Sərbəst iş Ad: Həsən Soyad: Mehdiyev İxtisas: Maliyyə Qrup: 678 Kurs: III fənn: Maliyyə nəzarəti və audit



Yüklə 49,09 Kb.
tarix22.05.2020
ölçüsü49,09 Kb.
#31445
Maliyyə nəzarəti

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



Sərbəst iş

Ad: Həsən

Soyad: Mehdiyev

İxtisas: Maliyyə

Qrup: 678

Kurs: III

Fənn: Maliyyə nəzarəti və audit

Sərbəst işin adı: Maliyyə nəzarətini həyata keçirənlərin və nəzarət subyektlərinin hüquq və vəzifələri



BAKI-2020

MALİYYƏ NƏZARƏTİNİ HƏYATA KEÇİRƏNLƏRİN VƏ NƏZARƏT SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Plan

  1. Maliyyə nəzarətini həyata keçirən orqanlar

  2. Maliyyə nəzarətini həyata keçirənlərin və nəzarət subyektlərinin hüquq və vəzifələri




  1. Maliyyə nəzarətini həyata keçirən orqanlar

Müstəqillik əldə edildikdən sonra Azərbaycanın sosial-iqtisadi quruluşunda və iqtisadiyyatın idarə edilməsi metodlarında baş verən köklü dəyişikliklər maliyyətəsərrüfat fəaliyyətinin idarə edilməsinin mühüm aləti olan maliyyə nəzarətinin əsaslı olaraq yeniləşməsini zəruri etmişdi. Bunun da nəticəsi olaraq bir tərəfdən mövcud nəzarət orqanları ləğv edilmiş, digər tərəfdən isə bazar iqtisadiyyatı tələblərini özündə ehtiva edən yeni qurumlar yaradılmışdır.

Bu orqanlara misal olaraq parlament yanında Hesablama Palatasını, Auditorlar Palatasını, müstəqil auditor şirkətlərini və sairəni göstərmək olar.

Azərbaycan Respublikasının Hesablama Palatası, respublika üçün əvvəllər analoqu olmayan, prinsipial olaraq yeni orqandır. Bu orqanın hüquqi statusu Azərbaycan Respublikasının Konstitutsiyasından irəli gəlir (92-ci maddə) və 1999-cu ildə qəbul edilmiş «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qanunvercilik təşəbbüsü ilə 2001-ci ildə «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanununa beynəlxalq standartlara uyğunlaşdırılma istiqamətində mühüm dəyişikliklər və əlavələr edilmişdir.

Azərbaycan Respublikasının Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.

Palata təşkilati və funksional müstəqilliyə malikdir. Mahiyyət etibarı ilə Azərbaycan Respublikasının Hesablama Palatası demokratik orqan olmaqla, öz fəaliyyətini qanunçuluq, sərbəstlik, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsipləri əsasında qurur, fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir və qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Hesablama Palatası dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.

Azərbaycan Respublikasının dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət üzrə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək Hesablama Palatasınının fəaliyyətinin əsasını təşkil edir.

Bu məqsədlə hər il Hesablama Palatası dövlət büdcəsinə, dövlət büdcəsinin icrasına dair hesabat və müvafiq qanun layihəsinə rəy verir, qanunla müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşmələrin aparılmasını təhlil edir. O, həmçinin dövlət büdcə vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil edir.

Hesablama Palatası dövlət mülkiyyəti və pul vəsaitləri üzərində nəzarət aparır. Nəzarət bütün hüquqi şəxsləri, o cümlədən dövlət büdcədənkənar fondlarını, Azərbaycan Respublikası Milli Bankını, yerli idarəetmə orqanlarını, kommersiya banklarını, sığorta firmalarını və başqa kommersiya və qeyri-kommersiya təşkilatlarını əhatə edir.

Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitutsiyası, «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının digər qanunları və Palatanın daxili nizamnaməsi təşkil edir.

Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:

- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondların (təşkilatlarının) büdcələrinin layihələrinə dair rəy verilməsi;

- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondların (təşkilatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi;

- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasının təhlil edilməsi, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlanması;

- dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə dair rəy verilməsi;

- dövlət əmlakının idarə edilməsindən, onun barəsində sərəncam verilməsindən və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət;

- ekspert-analitik fəaliyyət;

- Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təşkilatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizası;

- maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi;

- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə aidiyyatı orqanlara məlumatların verilməsi;

- digər nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitndə fəaliyyət göstərilməsi. Hesablama Palatası maliyyə-büdcə nəzarətini audit vasitəsilə, milli audit standartları əsasında həyata keçirir.

Palatanın apardığı nəzarət tədbirlərində əsas diqqət, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının gəlirləri üzrə dövlət və qeyri-dövlət müəssisələrində, həmçinin, iri dövlət vergi ödəyicilərində gəlirlərin qanunvericiliyin tələblərinə uyğun formalaşdırılması və icrası vəziyyətinin araşdırılmasına, gəlirlərin toplanılması ilə məşğul olan orqanlarda vergi qanunvericiliyinə əməl olunmasına daxili nəzarətin təşkilinin qiymətləndirilməsinə, xərcləri üzrə isə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi və təyinatı üzrə səmərəli istifadəsi, investisiya, sosial infrastruktur, o cümlədən, elm, təhsil, səhiyyə, mədəniyyət xərcləri üzrə Dövlət proqramlarının icra vəziyyəti və s. kimi məsələlərin təhlilinə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təqdim edilən layihələrə daha dolğun rəy və təkliflərin hazırlanmasına, müvafiq orqanların tərtib etdikləri məqsədli proqramların əsaslılığının qiymətləndirilməsinə, Palatanın məlumat bazasının daha da zənginləşdirilməsinə və s. məqsədlərə istiqamətləndirilmişdir.

Qeyd etdiyimiz kimi dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təşkilatlarının) layihələrinə dair rəy verilməsi, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təşkilatlarının) büdcələrinin icrasına nəzarət Hesablama Palatasının fəaliyyətinin əsasını təşkil edir.

Cari ilin dövlət büdcəsi haqqında Hesablama Palatasının rəyində dövlət büdcəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şəraitin öyrənilməsinə, büdcə layihəsində nəzərdə tutulan gəlir və xərclərin həcminin mövcud iqtisadi potensiala və prioritet vəzifələrin icrasına uyğunluğunun təhlilinə, ayrı-ayrı dövlət proqramları, habelə iqtisadi və sosial inkişaf konsepsiyası ilə müəyyən olunmuş məqsədlər və vəzifələr nəzərə alınmaqla dövlət büdcəsi xərclərinin və gəlirlərinin strukturunun, eləcədə büdcə kəsirinin maliyyələşdirmə mənbələrinin təhlilinə böyük diqqət yetirilmiş, həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri nəzərə alınmaqla müəyyən təklif və tövsiyyələr verilmişdir.

Palatanın rəyində 2014-cü il üzrə dövlət büdcəsinin gəlirlərinin daha çox ehtiyatlı yanaşma əsasında proqnozlaşdırılması mövcud iqtisadi reallıqlar şəraitində düzgün yanaşma kimi qiymətləndirilmişdir.

Həmçinin rəydə ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq maliyyə siyasətinin həyata keçirilməsi üçün 2014-cü ildə büdcə-vergi siyasətində gəlirlər üzrə büdcə daxilolmalarında qeyri-neft sektoru üzrə vergi daxilolmalarının xüsusi çəkisinin artımına nail olunması, qeyri-neft kəsirinin tədricən azaldılması, vergi daxilolmalarının yığım əmsalının artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması, vergi borclarının azaldılması üzrə zəruri tədbirlərin görülməsi, dövlət rüsumu haqqında qanunvericiliyin təkmilləşdirilməsi və sair istiqamətlər müsbət dəyərləndirilmişdir.

Rəydə həmçinin dövlət büdcəsi xərclərinin sosial-iqtisadi inkişafın ortamüddətli (2011-2014-cü illər) prioritetləri üzrə büdcə siyasətinin əsas məqsədlərinə yönəldilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatının artırılması, xərclərin investisiya və sosial yönümlülüyünə üstünlük verilməklə, sosial siyasətin ardıcıl həyata keçirilməsinin davam etdirilməsi və sosial öhdəliklərin yerinə yetirilməsi, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibi işinin davam etdirilməsi, xərclərin strukturunun təkmilləşdirilməsi və şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının gücləndirilməsi məqsədəmüvafiq hesab edilmişdir.

Hesablama Palatasının büdcələrin icrası haqqında rəyi hazırlanarkən daha çox xərcləmələr bölməsinə münasibətini bildirməsi və yoxlamalar zamanı ortaya çıxan pozuntuların səbəblərini geniş şəkildə izah etməsi, bununla yanaşı pozuntulara şərait yaradan şərtlərin aradan qaldırılması məqsədi ilə zəif bəndləri müəyyənləşdirməsi və təkliflərlə çıxış etməsi də zəruridir.

Hesablama Palatasının dövlət maliyyəsinin idarə edilməsindəki rolu sadəcə xərcləmələrin yeri və həcminin müəyyən edilməsi ilə məhdudlaşmamalı, həmçinin xərcləmələrin ehtiyaclılıq dərəcəsini və onun səmərəliliyinin də aydınlaşdırmasını əhatə etməlidir.

Dövlət büdcəsinin layihəsinə dair rəy verilməsi qaydaları Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə təsdiq olunmaq üçün təqdim edilmiş büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy verilməsi qaydalarına da şamil olunur. Dövlət büdcəsinin icrası barədə illik hesabatlar və müvafiq qanun layihələri Azərbaycan Respublikası Milli Məclisi tərəfindən baxılmaq və rəy verilmək üçün Hesablama Palatasına göndərilir.

Dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclis tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin layihələrinin maliyyə ekspertizasının keçirilməsi də ali nəzarət orqanı olan Hesablama Palatasına tapşırıla bilər.

Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarəti ilə əlaqədar məlumatları, hesabatları və sənədləri dövlət orqanlarından, Azərbaycan Respublikası Milli Bankından, müvəkkil banklardan və digər kredit təşkilatlarından və bütün hüquqi şəxslərdən almaq hüququ vardır. Həmin təşkilatlar və onların vəzifəli şəxsləri Hesablama Palatasının üzvlərinin sorğusuna əsasən zəruri olan məlumatları təqdim etməlidirlər.

Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizası təsdiq edilmiş proqram əsasında həyata keçirilir.


  1. Maliyyə nəzarətini həyata keçirənlərin və nəzarət subyektlərinin hüquq və vəzifələri

Hazırda ölkəmizdə, yeni dövlət idarəetmə strukturlarının yaranması ilə əlaqədar olaraq, maliyyə nəzarətinin tamamilə yenidən qurulması və gücləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanması əsas məsələlərdən biri hesab olunur. Hazırda dövlət maliyyə nəzarəti respublika qanunverici orqanları, maliyyə və vergi orqanları və digər idarəetmə orqanları tərəfindən həyata keçirilir.

Dövlət inkişaf etdikcə maliyyə nəzarətini həyata keçirən subyektlərin fəaliyyəti də təkmilləşdiriliməyə başladı.

Bununla əlaqədar olaraq dövlətin maliyyə sistemində tarixən ilk dəfə olaraq nəzarət iki yerə ayrıldı:

- büdcənin gəlir hissəsini formalaşdıran vergilərin ödənilməsinə nəzarət;

- büdcə xərclərinə nəzarət

Maliyyə nəzarəti bir tərəfdən maliyyə idarə edilməsinin həlledici hissəsi, digər tərəfdən maliyyə sisteminin idarə olunmasının effektliliyinin vacib şərti kimi çıxış edir. Maliyyə nəzarətinə iki nöqteyi-nəzərdən yanaşmaq doğru olar:

1. Xüsusi nəzarət orqanlarının bütün iqtisadi subyektlərdə maliyyə qanunvericiliyi və maliyyə intizamına riayət olunması üzrə reqlamentləşdirilmiş fəaliyyəti kimi;

2. Maliyyə əməliyyatlarının effektivliyinin təmin edilməsi üçün maliyyə və pul axınlarının idarə edilməsinin vacib elementi kimi. Qeyd olunan aspektlər bir-biri ilə sıx bağlıdır, ancaq nəzarətin məqsədləri, metodları və subyektlərinə görə fərqlənirlər.

Maliyyə nəzarətinin subyektlərinə aiddir:

1. İdarəedən subyektlər

2. Nəzarət edən subyektlər

Maliyyə nəzarətinin məqsədi maliyyə resurslarının iqtisadiyyatın bütün sahələri və həlqələrində effektiv və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün maliyyə nəzarətinin aşağıdakı vəzifələri müəyyən olunur:

- maliyyə münasibətlərinin bütün subyektlərinin dövlət büdcəsi və büdcədənkənar fondlar qarşısında maliyyə öhdəliklərinin bütövlükdə və vaxtında təmin ediməsi;

- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının vəsaitlərinin effektiv və məqsədyönlü istifadəsinə, eləcə də müəssisə, idarə və təşkilatlarda material dəyərlilərinin səmərəli istifadəsinə kömək etmək;

- mühasibat uçotu və hesabatların düzgün aparılmasının təmin edilməsi;

- müəssisələrdə istehsaldaxili maliyyə resurslarını üzə çıxarmaq, xərclərin azaldılması, mənfəət və rentabelliyin artırılması imkanlarını müəyyən etmək;

- maliyyə intizamının pozulması hallarının aradan qaldırılması, maliyyə intizamının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s.

Qeyd olunan vəzifələrin həyata keçirilməsi maliyyə və təsərrüfat fəaliyyətində qanunçuluğun təmin olunmasının, büdcə, şəxsi və cəlb olunmuş vəsaitlərdən səmərəli və qənaətlə istifadə olunmasının əsas şərti olub, maliyyə intizamının möhkəmləndirilməsinə də şərait yaradır.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin xərclənməsi, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir; dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərin xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir; Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətininin həyata keçirilməsi işinə metodiki rəhbərlik edir, bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin aradan qaldırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirir; qanunvericiliklə müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət göstərir.

Dövlət Maliyyə Nəzarəti Xidməti müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

-Dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;

- büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;

-dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə rayon və şəhər maliyyə idarələrinin (şöbələrinin) işlərini və həmin rayon və şəhərlərin ərazilərində fəaliyyət göstərən büdcə təşkilatlarının büdcə və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərc smetalarının icralarını təftiş etmək;

-qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən təftiş və yoxlamalar aparmaq;

-həyata keçirilən nəzarət tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan maliyyə pozuntuları aşkar olunduğu hallarda yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək.

Maliyyə nəzarəti prosesini təşkil etmək üçün onun subyektlərini və obyektlərini düzgün müəyyən etmək lazımdır. Maliyyə nəzarəti subyektlərinə hüquqi və fiziki şəxsləri, dövlət orqanını, kommersiya və ictimai təşkilatları, onların struktur bölmələrini və s. aid etmək olar.

Dövlət nəzarətini idarəedən subyektlərə: Parlament, Prezident, Nazirlər Kabineti, fərdi və kollegiyalı orqanlar aid edilir.

Nəzarəti həyata keçirən subyektlərə isə AR-nın Prezident administrasiyası, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və s aid edilir. Nəzarət olunan və ya idarə olunan subyektlərə nazirliklər, xüsusi orqanlar, əməkdaşlar, əhali hüquqi və fiziki şəxslər aiddir.

Bir subyekt müxtəlif statusları özündə birləşdirə bilər. Məsələn, bir tələbə belə bir qərara gəlir ki, bazar günü 40 ingilis sözü öyrənmək və axşama test yolu ilə həmin biliyi yoxlayacaq. Bu zaman o həm idarə edən, həm nəzarət edən, həm də nəzarət olunan subyekt kimi çıxış edir.

Bəzi hallarda idarə və nəzarət etmə funksiyaları eyni subyekt tərəfindən həyata keçirilir. Məsələn, baş direktor gəlirin iki dəfə çoxaldılması məsələsini vəzifə kimi qarşıya qoyur və sonda bu vəzifənin tabeçiliyində olanlar tərəfindən necə yerinə yetirilməsini yoxlayır.

İdarəetmə və idarəolunmanın bir subyekt tərəfindən həyata keçirilməsi “özünənəzarət” adlandırılır. Məsuliyyət bölgüsü prinsipi idarəetmənin prinsiplərindən biridir. Və bu zaman hər hansı bir obyektin qorunması və nəzarət edilməsi həmin resurslardan özü üçün istifadə edə biləcək adama tapşırılır ki, bu da həmin resurslardan sui-istifadəyə gətirib çıxarır.

İştirak dərəcəsinə görə idarəedən subyektlər aşağıdakı kimi qruplaşdırılır:

a) bilavasitə (birbaşa) idarə edənlər

b) təmsilçi vasitəsilə edənlər

Birinci qrupa səhmlərin 100% sahibi olan şəxs nəzərdə tutulur. O cəmiyyətin fəaliyyətini özü birbaşa idarə edir. Lakin əksər hallarda sahibkar öz səlahiyyətini bu və ya digər bir orqana həvalə edir. Tərkibinə görə idarə edən subyektləri belə qruplaşdırılır:

a) vahid rəhbərlik

b) kollegial rəhbərlik

Vahid rəhbərlik subyektinə Prezident, təşkilatın yeganə təsisçisi, cəmiyyətin baş direktoru və s. aiddir. Kollegial idarə edənlərə parlament, səhmdar yığıncağı, səhmdar cəmiyyətinin direktorlar şurası və s. aid edilir.

Dövlət maliyyə nəzarəti, öz növbəsində təşkil olunma səviyyəsindən asılı olaraq dövlət maliyyə nəzarəti və yerli maliyyə nəzarətinə ayrılır. Dövlət maliyyə nəzarəti dövlət büdcəsinin və büdcədənkənar fondların büdcələrinin icra olunmasına, pul dövriyyəsinin təşkilinə, kredit ehtiyatlarının istifadəsinə, dövlət daxili və xarici borclarının və dövlət ehtiyatlarının vəziyyətinə, maliyyə, vergi güzəştləri və üstünlüklər verilməsinə edilən nəzarətdir. Bu tərifdə müəyyən nöqsanlar var. Məsələn, kredit resurslarının hamısının istifadəsinə dövlət nəzarət etmir və ya güzəştlər məsələsində kommersiya müəssisələri bunu bir-birinə edə bilər. Buna görə də V.M.Radionova dövlət nəzarətinə daha təkmil tərif verir. O yazır: dövlət maliyyə nəzarəti maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə etmə sahələrində qanuna müvafiq və məqsədəuyğunluq üzrə yoxlama orqanı və tədbirlər sistemi , dövlət mülkiyyətinin qorunmasını, dövlət vəsaitlərini effektli və qənaət edici istifadə edilməsini, dövlətin maliyyə intizamının pozulma hallarının aşkar etməyə köməklik göstərən nəzarətin bir formasıdır. Bu tərifin də çatışmazlığı var. Məsələn, valyuta nəzarəti: bu zaman şəxsi valyuta sistemi də dövlət maliyyə nəzarəti sferasına daxil edilir.

Dövlət maliyyə nəzarəti – dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası və yerli subyektlərin qanunvericiliyinə riayət edilməsini, dövlətin maliyyə və maddi resurslarının istifadəsinin səmərəliliyinin və effektivliyinin yoxlanmasıdır.

Verilmiş tərifləri sintez etdikdə, dövlət maliyyə nəzarətinin aşağıdakı mütləq əlamətlərini ayırmaq olar:

1. Nəzarət edən subyekt – dövlət hakimiyyət orqanıdır

2. Nəzarət edən subyekt –dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir

3. Nəzarətin obyekti – nəzarət altına alınan subyektlərin maliyyə və onunla bağlı olan təsərrüfat fəaliyyətidir.

Beləliklə, dövlət maliyyə nəzarəti – dövlət orqanlarının qanun çərçivəsində dövlət və yerli hakimiyyət orqanlarının hüquqi və fiziki şəxslərin maliyyə və onunla bağlı təsərrüfat fəaliyyətinin qanunla müəyyən edilmiş hüquq və onların dövlətin maliyyə maraqlarının düşməsinin qiymətləndirilməsi ilə bağlı dövlətin yoxlanması üzrə hüquq, vəzifə və hərəkət sistemini ifadə edən funksiyadır.

Azərbaycan Respublikasında bütövlükdə maliyyə nəzarətini həyata keçirən bir neçə dövlət orqanları fəaliyyət göstərir:

1. Ümumi səriştəli dövlət orqanları: AR-nın hökuməti, AR prezidentinin nəzarət idarəsi;

2. Maliyyə nəzarətinin dövlət orqanları: AR-nın hesablama palatası, Dövlət xəzinədarlığı, maliyyə-büdcə nəzarətinin yerli orqanları;

3. Xüsusi səriştəli dövlət orqanları: Vergi nazirliyi, Gömrük Komitəsi və s.

4. Maliyyə nəzarətinin səlahiyyətli agentləri: milli və xarici valyutanın hərəkətini izləyən banklar.

Azərbaycan Respublikasının hesablama palatası AR Konstitusiyasının 92-ci maddəsinə əsasən AR Milli Məclisi tərəfindən təşkil edilmiş maliyyə nəzarəti orqanıdır. Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Lakin bununla yanaşı o, təşkilati və funksional müstəqilliyə malikdir.

Hesablama Palatası aşağıdakı funksiyaları yerinə yetirir:

- Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinə rəy verir;

- Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;

- Dövlət büdcəsinin icrası barədə illik hesabata müvafiq qanun layihəsinə rəy verir;

- Dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;

- Rübdə bir dəfə dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;

- Dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir;

- Dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və AR Milli Məclisə təkliflər verir və s.

Hesablama Palatası büdcənin icrasına nəzarəti qanunilik, obyektivlik, müstəqillik və aşkarlıq prinsipləri əsasında həyata keçirir. Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının digər qanunları və Hesablama Palatasının daxili Nizamnaməsi təşkil edir. Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorların səlahiyyətləri müddəti 7 ildir. Hesablama Palatası fəaliyyətini özünün iş planı əsasında həyata keçirir.

Hesablama Palatasının sədri daxili Nizamnaməyə uyğun olaraq sədr müavini və auditorlar arasında iş bölgüsünü aparır, palatanın səlahiyyətlərinin icrası ilə bağlı əmrlər verir, palatanın aparatına rəhbərlik edir, Milli Məclisə Hesablama Palatasının işi barəsində məlumat verir və s. Hesablama Palatasının sədr müavini 7 il müddətinə seçilir və Palatanın daxili nizamnaməsinə uyğun olaraq iş bölgüsü əsasında fəaliyyət göstərir, sədr nə səbəbdənsə olmadıqda onun vəzifəsini icra edir və s.

Hesablama Palatasının işinin planlaşdırılması və təşkili, nəzarət-təftiş fəaliyyəti, hesabat və informasiya məlumatları ilə bağlı məsələləri prezident aparatına və Milli Məclisə müzakirəyə göndərilməsi üçün Hesablama Palatasının kollegiyası təşkil olunur. Hesablama Palatasının kollegiyasının tərkibinə hesablama palatasının sədri və auditorları daxildir.

Hesablama Palatasının aparatı inspektorlar və digər ştatda olan əməkdaşlardan ibarətdir. Hesablama Palatası əməkdaşlarının hüquqları, vəzifələri və cavabdehliyi, həmçinin onların qulluq şəraiti hımin qanunla, dövlət qulluğu haqqında qanunlar, AR digər qanun və hüquqi normativ aktları ilə müəyyən edilir.

Ədəbiyyat siyahısı

1. “Azərbaycanda maliyyə nəzarəti və audit” elmi-praktik konfransın materialları – Azərnəşr, 1999.

2. “Audit. Ali məktəblər üçün dərs vəsaiti” – Bakı, Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.

3. “Sosial-iqtisadi inkişafın sürətləndirilməsində maliyyə nəzarətinin rolu”. (Beynəlxalq elmi-praktik konfransın materialları). – Bakı: “İqtisadiyyat və audit” jurnalının nəşri 2006.

4. «Maliyyə» D. Bağırov, М. Həsənli Azərbaycan Dövlət İqtisad Universiteti-2011.

5. «Maliyyə» Azərbaycan Dövlət İqtisad Universiteti-2001.

6. «Maliyyə nəzarəti» Bəybala Xankişiyev -2002.

7. «Vergi nəzarəti» D.А.Bağırov Bakı - 2006.

8. «Təftiş və nəzarət» R.Hacıyev -1999

9. B.А.Хankişiyev «Büdcə uçotu» Bakı - 2000.



10. Ş.Ş.Bədəlov, R.B.Мəhərrəmov, F.Ə.Qurbanov «Büdcə sistemi dərslik». Bakı 2003.

11. А.Əliyev, А.Şəkərəliyev «Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti» Bakı-2002.
Yüklə 49,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin