Durğu işarələrinin təlimi
Durğu işarələri dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir və orfoqrafiya, kolleqrafiya ilə birlikdə düzgün yazı qaydalarının nizama salınmasında iştirak edir. Digər qrafik işarələrin ifadə edə bilmədiklərini durğu işarələri yerinə yetirir. Dilin müxtəlif qanunauyğunluqları ilə bağlı olan bu işarələrdən istifadənin tarixi bizim eradan əvvələ təsadüf edir.
Z.Budaqova və R.Rüstəmovun birlikdə yazdıqları “Azərbaycan dilində durğu işarələri” (1968), M.Şirəliyevin redaktəsilə Z.Budaqovanın nəşr etdirdiyi eyniadlı kitab (1977), M.Həsənovun “Durğu işarələrinin məlumat metodikası”(1974), A.Kazımov,T.Osmanovanın həmmüəllifliyi ilə hazırlanmış “Durğu işarələrinin işlədilməsi qaydaları” adlı dərs vəsaiti bu sahənin elmi-metodiki təhlilini əks etdirən çap nümunələridir.
Şagirdlər ibtidai siniflərdən etibarən durğu işarələri ilə tanış olur, ilk qrammatik anlayışların öyrənilməsi ilə paralel yazılı nitqdə onlardan istifadənin qaydalarını da mənimsəməyə başlayırlar. Orfoqrafiya təlimində yazı işlərinin təshihi və qiymətləndirilməsindən danışdıqda durğu işarələrindən bəhs etsək də, onlar haqqında tam, ətraflı məlumat sintaksis tədrisi ilə əlaqədar olaraq verilir.
Azərbaycan dilində istifadə olunan durğu işarələri bunlardır: nöqtə, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə, sual və nida işarələri, vergül, tire, mötərizə və dırnaq işarəsi. Bu işarələr də ayırıcı və fərqləndirici olmaqla iki funksional qrupa bölünür. Yaxşı olar ki, müəllim sintaksisə qədər olan mərhələdə şagirdlərin hansı durğu işarələrindən sərbəst, səhvsiz istifadə etdiyini müəyyənləşdirdikdən sonra nisbətən mürəkkəb səhvlərə rəvac verən durğu işarələri təlimi ilə daha ciddi məşğul olsun. Bizcə, ilk növbədə, nöqtə, sual və nida işarələrinin cümlə sonundakı funksiyası aydınlaşdırılmalı, şagirdlərə təlqin edilməlidir ki, durğu işarələrində buraxılan səhv fikrin təhrif olunmasına səbəb olur. Tədqiqi mülahizələrdən bu qənaətə gəlinir ki, durğu işarələrinin “ilk nümayəndəsi” nöqtədir. Punktuasiya da hərfi tərcümədə “nöqtə” mənasın verən latın mənşəli “punktum” ifadəsi ilə bağlıdır. Cümlənin məqsəd və intonasiyaya görə növləri spesifik durğu işarələrinə malikdir və müəllim tələffüz və yazı prosesində məntiqi vurğunun da imkanlarını səfərbər etməklə nöqtə, sual və nidadan məqamında istifadə etməyi şagirdlərə mənimsətməlidir.
O, bu əvəzlikləri ilə ifadə edilən mübtədalarda, həmcins üzvlərdə, xitablarda, ara sözlərdə, ümumiləşdirici sözlərdə, əlavə və xüsusiləşmələrdə, mürəkkəb cümlələrdə, vasitəsiz nitqlərdə durğu işarələrinin mənimsədilməsi, əsasən, həmin mövzuların təlimi dövründə öyrədilməli, bir növ, şagirdlərdə punktual vərdişlər yaradılmalıdır. Bütün bu prosesdə isə qrammatik-semantik prinsip əsas götürülməli, onun mahiyyəti forma və məna dəqiqliyi baxımından şagirdlərə çatdırılmaldır. Sintaktik biliklərin verilməsi zamanı hansı mövzu ilə əlaqədar, hansı işarələr haqqında məlumat verəcəyini müəllim əvvəlcədən planlaşdırmalıdır.
Şagirdlərin nisbətən çətinlik çəkdiyi o, bu işarə əvəzlikləri ilə ifadə olunan mübtədalardan sonra vergül işarəsinin qoyulub- qoyulmaması, qoşa nöqtə, nöqtəli vergül, tire, dırnaq, mötərizə işarələrinin işlədilməsi məqamları ilə bağlı məsələlərdir. Bu məsələləri də nəzəri materiallar və praktik nümunələr əsasında hərtərəfli araşdırmaqdan yorulmamalıdır. Hələ ki, durğu işarələrinin işlənmə qaydaları orfoqrafiya qaydaları kimi stabilləşməyib dolaşıq məqamları, üslubi çalarla bağlı səhvləri yazı işlərində şagirdlərin qiymətinə mənfi təsir edəcək səhvlər kimi qəbul etməməliyik. Məsələn, o, bu işarə əvəzliyi ilə ifadə olunan mübtədalardan sonra vergül işarəsinin işlədilməsi qaydası müxtəlif variantlı izahlara malikdir, yalnız son dövr orta məktəb dərsliklərində o, bu mübtədalarından sonra fel və köməkçi nitq hissələri işləndikdə vergül qoyulmaz qeydi verilmişdir. Məsələn; O danışmırdı. O da oxumurdu. Hələ bu situasiyanı da üslubi çalar kimi qəbul edən dilçilərimiz vardır.
Bəzən durğu işarələrinin çoxfunksiyalılığı şagirdləri çaşdırır, onlar hansı məqamda nöqtəli vergül, qoşa nöqtə və ya tire qoymaqda tərəddüd edirlər. Nöqtəli vergüldən ümumi növün çeşidləri qrup-qrup sadalandıqda, mürəkkəb cümlə konstruksiyasında komponentlər arasında əvvəl vergül işarəsindən istifadə edildikdən sonrakı məqamda istifadə edilir. Məsələn, Müslüm kişidən hıçqırtıya oxşayan bir səs çıxdı; nə gülmək kimi gülməkdi, nə ağlamaq kimi ağlamaq. (R.Rövşən), Müslüm kişinin günahı yox idi, günahın hamısı o daşdaydı; yonduqca yonulurdu, tozu dünyanı götürmüşdü. (R.Rövşən)
Qoşa nöqtə işarəsi aydınlaşdırma məqsədilə işlədilir. Məsələn, Onun səmimiyyəti, təbiiliyi, onun saf ana, sədaqətli vətəndaş ürəyi hamıya: böyüyə də, kiçiyə də aydın idi. (M.Cəlal), A.Bakıxanov əsərlərinin birində yazır: “Düzlükdən qüdrətli bir dövlət yoxdur” cümlələrinin birincisində həmcins tamamlıqları ümumiləşdirən “hamıya” sözündən sonra, ikinci cümlədə isə müəllif sözlərindən əvvəl qoşa nöqtə işarəsindən istifadə edilmişdir. Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəldikdə isə ondan qabaq tire işarəsi qoyulur. Bundan əlavə dialoq formalı nitqdə vasitəsiz nitqdən sonra, müəllif sözü davam edirsə, ondan əvvəl, bəzi ara cümlələrdən əvvəl və sonra, xüsusiləşmiş əlavələrdən əvvəl tire işarəsi qoyulur. Məsələn, Qardaş, - deyirdi, - sümüyüm isinmir! (R.Rövşən), Poladın fikri bir anlığa uzaqlara – müharibədən qabaqkı dövrlərə, tələbəlik dövrlərinə uçmuşdu. (S.Rəhman), Suyu çoxaldın, uşaqlar – məhlula baxa-baxa yanaşdı – dünəndən bəri balta çox yavaş gedir. (M.Hüseyn) və s.
Durğu işarələri haqqında müxtəlif sintaktik mövzularla bağlı verilmiş pərakəndə məlumatları sistemə salmaq məqsədilə sintaksis kursunun sonunda durğu işarələrinin təkmil tədrisi üçün vaxt ayrılmasını metodika faydalı və zəruri hesab edir. Bu hissədə nöqtənin, vergülün və digər işarələrin bütün işlənmə məqamları sistem halında öyrədilməlidir. Hətta hər bir işarə üçün indekslər qəbul edilərsə, durğu işarələrinə görə mətnin yazılı təhlili üçün zəmin yaranmış olar. Əgər durğu işarələrini roma, onların işlənmə məqamlarını adi rəqəmlə göstərsək, yazılı təhlil asanlaşar, şagirdlər müxtəlif ədəbi-bədii parçalardakı işarələrin işlənmə səbəblərini indekslərin vasitəsilə göstərə bilərlər. Bu məqsədlə sistematik şəkildə müxtəlif növlü imlalardan və digər yazılardan istifadə etmək durğu işarələrindən düzgün istifadə vərdişlərinin qazanılmasına imkan vermiş olar.
Dostları ilə paylaş: |