I Şah İsmayılın daxili siyasəti. Səfəvi dövləti yaranandan sonra I Şah İsmayıl tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə vahid inzibati idarəetmə sisteminin qurulması, təsərrüfat həyatının bərpası və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən iqtisadi siyasət, kəndlilərin və sənətkarların vəziyyətinin yüngülləşdirilməsi sahəsində atılan addımlar, vergi siyasətini nizamlamaq sahəsində islahatlar iqtisadiyyatın inkişafını stimullaşdırırdı. Şəhər həyatında baş verən iqtisadi canlanma, sənətkarlıq məhsullarına yerli əhalinin və xarici tələbatın artması sənət və peşələrin inkişafını sürətləndirir və yeni sənət sahələrinin yaranmasına səbəb olurdu.
I Şah İsmayılın daxili siyasətinin əsas ideyası mərkəzləşdirilmiş dövlət yaratmaq idi. Ölkə iqtisadiyyatının bərpası və inkişaf etdirilməsi, iqtisadiyyatın əsas sahələri olan kənd təsərrüfatı, sənətkarlıq və ticarətin dirçəldilməsi bunu tələb edirdi.
I Şah İsmayılın tacirlərdən və sənətkarlardan vəziyyətlərinə görə vergi alma siyasəti, ticarətin canlanması və inkişafına mane olan bəzi vergilərin ləğv edilməsi, monqol dövründən tətbiq edilən vergilərin yığılmasındakı iltizam sisteminin aradan qaldırırlması ticarətin və sənətkarlığın inkişafına müsbət təsir göstərirdi.
Keçmişdən qalan bir sıra vergi və mükəlləfiyyətlər daxili bazarın formalaşması prosesinə və fəaliyyətinə mane olduğuna görə I Şah İsmayıl məhdud miqyaslı fərmanları ilə bu maneələri aradan qaldırmağa çalışmışdı.
İsmayıl hələ hakimiyyət uğrunda mübarizəyə başladığı dövrdə tərəfdarlarının yüksək hərbi zümrəsi hesabına yeni dövlət aparatının əsasını yaratmış, ələ keçirdiyi ərazilərdə yerli idarəçilik formasını formalaşdırmaqla bərabər dövlətin yüksək vəzifələrini bərqərar etməklə hakim türk qızılbaş soylarından zümrəni möhkəmləndirə bilmişdi.
I Şah İsmayılın ən mühüm tədbirlərindən biri dini islahat keçirməsi idi. 1501-ci ilin payızında, Səfəvi dövləinin yaranmasının ilk günlərində islamın şiə təriqəti, yəni imamilər təriqəti dövlət dini elan edildi.