Sintaksis tədrisində nitq inkişafı məsələləri
Bundan əvvəlki mühazirəmizdə sintaksisin tədrisi ilə əlaqədar üslubiyyat üzrə işlərin təşkilindən bəhs etmiş, söz birləşmələrinin, sintaktik əlaqələrin, intonasiyaya görə cümlə növlərinin və ayrı-ayrı cümlə üzvlərinin nitq inkişafındakı rolundan nisbətən geniş danışmışıq. Əslində, sintaksis nitq inkişafı məsələlərindən bəhs etmək üçün ən geniş və imkanlı meydandır.
Biz şagirdlərin nitq vərdişlərinin inkişafı üzrə işlərin məzmunundan danışarkən bu sahədə məktəblərimizdə beş istiqamətdə iş aparıldığını qeyd etmişik. Sintaksis təlimi yuxarıda toxunduğumuz beş istiqamət (ədəbi tələffüz və oxu, cümlə qurmaq vərdişləri, üslubiyyat üzrə işlər, lüğət ehtiyatının zənginləşdirilməsi və rabitəli nitq inkişafı) üzrə iş aparmağa imkan verir. Müəllimin vəzifəsi bütün bu istiqamətlərdə iş aparmağın yerini, işin təşkili yollarını bilməkdir.
Cümlənin məqsəd və intonasiyaya görə növlərinin, cümlə üzvlərinin, əlavə və xüsusiləşmələrin, həmcins üzvlərin, durğu işarələri təlimi, habelə sadə və mürəkkəb cümlənin təlim məzmunu düzgün müəyyənləşdirilməklə ədəbi tələffüz və oxu vərdişlərinin inkişafı üzrə iş aparmağın geniş imkanları mövcuddur. Tədris prosesində çalışma mətnlərinin oxusu üzrə işə geniş yer verilməli, intonasiya və məqsədə görə cümlələrin düzgün oxunması təmin edilməlidir. Məqsəd tərif və qaydaları başa salmaq yox, həm də ədəbi tələffüz normalarına müvafiq oxunun təşkili olmalıdır. Silsiləli ismi və feli birləşmələri, cümlə üzvlərinin əlavəsini, ara sözlü cümlələri, mürəkkəb cümlənin müxtəlif növlərini, bir neçə budaq cümləli tabeli mürəkkəb cümlələri, absazları (durğu işarələrinin də iştirakı nəzərə alınmaqla) necə tələffüz etmək şagirdlərə aydın olmalı, onlara normativ tələffüz etalonu aşılanmalıdır.
Cümlə qurmaq vərdişləri üzrə aparılan işlər. Verilmiş sintaktik əlaqə sxemi üzrə cümlələr qurmaq, sözlərdən ismi və feli birləşmələr düzəldib cümlələrdə işlətmək, verilmiş sözləri müxtəlif cümlə üzvləri funksiyasında təcəssüm etdirmək, verilmiş səhv cümlələri redaktə etmək, mürəkkəb cümlələr tərtib etmək, sadə cümləni mürəkkəb, mürəkkəb cümləni sadə cümləyə çevirmək kimi işlər sintaksis təlimində cümlə qurmaq vərdişlərini inkişaf etdirməklə yanaşı, verilmiş nəzəri bilikərin möhkəmləndirilməsinə də xidmət etmiş olar.
Təmrin və çalışmalarla işdən əlavə, müxtəlif tipli yaradıcı yazılardan (adi və sərbəst imlalar, ifadə, inşa) istifadə etməyin, cümlə üzvlərinə sual və suallara düzgün cavab vermək bacarıqlarının formalaşdırılmasının da nitq inkişafında böyük əhəmiyyəti ola bilər.
Dostları ilə paylaş: |