Türkiyə-Sovet yaxınlaşması
Çar Rusiyasının Şərqdəki genişləməsi İngiltərənin müxalifəti ilə qarşılaşardı. Rusiya onun strateji, iqtisadi mənafeyini təhdid edirdi. İngiltərənin Rusiyanı durdurması türklərə yaradı. Rusiya qarşısında bir əsrdə dörd dəfə məğlub olmasına rəğmən Osmanlı erməni ərazilərini öz əlində saxlaya bildi. Osmanlı artıq Avropalılar tərəfindən “xəstə adam” olaraq tanımlanmaqda idi. Birinci dünya savaşında Osmanlının Almaniyanın yanında yer almasının səbəbi nə idi? Rəhbərliyini Ənvər, Tələt və Camal paşaların yürütdüyü İttihad və Tərəqqi Cəmiyyəti hesab edirdi ki, müttəfiq dövlətlər Osmanlını daha çox parçalayıb mənimsəmək istəyirlər. Düşünürdülər ki, Almaniya müttəfiqlər kimi Osmanlı parçalamaq yerinə, yalnızca daha çox iqtisadi imtiyazlar əldə etmək istəyindədir.
1916-cı ilin aprelində müttəfiq dövlətlər Osmanlını parçalamaq üçün aralarında gizlin bir müqavilə bağlayırlar. Fransa, Suriyə və Kilikiyəni; İngiltərə, Mesopotamiya və Ərəbistanın bir bölümünü; Rusiya İstanbulu, Bosfor və Dardanel boğazlarını, bir də Qərbi Ermənistanın bir bölümünü alacaqdılar. Rusiya cəbhəsinin dağılması və sosialist inqilab Çar dövlətinin xəyallarını çökərtdi. Lenin noyabrın 7-də yayımladığı bəyanında bu sözlərlə müttəfiqlər arasındakı gizlin müqaviləni məhkum edirdi: “Türkiyənin və Ermənistanın bölünməsi ilə bağlı gizlin anlaşmanın bizim tərəfimizdən ləğv edildiyini bəyan edirik. Savaş bitdikdən sonra ermənilər azad şəkildə öz müqəddəratlarını təyin edəcəklər.”46 Bir ay sonra Lenin Türkiyə Ermənistanı ilə bağlı bir fərman çıxardı.
Leninin gizlin anlaşma ilə bağlı bəyanı türk millətçi ortamında olumlu qarşılandı. Türklər də bolşeviklər kimi Mustafa Kamal adlı bir paşa rəhbərliyində ingiltərəyə və Fransaya qarşı dirəniş hərəkəti başlatdılar. Bolşevikləri devirmək və Türkiyəni parçalamaq istəyən müttəfiqlərə qarşı bu iki hərəkət istər-istəməz bir-birinə yaxınlaşmağa başlamışdı. Tarixdə ilk dəfə olaraq türk-rus yaxınlaşması və ortaq hərəkət etməsi başlamışdı.
Türk millətçilərlə bolşeviklərin ilk təmasları 1919-cu ilin may ayında yunan əsgərlərinin Anadolunun Qərb sahilini işğal etməsindən sonra başlamışdı. Bəzi tarixçilərə görə Mustafa Kamal 1918-ci il sentyabr ayında İstanbulda qurulan sosialist partiya vasitəsi bolşeviklərlə ilk təmassa keçmişdir. Bu təsəvvürə görə Mustafa Kamal Havzada iqamət etdiyi zaman 25 may və 12 iyun arasında bolşeviklərə qatılmış olan əski çar polkovniyi Budyini ilə görüşmüşdür. Söyləntilərə görə bolşevik təmsilçisi Mustafa Kamala təklif edir ki, Türkiyədə bolşevik modeli bir rejimin qurulması qarşılığında Lenin Türkiyəyə hərbi yardımda buluna bilər. Mustafa Kamal anlaşılmaz bir cavab verir: Türkiyənin məzhəbi və sosial yapısı o qədər də inkişaf etməmişdir, bolşevik sayağı bir rejimi qəbul edərmi? Mustafa Kamalın məsələhətçisi Xosrov bəy iyunun 7-də Şərq cəbhəsinin komutanı olan Kazım Qarabəkir paşaya bir məktub yazaraq bolşeviklərin özəllikləri və etiqadları haqda müfəssəl bilgi istəyir.47
Mustafa Kamalın dirəniş hərəkəti başlatma xəbəri Rusiyaya ulaşdığında bolşeviklər bu hərəkəti bir növ bolşevikliyin antiimperialist mübarizəsinin uzantısı kimi dəyərləndirdilər. Yuri Steklov “İzvestiya” qəzetində yazdığı bir məqalədə Mustafa Kamal hərəkətini Asiyanin ilk inqilabı kimi dəyərləndirdi. Üçüncü KOMİNTERN mayın əvvəlindəki öz manifestində Versay barış konferansını məhkum etdi.
Oktyabr inqilabından qısa sürə sonra Lenin 25 milyon Rusiya müsəlmanının sovet iqtidarının möhkəmlənməsinə yardım edə biləcəyini anlayır. Bunun üçün də müsəlmanlara muxtarlıq kimi daha çox azadlıq verilməsi gərkdəyini dərk edir. 1917-ci il noyabr ayının 24-də Lenin “Rusiya və Şərq müsəəlmanlarının işçilərinə” xitabən bir bəyaniyyə yayımlayır. Onlardan “bütün sovet xalqlarına azadlıq və´d edən inqilabı” savunmalarını istəyir. İki ay sonra 1918-ci il 19 yanvarda Müsəlman İşləri Mərkəzi Komisarlığını təsis edir. Bu qurumun görəvi kommunist ideologiyanı Rusiya müsəlmanları arasında yaymaqdır. Bu qurumun Şərq masasının başqanı Türkiyədən bir öyrənci olan Mustafa Sübhi´dir. Mustafa Sübhi Sorbon universitetinin sosiologiya institutunun əski öyrəncisidir. Savaş zamanı Rusiyada yaxalanmışdı. İnqilabdan sonra “Yeni Dünya” qəzetini çıxarmağa başlamışdı. Bu qəzet Türkiyə kommunistlərinin ilk qəzeti sayılırdı. Qəzetin amacı marksist ideologiyanı savaşda əsir olaraq yaxalanmış türklərin arasında yaymaq idi. Mustafa Sübhi 1919-cu il mart ayında Üçüncü Kominternin birinci konqrəsinə qatıldı. Bu Konqrədəki nitqində “Türk paşalar, sadəcə ermənilərin qanını tökməmişlər. Onlar həm də türk işçilərin və əkinçilərin də qanını tökmüşlər. Zülm altında yaşayan bütün xalqların gerçək dostu Böyük Oktyabr İnqilabıdır”48 demişdi. Sübhi sayıları çox az olan türk marksistlərdən idi. Onun fəaliyyətləri Osmanlının Moskvadakı səfirinin etirazına səbəb oldu. O, türk əsirlərdən oluşan bir batalyon təşkil edib qızıl ordunun kənarına yerləşdirdi. Eyni ilin aprel ayında müsəlmanlarin işlərindən sorumlu qurumun rəisliyinə təyin edilib kırıma göndərildi. Kırımda bulunduğu müddət ərzində Mustafa Kamalla əlaqəyə girməyə çalışsa da, bu, mümkün olmadı. 1920-ci ilin iyun ayında Mustafa Sübhi Bakıda Türkiyənin ilk kommunist partiyasını təsis etdi.
Müttəfiqlərin qələbəsindən sonra Gənc Türklər Partiyası ləğv edildi.49 Ənvər, Tələt və Camal Berlinə sığındılar. Berlində Ənvər Kominternin göndərdiyi Karl Radek´la irtibat qurdu. Karl Radek Ənvərə müttəfiqlər qarşısında dirənməyi təklif etdi. Ənvər 1916-cı ildə Qafqaz cəbhəsində yenilsə də, türk rəhbərlər arasında bir az hörməti var idi. Ancaq Ənvərin müstəqil fəaliyyəti Mustafa Kamalın ehtiyatlı siyasəti ilə qarşı-qarşıya gəlməkdə idi. Bu üzdən də türk milli rəhbərləri Ənvər paşaya bədgüman olmağa başladılar. 1919-cu ildə 4-11 sentyabr arasında Mustafa Kamalın öndərliyində Türk Dirəniş Hərəkətinin konqrəsi Sivasda keçirildi. Bir neçə müsəlman bolşevik də bu toplantıda iştirak edirdi. Bu konqrə Mustafa kamalı milli qurtuluş hərəkətinin rəhbər kimi qəbul etdi. Mustafa Kamal Sentyabr ayında İranın Şimal Şərqində əski ordu komutanı olan Xəlil paşanı Bakıya göndərdi. Xəlil paşa Bakıda bolşeviklərlə müzakirə etməli idi. Bu zaman Çiçerin “Türkiyənin işçilərinə və kəndlilərinə” xitabən öz bəyaniyyəsini yaydı. Bəyaniyyədə türklərin imperialistlərə qarşı başlatdığı mübarizə təqdir edilirdi. Işçilərdən bu antiimperialist savaşa qatılmaq istənirdi. Beləliklə də türklər və sovetlər arasında işbirliyi imkanları sağlanmış oldu.
Ancaq Mustafa Kamal müttəfiqlər bədgüman olmasınlar deyə Qafqazdan Anadolaya varmaqda olan general Harburda çox ehtiyatla bir məktub göndərdi. Mustafa Kamal bu məktubda türk millətçi hərəkətinin bolşeviklərlə işbirliyi haqda yayılan şayiələri təkzib etdi. Mustafa Kamal Yazırdı: “Bizim ölkəmizdə bolşevik görüşlərə yer yoxdur. Dinimiz, adət-ənənəmiz, sosial strukturumuz bolşevik görüşlərinə əsla uyğun deyildir.”50 Mustafa Kamal belə düşünürdü ki, Türkiyə düşdüyü durumdan qurtula bilməsi üçün, ancaq Rusiyadan yardım bəlkləyə bilər. Sonrakı aylarda Mustafa Kamalın bolşeviklərlə olan əlaqələri daha da genişlədi. Bu zaman ingilislərin işğalı sırasında əsir olaraq yaxalanan Nuru paşa Batumidən Bakıya qaçmağı başardı. Bakıda Xəlil, Nuri və Mustafa Kamalın göndərdiyi Bahat Səid, Fuad Sabit kimi paşalar bolşeviklərlə irtibata keçirlər. Bu paşalar ingilislər Bakını tərk etdikdən sonra Türkiyə-Sovet arasında ilişkilərin qurulmasına çalışırlar.
* * *
1920-ci il aprel ayında qızıl ordu Kolçak və Denikini məğlub edir. Artıq bolşevikləri devirəcək önəmli iç təhdidlər ortadan qaldırılmışdı. Müttəfiqlərin ali baş komutanı durumun çox ciddi olduğunu duyurur. Müttəfiqlər Qafqazın bolşevikləşməsinin qarşısını almaq üçün azəri və gürcü əsgərləri geniş silahlandırıb qullanmaq istəyirlər. Ancaq müttəfiqlərin əsgərləri bu savaşa qatılmadıqları üçün azərilər və gürcülər qızıl orduya qarşı çıxmaqdan çəkinirlər. Yanvarın 15-də Fransanın Qafqazdakı hərbi nümayəndəsi öz ölkəsinə yazır: “Müttəfiqlər təcili əməliyyata keçməzlərsə, bolşeviklər çox sürətlə Qafqaza girəcəklər. Hər şeydən öncə Qafqaz cümhuriyətləri müttəfiqlər tərəfindən rəsmiyyətə tanınmalıdır. Bunun çox təsiri ola bilər. Gürcüstan dövləti müttəfiqlər tərəfindən müdafiə olunsa, bolşeviklərlə savaşa bilərlər. Yoxsa Gürcüstan, bolşevikləri aldatmaq gümanı ilə diplomatik hiylələrə əl atacaq. Müttəfiqlərin yardımı olmazsa, gürcü bolşeviklərin seli Gürcüstan dövlətini devirib aparacaq. Gürcüstan ordusu güvənilir deyil, çünkü yetərincə uzmanı və təlimçisi yoxdur... Müttəfiqlərin düşməni olan müxalifət Azərbaycanda dövlətə nüfuz etmişlər. Azərbaycanda dövlət tərəddüd içindədir. Bakı işçiləri bolşeviklərin, Azərbaycan əkinçiləri də türklərin gəlməsini bəkləyirlər. Xəlil paşa Gəncəyə daxil olmuşdur. Bir çox xanlar türk paşalarla əməkdaşlıq edirlər. Belə bir durumda Bakını savunmaq çətindir.”51
Müttəfiqlərin baş komutanı mareşal Fuş Qafqazın durumu ilə bilgiləndikdən sonra deyir ki, Qafqazı qorumaq üçün bakıdan Batumiyə qədər iki diviziya ordu gərəkir. Ingiltərə xarici işlər nazirliyi ilə məsələhətləşirlər. Nazirlik cavab verir ki, “Mövcud durum İngiltərəyə bu iki diviziyanı təşkil etməyə imkan verməməkdədir. Müttəfiqlərdən heç biri Qafqaza ordu göndərmək istəmirlər. Maddi yardımın Gürcüstanı və Azərbaycanı quruması mümkün deyildir. Denikin məğlub olarsa, müttəfiqlər bolşeviklərlə qarşı-qarşıya gəlmək yerinə özlərini Qafqazdan uzaqlaşdırsalar, daha yaxşıdır.”52 Bu durum Qafqaz cümhuriyyətlərinin tanınmasına imkan yaradır. Müttəfiqlər son çarə kimi Qafqaz cümhuriyyətlərini rəsmiyyətə tanıyırlar.53 Ayrıca, Qafqaz cümhuriyyətlərinə maddi yardım qərarı alınır. Müttəfiqlər bu əməlləri ilə bolşeviklərin Qafqazda irəliləmələrinin durdurulacağınımı sanırdılar?
Çiçerin Qafqazı müttəfiqlərdən təcrid etmək üçün yanvarın 2-də Azərbaycan və gürcüstan dövlətlərinə bir təklif göndərdi. Denikinə qarşı ortaq hərbi müqavilənin imzalanmasını önərdi. Ancaq iki Qafqaz dövləti Çiçerinin tələsinə düşmürlər. Maraqlıdır ki, bu durumda Ermənistanın heç adı da keçməməkdədir. Bu, türklərlə rusların Ermənistan qonusunda anlaşdıqları anlamında ola bilərmi? Bolşeviklərin müxalifləri bu görüşü savunmaqdadırlar. Onlara görə bolşeviklər və türklər Ermənistana qarşı ortaq planda anlaşmış olmalıdırlar, yoxsa nədən Ermənistanın adı əsla keçməməkdədir. Ancaq bolşeviklərə müxaliflərinin bu görüş bəlgələrlə isbatlanmamışdır. Yanvar ayının 7-də Xan Xoiski müttəfiqlərin Qafqazdakı ali komiseri Vardropla məsələhətləşdikdən sonra Çiçerinin təklifini rədd edir. Yanvar ayının 14-də Jurdaniya gürcüstan məclisində nitq söyləyir. Öncə gürcüstan milli dəyərlərini və mədəniyətini bol-bol öyür. Sonra davam edir: “Biz kimsəyə qəyyum olmaq istəmədiyimiz kimi, kiməsənin də bizə qəyyum olmasını istəmirik. (Burada dolayısıyla Ermənistanı nəzərdə tutur) Bilirsiniz ki, Sovet Rusiyası bizə hərbi əməkdaşlıq təklif etmişdir. Bu hərbi işbirliyinin anlamı nədir? Bunun anlamı odur ki, biz əlaqələrimizi Avropa ilə kəsməliyik. Biz hər zaman xarici siyasətimizdə Qərbi seçmişik. Gələcəkdə də bu seçimdə bulunacağıq. Düşmənlərimiz bizə “Gürcüstan imperialistlərin yanında yer almışdır” söyləyəcəklər. Bu üzdən də mən burada açıqca söyləyirəm ki, biz Qərb imperialistlərini Şərq fanatizmindən üstün bilirik.”54
Moskva bu tutuma sürətlə cavab verir. Yanvarın 23-də Çiçerin Azərbaycana etiraz məktubu göndərir. “Azərbaycanın Denikini dəstəkləyən ingilis ordusuyla işbirliyini” tənqid edir. Yanvarın 31-də də gürcüstana bir etiraz məktubu göndərir. Bu məktubda yazır: “Gürcüstan dövləti öncə alman imperializmi ilə işbirliyi etdi. Daha sonra türk imperialist ordusu Bakını işğal etdiyində onlara təbrik məsajı göndərdi. Daha sonra Bakını işğal edib bolşeviklərə qarşı planlar hazırlayan İngiltərə imperializmi ilə Gürcüstan yaxşı münasibətlər qurmağa çalışdı. Gürcüstan bu əməlləri ilə bolşevik inqilabın düşməni olduğunu göstərmişdir. Sizin dövlətiniz indi Çörçil və Foşla müzakirə halındadır. İngiltərə işçilərin və əkinçilərin höküməti olan sovet rejiminə qarşı saldırmaq üçün Gürcüstanda qərargah qurmaq istəməkdədir.”55 İki Qafqaz cümhuriyəti müttəfiqlərin onlara yardımı qarşısında Denikinlə bağlı tərəfsiz mövqe sərgiləməyi nəzərdə tutmuşdular. 1920-ci ilin əvvəllərində Vatikanın nümayəndəsi Qafqazda görüşlər keçirir. Müttəfiqlərin siyasəti ilə bağlı fikirlərini bildirir. O, yeni qurulmuş olan Qafqaz dövlətləri ilə bağlı müttəfiqlərin tərəddüdlərini şaşqınlıqla qarşılayır və belə nəticə alır: “Müttəfiqlərin ortaq və düzənli siyasətləri Qafqazda hiss olunmur. Bu durum həm müttəfiqlərin, həm Qafqaz cümhuriyyətlərinin, həm də bolşevik düşmənlərinin zərərinədir.”56
Irəvan höküməti istiqlalının ikinci ildönümündə böyük çətinliklərlə qarşı-qarşıyadır. Amerikabın yardımları ilə qıtlıq problemi azalsa da, 150 min adam qıtlıqdan ölmüşdü. Saysız adam da yetim və xəstə qalmışdı. Dövlət qaçqınların durumlarının düzəlməsi üçün çalışsa da, hələ də bu zavallı insanların durumu bərbaddır. Erməni kəndlərində kənd ağaları əhalini talamaqdadır. Dövlət məmurları istədikləri kimi davranır. Əkinçilər ağır vəziyyətdədir. Dövlətə vergi və əsgər verməkdən imtina edirlər. İngilislərin və müsəlmanların oluşdurduqları bütün çətin durumlara baxmayaraq, erməni höküməti Qarsı və Naxcıvanı öz torpaqlarına qatmağı başarır.57 İngilislər Türkiyənin Qarsdakı 9-cu ordusunun kumutanı Şevqi paşanı bölgəni tərk etməyə zorlayırlar. Qars və bölgəsi Türk ordusundan boşaldılır. Şevqi paşa ordusuyla bir yerdə bölgəni tərk etmədən öncə bölgədəki türkləri ermənilərin saldırısından qurumaq üçün müsəlman əhalidən ibarət “Milli Şura” adında bir qurum oluşdurur. 1918-ci ildə bölgəni tərk edən ermənilərin onlara saldıracağını bəhanə edərək Türk ordusu bölgədən çəkilərkən silahlarını türk müsəəlman partizanlara buraxır. Partizanlar Milli Şura tərəfindən yönətilməkdədir. Bu partizanlara Naxcıvan, Zəngəzur və Qarabağ yoluyla Türkiyə və Azərbaycan arasında irtibat bərqərar etmə tapşırılmışdı. 1919-cu il mart ayının 7-də polkovnik Şardini öz dövlətinə durumla ilgili bu bilgiləri göndərir:
Qars Şurası İrəvanın Cənub Qərbində olan Sürməlidə təbliğat işləri ilə məşğuldur. Onlar Naxcıvan və məhəlli hökümət arasında irtibat qurmağa çalışırlar. Ayrıca, Prens Atabəyov adında bir müsəlman da iki ay öncədən yeni müsəlman bir hökümət qurmaq üçün çalışmaqdadır. Özünü “Güney Batı Qafqaz dövləti” adlandırmış. Onun iddia etdiyi dövlət Qars, Batumi, Axaltsix və Axalkalaki vilayətlərini ehtiva etməkdədir.58
1919-cu ilin mart ayında Andranik Zəngəzuru tərk etdiyində Azərbaycan və Ermənistan arasında 1918-ci ildə məxfi olan Qarabağ problemi açıqca ortaya çıxdı. İngilislər dəstəklərini ermənilərdən kəsdiklərində dağlarda yaşayan ermənilər avqust ayında müvəqqəti olaraq Azərbaycan tabeliyini qəbul etdilər. Ancaq Zəngəzur hələ ermənilərin əlində idi. İyun ayında ermənistan yeni qanun yazacaq məclisin ilk seçimini keçirdi. Popolistlər seçkini təhrim etdilər. Çünkü seçkidən sonra Ermənistan dövləti 1919-cu il may ayının 28-dəki bəyaniyədə qeyd edilən “Bütün Ermənistan”ın nümayəndəsi olmayacaqdı. Bu şaibəli seçkidə daşnaklar 72, inqilabçı sosialistlər 4, müsəlmanlar 3 və Əkinçilər Birliyi 1 kürsü qazandı. Yeni hökümət Xatisyanın rəisliyində quruldu.
1919-cu ilin sentyabr ayında bolşevik təşkilatlar bir araya gəldilər. 1920-ci ilin yanvarında erməni bolşeviklər 1200 üzvü təmsil edən 22 nümayəndə ilə İrəvanda gizlin konferans keçirdilər. Durumu dəyərləndirdikdən sonra konferans bəyan etdi ki, Qafqaz cümhuriyətləri zəhmətkeş xalqın istismarı üzərində qurulmuş burjua hökümətləridir. Bolşeviklərin ilk görəvi bütün bədbəxtliklərə səbəb olan daşnak partiyasını iqtidardan uzaqlaşdırmaqdır. “Ermənistanda milli məsələ yoxdur. Yalnız sosial məsələ var... Şərqdə ümumi qiyam olduğunda Ermənistan Kommunist Partiyası imperialistlərlə işbirliyi edən daşnakları devirməyə hazır olmalıdır. Şərq xalqlarının qiyamı zamanı sovet Rusiyası ilə vahid cəbhədə düşmənə qarşı savaşmalıyıq.”59 Erməni bolşevik komitəsi silahlarını Azərbaycan, Gürcüstan, Türkiyə və İran kommunist təşkilatlarına göndərir. Mart ayının 6-da Mikoyan Sovet Kommunist Partiyasının mərkəzi komitəsinin üzvü Kirova xəbər göndərir ki, ermənistanda bolşeviklərin fəaliyyətləri yararlı olmuş və tərəfdarlarının sayı gündən-günə artmaqdadır. Ermənistan höküməti bolşeviklərin fəaliyyətindən bezmiş və onları kontrol altında tutmaq üçün sərt önləmlər almaq qərarına gəlir. Bolşeviklərin iki nüfuzlu şəxsi olan Kasiyan və Mraviyanı Gürcüstana sürgün edir. Onlar Tiflisə çatdıqlarında menşeviklər tərəfindən tutuqlanıb həbs edilirlər. Ancaq Kirovun müdaxiləsi ilə sərbəst buraxılırlar. Tiflisdən Bakıya gedib orada iyul ayında Dolətiyan və Avis Qabriliyanın yardımı ilə Ermənistan Kommunist Partiyasını xarici ölkədə təsis edirlər.
Dostları ilə paylaş: |