SƏRBƏST İŞ № 1
Fənn:Azərbaycan dilinə işgüzar və akademik kommunikasiya
Mövzu: Prezident İlham Əliyevin dil siyasəti
Fakültə:Fizika texnologiyaları
İxtisas: Mexatronika və robototexnika
Qrup:2573a
Tələbə: Sunay Səfərli
Müəllim: Zeynalova Aygün
BAKI 2023
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin
daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı xalqımızın ana dilinin ədəbi dil
səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin
davamlığının və mükəmməlliyinin daha bir təzahürüdür. Ölkənin geniş
ictimaiyyəti, ziyalılar, eləcə də filoloqlar bu sənədi dilimizin geniş işləkliyinin və
saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa
dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü
kimi qarşılamışlar.
Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər
sistemində ən qiymətli sərvətimizdir. Xalqımız öz dilini, dilimiz isə onu yaşadan
xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Xalqımızın milli varlığının ən
başlıca əlaməti və daşıyıcısı olan Azərbaycan dilinin qorunub zənginləşdirilməsi
uğrunda mübarizə milli istiqlal mücadiləsinin, dövlətçiliyin dirçəldilməsi və bərpası
uğrunda ümumxalq mübarizəsinin ən önəmli cəbhələrindən biri olmuşdur.
Eyni zamanda, Azərbaycan dövləti də ana dilinin mövqeyinin ali mərtəbəyə
çatdırılmasını öz mövcudluğunun və əbədiliyinin ciddi əsaslarından biri olaraq himayə
edir. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər
Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövrü, ulu öndərin ideya və əməllərinin
sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi son 15 illik fəaliyyəti ana
dilimizə müstəsna sayğının və onun dövlət dili statusunun yüksək səviyyədə təmin
edilməsinin məmnunedici örnəkləri ilə zəngindir.
Milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində
mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki
inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti,
mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam
mənada
gerçəkləşdirilməsinə,
suverenliyimizin
əsaslarının
daha
da
möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və
ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə xatırladaraq demişdir: “Bizi
millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi
görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına,
mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq, onun
fəzilətlərindən söz açır.
Dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70
illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində də dövlət dilinin kənar təsirlərdən
qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd etmiş, lüzumsuz yerə
dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirmişdir. Azərbaycan
Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata
keçirir.
Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması
və zənginləşdirilməsi ilə bağlı kompleks məsələləri daim nəzarətdə saxlayan ölkə
başçısının tapşırığı ilə ötən ilin oktyabrında dövlətin dil siyasətini icra edən qurumların
və aparıcı media vasitələrinin rəhbərlərinin, tanınmış ziyalıların iştirakı ilə keçirilən
“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda
konfransda ana dilimizin normal inkişafına əngəl törədən nöqsanlar ciddi pisləndi.
Həmin toplantıda dövlət dilinin qorunub inkişaf etdirilməsinə yönəldilmiş qanun,
fərman, sərəncam və proqramlarda əksini tapmış müddəaların gerçəkləşdirilməsi ilə
bağlı ölkə rəhbərinin narahatlığına, mediada ədəbi dil normalarına sayğısızlıqla
əlaqədar geniş ictimaiyyətin narazılığına səbəb olan məsələləri dilçi alimlər, Milli
Məclisin deputatları, kütləvi informasiya vasitələri rəhbərləri və nümayəndələri ətraflı
araşdırdılar, ¬mövcud nöqsanları tezliklə aradan qaldırmaq üçün əsaslı təkliflər
səsləndirdilər.
Azərbaycan dilinin dövlət dili olaraq cəmiyyətdə yüksək məqama çatdırılmasını
hədəfə alan növbəti prezident fərmanında, ilk növbədə, ana dilimizə davamlı və təsirli
dövlət qayğısının uğurları qeyd edilmiş, bununla yanaşı, həlli vacib məsələlər də əksini
tapmışdır.
Fərmanda göstərildiyi kimi, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa
etdikdən sonra ana dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni
həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi
maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli lider Heydər Əliyevin
rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul
edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası
Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18
iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin
hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri
müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki
bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il
9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin
təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli
sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Terminologiya
Komissiyası
haqqında
Əsasnamə”nin
təsdiq
edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli
Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi
araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.
Fərmanda haqlı olaraq göstərilir ki, müasir Azərbaycan dili mükəmməl
qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla
yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi
halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet
resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud
şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət
danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi
hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil
pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər
görməyə imkan vermir.
Dövlətimizin günün zəruri tələbindən irəli gələn növbəti dil sənədində
Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti qarşısında konkret
vəzifələr də qoyulmuşdur. İnanırıq ki, hökumət və səlahiyyətli icra orqanları fərmanda
əksini tapmış Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi
informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil
normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan
Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi
şəxs yaradılması; Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan
dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə
bağlı Tədbirlər Planı”nın və qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin
hazırlanması ilə bağlı məsələləri vaxtında və yüksək səviyyədə həyata keçirəcəkdir.
Dostları ilə paylaş: |