SƏBA /təəccüblə/
Bəs sən yol pulunu hardan taparsan?
Tutalım, kimdənsə alıb aparsan?
Onda borc içində batıb qalarıq.
NİCAT /inamla/
Sələmçi Camalı başa salarıq,
Bir üç yüz dollar o verər mənə,
Sonra mən qazanıb yollaram sənə.
SƏBA /həyəcanlı/
Yox, yox aman, Nicat, faiz bir ölüm!
Salar bəlalara eyləyər zülüm.
Daşın bu fikirdən, ayrı yol ara,
Vurma ürəyimin başına yara.
NİCAT /ümidsiz/
Ayrı yolumuz yox, sən bunu düşün,
Allah qoysa, sonu xoşdur bu işin.
Zəng edim Camala görüm evdədir?
/Camala zəng edir. Camal telefonu götürür, razılaşırlar.
Uşaqlar Aygün, Elçin, Fuad yan otaqdan gəlirlər. Ata və
anasını qucaqlayırlar. Nicat uşaqlara heyrətlə baxır, bəs
Samir hanı?/
SƏBA
Samir maşın yuyur, bu heyrət nədir?
Qonşu uşaqlara qoşulub o da,
|