“Kitabi-dədə Qorqud” və “Koroğlu” eposları.Paralellər və müqayisələr
2.Koroğlu eposu Rəvayətə görə, Koroğlunun əsl adı Rövşən olub. Həsən xan tərəfindən atası Alı kişinin gözlərinin çıxarılması Rövşəndə zülmə və haqsızlığa qarşı dərin nifrət oyadır. O, məzlumların intiqamını almaq üçün qılınca sarılıb dağlara çəkilir. Başına çoxlu igid yığışır. Cəlalilər hərəkatının başçılarından biri olur. XVI əsrin ortalarından başlayaraq Türkiyə şəhərlərini, Azərbaycanı və digər əraziləri kəndli hərəkatı bürüyür.
Koroğlunun əsas düşərgəsi Çənlibel qalası idi. Azərbaycanda bu adda çoxlu qalalar var. XIX əsrə aid mənbələrdə Çənlibelin adı yaşayış məntəqəsi kimi çəkilir.
Koroğlu və onun silahdaşları Giziroğlu Mustafa, Dəli Həsən, Dəmirçioğlu, Bəlli Əhməd və başqaları haqq, ədalət uğrunda vuruşurdu. Dastanı oxuyanlar bilir ki, Koroğlunun bir əlində qılınc, bir əlində saz olub. Döyüşə sazla girib, döyüşdən sonra da qələbəsini sazla tərənnüm edib.
“Koroğlu” dastanındakı qoşmaların bir çoxu bu gün də xalqın dilinin əzbəridir. Dahi bəstəkar Üzeyir Hacıbəyli bu dastanın motivləri əsasında “Koroğlu” operasını yazıb. Operanın uvertürası Azərbaycanın zəfər himni kimi səslənib və səslənməkdədir.
XVI əsrin sonu — XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı xalq arasında geniş əks-səda tapmış, bu hərəkatın iştirakçıları haqqında çoxlu nəğmə, rəvayət yaranmışdır. Bu tarixi hadisə Azərbaycan və Türkiyə ərazisi ilə bağlı olduğundan yaranan bədii nümunələr də bu ölkələrdə daha geniş yayılmış, dildən-dilə keçmiş, zaman ötdükcə daha da zənginləşmişdir. “Koroğlu” dastanının mənbəyi məhz bu tarixi hadisə, bu hərəkat hesab olunur. Xalqın bədii təfəkkürünün, düşüncəsinin məhsulu kimi meydana gələn bu dastan (təsadüfi deyildir ki, onda əfsanəvi qüvvələr də iştirak edir) illər keçdikcə mükəmməl bədii forma və məzmun almış, möhtəşəm, təkrarolunmaz abidəyə çevrilmişdir.
Dastanda xarakter, fərdi xüsusiyyət və insanlara münasibətləri ilə bir-birindən fərqlənən çoxlu obraz yaradılmışdır. Eposun baş qəhrəmanı Koroğlu xarakteri, davranışı, tədbirli olması ilə diqqəti dərhal cəlb edir və seçilir. Yoxsul ilxıçı oğlu olan Rövşən ilk dəfə atasının intiqamını almaq üçün silaha əl atır, lakin haqsızlığa, ədalətsizliyə nifrəti bu gənci mübarizə yolundan döndərmir. Ağa, bəy, xan zülmündən cana doymuş, xoşbəxt həyat arzusu ilə yaşayan yoxsul gənclərin üz tutduğu Çənlibel azadlığın hökm sürdüyü yurda, Rövşən isə Koroğluya çevrilir.
Bu yenilməz sərkərdəni dəlilərə, yoxsul insanlara daha çox sevdirən mərdliyi, ədalətli olması və igidliyidir. Varlanmaq, şöhrət qazanmaq xalqa arxalanan, ondan güc, qüdrət alan Koroğlunun təbiətinə yaddır.
Koroğlunun başına yığışan, ətrafında sıx birləşən dəlilər — silah yoldaşları üçün ümumi olan cəhətlər az deyildir; mərdlik, qorxmazlıq, haqqın, ədalətin tərəfində durmaq, dostluqda sədaqətli olmaq, düşmənə nifrət və s. onları birləşdirən cəhətlərdəndir. Bu igidləri bir-birindən fərqləndirən xüsusiyyətlər də çoxdur.