folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.
Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.
Bu hislərin ilk nümunələri isə əmək nəğmələridir. Folklorun digər formaları – nağıllar, dastanlar, hikmətli sözləri və s. nümunələrdir. Şifahi xalq ədəbiyyatı kollektiv yaradıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə münasibətini, tərbiyəvi görüşlərini özündə əks etdirir.
Şifahi xalq ədəbiyyatının qələmə alınması – təkcə Azərbaycan ədəbiyyatı üçün yox, bir çox başqa elmlərin tarix, coğrafiya, etnoqrafiya və s. inkişafı üçün də böyük rol oynayıb. Məlumdur ki, Azərbaycan xalqının dili türk dillərindən biridir və təbidir ki, qədim türk xalqlarının yaratdığı dastanların süjetləri, motivləri Azərbaycan şifahi xalq ədəbiyyatında da geniş şəkildə öz əksini tapı
Azərbaycan folkloru janr zənginliyinə malikdir. Həyatı əks etdirmə baxımından lirik, epik və drammatik növləri vardır. Bu ədəbi növlərin hər birinə məxsus janrlar yaranmış, zaman-zaman zənginləşmişdir. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır. Müxtəlif ədəbi növlərin janrlarında folklora xas olan ortaq cəhətlərlə yanaşı, məzmun və forma baxımından fərqli xüsusiyyətlər də vardır. Epik folklor janrlarından nağıl, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya "barmaq" vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində heacaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.
Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.
Lirik növdə bağlı olduğu hadisə və ya proses baxımından ən qədim janr olan nəğmələr müxtəlif növlərə bölünür. Əmək prosesi ilə bağlı olan holavar və sayaçı sözlər, mövsümi proseslərlə bağlı mövsüm nəğmələri, müxtəlif mərasimlərlə bağlı olan toy və yas nəğmələri, qəhrəmanlarla bağlılıq təşkil edən qəhrəmanlıq nəğmələri və son olaraq fərqli məişət münasibətləri zəmnində yaranmış layla və oxşamalar.. Azərbaycan folklorunun ən zəngin janlarından birini də bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın janr xüsusiyyətlərini qeyd olunan janrlar da əsasən daşıyır — layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.
Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. "Aman nənə", "Ay lolo", "Sona bülbüllər", "Süsən sünbül" və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.
Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət – onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehrli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələrin kosmoqonik, zoonimik, toponimik və etnonimik növləri vardır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir. Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir.
Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk", "Kitabi-Dədə Qorqud" kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları – "Oğuznamə"lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.
Azərbaycan folklorunun dramatik janrları xalq oyunları və meydan tamaşaları ilə təmsil edilmişdir. Bunların ən səciyyəvi örnəyi kimi "Kosa-Kosa" dramını göstərmək olar. İslamın qəbulundan sonra peyğəmbər ailəsinə məxsus müqəddəslərin faciəsi mövzusunda xalq arasında geniş yayılmış şəbihlər də xalq dramlarına daxildir.
ƏDƏBİYYAT SİYAHISI
Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, Çıraq, 2009.
Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, Elm, 2006.
Dostları ilə paylaş: |