Susma, ürək…
133
ANAM, A KƏLBƏCƏR, ANAM, A GÖYÇƏ
Göz yaşınız bir-birinə qarışıb,
Anam, a Kəlbəcər, anam, a Göyçə.
Gərəkdir alışıb siz yanan oda,
Yanam, a Kəlbəcər, yanam, a Göyçə,
Anam, a Kəlbəcər, anam, a Göyçə.
Şişdağ Keyti səmtə gözünü dikib,
Keyti ağı deyib, boynunu büküb.
Deyirlər ki, “Alagöl”dən perikib,
Sonam, a Kəlbəcər, sonam, a Göyçə,
Anam, a Kəlbəcər, anam, a Göyçə.
Haqlısız, nə qədər qınasaz bizi,
Ancaq itirməyin mən salan izi.
Ya gərək özümü, ya da ki sizi,
Danam, a Kəlbəcər, danam, a Göyçə,
Anam, a Kəlbəcər, anam, a Göyçə.
İtdi inam, ümid, güman bəd gəldi,
Qismətimdən qismət uman bəd gəldi,
Bizdə günah yoxdur, yaman bəd gəldi,
Zaman, a Kəlbəcər, zaman, a Göyçə,
Anam, a Kəlbəcər, anam, a Göyçə.
Dostları ilə paylaş: |