Bakının durumu
Fevral inqilabından başlayaraq Bakının durumu necə olmuşdur? İşçilər nümayəndələrinin soveti 1917-ci il martın 7-də təşkil edildi. İnqilabçı sosialistlər, bolşeviklər, daşnaklar və müsavatçılar bu sovet içində idilər. Bu təşkilatlardan hər birinin özünəxas hədəfləri var idi. Bolşeviklər Petroqraddakı olayların axışına görə hərəkət edirdilər. Sağçı sosialistlər və menşeviklər bolşeviklərin bu tutumuna qarşı idilər. Müsavatçılar və daşnaklar milli hədəflərinə yaradıqları ölçüdə inqilabdan yanaydılar. Bakının bu qarışıq durumu bir çox baxımdan Tiflisin durumuna bənzəməkdə idi. Belə bir durumda siyasi təşkilatlar siyasi üfüq aydın olmadığı müddətcə bir-birləri ilə əməkdaşlıq edirdilər. Sovetin ilk oturumu martın 6-da menşevik Ayuloyun başqanlığında açıldı. 52 min seçicinin nümayəndəsi olan 52 nümayəndə tərəfindən Şaomiyan rəyasətə seçildi.22 Bununla paralel martın 17-də məhəlli dumanın təşəbbüsü nəticəsində ictimai təşkilatların icraiyə komitəsi (İ. K. O. O) adı ilə təşkil edildi.23 Bu qurumda 53 təşkilat üzv idi. Adıkeçən təşkilat Petroqraddakı keçici hökümət tərəfindən özünü səlahiyətli təşkilat kimi tanıdır və Bakı şəhərinin hər növ güvənliyindən sorumlu olurdu. Ancaq mali işləri əlində bulunduran şəhər duması bələdiyə işləri ilə məşğul olurdu. Məhəlli sovetdə bolşeviklərin, sadəcə 9 nümayəndəsi var idi. Şaomiyan və Caparidzenin gəlişindən sonra bolşeviklər geniş təbliğata başladılar. Bolşeviklərin istəyi üzərinə aprel ayında yeni seçim keçirilir və 113 nümayəndə sovetə seçilir. Bolşeviklərin nümayəndələrinin sayı 25-ə yüksəlir. Mayın 15-də Şaomiyan Petroqraddakı koalisiya hökümətini qəbul etməməyə çağırır. Menşeviklər və daşnaklar Şaomiyanın bu təklifini rədd edirlər. Beləliklə iki qrup arasında sərt ziddiyətlər başlayır. Bununla da menşeviklər və bolşeviklər arasında bütün əlaqələr həm Bakıda, həm də Tiflisdə tamamən qoparılır. İyul ayında Petroqradda bolşevikləri sıxışdırırlar. İnqilabçı sosialist partiyalar, menşeviklər və məhəlli sovetin icraiyə komitəsi 12-16 iyul arasında Bakıda bir konferans keçirirlər. Adıçəkilən təşkilatların Sadovski, Sahakiyan və Baqaturov kimi rəhbərləri bolşevikləri məhəlli sovetdən kənarlaşdıraraq şəhərdə hərbi diktatura qurmaq istəyirlər. Ancaq müxalifləri sıxışdırmağa cürət edə bilmirlər. Yay boyunca Bakı Soveti azuqə azlığından əziyət çəkir. Bolşeviklərin tərəfdarları və müxalifləri bir-birləri ilə savaş halında olduqlarından Bakıya buğda zamanında çatmamaqdadır. Ərzaq komitəsi müsəlman kəndlilərin buğdasını müsadirə edir. Bu da kəndlilərin etirazlarına səbəb olur. Qıtlıqla qarşı-qarşıya olan işçilərin durumu çox bərbad vəziyyətdədir. Tezliklə işçilər, özəlliklə neft sahəsində işburaxma qərarına gəlirlər. Neft işçiləri işə getməkdən imtina edir. Bolşeviklərə görə işçilərin bu acınacaqlı duruma düşmələrinin tək suçlusu inqilabçı sosialistlər və menşeviklərdir. Bolşeviklərə görə menşeviklər neft burjualarının basqısı altında qalaraq işçilərin haqqını görməzlikdən gəlmişlər. Bolşeviklər bu gərginlikdən öz amacları üçün yararlanmağa çalışırlar və işçilərin haqqını tələb etmək üçün təbliğata başlayırlar. Bakı Sovetinin nümayəndəsi Caparizde iyul ayında Petroqradda keçən sovetlərin 6-cı konqrəsində deyir: “İşçilərin aşırı narazılığı üzündən bizim işimiz gözləniləndən daha çox asanlaşmışdır. Ancaq bu yeni inqilabi dalğadan inqilabi yöntəmlə yararlanmalıyıq.”24
Sentyabr ayında neft sənayesində, nəqliyyatda, toxumacılıqda və digər sahələrdə işçilər işə getməkdən imtina edib qrevə çıxırlar. 21 sentyabrda Caparidze neft işçilərinin konferansında bir təkliflə çıxış edir. Bu təklifə görə neft şirkətlərinin sahiblərinə ultimatom göndərildi. İşverənlərin bu ultimatoma uymamaları üçün 27 sentyabrda ümumi qrev başlayır. Bakı dənizçiləri və əsgərləri də bu qrevə dəstək verirlər. Oktyabrın 2-də sənaye sahibləri işçilərin qrevləri qarşısında təslim olurlar. Bolşeviklərin işçilərin mənafelərini savunmaları onların etibarını artırır. Oktyabrın 27-də məhəlli sovetin icraiyə komitəsinin konferansı keçirilir. Caparidze Petroqraddakı durumla ilgili bilgi verdikdən sonra deyir: “Proletariyanın Petroqaraddakı zəfərindən sonra Bakı proletariyasının da zəfər qazanması gərəkir.”25 İnqilabçı sosialistlər, menşeviklər və daşnaklar bu durumu əngəlləmək üçün kualision bir hökümətin qurulmasını istəyirlər. Bolşeviklər bu təklifi qəbul etmədiklərindən adıkeçən təşkilatlar noyabr ayının 18-də milli qurtuluş komitəsini təşkil edirlər. Bolşeviklər işçilərə müraciət edərək buna reaksiya göstərir, etiraz mitinqləri və qrev təşkil edirlər.
Oktyabr ayının 31-də məhəlli sovet 288 müvafiq, 78 müxalif və 21 tərəfsiz rəylə iqtidarı işçilərdən və əsgərlərdən oluşan daha geniş bir sovetə buraxmaq qərarına gəlir. Noyabr ayının 2-də keçirilən sovetin ilk oturumunda iqtidarın yeni sovetə təslim edilmə məsələsi müzakirə edilir. Menşevik Buqdanov buna etiraz olaraq toplantını tərk edir. Ancaq toplantıda hazır olan 464 nümayəndədən sadəcə 120 nümayəndə onun toplantını tərk etməsinə üzüldüklərini bildirirlər. Bunlar da əsasən inqilabçı sosialistlər, menşeviklər və daşnaklardan oluşmaqdadırlar. Müsavatçılar toplantıda qalırlar və müsavat üçün daha çox nümayəndə tələb edirlər. Onların bu tələbləri rədd edilir.
Sovet rəhbərliyini ələ keçirmiş olan icraiyə komitəsi partiyalar arasında ortaya çıxan ixtilaflardan yararlanaraq təxribatçı saydıqları təşkilatları bir-bir qapadırlar. Noyabr ayının 12-də milli qurtuluş komitəsi qapadılır. 21-də İ.K.O.O qapadılır. Ancaq müxalif partiyalar meydanı tərk etmirlər. Onlar durumu öz xeyirlərinə çevirə bilmələri üçün qurucu məclisin seçiminə çox önəm verməyə başlayırlar. Qurucu məclisin seçimi noyabr ayının 26-da keçirilir. Bolşeviklər 22 faiz səslə məclisdə yer alırlar. Bolşeviklərin arxasınca səs faizlərinə görə müsavatçılar, daşnaklar və inqilabçı sosialistlər gəlməkdədirlər. Aralarında çox cüzi fərq var. Bolşeviklər iddia edirlər ki, bu seçim sosial reallığı əks etdirməməkdədir. Petroqradda bolşeviklərin iqtidarının sağlanmasından həvəslənən bolşeviklər yenidən seçim keçirilməsindən yanadırlar. Yeni seçim dekabr ayının sonlarına doğru gerçəkləşir. Yeni sovet 190 nümayəndədən ibarətdir. 51 bolşevik, 41 daşnak, 38 inqilabçı sol sosialist, 28 sağ sosialistlər, 21 müsavatçı, 11 menşevik. Şaomiyan Tiflisdə bulunduğu üçün Caparidze rəyasətə seçilir. Dekabr ayının 31-də yeni sovet icraiyə komitəsini “Sovet rejimi ilə müvafiq olan nümayəndələr arasından seçir.”26 Yalnız inqilabçı sol sosialistlər bu qərarı qəbul edir. Yeni icraiyə komitəsi 7 bolşevik, 6 inqilabçı sol sosialist, 10 əsgər və 4 dənizçidən ibarətdir. Bolşeviklər məntəqə sovetlərində də əksəriyəti əldə edirlər.
1918-ci il yanvarın 18-də Petroqradda qurucu məclis ləğv edildikdən sonra inqilabçı sosialistlər, menşeviklər, daşnaklar və müsavatçılar Bakı sovetinə daha dostca yanaşırlar. Bolşeviklər bu fürsətdən yararlanaraq neft sənayesində kontrolu ələ keçirməyə çalışırlar. Eləcə də ərzaq, nəqliyyat sahələrini öz kontrollarına alaraq neft sənayesinin milliləşməsini təklif edirlər. Sonunda bolşeviklər tam olaraq Bakı sovetinin hakimi olurlar.
Dostları ilə paylaş: |