Qafqaz, müttəfiqlər, kəmalistlər
Sovetlərin Türkiyə ilə bu qədər ehtiyatlı davranmasının səbəbi İslam Dünyasını öz tərəfinə çəkmək idi. Bu gizlin arzularla yaşayan bolşeviklər bir gün Anadolunu bolşevikləşdirəcəklərini xəyal edirdilər. Sovetlərin bu siyasəti Mustafa Kamalın daha da sərtləşməsinə səbəb oldu. 1921-ci ilin əvvəllərində kəmalistlər ordularını daha da gücləndirmək üçün bolşevik amilləri dışlayır və Osmanlı sultanından qalan “yaşıl ordu”nu öz içlərində bütünləşdirirlər. Dövlətin kontrolunda “Türkiyə Kommunist Partiyası”nı təşkil edirlər. Bakı konqrəsində Mustafa Sübhi kəmalist hərəkəti savunacaqlarını söyləmişdi. Mustafa Sübhi arxadaşları ilə bir yerdə yanvarın 29-da Bakıdan ayrılıb Mustafa Kamalla görüşmək üçün Türkiyəyə gedirlər. Mustafa Sübhi və arxadaşlarını Qarsda Kazım Qarabəkir qarşılayır. Ancaq Trabzonda onu dənizə batırıb öldürürlər. Türkiyənin müttəfiqlərlə birləşməsindən qorxan sovetlər bu hadisəni, yəni Mustafa Sübhinin öldürülməsini də ciddiyə almır. Bu dönəmdə müttəfiqlər Mustafa Kamala yaxınlaşıb sovetlərə qarşı ortaq cəbhə oluşdurmaq istəyirdilər. Fransanın Tiflisdəki nümayındələri Türkiyə-Rusiya ilişkilərinin gərginləşməsindən yazırdılar. Bundan yola çıxaraq Mustafa kamalın müttəfiqlərə yaxınlaşacağı təxminləri yürüdülürdü. Mustafa Kamal bu manevraları ilə həm Rusiyanı, həm də müttəfiqləri çıxmaz duruma soxmuşdu. “Vrangel məğlub edilmədən öncə kəmalistlər Bakıya saldırmaq istəyirlər. Bu xüsusda aşağıdakı qonulara diqqət etmək gərəkir:
-
Kazım Qarabəkir 11-ci qızıl ordunun komutanına teleqram göndərərk Qarakilsədə, Dəlicanda müsəlmanlara qarşı yağmaçılıq əməliyyatında bulunan qızıl əsgərlərin cəzalandırılımalarını istəmiş.
-
Dekabrın 17-də Ankara Çiçerinə bir məktub göndərmiş və orada Ermənistan hökümətinin keçici olduğunu vurğulam. Ankaraya görə İrəvan höküməti daşnakların qarşısında gərəkən iqtidara və səlahiyyətlərə sahib deyildir. Əslində Ankaranın daşnakları bayraq etməsi işğal üçün yaxşı bəhanədir. Ankaranın Çiçerinə göndərdiyi bir başqa məktubda Rusiyanın Ermənistan və Gürcüstan politikası və Türkiyənin düşməni olan İngiltərə ilə Rusiyanın müzakirə aparması sorğulanmış. Bu haqda Ankaradan izahat tələb edilmiş. Bu məktubun haşiyəsində deyilmişdir ki, “Türkiyə də İngiltərə ilə müzakirəyə girmə imkanına sahibdir və bunu İngiltərə də istəməkdədir.”127
Güya Mustafa Kamalın Tiflisə göndərdiyi Kazim bəy söyləmiş ki, “Bolşeviklər ara-sıra bizə yardım etmişlərsə, biz də onlara yardım etmişik. Bizim yardımımız hesabına bolşeviklər, hətta bir güllə atmadan Azərbaycanı işğal edib, Türküstanı saxlaya bildirlər... Bu üzdən də demək olar ki, ödəşmişik. O zaman nədən müsəlmanların yaşadığı əraziləri Ermənistanın bir parçası yapmaları üçün ruslara buraxmalıyıq? Nədən əhalisinin çoxu müsəlman olan Batumiyə onların yerləşməsinə izn verməliyik?”128
Fransa-Rusiya ticarət odasının rəisi Bayar yanvar ayının 8-də Fransa xarici işlər nazirliyinə yazır:
Qafqazdan alınan dəqiq və doğrulanan məlumata görə bolşeviklərin tədrici saldırılarının qarşısında bu cümhuriyyətlərin birləşmə zamanı gəlmişdir. Bunun üçün kəmalistlərin yardımı və Fransanın mənəvi dəstəyi gərəkməkdədir. Müsəlman ölkə olan Azərbaycanda kəmalistlərin nüfuzu bolşeviklərdən daha çoxdur. Bolşeviklər türklərin yardımı ilə Azərbaycanı işğal edə bilmişdilər. Müsəlmanların bolşeviklər tərəfindən Gəncədə qətl edilməsi və Leqranın, Ermənitsanı boşaltmaları üçün türklərə ultimatom verməsinin ardından Türkiyə-Rusiya arasındakı düşmənlik artmışdır. Bu günə qədər Türkiyə-Rusiya arasında savaş başlamamışsa, onun səbəbi budur ki, kəmalistlər Yunan və ingilis saldırıları qarşısında bolşeviklərin maddi-mənəvi yardımlarımna möhtacdırlar. Fransanın Türkiyə ilə bağlı münasibətlərində dəyişiklik olarsa, Mustafa Kamalın yardımçılarının birindən duyduğuma görə Türkiyə bu günə qədər vəhşət törətdiyi Ermənistana və Gürcüstana hərbi yardımın edilməsinə hazır ola bilər. Ancaq bu yardımla bolşeviklərin irəliləməsinin önünü kəsmək olar. Ermənistanı və Azərbaycanı yenidən ələ keçirmək mümkündür. İngilislərin artıq qoruya bilmədikləri İranı da qurtarmaq olar.129
Bayarın işarə etdiyi dəqiq və doğrulanmış məlumat rəsmi qaynaqlardan alınmamışdı. Ancaq türklərin də qəbul etdiyi və müttəfiqlərin onayladığı bu məlumat Qafqaz millətlərinin federasiyasının təşkilinə gətirib çıxara bilərdi. Zaqafqaziyanın türklər və ruslar tərəfindən işğal edilməsi yeni durum oluşdurmuşdu. Müttəfiqlər türkləri öz sıralarına çəkərək bu durumdan yararlanmaq istəyirdilər. İzzət paşa Osmanlı başnaziri Fərid paşanın yerinə keçmişdi. Müttəfiqlərin təşviqi ilə İzzət paşa kəmalistləri bolşeviklərdən ayırmaq üçün onlarla barışmaq istəyir. Ancaq dekabr ayında bu iş üçün Ankaraya göndərilən Saleh paşa heyyəti başarısız olur. Onlar Türkiyənin tək təmsilçisi olmaq istəyən Mustafa Kamalı razı sala bilmirlər. Bu mövzu Fransa xarici işlər nazirliyinə göndərilən məxfi bir məlumatda müşahidə olur: “Mustafa Kamal müttəfiqlərin yardımına əmin olmazsa, bolşeviklərlə qarşı-qarşıya gəlməz.”130
Bu zaman kəmalistlər antibolşevik söyləmlərini artırmağa başlamışlar. Şübhəsiz ki, bu da Sevr anlaşmasını yenidən gözdən keçirməyə hazırlaşan müttəfiqlərin nəzər diqqətini cəlb etmək üçün olmuşdur. Bu yöndə müttəfiqlər Londonda bir konferans düzənləyərək Türkiyəyə gərəkən dəstəyi verməyə hazırlaşırlar. Sevr anlaşmasından bir neçə ay sonra Fransa və İtaliya onun içəriyinin tam olaraq uyğulanmasına qarşı çıxmışdılar. Yalnız ingilislər Sevrin tam uyğulanmasından yanaydılar. İngilislər bu yolla yunan ordusunun Anadoluda qalarğı olacağını düşünmüşdülər. Bu zaman Yunanistanda iqtidar dəyişikliyi oldu. Venizlus höküməti düşdü və noyabr ayında Almaniya yanlısı olan Konstantin şah iş başına gəldi. Şah Sevrin ertələnməsini hökümətə önərdi.
Bəkir Sami bəy Londonda bir konferansa qatılmaq üçün Tiflisə dönmüşdü. Bir italiyali jurnalistlə müsahibəsində Moskvadakı müzakirələrdən məmnun qaldığını bildirir. Ancaq gəlişmələrin necə olacağını daha sonra izləyəcəklərini deyir və davam edir ki, aşağıdakı şərtləri müttəfiqlər qəbul etmədikcə hər şey ola bilər: “Yunanistanın işğalında bulunan İzmirdə uluslar arası bir rejim qurulmalıdır. Avropda 1914-cü il sınırlarının yenidən bərpası. Türkiyədə kapitalasionun ləğvi. Bu durumda biz Gürcüstanın, Azərbaycanın və Dağıstanın razılığı ilə bolşevikləri Şimali Qafqazdan sıxışdırıb uzaqlaşdıra bilərik. Bolşeviklərlə Türkiyə arasında daha güvənli sınırlar oluşdura bilərik.”131 Bəkir Sami dekabr ayında menşeviklərlə və Tiflisdə fərarı daşnaklar tərəfindən qurulan “Daşnak Qurtuluş Komitəsi” ilə təmassa keçir. O, daşnaklara anladır ki, Mustafa Kamal Türkiyəsinin erməni milləti ilə düşmənliyi yoxdur. Biz gənc türklərin xətalarını ortadan qaldırıb Qarsı və hətta Vanı da Ermənistana verməyə hazırıq. Ancaq biz ərazilərin Rusiyanın deyil, Ermənistanın olacağına əmin olmalıyıq. Bunun qarşılığında Ermənistan Rusiyadan asılı olmayaraq Qafqaz federasiyasında bulunacaq. Qafqazı Şimaldan təhdid edən təhlükəni, ancaq bu şəkildə durdurmaq olar.”132
Vrangelin məğlubiyyətindən, Venizlus hökümətinin düşüşündən və müttəfiqlərin arasındakı dağınıqlıq və qərarsızlıqdan sonra durum kökündən dəyişməyə başlayır. Şərqi Aralıq dənizində Fransa donanmasının admiralı Löbenin yazdığı məlumat bu durumu açıqca və tərəfsiz olaraq izah etməkdədir. Löbenə görə Qafqazda hərcümərc hakimdir: “Bütün Qafqaz dolaylı, ya da dolaysız olaraq bolşeviklərin kontrolu altındadır. Gürcüstanda bağımsızlığın, yalnızca kölgəsi qalmışdır. İmperialist xəyallarını yenidən qurmaq istəyən rus bolşeviklər bu bölgədə kəmalistlərlə təmassa keçmişlər. Bolşeviklər və kəmalistlər arasındakı ixtilaflarla bağlı çoxlu söz-söhbət dolaşır. Məncə bu durumda biz bu mövzu üzərinə böyük hesablar etməməliyik... Bolşeviklər türklərin Ermənistanı tam olaraq işğal etmələrinə izn vermədilər. Çünkü ruslar türk millətçilərinin azərilərlə birləşdikdən sonra bütün Qafqazı və Türküstanı ələ keçirməsindən qorxurdular. Russiya Ermənistanı Türkiyə qarşısında bir bənd kimi saxlamağı başardı. Türklərə altun, silah və son olaraq da ən yaxşı hərbi ünsürlərini göndərərək bunu başardı.” Löben axırda təklif edir: “Biz artıq Türkiyənin gerçək sahibi olan Mustafa Kamalla ilişki qurmalıyıq. Silahlı savaşa girmək istəmiriksə, Türkiyəni bolşevizmin qarşısında bir qalaya dönüşdürməliyik. Türklər bolşevik ideologiyaya rəğbətsizdilər. Türklərlə anlaşarsaq, o zaman Türkiyənin onların dədələrinin tarixi düşməni olan Rusiyaya qarşı təhrik edə bilərik.”133
Gerçəkdən Türkiyə ruslarla silahlı savaşa hazırmı idi? Bu fərziyyəni qəbul etmək üçün heç bir dəlil yoxdur. Əslində Mustafa Kamal ustaca manevraları ilə müttəfiqlər və bolşeviklər arasında olan ziddiyyətlərdən yararlanmaqda idi. Türkiyənin həyati çıxarları təhlükəyə girmədikcə heç bir tərəflə olan münasibəti kökündən qırmaq, körpüləri uçurmaq istəmirdi.
Rusların amacı müttəfiqlər və Türkiyə ilə qarşı-qarşıya gəlmədən bütün Qafqazı işğal etmək idi. Ermənistanda iki ay müddətində “savaş kommunizmi” böyük fəlakətlər törətdi. Bir çox əski zabitlər yaxlandılar. 600-dən artıq zabit Azərbaycana və Rusiyaya sürgün edildi. Bu durum komitənin ılımlı tərəfdarları olan Bəkzadiyan, Mraviyan və Kasyanı da əndişələndirir. Erməni ÇEKAsının başında duran Əttarbəgiyan “qorxunc” ləqəbini almışdı. Mraviyan və Kasiyan istefa edəcəklərini açıqlayaraq Əttarbəgiyanı təhdid edirlər. İnqilabi Komitənin Bakıdakı nümayəndəsi Atabəyovdan Mraviyan istəyir ki, Ətabəgiyanı Bakıya çağırıb vəzifəsini dəyişdirsinlər və daha təcrübəli adam göndərsinlər.134 Ermənistandakı bu sıxışdırıcı tətbiqat dövlətin möhkəmlənməsinə heç bir yardım etmir. Tam tərsinə müxtəlif təbəqələri narazı etməyə başlayır. Olayların sonrakı axışı bu narazılıqları ortaya çıxaracaqdı.
Xatistan İrəvandakı tutuqlamalar başlamadan öncə dekabrin 20-də Tiflisə qaçmışdı. Tiflisdə batılı nümayəndələrlə görüşündə deyir: “Ermənistan millətinin iqtisadiyyatı əkinçiliyə dayanmaqdadır. Türklərin saldırısına uğradığında bolşevikləri qurtarıcı kimi görmüşdü. Bir neçə həftə ərzində gördülər ki, qurtarıcı bolşeviklər də cinayətkarmışlar. Şübhəsiz ki, Ermənistanda da Azərbaycanda olduğu kimi, qiyamlar olacaq.”135 Buna bənzər əndişələr dekabr ayında Mraviyan və Lenin arasında gedən dialoqda da ortaya çıxmışdı. Bu üzdən də ictimai bir partlayış gözlənilirdi. İşdən uzaqlaşdırılıb təqib altına alınan daşnak partiyasının üzvlərinin əksəriyyəti Tiflisə qaçmışdılar. Tiflisdə Ermənistan Azadlıq Komitəsini təşkil edirlər. Bu xüsusda Londonda “Times” qəzeti 1921-ci il yanvar ayının 27-də yazır: “Cari ayın əvvəllərində daşnak partiyasının rəhbərləri Tiflisdə bir konferans keçirərək bolşeviklərlə savaşmaq üçün bütün yolları denəyəcəklərini bildirdilər.” Yalnız Vratsiyan, Xaçaznuni və Tiqraniyan Ermənistanda qalıb yarıgizlin yaşamaqdaydılar. İnqilabi komitənin zəifliyi və qızıl ordunun Gürcüstan cəbhəsinə sövq edilməsi Ermənistanda qiyam üçün şərait yaradır. Vratsiyan dağlara sığınmış daşnaklara qovuşur və qiyamın rəhbərliyini ələ alır. Ermənistanda bulunan Məlkuçanov komutanlığındakı qızıl ordunun sayı 6800 nəfərdir. Ordunun bir qismi şimalda türklərin qarşısında, bir qismi Zəngəzurda yuvalanmaqda olan daşnakları durdurmaq üçün Naxcıvanda yerləşmişdi. İrəvan məntəqəsi yalnız beş skadran süvari və zirehli qatarla qorunurdu. Bu dağınıqlıq sürətli mərkəzləşməni və qiyamçıları zərbə endirməyi ləngidir. Qiyamçılar fevralın 15-də Martirus və Xenkov rəhbərliyində hərəkətə başlayırlar. 1000 nəfər piyadə, 500 süvari və 12 pulemyotla hücuma keçirlər. İrəvanın 30 km yaxınlığında olan Baç-qarnini işğal edib mərkəzi qərargahlarını oraya yerləşdirirlər. Qərargahın baş komutanı Tərxaniyandır. Başqa erməni partizan qrupu fevralın 13-də Keşişkənddə qızıl ordunun piyadə batalyonunu mühasirə edib hamısını öldürürlər. Partizanların rəhbəri Sombat 600 partizanla fevralın 17-də Eçmiyadzin və Oştoruku ələ keçirir. Qiyamçı qüvvələr Qərbi Ermənistandan yardıma gələn Ziton və Sasonun süvari gücləri daha da güclənirlər. İrəvana yönəlib fevralın 18-də başkəndi ələ keçirirlər. Bir gün öncə inqilabi komitə daşnak qiyamına qarşılıq olaraq 50-dən artıq məhbusu edam edir. İnqilabi komitə İrəvanı tərk edərək başkəndin 30 km kənarında yerləşən Kəmərliyə (Ərtaşata) sığınır. Burada qızıl orduya mənsub olan iki zirehli qatar tərəfindən qorunma altına alınırlar. Vratsiyan “Vətənin Qurtuluşu” adında bir komitə təsis edir. Komitə 45 gün qiyama rəhbərlik edəcəkdi. Fevralın 22-də Parisdə olan Aharoniyana xəbər göndərilir: “Ermənistan milləti uzun illər davam edən müsibətlər qarşısında əzilsə də, ancaq siyasi cinayətkarların macəralarını artıq qəbul etməyəcəkdir. Sovet rejiminin Ermənistanda qurulması, ancaq yabancı gücün qullanımı və xalqın yarısından çoxunun öldürülməsi ilə mümkün olmuşdu. Bu üzdən də silah tutmağı başaran bütün ermənilər son nəfəsimizə, son gülləmizə qədər savaşacağıq.”136
Vətənin Qurtuluş Komitəsi öz yalnızlığının və yenilmə ehtimalının fərqindədir. Bu üzdən də Xarici müttəfiq axtarmaq fikrindədir. Qızıl ordu ilə savaş halında olan gürcülərə bu göndəridə bulunurlar: “Qızıl ordu qarşısında dirənin. Biz bolşevikləri yurudumuzdan çıxardıq.” Fevralın 21-də gürcülər erməni qiyamçılardan istəyirlər ki, “Gürcüstana yürüməkdə olan bolşevikləri arxadan vurun. Arxadan vursanız Gürcüstanı mühasirə edə bilməzlər.” Dörd gün sonra qızıl ordu Tiflisə daxil olur. Bir gün sonra Moskva radiosu xəbər verir: “Mərkəzində Gürcüstanın bulunduğu Qafqaz əks-inqilabçıları, xain sosialist erməni qrupları ilə bir yerdə müttəfiq dövlətləlrdən yardım alaraq Qafqaz işçilərinin səsini boğmaq istəyirlər. Tiflis menşevikləri ilə İrəvanı ələ keçirən daşnakların amacı müttəfiqlərin yardımı ilə inqilaba zərbə vurmaq olmuşdur.”137
Türklərdən yardım istəmək də boşuna idi. Qiyam başlarkən türklər ikili siyasət izlədilər. Kəmalistlərin daşnakların yanında hərbi nümayəndəsi olan leitnant Bahəddin sürəkli dostluqdan danışırdı. O, Eçmiyadzin´lə bir görüşdə dedi: “Naxcıvana məmurlar göndərmək üçün Iğdıra gedirəm. (İrəvanın 90 km yaxınlığında olan Iğdır türklərin əlində idi) Balşeviklərə saldırmaq üçün plan hazırlamalıyıq. Markaranı (Arazın üstündə bir körüpü) hazırlayın. Biz bütün gücümüzlə sizə yardım edəcəyik.”138 Polkovnik Kurbel iddia edir ki, daşnaklar türklərin yardımı ilə yenidən İrəvanı ələ keçirə bildilər.139 ancaq əslində türklər heç bir yardım etmirlər. Müvəffəqiyətləri dolayısıyla təşviq edilən Vratsiyan Mart ayının 13-də Türkiyə Böyük Millət Məclisinə bu məzmunda göndəridə bulunur: “Ermənistanın bolşeviklərə qarşı başlatdığı savaşın bütün Şərq xalqlarının azadlığına xidmət edəcəyi inancındayıq. Bu üzdən də Ermənistan bu savaşda öz qonşuları, özəlliklə Türkiyə üzərində çox hesab etməkdədir.”140 Vratsiyan bunları türklərdən istəmişdi:
-
Türkiyədə əsirlikdə olan erməni əsirlərin sərbəst buraxılıb Ermənistana dönmələri.
-
Silah, özəlliklə tüfəng göndərilməsi.
-
Aleksandropol müqaviləsinin 5-ci maddəsinə əsasən hərbi yardımın edilməsi.
Gürcüstanın məğlubiyyəti erməni dirənişinin sonunu xəbər verir. Ayrıca, silah və ərzaq qıtlığı nədəni ilə qiyamçı daşnaklar sıxıntı içindədirlər. Küçük-Vadidə daşnakların saldırısından qorxan Məlkuçanov geri çəkilə bilməsi üçün mart ayının 8-də radio vasitəsi ilə qızıl ordudan istəyir ki, Sevan və Naxcıvanda caydırıcı əməliyyata başlasınlar. Eyni zamanda Şimalda Gürcüstan cəbhəsindən dönən qızıl ordu birimləri daşnaklara saldırır. Martın ortalarında qızıllar güclərini Dəlicanda mərkəzləşdirirlər. Ağır savaşdan sonra daşnakları Baş-Abarana tərəf püskürdürlər. Savaşın genişləməsindən qorxan Orconikide məşhur erməni şairi Həvans Tumaniyanı daşnakların yanına göndərib barış təklifində bulunur. Onun müdaxiləsi heç bir işə yaramır. Üç ay öncə türklərin qarşısında dirənə bilməyən eyni ermənilər indi ruslara qarşı böyük savaş başlatmışdılar. Martın 20-də Məlkuçanov istəyini ordu qərargahına yenidən bildirir. İrandan ərzaq almaq üçün ona altun göndərilməsini istəyir. Beş gün sonra 47 kg altun gətirən bir uçaq Araz çayının kənarında Ararat ovalığına enir. Bu altun qızıl ordu əsgərlərinin ərzaq sorununu çözür. Martın 18-də Vratsiyan durumun onların zərərinə dəyişdiyini görüb Nejədən Alaqaz dərəsindən caydırıcı saldırıya başlatmasını istəyir. Ancaq Zəngəzur dağlarında səngər açmış olan Nejə bunu təhlükəli hesab edir. Daşnaklar bütün güclərini səfərbər edərək Kəmərliyə saldırırlar. Burada Məlkuçanov və inqilabi bolşevik komitəsinin üzvlərini əsir almaq istəyirlər. Ancaq başarmırlar. Martın 25-də qızıllar Vəlixanov komutanlığında Şimaldan və Güneydən İrəvana saldırırlar. Şimal qrupu aprelin 2-də İrəvana daxil olur. İkinci dəfə olaraq İrəvan bolşeviklərin əlinə keçir. Vətənin Qurtuluşu Komitəsinin üzvləri Tərxaniyanın 1000 süvarisinin və partizanların himayəsində hərbçi olmayan 10000 əhali ilə bir yerdə Alaqaz dərəsinə geri çəkilirlər. Ordan da İranın qonşuluğunda olan və hələ də daşnakların əlində bulunan Zəngəzura sığınmalıydılar.
Yenidən İnqilabi Komitənin rəisi olan Əttabəgiyan Aprelin 3-də Leninə və Orconikideyə teleqram göndərir: “Bu gün erməni zəhmətkeş xalqı qızıl ordunun yardımı ilə daşnakların işini bitirdi.”141
Əcəba,bu, bir macəramı idi? Ermənistanın varlığına vurulmuş o qədər yaralardan və çətinliklərdən sonra bu, artıq dözəlməz bir durum idi. Ancaq belə bir sual ortaya çıxır: “Savaş kommunizmi”nin işkəncələrini sabahkı qeyri-müəyyən aydınlığa görə qəbul etməkmi gərəkirdi? Qiyamın məsuliyyətini kim daşıyırdı? Xalqın güvənliyini sağlaya bilməyəcək qədər zəif olan inqilabi komitəmi məsul idi, yoxsa bu zəiflikdən yararlanaraq yenidən istiqlalı geri gətirmək xülyası ilə qiyama başlayan daşnaklarmı məsul idilər? Daşnaklar belə bir xəyala qapılmışdılar ki, türklərlə yaxınlaşmağa başlayan müttəfiqlər Londonda ermənilərin haqqını savunacaqlar. Qiyamdan sonra ölkəni bürümüş olan müxtəlif xəstəliklər daha da yayqınlaşdı. Aclıq, yoxsulluq ölkəni çox pis duruma salmışdı.
* * *
Savaş bitməmişdi. Daşnakların mərkəzi qərargahı olan Zəngəzur hələ qiyamçıların əlində idi. Moskva İnqilabi Komitənin rəftarını sərtcə tənqid etdi. Aprelin 10-da Orconikidze Tiflisdən İrəvana gələrək Ermənistan Kommunist Partiyasının konferansına qatıldı. İnqilabi Komitənin aşırı davranışlarını tənqid etdi. Onların ən pislərini işdən uzaqlaşdırma qərarı aldı: Əttarbəgiyan, Alixaniyan, Dolətiyan, Avis, Kasiyan.
Aprelin 14-də Miyasnikiyan Qafqaza gəlmədən öncə Leninlə görüşdü. Ondan “Oyanmaqda olan Şərq xalqları Rusiya inqilabından da daha böyük inqilab edəcəklər” tezisinə ehtiyatla yanaşılmasını söylədi. Miyasnikiyan bu haqda Qafqaz bolşeviklərinə göstərməsi üçün Lenindən kətbi bir əmr istəyir. Bir gün sonra bir qasid Leninin Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqaz kommunistlərinə yazdığı ünlü məktubunu gətirir. Bu məktubda deyilir: “Cümhuriyyətlərinin özəlliklərini və çox fərqli durumlarını Rusiya ilə qiyaslasınlar.” Lenin ümid edir ki, “Qafqaz cümhuriyyətlərinin birləşməsindən bir barış örnəyi doğacaq ki, burjua rejimlərdə onun örnəyi olmamış və olmayacaqdır.”142 Güya ki, Ermənistanın durumu ilə bağlı bilgisi olmayan Lenin görüşmənin sonunda Miyasnikiandan soruşur: “Viran edilmiş, xaraba qalmış Ermənistan baş qaldıra bilmişmi? Onun milli qızıl ordusu yetərincə güclüdürmü? Burjua aydınlar arasında ixtilaf varmı? Qızıl süngülər haqqında söhbət edirlərmi?”143 Miyasnikian mayın 2-də Tiflisə gəlir. Irəvana getmədən öncə Qafqaz komitəsi nümayəndələri ilə görüşür. Mayın 9-da kommunist partiyası və bolşevik təşkilatların toplantısında Ermənistanın cari məsələləri haqqında danışır: “Sovet Rusiyası olmadan Ermənistanda azadlıq və istiqlal mövcud olmayacaq.”144 Mayın 21-də inqilabi komitə səlahiyyətlərini Miyasnikian rəhbərliyindəki xalq komiserləri şurasına həvalə etdi.
Zəngəzur əski erməni şahzadənişin bölgəsi olmuşdu. Erməni Sivnik şahzadələri Zəngəzurda oturardı. Şərqi Ermənistanın ən gözəl diyarı olan Zəngəzura varmaq çətin idi. 1921-ci il mart ayında Zəngəzur daşnakların ən son dirəniş mərkəzinə dönüşmüşdü. Bu bölgənin qəlbində əski Tatfef tapınağında Qorgin Nejdə özünü “Azad Sivnik Hökmranı” elan edir.145 Qorgin Nejdə 1913-cü il Türkiyə-Bulqaristan savaşında bulqar tərəfində türklərə qarşı savaşmış və qəhrəmanlıqlar göstərmişdi. Türklərin birinci polkunu Bakıdan uzaqlaşdırmışdı. Aprelin 26-da daşnaklar bir toplantı keçirərək Zəngəzuru “Müstəqil Dağlıq Cümhuriyyəti” elan edirlər. Tək ümidləri İranda bulunan ingilis ordusunun yardımı ilə Qafqazda durum aydınlığa qovuşana qədər özlərini qoruya bilməkdir. Bolşeviklər bu son dirəniş qalasını da qırmaq və Zəngəzuru ələ keçirmək istəyirlər. May ayının ortalarında barışcıl bir yol tapmaq üçün Kariniyan və Melnikov adında iki nəfəri müzakirə üçün Zəngəzura göndərirlər. Sonuncusu qızıl ordunun nümayəndəsidir. Bu iki nəfər onlara təslim olacaqları təqdirdə hamının bağışlanacağını söyləyirlər.146 Daşnaklar inanmırlar. Əcəba onlar bu son səngərlərini, ya da bolşeviklərin “əks-inqilabçıların yuvası” adlandırdığı Zəngəzuru uzun zaman saxlaya biləcəklərinimi düşünürdülər? İyun ayının 3-də Zəngəzurun zorla ələ keçirilməsi qərarlaşdırılır. İyun ayının 19-da Miyasnikian zəhmətkeşlərə xitabən yaydığı bəyaniyədə deyir: “Bizim barışcıl girişimlərimizə baxmayaraq daşnaklar bizə saldırmaqda öncül oldular. Töküləcək olan qanların məsuliyyəti onların üzərinədir.” O, davam edir ki, Ermənistan qonşuları Gürcüstan və Azərbaycanla qardaşca münasibət qurmaqdadır. Ən son qərara görə Yuxarı Qarabağ Ermənistanın ayrılmaz hissəsi olacaq. Bütün Qafqazda işçilərin və əkinçilərin iradəsinə və iqtidarına qarşı çıxacaq heç bir güc qalmamışdır. Hətta Şərur və Naxcıvanda da sovet rejimi mövcuddur və qardaşcasına bu ərazilər Ermənistana verilmişdir.147
İyun ayının 30-da İrəvanda toplaşan Türkiyə erməniləri elan edirlər: “Fevral ayı qiyamının basdırılışından sonra biz daşnak partiyasından ayrılmışıq və artıq bu partiyanın cinayətkaranə fəaliyyətlərində iştirak etmirik.”Bu etiraf onların antibolşevik fəaliyyətlərini keçən aylarda təsdiqləməkdədir. Toplantının rəisi Kariniyan söz verir ki, onlardan Rusiyaya sığınan 15 min nəfəri öz doğum yerlərinə geri gətirəcəkdir.148
Daşnaklar və qızıl ordu arasında ilk qarşıdurma Alaqaz dərəsində gerçəkləşir. Daşnaklar bu savaşda qalib gəlir və Səlim gədiyini ələ keçirirlər. Qızıl ordu komutanı görür ki, qarşı-qarşıya savaşaraq onları yenə bilməyəcəklər. Ordunu üç qismə ayırıb üç tərəfdən saldırıya keçir: Qərbdən Sisyan tərəfindən, Güneydən Ordubad tərəfindən, Şimaldan Qarabağ tərəfindən. Iyunun 26-da ağır savaşlardan sonra Alaqaz dərəsi qızıl ordunun kontroluna keçir. İyulun 2-də Qorini işğal edirlər. İyulun 7-də mə´dən mərkəzi olan Qapan da işğal edilir. Daşnaklar İran sınırında yerləşən Araz çayına tərəf geri çəkilirlər. İyulun 13-nə qədər dirənirlər. Bu müddət ərzində 10 min partizanı və əski hökümətin üzvlərini sınırdan İrana keçirirlər. Daşnaklar geri çəkilərkən öldürülən tərəfdarlarının qarşılığı olaraq əllərində əsir olan 100 bolşeviki dağdan dərəyə atırlar. İyul ayının 16-da qızıl ordunun komutanı Vəlixanov elan edir: “Al bayraq Zəngəzurun zirvəsində artıq dalğalanmaqdadır. Daşnak macərası sona çatmışdır.”
Sentyabrın 3-də sovetlərin Tehrandakı nümayəndəsi Teodor Rutştayn İran hökümətini daşnakların Təbrizdəki fəaliyyətinə göz yumasından dolayı tənqid etdi. “Bu, sovet Ermənistananına qarşı təhdid sayılımaqdadır.”149 Daşnakların İrana keçmələri onları bolşevik intiqamından qorudu. Onlar mübarizəni fərqli şəkildə davam etdirdilər. Onlardan çoxu Avropadakı erməni mühacirlərinə qatıldılar. Bir çoxu da İranın müxtəlif şəhərlərində məskunlaşdılar. Daha çox əskidən də ermənilər olan şəhərlərdə yuvalandılar.
Dostları ilə paylaş: |