AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
SƏRBƏST İŞ
Tələbə: Zəhra Piriyeva
Müəllim: Jalə Əsədova
Fakultə: Təhsil 2
İxtisas: Xarici dili müəllimliyi (inglis dili üzrə)
Qrup: 122A
Fənn: Fəlsəfə
Mövzu: Hind və Çin təlimlərinin xülasəsi
BAKI-2022
Hind və Çin təlimlərinin xülasəsi
Məlumdur ki, antik dövrdə Hindistan və Avropa arasında sporadik kontaktlar mövcud idi. Bircə Makedoniyalı İsgəndərin b.e.ə. 327-ci ildə hind yürüşünü xatırlatmaq kifayətdir. Buna baxmayaraq, Şərqin və Qərbin intellektual münasibətləri barədə çox az şey məlumdur. Yunanlar, həqiqətən də, Şərqdən əhəmiyyətli impulslar almışlar, amma onların mərz hind tərkibini ayırıb göstərmək çətindir. Tamamilə mümkündür ki, farslar vasitəsi ilə alınmış hind təlimləri yunanların orfik və pifaqorçu məktəblərinə müəyyən təsir göstərmişlər. Lakin bu tarixi-fəlsəfi məsələ hələ ki mübahisəli məsələlərə aiddir. Bununla belə, şübhəsizdir ki, antik dövrün sonundan başlayaraq və XVIII əsrə kimi, Avropanın və Hindistanın fəlsəfi və dini ənənələri bir-birindən asılı olmayaraq inkişaf etmişlər. Geniş Avropa auditoriyası hind təlimləri ilə ilk dəfə olaraq Romantizm dövründə tanış olmuşdur. Bizim hind fəlsəfəsi barədə təsəvvürümüz Hindistana hələ ki romantik münasibətlə aşılanmışdır. Bu, xüsusən alman filosofların - Artura Şopenhauerin (Arthur Schopenhauer, 1788-1860) və Fridrix Nitşenin (Friedrich Nietzsche, 1844-1900) əsərlərində görünür.
Belə bir sual qarşıya qoymaq olar ki, hind və Çin fəlsəfələri barədə danışmaq nə dərəcədə doğrudur. "Fəlsəfə" yunan mənşəli sözdür və intellektual fəaliyyətin o növünü nəzərdə tutur ki, bu, Qədim Yunanıstanda yaranmışdır. Hindistanda və ya Çində klassik yunan fəlsəfəsinə uyğun bir fəaliyyət mövcud idimi? Məsələn, hind təfəkkürünün tarixində mifdən loqosa keçidin ayrılması üçün bir əsas vardımı? Belə suallara birmənalı cavab tapmaq çətindir. Mümkündür ki, bu sualların qoyuluşu öz-özlüyündə avrosentristik xarakter daşıyır. Elə buna görə də, hind təfəkkürünü yunan fəlsəfəsindən götürülən meyarlar əsasında deyil, onun öz müqəddəm şərtlərindən çıxış edərək tədqiq etmək zəruridir. Amma belə güman etmək də ağlabatandır ki, bizim diqqətimizi özünə cəlb etməyə iddia edən və layiq olan problemlər həm hind, həm də Çin fəlsəfəsində meydana gəlmişdir. Buraya onu da əlavə edək ki, biz bu ənənələrdə onların "daxili məntiqini" və bizə yunan fəlsəfəsinin tarixini xatırladan diskussiyaları tapırıq. Bununla belə, qeyd etmək lazımdır ki, hind fəlsəfəsi qərb fəlsəfəsində analoqu olmayan bir çox xüsusiyyətləri üzə çıxarır. Məsələn bu xüsusiyyətlərdən biri odur ki, fəlsəfə və din arasında Qərbin qoyduğu dəqiq sərhəd hind fəlsəfəsi üçün bir o qədər də xarakterik deyildir. Mif və loqos, söz və iş arasındakı fərq Hindistanda Avropada olduğundan fərqli bir şəkildə qoyulmuşdur. Hinduistlərin əsas əsəri olan, təqribən İsa Məsih zamanında yazılan Bhaqavad-qitadan götürülmüş kiçik bir fraqment bu fərqi səciyyəvi bir qaydada ifadə edir və fəlsəfənin, həyatın və dinin həddindən artıq kəskin demarkasiyası üçün faydalı bir dəqiqləşdirmə rolunda çıxış edir.
Fəlsəfənin hind mədəniyyətində rolunu anlamaqdan ötəri onun tarixi və dini müqəddəm şərtləri ilə tanış olmaq zəruridir. Bir sıra əsas məlumatlara göz gəzdirək. (Hind fəlsəfəsini daha yaxşı anlamağı arzu edən oxucu isə xüsusi əsərlərə müraciət etməlidir.) B.e.ə. XIV-XII əsrlərdə Karpat və Ural arasında məskunlaşan etnik qruplar Hind hövzəsi ərazisinə daxil oldular. Bu yerlər indi Pakistanın bir hissəsidir. Onlar özlərini arilər (nəcabətlilər) adlandırdıqları üçün, biz Hindistana "ari" hücumları barədə danışırıq. Bir zaman belə bir fikir geniş yayılmışdı ki, arilər yerli sakinlərdən - dravidlərdən daha yüksək mədəniyyətə malik idilər. Lakin XX əsrin 20-ci illərində "harappa sivilizasiyasının" kəşfindən sonra bu fikrin doğru olmadığı aşkarlandı. Arilərin gəlişinə qədər də harappa mədəniyyəti Hind hövzəsi boyu inkişaf etmiş bir şəhər mədəniyyəti olaraq mövcud idi.
Dostları ilə paylaş: |