SəRBƏst iŞ №1



Yüklə 179,62 Kb.
Pdf görüntüsü
tarix19.10.2023
ölçüsü179,62 Kb.
#157348


SƏRBƏST İŞ № 1
 
Fənn:Azərbaycan dilinə işgüzar və akademik kommunikasiya 
Mövzu: Prezident İlham Əliyevin dil siyasəti 
Fakültə:Fizika texnologiyaları 
İxtisas: Mexatronika və robototexnika 
Qrup:2573a 
Tələbə: Sunay Səfərli 
Müəllim: Zeynalova Aygün
BAKI 2023 


“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin 
daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası 
Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı xalqımızın ana dilinin ədəbi dil 
səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin 
davamlığının və mükəmməlliyinin daha bir təzahürüdür. Ölkənin geniş 
ictimaiyyəti, ziyalılar, eləcə də filoloqlar bu sənədi dilimizin geniş işləkliyinin və 
saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa 
dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü 
kimi qarşılamışlar.
 
Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər 
sistemində ən qiymətli sərvətimizdir. Xalqımız öz dilini, dilimiz isə onu yaşadan 
xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Xalqımızın milli varlığının ən 
başlıca əlaməti və daşıyıcısı olan Azərbaycan dilinin qorunub zənginləşdirilməsi 
uğrunda mübarizə milli istiqlal mücadiləsinin, dövlətçiliyin dirçəldilməsi və bərpası 
uğrunda ümumxalq mübarizəsinin ən önəmli cəbhələrindən biri olmuşdur. 
Eyni zamanda, Azərbaycan dövləti də ana dilinin mövqeyinin ali mərtəbəyə 
çatdırılmasını öz mövcudluğunun və əbədiliyinin ciddi əsaslarından biri olaraq himayə 
edir. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər 
Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövrü, ulu öndərin ideya və əməllərinin 
sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi son 15 illik fəaliyyəti ana 
dilimizə müstəsna sayğının və onun dövlət dili statusunun yüksək səviyyədə təmin 
edilməsinin məmnunedici örnəkləri ilə zəngindir. 
Milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində 
mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki 
inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti
mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam 
mənada 
gerçəkləşdirilməsinə, 
suverenliyimizin 
əsaslarının 
daha 
da 
möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir. 
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və 
ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə xatırladaraq demişdir: “Bizi 
millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. 
Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi 
görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, 
mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq, onun 
fəzilətlərindən söz açır. 
Dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 
illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində də dövlət dilinin kənar təsirlərdən 
qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd etmiş, lüzumsuz yerə 
dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirmişdir. Azərbaycan 
Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata 
keçirir. 


Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması 
və zənginləşdirilməsi ilə bağlı kompleks məsələləri daim nəzarətdə saxlayan ölkə 
başçısının tapşırığı ilə ötən ilin oktyabrında dövlətin dil siyasətini icra edən qurumların 
və aparıcı media vasitələrinin rəhbərlərinin, tanınmış ziyalıların iştirakı ilə keçirilən 
“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda 
konfransda ana dilimizin normal inkişafına əngəl törədən nöqsanlar ciddi pisləndi. 
Həmin toplantıda dövlət dilinin qorunub inkişaf etdirilməsinə yönəldilmiş qanun, 
fərman, sərəncam və proqramlarda əksini tapmış müddəaların gerçəkləşdirilməsi ilə 
bağlı ölkə rəhbərinin narahatlığına, mediada ədəbi dil normalarına sayğısızlıqla 
əlaqədar geniş ictimaiyyətin narazılığına səbəb olan məsələləri dilçi alimlər, Milli 
Məclisin deputatları, kütləvi informasiya vasitələri rəhbərləri və nümayəndələri ətraflı 
araşdırdılar, ¬mövcud nöqsanları tezliklə aradan qaldırmaq üçün əsaslı təkliflər 
səsləndirdilər. 
Azərbaycan dilinin dövlət dili olaraq cəmiyyətdə yüksək məqama çatdırılmasını 
hədəfə alan növbəti prezident fərmanında, ilk növbədə, ana dilimizə davamlı və təsirli 
dövlət qayğısının uğurları qeyd edilmiş, bununla yanaşı, həlli vacib məsələlər də əksini 
tapmışdır. 
Fərmanda göstərildiyi kimi, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa 
etdikdən sonra ana dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni 
həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi 
maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli lider Heydər Əliyevin 
rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul 
edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası 
Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 
iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi 
haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan 
Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin 
hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri 
müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin 
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin 
inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan 
Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki 
bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin 
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin 
inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 
9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin 
təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli 
sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında 
Terminologiya 
Komissiyası 
haqqında 
Əsasnamə”nin 
təsdiq 
edilməsi 
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 


Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi 
araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır. 
Fərmanda haqlı olaraq göstərilir ki, müasir Azərbaycan dili mükəmməl 
qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla 
yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi 
halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet 
resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud 
şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət 
danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi 
hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil 
pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər 
görməyə imkan vermir. 
Dövlətimizin günün zəruri tələbindən irəli gələn növbəti dil sənədində 
Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da 
təkmilləşdirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti qarşısında konkret 
vəzifələr də qoyulmuşdur. İnanırıq ki, hökumət və səlahiyyətli icra orqanları fərmanda 
əksini tapmış Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi 
informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil 
normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan 
Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi 
şəxs yaradılması; Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan 
dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə 
bağlı Tədbirlər Planı”nın və qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin 
hazırlanması ilə bağlı məsələləri vaxtında və yüksək səviyyədə həyata keçirəcəkdir. 

Yüklə 179,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin