Rabitəli nitq və üslubiyyatla bağlı vərdişlərin inkişafı üzrə işlər. Sintaksisin tədrisində mətnin sintaksisi, mürəkkəb sintaktik bütövlər üzrə işlərin düzgün təşkilinin rabitəli nitq vərdişlərinin elmi əsaslarının hazırlanmasında əhəmiyyəti böyükdür. Biz nitq inkişafı üzrə işlərdən danışarkən sintaksis tədrisinin üslubi imkanlarından, şagirdlərin nitqinin üslubca zənginləşdirilməsi yollarından geniş bəhs etmişik. Cümlənin intonasiyaya görə növlərinin işləndiyi müxtəlif üslubi məqamları, ismi və feli birləşmələrin ifadə etdikləri mənalar, ismi və feli birləşmələrin cümlədəki yeri, cümlə üzvlərinin sıralanması, sadə cümlələrin ifadə etdikləri mənaların açılması, bütöv və yarımçıq cümlələrdən düzgün istifadə vərdişləri, mürəkkəb və sadə cümlələrin sinonimik ifadə vasitələri üzrə işlərin rabitəli nitq və üslubiyyatla bağlı problemlərin həlli istiqamətlərində xüsusi əhəmiyyəti vardır.
Sintaksis üzrə zəruri bacarıqların aşılanmasında proqramlaşdırılmış yoxlamaların rolu Biz bütün bölmələrin tədrisində proqramlaşdırılmış yoxlamalardan istifadənin əhəmiyyətindən bəhs etmişik. Sintaksisdən də bir sıra mühüm bacarıqların praktik nəticəsini əldə etmək üçün proqramlaşdırıılmış yoxlama kartoçkalarından, yoxlayıcı testlərdən istifadə edilir. Şagirdlər sintaksis təliminin yekun mərhələsində aşağıdakıları bacarmalıdırlar:
söz birləşməsi və cümlələrdəki sözlər arasında sintaktik (qrammatik) əlaqələri düzgün müəyyənləşdirməyi və onları növlərə ayırmağı;
tabelilik əlaqələrinin növlərinə xas olan xüsusiyyətləri izah etməklə tabelilik əlaqələrini fərqləndirməyi;
cümləni məqsəd və intonasiyaya görə növlərinə ayırmağı, nəqli, sual, əmr cümlələrindən nitqdə istifadə etməyi və müfafiq durğu işarələrini məqamında işlətməyi;
cümlə üzvlərinə sual verə bilməyi və onları təyin etməyi;
cümlənin qrammatik əsasını göstərməklə sadə cümlələri sintaktik təhlil etməyi;
cümlədəki sözlərin sıralanmasında məntiqi vurğunun mahiyyəti və ondan istifadə imkanlarını;
xüsusiləşmə, xitab, ara sözləri, həmcins üzvləri və onların içərisində ümumiləşdirici sözləri müəyyənləşdirməyi;
tabesiz və tabeli mürəkkəb cümlələri fərqləndirməyi, eyni zamanda onların komponentləri arasında məna əlaqələrini təyin etməyi;
tabeli mürəkkəb cümlələrdə budaq cümlələrin növlərini təyin etməyi; və s.
Hər bölmənin sonunda bu bacarıqların nə səviyyədə qazanıldığını yoxlamaq üçün istifadə ediləcək proqramlaşdırılmış yoxlamalardan əvvəl çalışmalar sisteminə əsaslanan öyrədici işlərə diqqət ayırmalı, təmrinlərdən səmərəli istifadə edilməlidir. Nəhayət, bəhsin sonunda yekunlaşdırıcı sualların əks olunduğu yoxlayıcı proqramlardan istifadə olunmalıdır:
Sözlər arasındakı tabelilik əlaqəsinin növlərini təyin edin.
İsmi birləşmələrin növlərini göstərin.
Feli birləşmələrin növlərini göstərin.
Mübtədaların ifadə vasitələrini göstərin.
Xəbərin ifadə vasitələrini göstərin.
Tamamlığın məna növü və ifadə vasitələrini göstərin.
Zərfliyin məna növü və ifadə vasitələrini göstərin.
Təyinlərin ifadə vasitələrini göstərin.
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri göstərin.
Tabesiz mürəkkəb cümlədə məna əlaqələrini təyin edin.