləri rəqəm formasında çap etməyə imkanı olan qeydedici cihazlar qeydedici cihaz adlanır.
Göstərişləri ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı ilə müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır.
Dostları ilə paylaş: |