Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Musiqinin məzmunu və ifadə vaistələri



Yüklə 191,07 Kb.
səhifə2/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   2   3   4   5   6   7   8   9   ...   71
musiqi1 kopyası kopyası

2.Musiqinin məzmunu və ifadə vaistələri

Musiqi ictimai şüur forması kimi çoxsahəlidir: yaradıcı, ifaçı, təşkilatçı, eləcə də əyləncə zamanı, qavrama, tələbat, təminedici, estetik tərbiyə vasitəsi kimi böyük təsir qüvvəsinə malikdir.


Hər bir incəsənət növü kimi musiqi gerçəkliyi əks etdirir. Hər bir musiqinin müəyyən məzmunu və ideyası olur. O insana xas bütün hissləri ifadə etmək qabiliyyətinə malikdir. Musiqinin məzmunu müxtəlif olur: bəzən insanın daxili aləmini, əhval-ruhiyyəsini, bəzən inqilabi, qəhrəmani mübarizəni, bəzən fəlsəfi düşüncəni, bəzən də təbiət mənzərələrini təsvir edə bilir. Musiqinin məzmunu rəqs ritmləri ilə də verilə bilər. Məzmun melodiya vasitəsilə təsvir edilir.
Musiqinin ifadə vasitələri müxtəlif olur: melodiya, polifoniya, harmoniya, faktura, temp, registr, tembr və s. Musiqi əsərinin əsası melodiyadır. Melodiya isə bədii varlığın əsasıdır. Melodik xəttin​əsasını lad təşkil edir ki, burada ifadəli və milli xüsusiyyət öz əksini tapır. Melodik xətt vasitəsilə melodiyanın xarakteri təyin olunur. Hər bir musiqi əsərinin mütləq bir ölçüsü olur. Mövzunun ifadə olunmasında ölçü, metr, xanələrin rolu böyükdür. Beləliklə, melodiyanın tərkibini təşkil edən ritm, temp, dinamika, lad və s. musiqi ifadə vasitələridir. Bu musiqi ifadə vasitələrindən istifadə etməklə bəstəkarlar çoxlu miqdarda müxtəlif məzmunlu musiqi əsərləri yaradırlar.



  1. Azərbaycan Xalq Musiqisi




Azərbaycan xalqının mədəniyyət və incəsənəti çoxəsrlik tarixə malikdir. Xalqımızın musiqiyə dərin məhəbbəti və musiqinin xalq həyatında dərin kök salması buna canlı misaldır. Qədim dövrlərdən şifahi ənənəli sənət kimi yaşayan milli musiqimiz öz janr və forma müxtəlifliyi, orijinal ritmi, parlaq ifadə tərzi və milli xüsusiyyətləri ilə fərqlənir. Azərbaycan xalq musiqi sənətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Mərasim rəqsi olan “Yallı”nı eramızdan əvvəl V minilliyə aid etmək olar. Azərbaycanın zəngin musiqi mədəniyyəti haqda qiymətli məlumatlar “Kitabi – Dədə Qorqud” dastanında verilir.
Orta əsr Azərbaycan musiqi mədəniyyətinin bir çox cəhətləri Nizami, Məhsəti, Nəsimi, Füzuli, Vaqif və başqa Azərbaycan klassiklərinin əsərlərində geniş şəkildə öz əksini tapmışdır. Bu musiqi mədəniyyəti haqda orta əsrlərin görkəmli alimlərindən S.Urməvi, Ə.Marağayının, Mirzə bəyin və b. - nın musiqi risalələrində verilmiş zəngin məlumatlar musiqi elminə böyük töhfədir.
Azərbaycan şifahi ənənəli musiqi yaradıcılığı - xalq mahnı və rəqslərinin, aşıq havaları və dastanların, muğam dəstgahları, kiçik həcmli muğamlar, zərbi-muğamlar, təsnif və rənglərin yaradılmasını və ifaçılığını özündə cəmləşdirir. Əmək, epik, məişət, qəhrəmanlıq, lirik, satirik mahnı və rəqslər, aşıq yaradıcılığı, emosional obrazlı məzmunu ilə fərqlənən klassik muğam sənəti xalqın hafizəsində dərin iz buraxmış və öz qiymətini əsrlər boyu saxlamışdır. Hər bir sahənin özünəməxsus janrları, yaradıcılıq tələbləri, ifaçılıq xüsusiyyətləri və eləcə də tətbiqi cəhətləri vardır. 
Bu işdə mahir mügənnilər, aşıq və xanəndələr böyük rol oynamışlar. Bunlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Əsəd Rzayev kimi sənətkarların, Səttar, Cəfər, Cabbar Qaryağdıoğlu, Xarratqulu, Hacı Hüsü kimi xanəndələrin, Sadıqcan, Şirin Axundov, Qurban Pirimov və b. tarzənlərin sənətə bağlılığı bu gün də gənc nəslə nümunə, bir məktəbdir. Dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəyli musiqi yaradıcılığının və ifaçılığının əsas inkişaf yollarını göstərərək, “Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində Azərbaycan musiqisində mövcud janrları musiqi xüsusiyyətlərinə görə iki qrupa: bəhrli və bəhrsiz musiqi qruplarına bölmüşdür. Bəhrsiz qrupa sərbəst vəznə əsaslanan muğamları, bəhrli qrupa isə dəqiq metroritmik əsasa malik musiqi janrlarını – təsnif, rəng, diringi, rəqs və mahnıları aid etmişdir.
Xalq musiqi yaradıcılığının janrları olan mahnı və rəqslər, aşıq havaları, muğamlar, təsnif və rənglər musiqi ifaçılarının ənənəvi repertuarının əsasını təşkil edir. Bu baxımdan, musiqi irsində vokal, instrumental və vokal-instrumental musiqi sahələri ayrıca qeyd olunmalıdır. Azərbaycan xalq musiqisinin böyük bir hissəsini xalq mahnıları təşkil edir. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı – onun ümid və arzuları, əhval– ruhiyyəsi tərənnüm olunur.
 
Xalq mahnıları rəngarang mövzu və məzmununa, ictimai mötivlərinə görə bir – birindən fərqlənir. Bu baxımdan onları dörd qrupa bölmək olar.
1.Əmək mahnıları
2.Mərasim mahnıları 
3.Məişət mahnıları 
4.Tarixi mahnılar
 
I. Əmək mahnıları xalq mahnı yaradıcılığının ən qədim janrıdır. Xalqın təsərrüfat həyatı və mövsüm mərasimləri ilə bağlı əmək mahnıları çoxdur. Maldarlar arasında ən geniş yayılmışı - sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə geniş yayılmış əmək mahnıları - hollavarlardır. Bu mahnıların mətnini şifahi ədəbiyyatın qədim şeir formalarından olan bayatılar təşkil edir. Belə mahnılardan “Çoban avazı”, “Tutu mənəm”, “Sağım mahnısı”, “Çək, şumla yeri”, “Şum nəğməsi” və b. adını çəkmək olar. Lənkəran, Masallı, Astara, Lerik rayonlarında oxunan əmək – rəqs mahnılarını qadınlar kollektiv halda ifa edirlər. “Həsiri basma, dolan gəl”, “Ha yordu – yordu”, “Ay lolo” və s. buna misaldır.
 
II. Mərasim mahnıları da milli xalq mahnı yaradıcılığının qədim növlərindən biridir. Bu cür mahnıları “mövsüm” və “ənənəvi” mahnı növlərinə ayırmaq olar.
Mövsüm mahnılarında insanların təbiət qüvvələrinə - yağış, quraqlıq, od, günəşə qalib gəlməyə çalışması öz ifadəsini tapır.
Ailə və məişətlə əlaqədar yaranmış mahnılar isə ənənəvi toy, bayram və matəm mahnılarından ibarətdir. Bu cür mahnılardan “Günəşi cağır” mərasim mahnısının, “Xoş getdin”, “Aparmağa gəlmişik”, “Ay mübarək”, “Yol açın, gəlin gəlir” ənənəvi toy mahnılarının adını çəkə bilərik.
Qədim el bayramı – Novruz bayramı zamanı oxunan mahnılar da ənənəvi mahnılardandır. Bunlar müxtəlif oyunlar və tonqal üstündən tullanma zamanı ifa edilir, səməni ilə bağlı oxunur. Bunlardan “Xıdır İlyas”, “Səməni”, “Kos – Kosa” və b. göstərmək olar.
 
III. Məişət mahnıları mətninə, məzmununa, bədii formasına, ifadə etdiyi hisslərə görə müxtəlifdir. Məişət mahnıları 4 növə bölünür.
1.Uşaq mahnıları
2. Lirik mahnılar
3. Yumorlu mahnılar
4. Satirik mahnılar.
Anaların öz körpələrinə oxuduqları mahnılara ninni, layla və oxşamalar aiddir. Bu mahnıların musiqisi sadə, sözləri aydın və anlaşıqlı olur.
Uşaq mahnılarının çox hissəsi bilavasitə uşaqların özləri tərəfindən ifa olunur. Uşaq mahnıları üçün səciyyəvi olan sağlam gülüş, məzhəkə və zarafat bu mahnıların əsasını təşkil edir. “Qarı və buz”, “Quzum”, “Xoruz”, “Qış”, “Çoban”, “Məstan pişik” və s. bu qəbildən olan mahnılardır.
Xalqın gündəlik həyatını əks etdirən lirik mahnılarda başlıca yeri ailə, saf məhəbbət, ayrılıq, intizar kimi həyati mövzular, nəcib, insani hisslər tutur. Lirik mahnılar ahəngdar, ifadəli melodiyası, öz dəqiq ritmi ilə fərqlənir. Belə nümunələrdən “Çal, oyna”, “Qoy gülüm gəlsin, ay nənə”, “Gül oğlan”, “Qara tellər”, “Qara göz”, “Ay sarı saç”, “Qara xal yar”, “Ləlli” və s. adını çəkmək olar.
Satiralı mahnılar məişət və əxlaqın mənfi cəhətlərini əks etdirən mahnılardır. Bu mahnılarda köhnə adət – ənənələr, mənfi tiplər - fırıldaqçılar, məişət pozğunluqları ifşa olunaraq, gülüş öbyektinə çevrilir.
Bir çox mahnılarda satirik və lirik sevgi motivləri birləşir. Onlarda şikayət ruhu duyulur. “Aman nənə”, “Ay qadası” mahnıları bu qəbildəndir.
 
IV. Tarixi mahnılar xalqın həyatında baş vermiş hər hansı tarixi hadisəyə və ya ölkənin ictimai – siyasi həyatında böyük rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır. Bu mahnılarda xalqın xarakteri, vətən məhəbbəti, qəsbkarlara qarşı amansızlıq, müstəqillik arzuları əks olunmuşdur. Məsələn, “Atlı Koroğlu”, “Koroğlunun Çənlibeli”, “Koroğlunun təlimi”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Yolu kəsmişlər” mahnılarını göstərmək olar.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin