Məhəbbət mənim gözlərimi öz sehrli şüaları ilə açanda və alovlu barmaqları ilə ilk dəfə könlümə toxunanda mənim 18 yaşım var idi. Səlma Kərame gözəlliyi ilə mənim ruhumu oyadan və məni ülvi hisslərin cənnətinə aparan həmin ilk qadın oldu.
Şövqlü, gözəl Səlma mənə məhəbbətin sirrini açaraq gözəlliyə səcdə etməyi öyrətdi. Ruhani həyatın poemasından ilk şeiri də mənə o oxudu.
Kim öz zərifliyi ilə onu yeniyetməliyin qayğısızlığından ayırdı?
(«Qırılmış qanadlar» əsərindən)
*** Mən qumla köpük arasındakı sahil yolu ilə gedirəm. Sular mənim izlərimi siləcək.
Küləklər köpükləri dağıdacaq.
Amma dəniz və sahil əbədi qalacaq. Hələ dünən mən özümü həyat dairəsində ahəngsiz surətdə döyünən bir zərrəcik kimi təsəvvür edirdim. İndi mən bilirəm ki, mən dairənin özüyəm, həyat özünün bütün zərrəcikləri ilə məndə ahəngdar surətdə döyünür.
Onlar mənə yuxudan ayılaraq deyirlər: «Sən və sənin yaşadığın dünya yalnız əngin dəryanın əngin sahillərinin qum dənəciyisiniz.
Mən isə onlara yuxuda deyirəm: Mən əngin dənizəm, bütün aləmlər isə mənim sahilimdə bir qum dənəsidir». Yalnız bir dəfə mən cavab tapmadım, məndən soruşanda ki, mən kiməm. İlk ilahi fikir mələk olub.
İlk ilahi söz insan olub. Mirvari bir qum dənəsinin ətrafında ağrı ilə tikilən məbəddir.
Bəs bizim bədənlərimiz hansı ehtirasla və hansı zərrəciyin ətrafında tikilib? Allah məni, daşı, bu ecazkar gölə atanda, məndən gölün üzərində ətrafa saysız dairələr yayıldı.
Ancaq dibə çatanda sakitləşdim. Mənim ruhum və canım bir-birini sevəndə və nigah bağlayanda mən yenidən doğuldum. Xatirə görüşün bir növüdür. Unutmaq azadlığın bir növüdür. Süd yolunun pəncərələrindən baxan üçün fəza yer və göy arasındakı məkan deyil. Bəşəriyyət əzəliyyətdən əbədiyyətə axan nur çayıdır. Məgər efirin sakinləri olan ruhlar insan ağrısına həsəd çəkmirmi? Müqəddəs şəhərə gedən yolda mən bir zəvvar gördüm və ondan soruşdum: «Bu yol məni Müqəddəs Şəhərə aparacaqmı?»
– Ardımca gəl – cavab verdi, – sabah səhər Müqəddəs şəhərə daxil olarsan.
Mən necə də təəccübləndim, o mənə məni yalnış yolla apardığına görə mənə əsəbləşəndə. Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar. Mənim evim mənə deyir: «Mənimlə qal, çünki burada sənin keçmişin yaşayır».
Yol isə deyir: «Ardımca gəl, çünki mən sənin gələcəyinəm».
Mən evimə və yoluma deyirəm: «Mənim nə keçmişim var, nə gələcəyim». Mən burda qalsam, mənim sükutumda hərəkət var. Mən getsəm, mənim hərəkətimdə sükut var. Ancaq sevgi və ölüm hər şeyi dəyişir». Təəccüblü deyilmi ki, müəyyən zövqlərin yanğısı mənim ağrımın bir hissəsidir? Yeddi dəfə mən öz ruhuma nifrət etmişəm:
Birinci dəfə, o yüksəkliyə qalxmaq üçün itaət edəndə.
İkinci dəfə, onun şikəstlər yanında axsadığını görəndə.
Üçüncü dəfə, ona asan və çətin arasında seçim etmək lazım gələndə asanı seçəndə.
Dördüncü dəfə, o, zülm eləyib özünə haqq qazandıranda ki, hər kəs belə edir.
Beşinci dəfə, o, öz zəifliyi ucundan səbiri güc kimi qələmə verəndə.
Altıncı dəfə o, ikrahla bir kifir simadan üzünü çevirəndə və bilməyəndə ki, bu, onun sifətlərindən biridir.
Yeddinci dəfə o, mədhiyyə oxuyub bunu xeyirxahlıq zənn edəndə. Mən mütləq həqiqəti bilmirəm. Ancaq mən öz biliksizliyimlə barışıram və bu mənim şərəfim və mükafatımdır.