Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan


Ermənistanda sovet rejiminin qurulması



Yüklə 1,47 Mb.
səhifə20/32
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#2390
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
Ermənistanda sovet rejiminin qurulması

Ermənilərin məğlubiyyəti və müttəfiqllərin yardımı ilə türklərin Zaqafqaziyaya nüfuz etmələri Moskvanı qəti önləmlər almağa zorlayır. Türklərlə silahlı savaşa qədər irəliləyirlər. Noyabrın əvvəllərində politbiro Stalini Bakıya göndərir. Stalin Bakıda Leqran və Medivani ilə görüşür. Noyabrın 7-də Mustafa Sübhi vasitəsi ilə Mustafa Kamala məsaj göndərir ki, “Federal Sovet Cümhuriyyəti Anadoludakı milli dirənişi bütün Şərq millətləri üçün örnək olaraq görür. Bu dirəniş hərəkətinə hər tür dəstək verməyə hazırıq.”90 Mustafa Kamal Aleksandropol müqaviləsinin imzalanmasından və yunan saldırısının başlamasından sonra cavab verir: “Biz Mahmud Şahtaxtınski (azərilərin Mustafa Kamal yanındakı nümayəndəsi) vasitəsi ilə sizin bolşeviklər və müsəəlmanlar arasında birlik yaratma fəaliyyətlərinizdən xəbərdarıq. Müsəlmanlarla ilgili izlədiyiniz liberal siyasətin şübhəsiz ki, çox faydaları olacaqdır.”91 Bu, qarşılıqlı məsajların göndərilməsi və imperializmə qarşı müsəlman-bolşevik yardımlaşması mövcud olan şübhələri ortadan qaldırmır. Noyabrın 4-də Azərbaycan Kommunist Partiyası ilə Qafqaz ofisinin ortaq konferansı keçirilir. Toplantının iş planı Gürcüstanla müzakirə və Ermənistandakı durumdur. Noyabrın 9-dakı oturumda Stalin deyir ki, hələlik kəmalistlərin təhlükəsini diplomatik yolla ortadan qaldırmağa çalışmalıyıq. Zəngəzur və Qarabağın gələcəyi ilə bağlı ondan sual sorulduğunda Stalin deyir: “İxtilaflı olan bu əraziləri daşnaklara buraxmamaq gərəkir. Ancaq bir gün Ermənistanda kommunist bir rejim qurularsa, bu iş mümkün ola bilər. Gürcüstan isə, müttəfiqlərin tərəfindədir. Gürcüstanın müttəfiqlərlə işbirliyini önləmək üçün əlimizdən gələni etməliyik. Gərəkirsə Gürcüstana petrol göndərməyi də durdura bilərik.”92

Noyabr ayının ortalarında Azərbaycan Kommunist Partiyasının ümumi toplantısında kəmalistlərin irəliləməsi və müttəfiqlərin təhriki səbəbi ilə Ermənistanın durumu çox pis olaraq dəyərləndirilir. Bu üzdən də aşağıdakı qətnaməni təsvib edirlər: “Ermənistanın daxili durumu və inqilabçılarının hazırlığı bu ölkənin sovetləşdirilməsini gərəkdirir.” Noyabrın 23-də Stalin politbironun razılığını əldə etmək üçün Moskvaya dönür. Noyabrın 27-də politbiro Stalinin məruzəsini dinlədikdən sonra Qafqazla ilgili yeni qərarlar çıxarırlar. Ən önəmli qərar isə, qızıl ordunun Ermənistana girməsi və türklərin irəliləmələrinin durdurulmasıdır. BU qərarda deyilir ki, Gürcüstanda, Ermənistanda, İranda və Türkiyədə hər tür qarşıdurmadan çəkinmək lazımdır. Azərbaycanı və Xəzər dənizi qorumaq çox önəmlidir.93

Noyabrın 27-də Stalin qızıl ordunun daşnak Ermənistanına saldırması üçün Orconikidzeni görəvləndirir və deyir: “Tələsməməlisiniz. Yardımçı qüvvəni də gözləməlisiniz. Türklərlə silahlı savaşa keçməməniz üçün çox ehtiyatlı olmalısınız.”94 Stalinin Orconekidzeyə əcələ etməyin söyləməsi Ermənistanda dərhal iqtidarı ələ keçirmək istəyən erməni bolşevikləri rahatsız edir. Noyabrın 29-da Bakıda bulunan erməni bolşevikləri İcvan karvansarasına daxil olurlar.95 Bunun ardından üç polk qızıl ordu və 11-ci qızıl ordunun topxanası Ermənistana daxil olur. Ermənistan tərəfindən heç bir dirənişlə qarşılaşmırlar. “Bolşeviklər Ermənistanda daha öncə Azərbaycanda qullandıqları metoddan yararlanırlar. Süni bir kəndli qiyamı oluşdururlar. Bu qiyamçılar qızıl ordudan yardım ummağa başlayır. Şübhəsiz ki, qızıl ordu Ermənistana yerləşdikdən sonra bu ölkəni Rusiyaya bağlayacaqdı.”96 Eyni gün Ermənistan Sovet Cümhuriyyəti elan edilir. Qiyamçı erməni xalqının iqtidarı daşnaklardan aldıqları duyurulur. Daşnakların bir daha geri dönməyəcəkləri bildirilir. Bu bəyaniyənin bir bölümü ifşa edicidir:

Məzlum xalqların yavəri olan sovet Rusiyası iqtidarı zəhmətkeşlərə devr etmək və Ermənistanı imperialist müttəfiqlərdən ayırmaq üçün bir neçə kərə daşnaklara nüfuz etmək istədi. Ancaq daşnaklar hər dəfəsinsdə məğlub etdilər. May qiyamı qanına qəltan oldu. Qəhrəmanca başladılan bu qiyamda sovet Rusiyası Ermənistanın yardımına gələ bilmədi. Çünkü iç savaşlarla məşğul idi. Polşa ilə barış və çarın ən son generalı olan Vrangelin məğlubiyyəti qızıl ordunun önünü açdı və sovet Rusiyasının bizə qardaşlıq əlini uzatmasına imkan sağladı.97 Noyabrın 30-da bəyaniyənin yayılmasından bir gün sonra Leqran bəyaniyəni saat 12-də Vratsiyanın qatıldığı bir toplantıda oxuyur. Vratsiyan şaşqın görünür və onun hökümətinin aqibəti necə olacaq deyə soruşur. Leqran cavab verir ki, qərar verilmişdir və geriyə dönüş yoxdur. Daşnak partiyasının öncülləri və hökümət üzvləri o gecə durumu dəyərləndirmək üçün çağrılırlar. Ancaq onlar iki dəsətəyə parçalanmışlar: Bir dəstə (Ohancaniyan, Araratyan, Nəvazerdiyan, Çələngəriyan) ölkənin sovetləşməsinə qarşıdırlar. Hətta Leqran heyyətinin tutuqlanmasından yanadırlar. Başqa dəstə (Xaçaznuni, Ter-Minasyan) bilirlər ki, erməni əsgərləri ruslarla savaşmayacaqlar. Bu üzdən də ruslarla anlaşmaqdan yanadırlar.98 1920-ci il dekabrin 2-də Aleksandropol müqaviləsinin imzalanmasından bir neçə saat əvvəl Vratsiyan höküməti istefa edir. Bir neçə nazirin imzası ilə hazırlanan anlaşmaya görə “siyasi və hərbi səlahiyyətlər müdafiə nazirinə verilir.” Eyni gün yeni hökümətlə Leqran arasında bir müqavilə imzalanır və birinci maddəsinə görə Ermənistan sosialist cümhuriyyət elan edilir. Sovet konqrəsinin təşkilinə qədər inqilabi bir komitə işləri öz kontroluna alır. Bu komitə Ermənistanda bütün səlahiyyəti ələ alır (2-ci maddə). Komitənin beş üzvünü kommunist partiyası və iki üzvünü də solçu daşnaklar təyin edəcəklər (4-cü maddə). Daşnak və digər partiyalar təqibə məruz qalmayacaqlar (5-ci maddə). Bu müqavilə hazırlanıb imzalandıqdan sonra Ermənistan cümhuriyyətinin bütün səlahiyyəti əlindən alındı (8-ci maddə). Hərbi komutanlıq da sovet hərbi komiseri Droya və Silinə buraxıldı.99 Bir gündə iki sənəd imzalanır. Leqran və Aleksandropol müqavilələri. Bu sənədlərin imzalanması bu günə qədər erməni tarixçiləri arasında dartışma qonusu olmuşdur. Hər kəs olaylar öz meyllərinə görə açıqlamış. Bir neçə fərziyənin yardımı ilə bu olaylar haqqında geniş bilgi əldə etmək mümkündür. Öncə bunu söyləmək gərəkir ki, daşnak höküməti Aleksanrapol müqaviləsinin məsuliyyətini öz üzərinə götürmək istəmirdi. Dekabrın 2-də saat 18-də Xatisyan və Dro arasında bir telefon müzakirəsi olur. Xatisyan tərəddüdlə soruşur: Bu müqaviləni imzalaması gərəkirmi? Dronun cavabı anlaşılmazdır. O, qərar verməyi Xatisyana həvalə edir və deyir ki, hərbi komutan Silinin yanından danışmaqdadır. Keçici olaraq Ermənistanın bütün səlahiyyətlərini əlində bulunduran adamdan şaşırdıcı bir cavab!

Üçüncü gecə Xatisyan müqavilənin imzalanmasına razılıq verir. Bolşeviklər müqavilənin imzalanmasında daşnakların səlahiyyətini inkar edirlər. İddia edirlər ki, Vratsiyan höküməti istefa etdiyindən Xatisyanın səlahiyyətləri də ləğv edilmişdi. Bəkzadiyan və Çiçerinin Türkiyəyə göndərdikləri notlarda bu məsələyə vurğu yapılmışdı. Daha sonrakı səhifələrdə bunu açıqlayacağıq. Leqran noyabr ayında qızıl ordunun Ermənistana girməsini Vratsiyana təklif etdiyində Vratsiyan demişdi ki, qızıl ordunun sayı bölgədə azdır və türklərin irəliləməsini durdura biləcək düzeydə deyil. Türklər İrəvana qızıl ordudan daha yaxındadırlar. Qızıl ordunun dağınıq gücləri dekabrın 4-nə qədər İrəvana girmədi. Ancaq Vratsiyanın bu cavabı sovetlərin müdaxiləsini rədd etmək anlamında olmamışdırmı? Türklər işğal etdikləri ərazilərdən daha irəliyə doğru getməyə cürət edə bilərdilərmi? Ermənistan ordusu və ya Erməni ordusundan qalan bölümlər qızıl ordunun gəldiyi ana qədər türklərin qarşısında dirənə bilərdimi? Ruslar türklərlə savaşmaqdan çəkinmək istəsələr, iqtisadiyyatı bərbad durumda olan Türkiyə Rusiya ilə savaşı gözə alardımı? Bu sıralarda türklərin irəliləməsini durdurmaq üçün Rusiya Türkiyəyə göndərəcəyi külli miqdarda altunun miqdarını azaltmamışdımı? Həm də Yunanistanla savaşda kəmalistlərin bu altuna çox ehtiyacı var idi.

Aleksandrapol müqaviləsinə görə ermənilər ad olaraq bağımsızlıqlarını qoruyur, ancaq İrəvan vilayətinin bir qism və Qars Türkiyəyə buraxılırdı (2-ci maddə). Keçici olaraq Türkiyəyə buraxılan Naxcıvan, Şərur və Sürməlidə referandum keçirmək qərarlaşdırırlır. Tarixi və irqi bağlarından dolayı keçici olaraq Türkiyəyə buraxılır və gələcəkdə bu ərazilərin hansı ölkəyə aid olmasını bəlli edəcək olan ümumi rəy olacaqdı (3-cü maddə).100 Ermənistanın varlığı istər daxidən istərsə xaricdən təhdid edilərsə, İrəvan hökümətinin istəyi üzərinə bu ölkəni qorumaq Türkiyənin üzərinə düşür (5-ci maddə). Sovet federal cümhuriyyəti, Leqran anlaşmasına görə İrəvan vilayətini və Qarsı Ermənistan sovet cümhuriyyətinin ərazisi kimi tanıyır (Leqran müqaviləsi 3-cü maddə).101 Bu iki sənədi fərqli erməni yetkililəri imzalamışdı. Bu sənədlər öz içində Türkiyə-Rusiya arasında ixtilaf oluşdurmamaqdamı idi? Müttəfiqlər də bunu arzu etmirdilərmi? Aleksandropol müqaviləsini yumşalda bilmək üçün, bəlkə daşnakların da arzusu Türkiyə-Rusiya arasında bu yolla ixtilafı dərinləşdirmək olmuşdur. Hər halda sovet tarixçiləri bu şəkildə düşünməkdədirlər.

* * *
Ermənistanda sovet rejiminin qurulması savaşlardan bezmiş olan xalqın istiqbalı ilə qarşılaşdı. Xalq ümid edirdi ki, “Bolşeviklər güvənlik, ərzaq, geyəcək gətirəcəklər”102 Xalq hesab edir ki, rus ordusu onların yardımına gəlib və türklərin irəliləməsini durdurmuşdur. Fransa Hərbi Heyyəti dekabrın 16-da göndərdiyi məlumatda başqa mülahizədə bulunmaqdadır: “Rusların türklərə güzəştə gedəcəklərini öncədən görmək mümkündür. Çünkü Rusiya Şərqdə öz inqilabi politikasını yayqınlaşdırmaq üçün Türkiyəyə möhtacdır. Rusiyanın güzəşti ilə türk fatehlər iftixar edəcəklər. Böyük ehtimalla Rusiya Qarsı fəda edəcək. Türkiyə Rusiyaya ihanət edərsə, Rusiya Qarsı zorla yenidən ala bilməsi üçün Qarsı fəda edəcək.”103 Ermənistanın kommunist blokuna girməsini “Kommunist” qəzeti dekabrın 4-də bu şəkildə xülasə edir: Qızıl ordunun yardımı ilə erməni işçiləri iqtidarı ələ keçirmişlər. Bu da müttəfiqlərin Qafqazdakı nüfuzlarına böyük zərbədir. Bu, Üçüncü İnternasionalın qələbəsidir. Böyük ehtimalla gələcəkdə bu bölgə inqilabla müttəfiqlərin savaş səhnəsinə dönüşəcək.”104 Lenin sovet rejiminin Ermənistanda yerləşmə xəbərini duyduğunda 1920-ci il dekabrın 2-də bir təbrik mətni yayımladı: “Mən zəhmətkeş sovet Ermənistanına salam göndərirəm. İnanıram ki, Ermənistan, Azərbaycan və Türkiyə işçiləri ilə qardaşlıq bağlarının qurulması üçün əlinizdən gələni edəcəksiniz.”105 Bir gün öncə Bakı sovetinin rəsmi toplantısında Ermənistanın sovetləşməsi qonusunda Orconikidze həyəcanlı bir təbrik nitqi söylədi. Daşnakları və imperialistləri təhqir etdikdən sonra Türkiyəyə işarə edərək dedi: “Sadəcə Bakı proletariyası deyil, müttəfiqlərdən zərər görmüş yarıfeodal Türkiyə, paşalar və generallar Türkiyəsi də qızıl Rusiyaya tərəf dostluq əli uzatmışlar.”106 Orconikidze Nərimanova işarə edərək qızıl ordu tərəfindən işğal edilən Naxcıvan, Qarabağ və Zəngəzurun Ermənistana buraxılacağını söylədi. Bir gün sonra Nəriomanov danışdı. O da bəzi şüarlardan sonra davam etdi: “Sovet Azərbaycanı zəhmətkeş və qardaş Ermənistan millətinin görüşünə gedir. Bizim ən yaxşı kommunist dostlarımızın qanını Ermənistanda və Zəngəzurda tökən daşnaklara qarşı mübarizdə erməni xalqının yanında olacağıq.”107 Sonra deyir ki, “bundan sonra ərazi ixtilafı iki millət arasında qan tökülməsinə səbəb olmayacaqdır. Zəngəzur və Naxcıvan sovet Ermənistanının ayrıılmaz parçalarıdır. Qarabağ əhalisinə də tam olaraq muxtariyyət tanınmışdır.”108 Üç ərazi haqqında bu kimi nitqlərin amacı Ermənistan Kommunist Partiyasına etibar qazandırmaq üçün idi. Nitq söyləyənlər rəsmi adamlar olsalar da, makiyavelizmin bilinən üsuluna görə özlərindən başqa kimsə bu sözlərdən dolayı sorumluluq daşımırdı.

Dekabrın 4-də Ermənistanla ilgili Stalin “Pravda” qəzetində bir məqalə yazdı. Onun özətini aşağıda görəcəksiniz. Stalin iqtidara gəldikdən sonra bu məqalə müqəddəs ayətlər kimi sovet qəzetlərində vaxtaışırı yayımlanırdı. “Zülmə uğramış, qıtlıqdan və yabancıların saldırısndan əziyyət çəkən bir Ermənistan. Müttəfiqlərin və daşnakların təcavüzünə məruz qalan erməni xalqı. Bütün “dostlarının” yalan söylədiyi Ermənistan, kommunist dövlətin təsisi ilə öz azadlığına qovuşdu... Ancaq sovet rejiminin qurulması barış və milli qurtuluşu Ermənistana gətirə bildi. Dekabrın 1-də sovet Azərbaycanı könüllü olaraq öz ərazisindən vaz keçdi. Naxcıvanı, Qarabağı və Zəngəzuru Ermənistana verəcəyini duyurdu.”109 Ancaq daha sonra görəcəyik ki, ilk iki vilayət heç vaxt Ermənistana verilməyəcəkdi.

Təbriklər və təriflər seli durmadan davam edirdi. Dekabrın 5-də İnternasional Kommunistlərin iki üzvünün imzası ilə təbrik yayılır. İnternasional Kommunistlərin icraiyyə heyyətinin iki üzvü Sultanzadə və Mixa Tsxakayanın imzasını daşıyan təbrik mətnində deyilir ki, artıq Gürcüstanın sırası gəlmişdir: “Yaşasın Zaqafqaziya ölkələrinin federasiyası”110 Sonda Türkiyə qoşunları komutanının təbrik məktubu oxunur.

İndi İnqilabi Komitənin fəaliyyətlərinə dönəlim. 1920-ci il dekabrın 4-də komitə heç bir mülahizəyə aldırış etmədən özünü Dro və Terteryanın şərindən xilas edir. “Onların varlqıları komitədə yersiz idi.”111 İki gün öncə imzalanan anlaşmanı görmzlikdən gəlirlər. Müstəqil Sosialist Hökümət artıq söz qonusu deyildi. 1921-ci ilin may ayında bütün işləri öz kontroluna alan Miasnikiyan başçılığında bolşevik höküməti qurulur. Yazılan bəyaniyələr, verilən fərmanlar tamamən sovet Rusiyasını təqliddən başqa bir şey deyildi. Dekabrın 6-da Ermənistanın xarici ölkələrdəki bütün səfirlikləri və nümayəndəlikləri ləğv olunur. 10-31 dekabr arasında bütün ormanlıqlar, təlim vətərbiyə, bankalar, sular və... hamısı milli elan edilir. ÇEKA (məxfi polis) təşkil edildikdən sonra dekabrın 6-da əməliyyata başlayır. Rejimə qarşı olan, ya da qarşı olduqları sanılan bütün aydınlar tutuqlanır.

Ermənistanın sovetləşməsi ilə xalqın durumu daha da pisləşir. Batumidən gələn ərzaq bolşevik düşməni olan gürcülər tərəfindən əngəllənmişdi. Gürcülər bu ərzağın Aleksandropol dəmir yolunu əllərində bulunduran türklərin əlinə keçməsindən qorxurdular. Ermənistanda 250 min qaçqın var idi. Bunların 50 min nəfəri yetim idi. İnqilabi Komitə xaricdən ölkəyə daxil olmuşdu və güvənlik sağlayacaq yetərincə kadrları yox idi. Bu üzdən də hərcümərci durdura bilmirlər. Bu əksikliyi ortadan qaldırmaq üçün İnqilabi Komitə Moskvadan gənc və təcrübəli bolşeviklər tələbində bulunur. Fransa Hərbi Heyyəti 1921-ci il fevralın birində Ermənistanın durumunu bu şəkildə Parisə bildirir:

Moskvadan gələn dəqiq məlumata görə sovetlərin Qafqazdakı rəhbərləri Moskvanın əmri olmadan Ermənistanda sovet rejimini təsis etmişlər. Ermənistanda kommunist partiyası yoxdur. Rusiyada, Azərbaycanda və Gürcüstanda məskun olan erməni kommunistlər İrəvana gəlmək istəmirlər. Çünkü onların çoxu heç bir zaman Ermənistanda olmamışlar. Yoxsulluq o qədər yüksək səviyyədədir ki, kommunist təbliğatın heç bir təsiri yoxdur. Əslində Ermənistanda inqilabi komitə deyil, türklər və daşnak qruplar hökümət etməkdədirlər. Zəngəzur daşnak hökümətinin əski müdafiə naziri Ter-Minasiyanın əlindədir. İç savaşı durdurmaq üçün daşnakın əski rəhbəri olan Dro genəl komutanlıq vəzifəsində qaldı. Ona bağlı olan bəzi qruplar var. Bu da kommunist komiserlərin rahatsızlıqlarına səbəb olur. Xarici işlər komiseri Bəkzadiyan Bakıdan yardım ricasında bulunmuş, petrol və ərzaq istəmişdi. O, türklərin yeni hökümətə kobud davranmalarından yaxınır. Nəticə alır ki, sovetin Ermənistandakı iqtidarı tükdən asılıdır.112

İnqilabi komitənin tətbiqatı xalqı ümidsizləşdirmişdi. Qıtlıq bir tərəfdən xalqı əzməkdə ikən komitə bir də hər kəsin ərzaq və digər mallarını müsadirə etmək qərarına gəldi. “Hər şey müsadirə etdilər. Paltar, sənət alətləri, mil, şiş, hətta bal pətəklərini də topladılar. Malların müsadirəsi düzənsiz və aqressiv davranışlarla gerçəkləşdi”113 Erməni yazar Kustan Zaryan “Dağ başında gəmi” adlı kiçik bir hekayəsində 1919-1920-ci illər olaylarını hər kəsdən daha yaxşı anlatmış. Səhnənin oyunçuları qızıl ordunun əsgərləridir. Bir xəstəxananın gözətçisinin dili ilə anladılır: “Evi mühasirə edib daxil olurlar. Hər yeri didik-didik axtarırb tapdıqları ərzağı özləri ilə aparırlar. Qardaşlarının Rusiyada ac olduqlarını söyləyirlər və Ermənistan millətinin onlara yardım etməsi gərəkir. Ermənilər ruslara yardım etməli! Tanrım bizim işimiz gör haralara gəldi! Əkinçi qonşumuz Misakın evinə girdilər. Misakın altı evladı var və qadını da xəstədir. Ona dedilər: “Nəyin varsa gətir ver bizə” Misak dedi: “Mənim heç bir şeyim yoxdur. Altı uşağımın və qadınımın da xəstə olduğunu görmürsünüzmü?” Ona “it oğlu” deyib itələdilər. Xəstə qadın lübiya torbasına yapışmışdı. Xəstə qadını tüfəngin qundağı illə vurub torbanı əlindən aldılar.”115

İki ay sonra Gürcüstan da sovetləşəndə Ermənistandakı bu acı təcrübə qismən gürcülərin yararına tamam olur. Mart ayının 2-də Lenin Orconikidzeyə yazdığı məktubda gürcü aydınlarına və kiçik tacirlərinə bəzi imtiyazların tanınmasını istəyir. Jurdaniya və menşeviklərlə bir anlaşmaya varılmasını istəyir. Inqilabın “rus örnəyi”nin təqlid edilməməsi gərəkdiyini deyir.116

Erməni xalqı bolşeviklərin rus ordusu vasitəsi ilə onları türklərin əsarətindən qurtaracağına olan ümidlərini itirmişdi. Türkiyədən gələn ermənilərin də durumu çox çətin idi. Ermənistanın sovetləşməsindən sonra Leninə təbrik teleqramları göndərilirdi. Bir teleqram da sığınmaçılardan göndərilmişdi: “Sovet gücünü saymayaraq Sovet Ermənistanını yağmalayan Mustafa Kamala biz inanmırıq. Belə bir durum davam edə bilməz. Davam edərsə, Ermənistanın məhv olmasına səbəb olacaq.”117



İnqilabi komitə hesab edirdi ki, “imperialistləri və onların kölələri olan daşnakları” bitirdikdən sonra inqilabçı Türkiyə ilə Ermənistan sorunu öz-özünə çözüləcəkdir. Ayrıca, noyabrın 29-da verdikləri bəyaniyədə özləri türklərə deməmişdilərmi ki “Öz işçilərini imperialistlərin əsarətindən qurtaran Türkiyəyə biz dostluq əlimizi uzadacağıq. Sevrin ləğvində biz onlara yardımçı olduq. Bu üzdən də biz inanırıq ki, Türkiyə və sovet Ermənistanı arasında dostluq fatehlər aracılığı ilə deyil, iki ölkənəin zəhmətkeşlərinin təşəbbüsü ilə gerçəkləşəcək.”118 Bu “dostluq əli” heç vaxt uzadıəlmadı. Tam tərsinə türklər işğal etdikləri ərazilərdə inqilabi komitənin nümayəndələrinə qarşı çox kobud davrandı. Onların ərzaqlarını alıb, özlərini də icari iş üçün Qarsa və Ərzuruma göndərdilər.

Dekabrın 5-də Kasyan və Leqran Moskvanın Ankaradakı səfiri Medivaniyə teleqram göndərirlər ki: “Hansı yolla olursa olsun daşnakların imzaladığı müqaviləni gözdən keçirmək üçün Rusiyanın arabuluculuğunu türklərə qəbul etdirin. İnqilabi komitə ilə türklər arasında birbaşa müzakirə üçün imkan yaradın.”119 Dekabrın 10-da Aleksandr Bəkzadiyan bu notu Ankara hökümətinə təslim edir: “Daşnakların imzaladığı barış müqaviləsi ermənilərə qıtlıq və fəlakətdən başqa bir şey gətirməmişdi. Türkiyə Böyük Millət Məclisinin Ermənistanda sovet rejimi qurulmasını sevinclə qarşıladığını sanırıq. İmperialistlərə boyun əyməyən bir rejim indi İrəvanda iş başındadır. Yeni Ermənitsan höküməti Türkiyə tərəfinin daşnakların imzaladığı müqaviləni ləğv etməsini arzu etməkdədir.” İki zəhmətkeş millət barış içində yaşasın deyə yeni hökümətimiz təklif edir ki, “Yeni anlaşmaya varmaq üçün bir konferans çağrılsın. Ermənistandakı yeni hökümətin oluşdurduğu durumla uyum içində olan bir konferans.”120 Bu notda ayrıca, türklərin işğal altında tutduqları ərazillərdə inqilabi komitənin üzvlərinə qarşı kobud davranışları da məhkum edilmişdi. Dekabr ayının 15-də Ankara Bəkzadiyanın məsajını önəmsəmədən Aleksandropol müqaviləsində Türkiyəyə buraxılan ərazilərdən geri çəkilməyəcəyini Moskvaya bildirir. Çünkü bu ərazilərin əhalisinin əksəriyyəti daşnaklar tərəfindən əziyyət edilən müsəlmanlar olmuşdur. Dekabrın 19-da Çiçerin daşnakları məhkum edərək yazır ki, Türkiyə-Ermənistan arasındakı barış müqaviləsi öz müqəddəratını təyinetmə prinsipinə dayanmalıdır. Deyir: “Sovet dövləti əmindir ki, yeni Ermənistan höküməti öz qonşularına, yalnız sayqı ilə yanaşmaqdadır. Bu günə qədər ermənilərin müsəlmanlara qarşı izlədikləri siyasət artıq yeni hökümət tərəfindən dəyişdirilmişdir.”121 Həm də Türkiyə dövlətinin tezliklə öz ordusunu Aleksandropoldan və Qarsdan geri çəkəcəyini ümid edir.122 Bu qarşılıqlı göndərilərdə bulunmaq türklərin mövqeyini dəyişdirmir. Fevralın 5-də Türkiyə xarici işlər naziri Bəkir Sami Bəkzadiyana cavab verir: “Biz Aleksandropol müqaviləsinin basqı altında imzalandığına inanmırıq. Bu müqavilə tam ədalətlidir. Müqavilənin içində keçən maddələrin həyata keçməsi Qafqazda barışın sağlanmasına yardımçı olacaqdır.”123 Bəkzadiyan bilir ki, yalnız Rusiya Ermənistanın boğazını Türkiyənin çəngindən qurtara bilər. Bu üzdən də Ter-Qabriliyan və Mraviyanı Moskvaya göndərir. Onlar dekabrın 12-də Kremlin sarayında Leninlə görüşür və Ermənistanda bolşevik höküməti sonrası durumu açıqlayırlar. Lenin onlara deyir: “Ermənistan inqilabi komitəsinin tərkibi haqda mən yoldaş Kasyanın teleqramını oxudum. Onların içində, yalnız Bəkzadiyanı tanıyıram. O da savaşın əvvəllərində təəssüf doğurucu sapıq hərəkətlər etmişdi. (O, İkinci İnternasionalın üzvü olmuşdu)... Stalin mənə demişdi ki, komitənin üzvləri partiyanın əski kommunistləri olmuşdur.” Bu sözləri dinləməmək üçün gəldiklərini düşünən Ter-Qabrilyanın səbri tükənir və deyir: “Sovet Ermənistanı fəlakət bir durumdadır. Türklər ölkənin böyük qismini işğal etmiş və dəmir yolu onların kontrolundadır. İnqilabi komitənin vəzifəsi çox ağır və mürəkkəbdir.” Lenin ona cavab olaraq deyir: “Sizin əsas probleminiz cahanşümul inqilabın bir qolunun Ermənistandan keçməsindən qaynaqlanmaqdadır. Biz sizə yardım edəcəyik. Ermənistan-Azərbaycan arasındakı sınır problemi çözülmüşdür. Belə deyilmi? Türkiyə-Ermənistan sorununu da biz çözəcəyik. Biz ərzaq və para göndərərək Ermənistana yardım edə bilərik. Həm də Ermənistanda daha çox ordu yerləşdirərək Ankaranı geri çəkilməyə zorlaya bilərik. Ancaq biz Ermənistan və Qars üçün kimsə ilə, özəlliklə Mustafa Kamalla savaşa girmərik.” Bu sözlərdən ümidsizləşən Mraviyan deyir ki, türklərə qarşı ciddi önləmlər almazsaq, erməni xalqı yeni qurulmuş bolşevik hökümətinə qarşı qiyam edə bilər. Lenin deyir: “Bu durumda Ermənistanı itirməyi tərcih edərəm.”124 O, bənzər durumda bulunan Litva kommunistlərini tərk etdiyini deyir və təkrar edir ki, ona görə “cahanşümul inqilabın mənafeyi hər şeydən üstündür.” Lenin artırır: “Türklərlə təcili təmassa keçmək gərəkir. Nəyin bahasına olursa olsun, bu təmass barışcıl olmalıdır.” Erməni nümayəndələr etiraz edirlər ki, tüklər daxili şərtlərinə görə kommunizmi qəbul edəcək durumda deyillər. Lenin qətiyətlə deyyir ki, o, tam tərsinə düşünməkdədir. Konya bolşeviklərinin qiyamını da örnək kimi söylədi.125 Erməni nümayəndələri Çiçerin və Trotski ilə də müzakirə etdilər. Bu iki üst düzey bolşevik lider bəyan etdilər ki, “Türkiyənin bolşevikləşməsi mümkün deyildir. Ancaq heç bir şəkildə, hətta Ermənistan üçün olsa da, Türkiyə ilə münasibətləri pozmaq və ya gərginləşdirmək fikrində deyillər.” Onlar qızıl ordunun Ermənistandakı sayını artırmağa razı oldular. Ancaq bu qərarı Mustafa Kamala qarşı deyil, erməni millətçilərinə və daşnaklara qarşı aldıqlarını söylədilər. Özəlliklə Gürcüstan təhdidinə qarşı. Çünkü müttəfiqlərin Gürcüstandan yeni cəbhə açma olasılığının olduğunu söylədilər.126 İki erməni nümayəndəsi Kremlin rəhbərlərindən belə ağır sözlər eşidəcəklərini təsəvvür etmirdilər. Bu üzdən də fikirləri alt-üst olmuşdu. Dekabr ayının 15-də Mraviyan Moskvanın irəvana təsəlli olaraq verdiyi 600 min rubl məbləğində para ilə İrəvana geri döndü. Ter-Qabrilyan Ermənistanın səfiri kimi Moskvada qaldı.



Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin