London konferansları və Moskova
(1921-ci il fevralın 21-dən martın 16-na qədər)
Sovetlər Qafqazı tam olaraq işğal etdikdən sonra müttəfiqlərin Qafqazda kommunizmə qarşı divar oluşdurma ümidləri boşa çıxdı. Müttəfiqlər üçün kommunizmə qarşı bir tək alternativ qalmışdı, o da Türkiyə idi. Türkiyəni sovetlərin qarşısında gücləndirmək gərəkirdi. Bu amac doğrultusunda müttəfiqlərin Türkiyəyə qarşı tutumları dəyişməyə başladı.
Sovetlərin dəstəklədiyi kəmalistlərə qarşı İngiltərə Yunanistanı dəstəkləyirdi. Qafqazın sovetlər tərəfindən işğalı sona çatdıqdan sonra İngiltərə kəmalistlərlə təmassa keçməyə başladı. İngiltərə Yunanistanla Türkiyə arasındakı düşmənliyi azaltmaq istəyirdi. Çünkü İngiltərə üçün önəmli olan kommunizmin müsəlman ölkələrə yayılmasını əngəlləmək idi. Bu, Yunanistan qonusundan daha önəmli idi.
Fransa Kilikiyədəki sorunlarının ötəsindən bir də Türkiyədə iqtisadi çıxarlarının təhlükəyə girməsi ilə qarşı-qarşıya idi. Bu üzdən siyasətini dəyişdirərək Türkiyəyə yaxınlaşmaq politikası izləməyə başladı. 1921-ci il martın 11-də Aristid Beryan və Bəkir Sami arasında bir müqavilə imzalandı. Bu müqavilə həm dostluğa yol açır, həm də Türkiyə-Suriyə sınırlarını Türkiyənin yararı doğrultusunda ön görürdü.
İtaliya Qafqazda davrandığı kimi yeni Türkiyənin diqqətini cəlb etmək üçün Anadoluda da özünü oyunun kənarına çəkdi. 1921-ci il martın 12-də Türkiyə və İtaliya arasında müqavilə imzalandı. İqtisadi imtiyazlar qarşısında İtaliya əsgərlərini Anadoludan geri çəkməli idi. Əsgərlərin Anadoludan tam olaraq çəkilməsi avqust ayında sona ərdi.
London konferansı fevralın 21-də başladı. Mustafa Kamalın nümayəndəsi Bəkir Sami müttəfiqlərin yardımı ilə Qafqazın yenidən işğalı ilə ilgili aldadıcı bir təklifdə bulundu. Bu işğal Qafqaz federasiyasının qurulması və Bakı petrolunun ingilislərlə paylaşılması ilə sonuclanacaqdı.150 Lord Curzon Ankaranın bolşeviklərə bağlılığı qonusunda sorduğunda Bəkir Sami bunu tam olaraq inkar etdi. Antibolşevik bir nitq söylədi. Əcələ ilə bu nitqini mətnləşdirib iştirakçı nümayəndlər arasında yaydı. Sovetlərin Londondakı nümayəndəsi Krasin bu mətndən bir nüsxə əldə edib Moskvaya göndərdi. Tam bu sıralarda başqa bir türk heyyəti Moskvada ruslarla görüş halında idi.151 Martın 11-də Çiçerinin etirazı üzərinə Bəkir Saminin bəyanatı inkar edildi.
Türklərə bir çox imtiyazlar tanındı. Özəlliklə Sevr müqaviləsinin Türkiyə yararına yumşaldılacağı üzərində anlaşıldı. Yunanistan və Türkiyə arasında tərki-savaş bir nəticə vermədi. Paris erməni nümayəndə heyyətinə Xatisyan da qatılmışdı. Erməni nümayəndə heyyəti Sevrdə Ermənistanla ilgili olan maddənin yerində qalmasına israr etdi. Ancaq Bəkir Sami Ermənistan sınırı ilə bağlı Aleksandropol müqaviləsi dışında heç bir şeyi qəbul etməyəcəyini vurğuladı. Türkiyənin basqısı altında bulunan konferans erməni sınırı qonusunda heç bir şey edə bilmədi və martın 4-dəki oturumunda səssiz-səmirsiz Qərbi Ermənistanın istiqlalını torpağa gömdü. Konferans öz qətnaməsində deyirdi: “Ermənistana aid olan maddə yenidən gözdən keçiriləcək. Osmanlı təbəələri olan ermənilər üçün Türkiyə öz ərazisində və Şərqi Ermənistan sınırlarında “milli mərkəz” statusu tanıyacaq. Millətlər Cəmiyyətinin hansı ərazilərin Milli Mərkəzə bəlli edəcəyini Türkiyə qəbul edəcəkdi”152 Artıq “Sevr” andlaşmasında keçən “Azad və müstəqil Ermənistan”dan söz edilmirdi. Sadəcə “Milli Mərkəz”dən söhbət gedirdi. Türklər müttəfiqlərin xoş niyyətinə güvənmişdilər. Bu üzdən də Moskva konferansında özlərini güclü göstərirdilər. Maraqlı olan budur ki, Moskva konferansı da fevralın 21-də keçirilirdi. Eyni gündə həm Moskvada, həm də Londonda Türkiyə konferanslara qatılmışdı. Bu günsə Qafqazın sovetləşmə sürəci bitmək üzərə idi. Türkiyə-sovetlər arasında müzakirə 1920-ci il avqust ayında durdurulmuşdu. Moskva da Türkiyənin müttəfiqlərin tərəfinə tam olaraq keçmədən öncə Ankara ilə müqavilə bağlamaq istəyirdi. 1921-ci il yanvarın 13-də Çiçerin Türkiyənin xarici işlər naziri Əhməd Muxtara bir məktub göndərir. Məktubda ixtilafların dostca həlli, özəlliklə Ermənistan sınırı qonusunun çözülməsi üçün müzakirələrin başlanması istənirdi. O yazmışdı: “Bizim türk-erməni sorununun çözümündə üzərimizə götürmək istədiyimiz arabulucuq təşəbbüsünün rədd edildiyini duyduq və üzüldük. Ayrıca, bu haqda sizin Moskvadakı nümayəndələriniz heç bir şey söyləməmişdilər.”153 Aleksandropol anlaşmasına görə türklər Ermənistan ərazisinin bir qismini hələ də əllərində bulundurmaqdaydılar. Əllərində bulundurduqları əraziləri başqa ərazilərlə dəyişdirmək istəyirdilər. Yanvarın 30-da xarici işlər naziri Əhməd Muxtarın imzası ilə Moskvanın Ankaradakı səfirinə sunulan məktuba sovet səfiri Medivani cavab verir və sovetlərin Ermənistanın yararına ərazi iddiasının olmadığını vurğulayır. Səfirin cavabı bu sözlərlə bitir: “Bizim nümayəndə heyyətimizə Qarsı tərk edib dərhal Moskvaya dönmələri əmr edilmiş.”154
Əlifuad paşa və Yusif Kamal paşanın rəhbərliyindəki heyyət yanvarın 20-də Qarsı tərk edib fevralın 15-də Moskvaya çatdılar. Moskvanın tələskənliyinə rəğmən türklər çox sakin idi və müzakirənin daha gec başlamasını istəyirdilər. Müzakirələr fevralın 21-də başladı. Əcəba, türk heyyəti nədən müzakirənin gec başlamasından yanaydı, bu ertələmə Londonda müttəfiqlərlə müzakirə aparan Bəkir Saminin göndərəcəyi xəbərləri almaq üçün deyilmi idi? Ruslar Aleksandropol müqaviləsinin 5-ci maddəsinin aydınlığa qovuşmasını istədilər. 5-ci maddədə deyilirdi ki, Ermənistan Türkiyənin himayəsi altındadır. Yusif Kamal dedi ki, bu maddə sovetlərə qarşı deyil, imperialistlərə qarşı nəzərdə tutulmuşdu.155 Batumi, Axalkalaki və Axaltsix nahiyələrinin işğalı ilə bağlı uydurulan bəhanələr də buna bənzər idi: Menşeviklərlə mübarizidə amacımız gürcü zəhmətkeşlərinə yardım etmək olmuşdu.156 Türklər tam olaraq sovetlərin söyləmlərini təkrar edidilər. Ancaq sovet nümayəndələri axmaq deyildilər. Onlar kəmalistlərin müttəfiqlərə yaxınlaşdıqlarını bilirdilər. Türkiyənin müttəfiqlərlə birləşməsi sovetlər üçün ağır başa gələ bilərdi. Bu üzdən də müttəfiqlərdən öncə türklərlə anlaşmalı idilər.
Müzakirələr gərgin ortamda başladı. Türklər Brest-Litovsk və Batumi müqavilələrini önə sürürdülər. Bu müqavilələrə görə Ermənistan və Gürcüstan əraziləri türklərə buraxılmışdı və türklər bunu buraxmaq istəmirdilər. Sovetlər də bunu qəbul etmirdi. Burada parantez açaraq yayımlanmamış dosyalar haqqında danışmaq yerinə düşər. Fevralın 26-da Lenin türk heyyəti ilə görüşəcəkdi. Stalin bir neçə gün öncə Leninə bir məktub göndərir. Bu məktub göstərir ki, Stalin Çiçerinin Ermənistanın yararına ərazi istəmə siyasətinə qarşı imiş. Stalin bu məktubda yazır: “Yoldaş Lenin, Dünən xəbər aldım ki, Çiçerin axmaqca və təhrikedici bir məktub yazaraq türklərdən Van, Muş və Bitlisi boşaltmalarını istəmiş. Bu şəhərlərdə türklərin sayı ermənilərlə müqayisədə daha çoxdur. Biz ermənilərin bu imperialistcə istəklərini öz boynumuza ala bilmərik. Çiçerinin bu məktubunu, əslində millətçi ermənilər diktə etmişlər və buna izn verməmək gərəkir.”157 Bu məktubun tarixi fevralın 12-sini göstərir. Əslində Stalin də türklərin iddialarını doğrular şəkildə məktub yazmışdı. Bu məktub Moskvada bulunan Ter-Qabriliyan və Bəkzadiyanın müdaxiləsindən sonra yazılmamışmı? Bu iki erməni müzakirələrə qatılmaq istəyirlər, ancaq türklər qəbul etmirlər. Türklər Qafqaz cümhuriyyətlərinin nümayəndələri ilə ayrıca müzakirə etmək istəyirlər. Qafqazda əllərində ərazi bulunduran türklər ruslardan imtiyaz istəyirlər və ruslar bunu rədd edəcək durumda deyillər. Çünkü ruslar Mustafa Kamal və müttəfiqlərin birləşməsindən qorxurlar. Moskva Batumini saxlamaqda qərarlıdır. Çünkü Batumu Bakı petrolunun xaricə çıxacağı tək Qafqaz limanıdır. Bakı petrolunun satışından gələcək valyutaya rusların aşırı dərəcədə ehtiyacı var. Lenin türklərin israrından yorulmuş və Stalinə əmr verir ki, bu işi bitirin. Öz görüşlərini bu şəkildə açıqlayır: “Türklər Batumi ilə bağlı anlaşmaqda tərəddüd içindədirlər. Türk ordusunun da bu şəhərə doğru hərəkət etdiyi xəbərləri gəlir. Bunlar zaman qazanmaq istəyirlər. Bu qarşıdurmanın önünü kəsməliyik.”
Bu zaman Yunanistanın fevral və mart aylarında Yunanistan Sakarya boyunca irəliləməsi dursa da, türklərin durumu heç də yaxşı deyildi. Müzakirələrin kəsilməsi Rusiyanın söz verdiyi yardımların da kəsilməsinə səbəb ola bilərdi. Türkiyə Yunanistanla qarşılaşmaq üçün bu yardıma ehtiyacı var idi. Sonunda anlaşma elə hazırlanır ki, daha çox Azərbaycanın və qismən də Gürcüstanın yararına və London anlaşmasında olduğu kimi, yenə də ermənilərin zərərinə olur: Maddə 1- Ankara dövləti Qars, Ərdhan və Artvini saxlayır, ancaq Batumini gürcülərə buraxır. Maddə 2- Naxcıvan vilayəti Azərbaycan dövlətinə buraxılır və üçüncü bir dövlətə, yəni ermənilərə buraxıla bilməz. Maddə 4- Sovetlər Şərq millətləri üçün siyasi seçim özgürlüyünü rəsmiyyətə tanıyır. Maddə 5- Sovetlər Türkiyənin boğazlara tam egemenliyini qəbul edir. Bununla da sovetlərin Türkiyəni sovetləşdirmə xəyallarının önünü kəsirlər. Ayrıca, Ankara üç batalyonu üçün təchizat, silah almanın yanı sıra altun və petrol da əldə edir. Müqavilə martın 16-da imzalanır. Yəni Krasinin İngiltərə-sovetlər arasında ticarət müqaviləsini imzaladığı gün. Müqavilə martın 20-də Moskva və martın 22-də Ankara tərəfindən onaylanır. Martın 22-də yunanlar Ankaranın 50 km yaxınlığında idi. Bu müqaviləyə görə Moskva anlaşmanın mətnini üç Qafqaz ölkələrinin onayına sunmalı idi. Bu müqavilə ilə 25 min kvadrat km ərazi və 570 min nəfər əhali Türkiyəyə buraxıldı. 1921-ci il oktyabr ayının 13-də bu müqavilə Qars anlaşması ilə qətiləşdi.
Dostları ilə paylaş: |