Sərraf Şiruyə
232
QARDAŞLARIM
Mərhum qardaşlarım
Nəbi və İmanın məzarları önündə
Dərdinizi çəkənmirəm,
Dərdi daşan qardaşlarım.
Qızılquştək qanad çalıb,
Dağlar aşan qardaşlarım.
Tez solan bostan oldunuz,
Qohumdan, dostdan oldunuz.
Dilimdə dastan oldunuz,
Dastan qoşan qardaşlarım.
Boğdu məni bu qəm, qəhər,
Suyum zəhər, havam zəhər.
Cazibəmdə axşam, səhər,
Hey dolaşan qardaşlarım.
Gözlərimdə yaşa dönüb,
Nə tez getdiz quşa dönüb,
Bir cüt dilsiz daşa dönüb,
Qoşalaşan qardaşlarım.
İzi qalan bu daşlarda,
Sözü qalan sirdaşlarda.
Ürəklərdə, yaddaşlarda,
Qayalaşan qardaşlarım.
Ömrü cahil, fikri ahıl,
Dili şirin, dolğun ağıl.
Sədaları dastan, nağıl,
Təbi coşan qardaşlarım.
|