Sərraf Şiruyə
70
AXTAR
İgidin başını qovxada, qalda,
Yaltağın başını qoltuqda axtar.
Töhmət şələsini, minnət yükünü,
Utanmazda axtar, sırtıqda axtar.
Doydurmaz acgözü dünyanın varı,
Puldadı xəsisin qeyrəti, arı.
Ləkəli sərvəti, altun-yatarı,
Tamahdan, nəfsdən artıqda axtar.
Elin hörmətini uzaqdan soruş,
Evin nizamını qonaqdan soruş.
Şiruyə, düz sözü uşaqdan soruş,
Yalanı ağızdan yırtıqda axtar.
GETMƏ
Xəcalət olarsan, peşman gələrsən,
Əldə dinar yoxsa, bazara getmə.
Müşküllərin üçün Allaha sığın,
Fikir dərd, azardı, – azara getmə.
Əl aç ilahiyə yesirtək ağla,
Haqqa ibadət et, yeri qucaqla.
Ümid, gümanını Allaha bağla,
Ümidsiz bir özgə güzara getmə.
|