Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan



Yüklə 1,47 Mb.
səhifə19/32
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#2390
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
Ermənistan-Türkiyə savaşı
Polşadakı məğlubiyyətlər qızıl ordunu çox zəiflətmişdi. Qızıl ordunun bu zəifliyi Mustafa Kamalın tutumunu dəyişdirməsinə səbəb oldu. 1920-ci ilin avqust ayında Mustafa Kamal Ermənistan qonusunda bəzi imtiyazlar istəmişdi. Artıq dünya şərtlərini yaxşı bilən Mustafa Kamal Ermənistana saldırmağa hazır idi. Uyğun fürsəti yaxalamışdı. Mustafa Kamal bilirdi ki, Polşada başı savaşa qarışan Rusiya Ermənistanı savuna biləcək durumda deyil. Ayrıca Sevr müqaviləsindən sonra müttəfiqlər arasında da nifaq yaranmışdı və ermənilərə dəstək verə biləcək durumda deyildilər. Mustafa Kamal saldırı üçün hazırlıq əmri verdi. Sentyabrın 8-də Mustafa Kamal başçılığında savaş şurası toplanmışdı. Şərq ordusunun komutanı Ermənistana saldırmağı təklif etdi. İsmət paşa isə, türk ordusunun yunanlara saldırmasından yana idi. Kazım Qarabəkirin təklifi qəbul edildi. Ermənistan üzərinə asan bir qələbənin böyük məziyyətləri ola bilərdi: Mustafa Kamalın etibarını Anadoluda artıracaqdı. Yunanların saldırısı sırasında türk ordusunun geri çəkilməsi Mustafa Kamalın etibarını zədələmişdi. Bu qələbə Anadoluda xalqın muralını artıracaq və Mustafa Kamala rəğbət qazandıracaqdı. Bu qələbə ilə Mustafa Kamal müttəfiqlərə bir dərs verəcəkdi. Belə ki, Sevr anlaşmasına və müttəfiqlərin dəstəyinə rəğmən erəminlər bu məğlubiyyətdən sonra dövlət qurma imkanlarını itirəcəkdilər. Mustafa Kamal bu qələbəsi ilə sovetləri çıxmaz duruma soxacaqdı. Daha sonra görəcəyimiz kimi bu qələbə sovetlərlə müzakirədə çox dəyərli bir vəsiqə kimi qullanılacaqdı. Ancaq Mustafa Kamal Ermənistana saldırmadan öncə Gürcüstanın tərəfsiz qalacağından əmin olmaq istəmişdi. Jurdaniya və gürcü xarici işlər naziri Gegeçkori ilə danışıqlar getdi. Müzakirəni Türkiyə tərəfindən Yusif Kamal rəisliyində bir heyyət yürütməkdə idi. Müzakirələrdə gürcülərin tərəfsiz qalacağı sağlandı. Savaş başlamadan öncə Mustafa Kamal və daşnak höküməti arasında yazışmalar oldu. İyul ayının 7-də müsəəlmanların güvənliyini sağlamaq amacı ilə erməni ordusunun sınırlardan çəkilməsi istəndi. Brest-Litovsk anlaşmasının bəlli etdiyi sınırlardan və batumidən erməni ordularının dərhal çəkilməsi uyarısında bulundular. Daşnak höküməti bu uyarıya cavab olaraq yazdı ki, sınırlar məsələsini müttəfiqlər bəlli etməlidir. Müttəfiqlərin sınırları bəlli etmədiyi müddətcə erməni ordusunun 1914-ci il sınırlarından geri çəkilməyəcəyi Ankaraya duyuruldu. Daşnak höküməti bu cavabı ilə də erməni dövləti qoruyucusunun müttəfiqlər olduğunu bildirmiş oldu. Daşnaklar bu fikirlərinə yapışıb qopmurdular. Sentyabrın 23-də Mustafa Kamalın orduları savaş elan etmədən saldırıya keçdi. Bardızdəki savaşdan sonra türk ordusu sentyabrın 29-da Sarıqamışı işğal edir. Bu saldırı başlamadan öncə Kazım Qarabəkir demişdi ki: “Bizim hədəfimiz biçarə xristianları və həm də müsəəlmanları daşnak yağmacılarının əlindən azad etməkdir. Onlar müttəfiqlərin yardımı ilə iş başında qalacaqlarını sanırlar.”63 Bu şəkildə türklər öz təcavüzlərini antiimperialist bayraq yüksəldərək gizlətməyə çalışırlar. Savaş səhnəsində mövcud olan güclər bərabər deyillər. Erməni ordusu təqribən 40 min nəfərdi. Bir çoxu yeni orduya alınmış, lazımı eyitimdən keçməmiş və dağınıqdırlar. 17-20 min arasında olan eyitimli və təcrübəli türk ordusu qarşısında dirənə bilmirlər. Əski Çar ordusunda xidmət etmiş və Deylman savaşının qəhrəmanı olan erməni ordusunun baş komutanı artıq qocalmışdı. Partizanların başçısı Deru çox enerjili və qorxmazdır. Ancaq böyük bir savaşı sürdürə biləcək təcrübəyə sahib deyil. Erməni əsgərlərinin moralı çox yüksəkdir, ancaq yetərincə ərzaq və paltarları yoxdur. Gündə yalnızca 200 qram çörək alırlar. Aylıqlarını zamanında ala bilməyən zabitlərin görünüşü əsgərlərə yaxşı təsir bağışlamır.64

Türkiyənin hərbi müdaxiləsi Moskvanı əndişələndirir. Bakı konqrəsində də Mustafa Kamal hərəkətini dəstəkləmə qərarı alınmışdı. Müttəfiqlərin qarşısında Türkiyəni dəstəkləyən Moskva Mustafa Kamalın belə sürətlə davranacağını sanmamışdı. Moskva çox əndişələnmişdi. Rusiya hesab edirdi ki, müttəfiqlərin fikri dəyişə bilər və Mustafa Kamalı Rusiyaya saldırmağa təşviq edə bilərlər. Digər tərəfdən Ermənistan “imperialistlərin mənafeyinə” xidmət etmirdimi? Bolşeviklərin bədbinliklərini Lenin dilə gətirir. Lenin Rusiyaya qarşı yeni bir cəbhənin açılımasından qorxmaqdadır. Bu üzdən də oktyabr ayının 9-da Moskvada kommunist partiyasının konferansında deyir: “Türklər Ermənistana saldırmışlar. Onlar Batumini və hətta daha sonra Bakını da işğal etmək niyyətində ola bilərlər. Biz bu hadisə qarşısında çox ehtiyatlı olmalıyıq.”65 Parisdə Qafqazın durumu haqda fərqli düşünürdülər. 20 sentyabrda Fransa xarici işlər naziri Qafqazdakı yeni komiserinə yazır:

Qafqazın yeni dövlətləri bolşeviklərin və türk millətçilirinin təhlükəsi altındadır. Bunların ikisi də təhlükəlidir. Müttəfiqlərin dostu olan Ermənistan bolşeviklərin təhdidi altındadır. Sizin görəviniz hər iki təhdidə qarşı Qafqaz dövlətlərinin dirənişini sağlamaqdır. Ermənsitan indiki durumda bir tərəfdən Bakı bolşeviklərinin, digər tərəfdən də Mustafa Kamal tərəfdarlarının məngənəsi arasındadır. Müttəfiqlər Ermənistana silah göndərməyə başlamışlar. Bu iş davam edəcəkdir. İngiltərənin göndərdiyi yük iyulun 26-da çatmışdı. Ancaq gürcüstan bu göndərilən yardımın böyük qismini gürcü torpağından keçdiyi üçün özünə götürmüş. Bu yardımların ardı gələcəkdir.”66

Müttəfiqlərin laqeydliyini və bolşeviklərin Türkiyə ilə işbirliyini məhkum etmək üçün Tiflis erməniləri neçə min nəfərlik nümayiş tərtib edirlər. Öncə müttəfiqlərin qərargahlarının önünə yürüyürlər. Türk təcavüzü qarşısında müttəfiqlərin Ermənistana yardım etmələrini istəyirlər. Daha sonra Gürcüstan məclisinin önündə toplaşırlar. Məclisin önündə məclis sədri Lumtadzenin bəyanlarını dinləyirlər ki, ermənilərlə dərddaşlıq etməkdədir: “Ənvər və Mustafa Kamal kimi vəhşi paşaların Lenin və Trotski ilə birləşmələrinin əsas amacı öncə Ermənistanı, daha sonra Gürcüstanı yox etməkdir. Bu iki ölkə kəndilərini savuna bilmələri üçün birləşməlidirlər.” Sovet səfirliyi qarşısında nümayişçilərin etiraz səsləri Tiflisi bürüyür. Sovet səfirliyinin məsləhətgüzarı Stark nümayişçilərə xitabən nitq söyləyir və sovetlərlə birləşmək yerinə müttəfiqlərdən imdad uman daşnak hökümətini tənqid atəşinə tutur. Onun nitqi neçə kərə nümayişçilərin “Siz Mustafa Kamal və Ənvərin müttəfiqlərisiniz. Yalan danışırsınız, ayıb olsun sizə” etirazları ilə kəsilir.67

Polkovnik Stoks noyabrın 3-dən etibarən Britaniya tərəfindən erməni cəbhələrini denətləməklə görəvlənmişdi. Pontusda İngiltərə savaş gəmisi Mustafa Kamal ordularının denətimi altındadır. Ermənistan Stoksdan bu gəminin türklərə qarşı saldırması üçün Londana teleqram göndərməsini istəyir. Stoks cavab olaraq deyir ki, bunun Ermənistana heç bir yararı olmayacaq. Aharoniyan noyabrın 9-da Fransanın ali savaş şurasından buna bənzər istəkdə bulunur. O, durumu çox gərgin olaraq tanımlayır və təklif edir: “Türklərin və bolşeviklərin Ermənistanı işğal etməsinin önünü kəsmək üçün müttəfiqlər Trabzonu işğal etməlidir. Bu iş Mustafa Kamal güclərinin parçalanmasına səbəb olar. Türklərin fəaliyyətlərini azaldar. Trabzonun Mustafa Kamal ordularına locostik və hərbi dəstək olma imkanı əldən çıxar. Bu şəkildə Türkiyə və bolşeviklər arasında hər türlü işbirliyi ortadan qaldırılmış olar.” Fransa yetkililəri Marşal Fuşla məşvərət etdiklərində o, oktyabrın 12-də öz qərargahının rəisi olan general Voqan aracılığı ilə bildirir: “Türklərə qarşı ən az dörd batalyon gərəkməkdədir. Zaman və məkan şərtlərini göz önünə alarsaq, bu, mümkün deyildir.”68 Fuş Ermənistana savaş texnikası göndərilərək yardım göstərilməsini təklif edir.

Xatisyan xaricdən dönərkən İrəvana getmək yerinə oktyabrın 19-da Tiflisə gedir. Tiflisdə Fransanın hərbi heyyətinə bildirir ki, “Ermənistanın qurtuluşu müttəfiqlərin yardımından asılıdır. Bu üzdən də yunan ordusu Trabzonu işğal etməli və İngiltərə Moskvaya təzyiq göstərməlidir.”69

Ermənistan kommunist partiyasına görə artıq bütün bu faciələrin gerçək sorumlularının ifşa edilmə zamanı gəlmişdir. Əsas sorumlu daşnaklardı. Oktyabr ayının 8-də partiya bir bəyaniyə yayaraq bütün işçilərdən və kəndlilərdən onların bayrağı altında birləşməyi istəyir. Rusiya proletariyasının yardımı ilə imperialistlərin maşası olan daşnak hökümətindən qurtulmaq mümkündür. Birləşib kommunizm bayrağını Ermənistanda dalğalandıralım.70

Bu zaman Moskva oktyabr ayının 8-də Orconikidzenin göndərdiyi məlumatı almış və daşnak hökümətinin düşəcəyinə inanmışdı. Oktyabrın 14-də politbiro Çiçerinin təklifi və “Ermənistan Kommunist Partiyasının razılığı ilə” bu qərarları önə sürür: A) Sovet rejiminin Ermənistanda qurulması üçün təcili işlər görülməlidir. B) Türklərin irəliləməsini durdurmaq üçün Ermənistana siyasi yardım edilməlidir. C) Ermənistanda qurulacaq olan yeni kommunist rejiminə hər tərəfli dəstək vermək gərəkir. Eyni gün Çiçerin İrəvan görüşlərini sürdürməkdə olan Leqrana bu əmrləri göndərir: “Türklər və ermənilərlə ilişkilərinizdə çox ehtiyatlı olun. Aktiv əməliyyatlara qatılmayın. Ciddi böhranı önləmək üçün,ancaq barışcıl siyasət təqib edin. Ermənilərə deyin ki, biz türk-erməni savaşında arabulucu olmaq istərik.”71 Leqran heyyəti oktyabrın 12-də İrəvana daxil olmuşdu. Bu heyyətin 30 üzvü var, içində erməni bolşeviklər də bulunmaqdadır. Eyni gün ermənilərlə müzakirəyə başladı. Leqran savaşın durdurulması üçün ermənilərə bu təklifləri edir:



  • Sevr müqaviləsinin ləğvi.

  • Müttəfiq dövlətlərlə siyasi münasibətlərin kəsilməsi və müttəfiqlərlə mübarizə aparmaq üçün Ermənistan dəmir yollarının Rusiya, Azərbaycan və Türkiyənin istifadəsinə verilməsi.

  • Ermənistan və Türkiyə arasındakı sınır sorununun çözülməsi üçün sovet Rusiyasını arabulucu kimi qəbul etmək.72

Əcəba, bu təkliflər sovet rejiminin Ermənistanda yerləşdiriləməsi üçün olmamışmı? Bəllidir ki, sovetlərin Türkiyə-Ermənistan arasında arabuluculuğu sovetlərin Türkiyəyə imtiyaz tanıması ilə mümkün olacaqdı. Sevrin ləğvi Türkiyə üçün inanıılmaz imtiyazdır. Əslində sovet Rusiyası Ermənistana qarşı açıq savaşdan çəkilsə də, erməni politikasını türklərin saldırısı üzərindən yapmaqda idi. Ermənilərə görə Sevr anlaşmasından vaz keçmək Ermənistanın bağımsızlığından vaz keçmək anlamındadır. Bu da ermənilərin əski xəyallarının tarixə gömülməsi deməkdir. Digər tərəfdən İrəvan höküməti hələ də prezident Vilsonun bəlli edəcəyi sınırları müttəfiqlərin və Türkiyənin rəsmən tanıyacaqlarına ümid etməkdədir. O zaman bu sınırların prezident tərəfindən bəlli ediləcəyi zamana qədər ölkənin istiqlalını nəyin bahasına olursa olsun, qorumaq lazımdır. Ermənistan höküməti Sevr anlaşmasının ləğvi təklifini rədd edir və sonunda bu əsasda bir müvafiqətə varılır:

  • Ermənistan istiqlalının və hökümətinin ruslar tərəfindən tanınması.

  • Türkiyə və digər ölkələrlə Ermənistanın sınır ixtilafını çözməsi üçün rusların arabuluculuğu qəbul edilir.

  • Türk ordusunun geri çəkilməsindən sonra rus ordusunun Ermənistan ərazisini qullanması.

  • Rusların 2.5 milyon rubl məbləğində Ermənistan hökümətinə yardımda bulunması.

Anlaşma oktyabrın 28-də imzalanır. Heyyətin əsas iştirakçısının ermənilərdən oluşması yaxında Ermənistanda bolşevik hökümətinin qurulacağına işarə idi. Özəlliklə heyyətin içində bulunan Ter-Qabriliyan avqust ayının 13-də Ermənistan kommunist partiyasının mərkəzi komitəsinin rəisliyinə təyin edilmişdi. Leqran Stalinlə məşvərət üçün Bakıya dönür. O, noyabr ayında, yəni artıq ermənilərin məğlubiyyəti tam olaraq yaxınlaşdığında İrəvana müraciət edir. Çiçerin də savaşın buraxılması üçün öz arabuluculuğunu təklif etmişdi. Bu xüsusda Fransa heyyətinin açıqlamasını da anlatmaq pis olmaz: “Erməni əsgərlər qış savaşına hazır durumda deyil. Türklərin saldırısı qarşısnında dirənə bilmələri mümkün olmaz. Bu durumdan yararlanaraq Moskva İrəvana ən təhlükəli təkliflərini sunmağa hazırlaşmış. Rusiya Ermənistanla müzakirə üçün Mustafa Kamal ordularının daha da geniş saldırılarını gözləməkdədirlər.”73

Oktyabrın 31-də Qars Mustafa Kamal orduları tərəfindən işğal edilir. Ümidsizliyə uğramış olan Ermənistan müttəfiqlərdən yardım istəyir. Bir çox sənədlər müttəfiqlərin Mustafa Kamalla birləşib Qafqazda antibolşevik cəbhə oluşdurmaq istədiklərini göstərməkdədir. Oktyabr ayının ortalarında Stoks Lor Kerzenə məxfi bir teleqram göndərir. Bolşeviklər və türklər arasında mövcud olan ixtilafı anladır: “Bizim türklərlə dostluğumuz Türkiyədəki yunanları buraxmağımıza səbəb olmuşdur. Ancaq bunun qarşılığında İslam Dünyasının müsaid nəzərini qazanmışıq. Mən bunları cənabınıza bildirərək soruşaram ki, Tiflisdən Mustafa Kamalla təmmassa keçməyimiz yaxşı olmazmı?”74

Ramişvili noyabrın 4-də Gürcüstan məclisində uzun bir nitq söyləyir və Qarsın işğalından sonra ortaya çıxmış durumu bu şəkildə izah edir: “Bizə gələn məlumata görə kəmalistləri İtaliya birbaşa və İngiltərə, hətta Fransa dolayısıyla dəstəkləməkdədirlər. Özəlliklə Yunanistanın daha çox güclənməsindən qorxan İtaliya kəmalistlərə silah göndərməkdədir.”75 Noyabrın 9-da Tiflisdə nəşr olunan “Slov” (söz) qəzeti yazır: “Söyləntilərə görə Mustafa Kamalın Ermənistana saldırısını müttəfiqlər, özəlliklə İngiltərə təşviq etmişdir. Amacları isə, Mustafa Kamalı Rusiyaya qarşı savaşdırmaq olmuşdur.”

Çətin durumda qalan İrəvan höküməti bu ölkələrin gerçək niyyətlərindən xəbərsiz idi. Nə edəcəyini, hansı qibləyə üz tutacağını bilmir. Hətta Varşovaya üz tutdu. Polşadan istədi ki, “Polşa və Rusiya arasında bağlanmaqda olan barış müqaviləsində bir maddə yerləşdirilsin ki, Rusiya Ermənistanın istiqlalını tanımış olsun.”76 Noyabrın 3-də Ermənistan höküməti məğlub olduğunun bilincinə vardı və Ankaraya savaşı buraxma təklifində bulundu. Aleksandropolun işğalından bir gün sonra noyabrın 8-də Kazım Qarabəkir barış şərtlərini elan etdi: Bu şəhərin 15 km kənarına geri çəkilmək. Bir gün sonra türklər istəklərini daha da artırdılar. Ankaradan yeni məlumatlar aldıqlarını bəhanə edərək daha gerilərə çəkilmək və 1200 nəfərin dışında bütün erməni ordusunun silahsızlanması gərəkdiyini duyurdular. Ayrıca, Gürcüstana qədər Ermənistan dəmir yollarının türklər tərəfindən kontrol edilməsi gərəkdiyini söylədilər. Bu şərtləri qəbul etməkdə zorlanan İrəvan müttəfiqlərlə təmassa keçir və Moskvanın arabuluculuğunu istəyir. Ermənistanın Tiflisdəki nümayəndəsi noyabrın 4-də Kurbelə müraciət edərək deyir ki, hərbi bir faciənin qarşısının alınması üçün müttəfiqlərin təcili yardımı lazımdır. Kurbel deyir ki, bu doğrultuda müttəfiqlərdən istənən yardımlar cavabsız qalmış və artırır: “Ermənistan rəhbərlərinin çarəsi qalmamışdır. Onlar artıq bir yol axtarmalıdırlar ki, dövlətlərini və millətlərini yox olmaq təhlükəsindən qurtarsınlar”77 Noyabrın 11-də Çiçerin Türkiyəyə və Ermənistana teleqram göndərərək öz nümayəndəsi Medivanini hərbi əməliyyat bölgəsinə göndərəcəyini bildirir. Savaşın bu zaman bitməsini ümid etdiyini yazır. Mustafa Kamalın İngiltərənin yardım və yataqlığı ilə saldırıya keçdiyi şayiəsi İrəvanda dildən dilə dolaşır. Belə bir durumda özlərini itirmiş olan erməni yetkililər bilmirlər Mustafa Kamalla müzakirəyə başlasınlar, yoxsa müttəfiqlərin cavabını bəkləsinlər.78 Müttəfiqlərin ortada görünmədiyi bir ortamda ruslar fürsətdən yararlanaraq arabuluculuq təklifində bulunurlar.



Noyabrın 15-də Vrangelin məğlubiyyəti dolayısıyla sovetlərin Tiflis səfirliyində bir ziyafət verilir. Bu ziyafətdə Azərbaycan, Gürcüstan nümayəndələri və Ankaranı təmsilən Kazım Qarabəkir iştirak etməkdədirlər. Qarabəkirdən Mustafa Kamalın niyyəti nədir sorulduğunda o, deyir ki, biz Brest-Litovsk müqaviləsinin həyata keçməsini istəyirik.79 Sovet səfiri xatırladır ki, daha sonrakı müqavilələr Brest-Litovsk müqaviləsini yumşaltmışdı və davam edir: “Mustafa Kamal müttəfiqlərin təlqini ilə Rusiyanın arabulucuğunu rədd edərsə, Türkiyə və Rusiya arasında savaş olacaq.”80 Bu qarşılıqlı dialoqdan sonra Türkiyə heyyəti istisna olmaqla bütün qatılımcılar şam yeməyinə qatılırlar. Bir gün sonra Medivani Bakıya gələrək Leqranla birlikdə Ermənistana gedir. Xatisyan “Müttəfiqlərin nümayəndəsi ilə müzakirədən sonra Mustafa Kamalla müttəfiqlər arasında gizlin işbirliyinin olduğuna inanmış və noyabrın 21-də İrəvana geri dönür.”81 Bu qarışıq durumda vəziyyəti kontrol edə bilməyən Ohancaniyan höküməti noyabrın 23-də istefa edir. Vratsiyan rəisliyində daşnaklardan və inqilabçı sosialistlərdən oluşan kualision hökümət qurulur. Yeni hökümət Leqranın etimadını qazana bilmir. O, noyabrın 20-də Çiçerinə və Orconikidzeyə yazır: “İrəvanda menşeviklərin və inqilabçı sosialistlərin qatılımı ilə yeni hökümətin qurulması yolunda müzakirələr gedir. Bu yeni hökümət daşnakları qorumaq üçün bir pərdədir. Daşnakların da etibarı xalq və ordu arasında çökmüşdür. Yeni hökümətin türklərlə müzakirə ilə bağlı bir planı yoxdur. Bəzi nazirlər türklərə ərazi imtiyazlarının verilməsindən yanadır. Bir qismi də sovet Rusiyasının yardımı ilə 1914-cü il sınırlarının qorunacağını ümid edirlər.”82 Əslində belə nəzərə gəlir ki, Vratsiyana görə Ermənistanın istiqlalının qorunmasında rusların düşməni olan türklərin daha çox təsiri vardır. Çünkü ruslar Ermənistanı bolşevikləşdirmək istərkən gələcəkdə türklərdən erməni bağımsızlığının sağlanması üçün bəzi imtiyazların alınması mümkündür. Ancaq bolşevik ruslar bu imtiyazı əsla verməzlər. Bəlkə də bu planın gerçəkləşməsi gərəyi daşnakların orqanı olan “Heraç” (İrəli) qəzeti ictimai rəyi rusların əleyhinə dəyişdirmək üçün noyabrın 20-də yazır: “Bizim ölkəmizin varlığı müttəfiqlər üçün önəmli deyilmiş. Onlar, yalnızca Türkiyəni Rusiyadan ayıran bölgə olaraq Ermənistana önəm vermişlər. Ermənistan bu dəyərini itirib və Rusiyanın oyuncağı olduqdan sonra müttəfiqlər üçün heç bir önəmi qalmayacaq. Bu üzdən də Ermənistan bağımsızlığını qorumaq istəyirsə, Şimal qonşusunun əlaltısı olmaqdan qurtulmalıdır. Digər tərəfdən əski düşməniz olan Türkiyə Moskva yönümlü siyasət izləmədiyimiz təqdirdə bizim istiqlalımızı tanıya bilər. Mustafa Kamal Türkiyəsi bizimlə savaşda olsa da, ancaq Türkiyə-Rusiya qarşılıqlı dostluqlarının sürməyəcəyini görmək üçün çox da böyük zəka lazım deyildir... Ermənistanın öz qurtuluşu üçün yalnız bir yolu var: Türklərlə barış içində yaşamaq, Ermənistan milləti öz varlığını və dövlətini qorumaq istəyirsə, Türkiyəni incik salmayacaq politika izlənməlidir.”83 Daşnakların mövqeyini əks etdirən bu məqalə yeni hökümətin təşkili və türklərlə müzakirənin başlanmasına işarət idi. Müzakirə üç gün sonra Aleksandropolda başladı.
* * *

Lenin 1920-ci il noyabrın 20-də Moskva kommunist partiyasının məhəlli konferansındə nitq söyləyir. Qafqazdakı olaylara nitqində çox yer verir. Ruslar tərəfindən həyati önəmi olan məntəqələrə türklərin girəcəyi təqdirdə savaş başlayacağını deyir: “Qafqazda çox mürəkkəb olaylar baş verməkdədir. Hər gün bizə qarşı bir savaşın təhmil edilmə ehtimalı artmaqdadır. Ancaq Polşa ilə barış müqaviləsi bağlanmaq üzrədir və Vrangel yenilmişdir. Qafqazda oluşacaq bir savaş bizi qorxutmamalıdır. Belə bir savaş olursa, bizim imkanlarımızı Qafqazda daha da artıracaqdır... Qəzetlər Ermənistanda və Türkiyədə gəlişən olaylardan bizə məlumat verməkdədir. Anlaşılan durum çox ciddidir. Ancaq mən əminəm ki, biz barışı qoruyaraq bu durumdan çıxacağıq. Barışın qorunması üçün əlimizdən gələnləri edəcəyik. Ya da ölkəmizin uzaq sınırlarında bir savaş başlayacaq. Əmin ola bilərsiniz ki, bu savaş Polşa savaşından daha çox şeylər bizə qazandıracaq. Çünkü güc dəngəsi bizim yararımızadır.”84 Ancaq sovetlər birbaşa Türkiyə ilə savaşamağa məcbur olmur. Müzakirə yolunu seçir. Yalnız Bakının Türkiyə tərəfindən təhdidi Rusiyanı savaşa zorlaya bilər. Lenin Bakının savunmasının güclənməsinə əmr verir.

Noyabrın 23-də, yəni Ermənistanda yeni hökümət qurulduğu gün erməni bir heyyət Türkiyə ilə müzakirə üçün Aleksandropola gedir. Heyyətin rəisi Aleksandr Xatisyan və heyyət üzvləri içində Abraham Gülxəndaniyan və Vahan Minaxuriyan da vardır. Türk nümayəndəliyini Kazım Qarabəkir və Həmid bəy təmsil edirlər. Eyni gün Vratsiyan Tiflisdən gələn Leqran və Medivanı ilə görüşür. Vratsiyan heç bir mülahizə gözətmədən Leqrandan soruşur: “Rusiya bizə yardım edə bilərmi? Cavab olumlu isə, nə ilə və necə?” Leqran cavab verir: “Xatisyan heyyətini geri çağırın və Türkiyənin istəklərini rədd edin. Buraxın qızıl ordu Ermənistana girsin. Bu durumda Türkiyə Rusiya ilə qarşı-qarşıya olacaqdır.” Leqranın cavabı Vratsiyana ağıllıca görünmür. Deyir ki, “Qızıl ordu çox uzaqdadır. Buraya gələnə qədər türklərin irəliləməsini kim durduracaq?”85 Leqran deyir: “Siz hər zaman ağıllı təklifləri rədd edirsiniz. Ancaq daha sonra sizə daha az yararı olan təklifləri qəbul edirsiniz.”86

Noyabrın 25-də türklər Sevr müqaviləsinin ləğvini istəyirlər və Ermənistanın yazılı olaraq bunu etməsi gərəkməkdədir. Ermənilər buna qarşılıq olaraq dənizə açılan torpaq və bir də Van və Bayəzid vilayətlərinin bir qisminin Şərqi Ermənistana bağlanmasını istəyirlər. Bərabər imkana sahib olamayan tərəflər arasındakı bu şəkildə diplomatik müzakirədə zəif tərəfin məğlub olacağı bəllidir. Ermənistanın zəif durumunu bilən türklər öz istəklərində israr edirlər. Sovetin təmsilçisi olan Medivani Leqransız Aleksandropola gəlir. Türklər onu müzakirədən uzaq tutmağı başarırlar. Ermənilər də buna qarşı çıxa bilmirlər. Türklər açıqca rusların müdaxiləsindən qorxurlar. Bu durumda Medivani də müzakirəyə qatıla bilmədiyi üçün daşnaklara qarşı təbliğata başlayır.

Sevr anlaşmasını çeynəyərək Ermənistana saldıran Türkiyənin təcavüzünü durdurmaq üçün noyabr ayının sonlarında “Millətlər Cməmiyyəti”nə müraciət edilir. Cəmiyyətdə Türkiyəyə qarşı atəşin nitqlər söylənsə də, heç bir addım atılmır. Rumuniya nümayəndəsi Ermənistanda barışın sağlanması üçün 40 minlik bir ordunun göndərilməsini təklif edir, ancaq bunu ciddiyə alan olmur.87 Noyabrın 19-da Xatistan Stoksdan İngiltərənin nümayəndəsi kimi müzakirəyə qatılmasını istəyir. İngiltərə xarici işlər nazirliyinin bu istəyə cavabı noyabrın 29-da gəlir: “Kəmalistlərlə varılan anlaşmaya biz qatıla bilmərik. Ancaq Ermənistanın heç bir çarəsinin olmadığını anlayırıq. Rusiya ilə anlaşmaq şübhəsiz ki, ən kötü variantdır.”88 İrəvan höküməti hər tür xarici yardımdan məhrum buraxılmış, ancaq bolşeviklərin Ermənistana girməsini də istəməməkdədir. Təslim olmaq zorundadır. 1920-ci il dekabrın 2-də Ermənistan heyyəti fəlakətli Aleksandropol müqaviləsini imzalayır. Bu müqaviləyə görə Ermənistan öz ərazisinin tam yarısından vaz keçərək, Sevr müqaviləsinin ləğvi üçün də imza atır. Bu, qısa ömürlü Ermənistan cümhuriyyətinin ən uğursuz və utancverici tarixidir.89


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin