Batumi konferansı Trabzonda durdurulan müzakirə 1918-ci il mayın 11-də Batumidə yenidən başladı. Türkiyə nümayəndə heyyətini ədliyyə naziri Xəlil bəy və onun yardımçısı Vahab paşa təmsil edirdi. Qafqaz nümayəndə heyyətində Çxen Keli rəisliyində Xaçaznuni və Rəsulzadə bulunmaqda idi. Alman dövləti də Brest-Litovsk müqaviləsini imzalayan tərəf kimi bu müzakirəyə nümayəndə göndərmişdi. Qafqaz nümayəndə heyyəti müzakirənin Brest-Litovsk müqaviləsi əsasında davam etməsini istəyirdi. Xəlil bəy cavab verdi ki, o müqavilə Qafqaz höküməti tərəfindən rədd edilmiş, Qafqaz nümayəndə heyyətinin trabzonu tərk edişindən sonra hərbi əməliyyatlar durdurulmamış, nəticə etibarı ilə yeni durum ortaya çıxmışdır. “Türk ordusu ilə Qafqaz gücləri arasında savaş başlamışdır. Daha sonrakı vəziyyət haqqında hər kəsin bilgisi vardır. Nə yazıq ki, çox qan tökülmüşdür. Ayrıca, münasibətlərimizin mahiyyəti dəyişmişdir.”35 Mayın 14-də türklər daha artıq tələblərlə çıxış etdilər: Brestdə onlara verilən ərazilərdən başqa Axalkalaki və Axaltsix nahiyələrini də istəyirdilər. Bu ərazilərin Türkiyəyə qatılmasının yanı sıra Aleksandropol-Culfa arasında 25 km uzunluğunda sərbəst bölgə tələb edirdilər. Bu sərbəst bölgədən İranda ingilislərlə savaşmaq üçün keçid yol kimi istifadə edəcəklərini söyləyirdilər.36 Türkiyə bu müzakirədəki tələblərinə çatmaq üçün müzakirə gedərkən hərbi əməliyyata başlayır. Mayın 15-də Aleksandropol (indiki Leninakan) dəmiryolunu işğal edir. Bu işğalla da Tiflis və İrəvan təhlükə altına girmiş olur. Şərqi Ermənistanın tamamının işğal edilmə təhlükəsi ermənilərin milli duyğularını təhrik edir. Erməni ordusunun başkomutanı general Nəzərbəgiyan son saatda qəmli bir məsaj göndərir. Mayın 26-da general Danielbek Piromiyan və general Silikiyan komutanlığındakı erməni orduları türk ordusuyla savaşırlar. Savaş İrəvanın yaxınlığında olan Sərdarabadda başlayır. Türk ordusunu geri püskürtməyi başarırlar. Qeyri-hərbi müdafiənin başçısı Aram manukiyandır. O, bu savaşda böyük qəhrəmanlıq göstərir və öz qəhrəmanlığı ilə ermənistanı və onun istiqlalını qorumuş olur. Başabaran və Qarakilsədə də türklərin saldırısı durdurulur. Bu da türklərin Bakıya girişlərini ertələyir. Ancaq böyük savaş təcrübəsi olan türk ordusu qarşısında ermənilər bundan artıq dirənə biləcək gücdə deyildilər. Erməni nümayəndələri Batumi konferansında savaş meydanı ilə əlaqə saxlaya bilmədikləri üçün müzakirə masasında zəfər kartlarından istifadə etməyi başarmadılar. Bu üzdən də ağır barış şərtlərinə imza atmaq zorunda qalırlar. Andranik bu müqaviləni təhqir sayır və öz tərəfdarları ilə Dəlicana çəkilir. Ordan da Naxcıvana gedir. Andranik bu hərəkətləri ilə İranda ingilis güclərinə qatılıb onlardan yardım alacağını xəyal etmişdi.