Ümumiyyətlə, şeirdə qafiyələnmədə iştirak etmə-yən misraların sayı nə qədər çox olsa və misra nə qədər uzun olsa forma məhdudiyyətləri o qədər az olar. Gəraylı, qoşma, müxəmməs və onlara bənzər şeir şəkillərində isə qafiyəsiz misra olmadığından və bəndlər arasında da qafiyə əlaqəsi (bəndlərin son misralarının qafiyələnməsi) olduğundan bu şəkillərin məhdudiyyətləri daha çoxdur. Sərbəst (qafiyələnmədə iştirak etməyən) misralı və çarpaz qafiyəli şeirlərdə isə forma məhdu-diyyətləri nisbətən azdır.
Əruz vəznində yazılan şeirlərin daha çox qəzəl jan-rında, özü də adətən heca sayı 14-dən yuxarı olan qəlib-lərdə yazılması da sözsüz ki, təsadüfi deyil. Belə ki, bildi-yimiz kimi əruz vəzni heca vəzni ilə müqayisədə daha çox məhdudiyyət yaradır. Lakin, qəzəlin misralarının uzun ol-ması və birinci beytdən başqa bütün beytlərin birinci mis-rasının qafiyələnmədə iştirak etməməsi, həmçinin klassik ədəbiyyatımızda əcnəbi sözlərdən həddən çox istifadə ənənəsi də həmin məhdudiyyəti xeyli aradan qaldırmış-dır. Ona görə də klassik qoşma-gəraylı ədəbiyyatı ilə müqayisədə kalassik qəzəl ədəbiyyatında şeirin forma qaydalarını təmin etmək xatirinə yazılmış, mənası zəif olan və ya mənasının məzmuna dəxli olmayan parçalar tapmaq demək olar ki, qeyri-mümkündür. Yəni əslində qəzəl yazmaq gəraylı, qoşma, müxəmməs və onlara bənzər, qafiyəsiz misrası olmayan şeirləri yazmaqdan asan olmuşdur. Məhz buna görədir ki, klassik şərq poeziyasında qəzəl janrı daha çox işlənmişdir.
Şeir formalarının məhdudiyyətlərini və fəsadlarını aradan qaldırmaq üçün bütün digər şeir formalarından imtina edib yalnız bölgüsüz, qafiyəsiz sərbəst şeir yaz-maq ideyası ilə bu gün çıxış edənlər var. Lakin nəzərə almaq lazımdır ki, məhdudiyyət yaradan şeir formaları həm də şeirdə müəyyən funksiyaları yerinə yetirir. Ədəbiyyatşünaslıqda bu məsələ də demək olar ki, araşdırılmayıb. Yəqin ki, məhz bu funksiyalarına görə şeir formaları məhdudiyyətlərinə baxmayaraq nəsildən nəslə keçərək yaşamış, öz əhəmiyyətini itirməmişdir.
Şeirin forma elementlərinin məhdudiyyət yaratmaqla bərabər yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:
1. Deyilişi asanlaşdırma və gözəlləşdirmə funksiya-sı. Bu funksiyanı əsasən vəzn və qafiyə yerinə yetirir. Əruz vəzni bu funksiyanı daha yüksək səviyyədə yerinə yetirir. Bu funksiya şeirlərin, o cümlədən mənzum xalq yaradıcılığı nümunələrinin insanlar tərəfindən asan istifa-də edilməsinə və sevilməsinə şərait yaratımışdır.
2. Yadda saxlamanı asanlaşdırma funksiyası. Bu funksiyanı da əsasən vəzn və qafiyə yerinə yetirir. Bu funksiya şeirlərin, o cümlədən mənzum xalq yaradıcılığı nümunələrinin yaddaşlarda saxlanılmasına və əsrlər boyu nəsildən-nəslə ötürülməsinə şərait yaratmışdır.
3. Məcazlardan (bədii təsvir vasitələrindən (BTV)) istifadəyə yönəltmə funksiyası. Bu çox mühüm bir funksi-yadır. Bu funksiyanı əsasən qafiyə və rədif yerinə yetirir. Belə ki, qafiyə və ya rədif şairi fikrini dolayı yolla ifadə etməyə vadar edir ki, bu da bədii təsvir vasitəsinə çevrilir. BTV isə şeirə gözəllik verir. Əlbəttə ki, yerində və qədə-rində işlədilən BTV. Onu da unutmaq olmaz ki, şeir yaz-maqda məqsəd yalnız BTV-dən istifadə deyil. BTV olma-dan da dərin mənalı və gözəl şeirlər yazıla bilər və yazıl-mışdır. Məsələn, aşağıdakı bənddə heç bir BTV yoxdur, lakin kifayət qədər təsirli və gözəldir:
...Otaqda boş qalır gümüş çarpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın.
"Vağzalı" çalınır, anam ağlayır...
T. Bayram
Bəzən şeiri BTV ilə həddən artıq yükləyirlər, halbuki, həmin BTV o qədər də dərin məna və gözəl-lik yaratmır, əksinə oxucunu əməlli başlı yorur və bezdirir. Əslində bu hal, şairlərin BTV arxasında giz-lənməsi və zəifliyinin əlamətidir.
4. Mövzu vermə funksiyası. Bu da çox mühüm bir funksiyadır. Bu funksiyanı əsasən qafiyələr, xüsusən də bəndin rədifi və ondan əvvəl gələn sabit qafiyə yerinə yetirir. Bu funksiya şairə yeni mövzulara müraciət etmə-yə, şeirdə yeni söz və fikir söyləməyə şərait yaradır.
5. Müxtəlif şeirlərin eyni melodiyada oxunmasına imkan vermə funksiyası. Bu funksiyanı əsasən vəzn yerinə yetirir. Məsələn, ritmik aşıq havaları vəzni sabit olan qoşma və gəraylı şəkillərində yazılmış şeirlərə bəstələnmiş olduğundan bu aşıq havalarını həmin şəkillərdə yazılmış istənilən şeir üzərində oxumaq olur.
Şeirin forma elementlərinin indiyə qədər heç yerdə ayrıca qeyd edilməmiş və diqqət yetirilməmiş bu funksiya-ları şeir yazmaqda şairlərin gizli köməkçisidir. Yəni, forma elementləri bir tərəfdən məhdudiyyət yaratsa da, bir tərəfdən də şeir yazmağa kömək edir və hətta ideyası kasad olan şairlər bu funksiyaların arxasında gizlənə bilir. Ona görədir ki, həmişə bölgülü və qafiyəli şeirlər yazmış şairlər bölgüsüz, qafiyəsiz sərbəst şeir yazmaqda çətinlik çəkirlər, baxmayaraq ki, belə şeir yazmaqda forma məh-dudiyyəti yoxdur.
Fikrimizcə, bütün bu məhdudiyyətlərə və fəsadlara baxmayaraq, heç bir şeir formasından imtina edilmə-məlidir. Çünki hər bir şeir formasının öz yeri, öz gözəlliyi var. Məsələn, vətənpərvərlik və döyüş ruhlu şeirlərdə əruzun, lirik məzmunlu şeirlərdə sərbəst formanın özünə-məxsus əvəzedilməz yeri var.
Ona görə də fikrimizcə “şair” adını daşıyan şəxs şeir formalarının hamısına bələd olmağa və yaradıcılığında müraciət etməyə çalışmalıdır. Bu ancaq yaradıcılığın rəngarəngliyinin və dəyərinin daha da artmasına xidmət edər. Yalnız yekcins şeir formalarına qapılmaq, digər formaları qəbul etməmək və onlardan hansısa bəhanə-lərlə imtina etməyi təbliğ etmək doğru deyil. Məsələn, bu gün əsasən əruzda yazan şairlərdən elələri var ki, heca vəznini, qoşma və gəraylı kimi janrları, həmçinin sərbəst şeiri ümumiyyətlə qəbul etmirlər. Yaxud, əsasən heca vəznində, qoşma və gəraylı kimi janrlarda yazan şairlər də var ki, sərbəst şeiri və əruzu qəbul etmirlər. Nəhayət elə şairlər də var ki, əsasən bölgüsüz, qafiyəsiz sərbəst şeirlər yazırlar və qalan butün şeir formalarını inkar edir-lər. Hər biri də öz fikirlərini əsaslandırmağa çalışır. Lakin, hər halda yalnız müəyyən şeir formaları ilə məhdudlaş-maq yaradıcılığın rəngarəngliyini və dəyərini azaldır. Düzdür, hər bir yazarda həm forma, həm də məzmun cəhətdən müəyyən istiqamətin üstünlük təşkil etməsi labüddür. Lakin bu digər formalara ümumiyyətlə müraciət etməməyə və onları inkar etməyə gətirib çıxarmamalıdır. Fikrimizcə, bu məhdud görüşdür.
Dostları ilə paylaş: |