Şirvanşahlar dövləti XII-XIV əsrlərdə



Yüklə 17,09 Kb.
tarix02.01.2022
ölçüsü17,09 Kb.
#46992

Şirvanşahlar dövləti XII-XIV əsrlərdə

X əsrin sonunda və XI əsrdə Abbasilər Xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar və onların hakimiyyəti getdikcə irsi şəkil almağa başladı.

Şirvanın varlı şəhərləri - Şamaxı, xüsusilə Bakı yadelli işğalçıların diqqətini özünə cəlb edirdi. Onlar dəfələrlə bu şəhərlərə basqın edərək çalıb-çapır, əhalisini qırırdılar. Mənbələr göstərir ki, 1030-cu ildə rus dəstəsi otuz səkkiz gəmi ilə Şirvana hücum etdi. Şirvanşah I Mənuçöhr ibn Yəzid onları Bakı (Bakuyə) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada xeyli şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin həlak oldu. 1066-cı ildə türklərin başçısı Qaratəkin Şirvana hücum etdi  və əvvəlcə  Şamaxını, sonra isə Bakını  ələ keçirdi. Qaratəkinin yürüşündən sonra türklərin Azərbaycana gəlmələri intensiv şəkil aldı. 1067-ci ildə səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. XI-XIV əsrlərdə səlcuqların vassalı hüququnda Şirvanşahların hökmranlıq etdikləri Şirvan və Eldəgiz Atabəylərinin hakimiyyəti altında olan Arran Eldəgizlər, həm də Cənubi Azərbaycanın hakimi olub, səlcuq sultanlarının vassalı idilər. Mənbələr xəbər verirlər ki, XII əsrin ikincı rübündə Eldəgiz, Bakı da daxil olmaqla, bütün Şirvanı zəbt edir. Qısa müddətdə Arranı, Gəncəni, Şirvanı və Bakını tamamilə tutan Eldəgiz qoşun və rəiyyətlə elə münasibətlər yaradır ki, hamının ürəyində ona məhəbbət oyanır. 1170-ci ildə I Axsitan dayısı oğlu olan gürcü hökmdarı III Georginin köməyi ilə Bakı yaxınlığında rusların 73 gəmidən ibarət donanmasını məğlub edir.

XII əsrin sonlarında Şirvanşahlar nominal şəkildə müstəqil olsalar da, əslində, Eldəgizlərin hakimiyyəti altında idilər. 1191-ci ildə Şamaxı güclü zəlzələ nəticəsində xeyli dərəcədə dağılmışdı. Bu zəlzələdə Şirvanşah I Axsitanın arvadı və uşaqları həlak olmuşdu. Ehtimal ki, həmin vaxt Axsitan öz iqamətgahını Şamaxıdan Bakıya köçürmüşdü. XII əsrin sonu-XIII əsrin əvvəli Bakı şəhərinin feodal inkişaf dövrü idi. XII əsrin birinci yarısında şəhərin qala divarları çəkildi və bir sıra fortifikasiya işləri aparıldı. Şəhərin müdafiə tikililəri sisteminə Qız qalası da daxil idi. Şirvanın varlı şəhərlərindən biri və Xəzər dənizində mühüm liman kimi Bakının əhəmiyyəti daha da artırdı. Həmin dövrün mənbələrində Bakı alınmaz qala və Şərqin mühüm şəhərlərindən biri kimi təsvir edilir.

XII əsrin sonlarında, Qızıl Arslanın ölümündən sonra Eldəgizlər dövləti tədricən tənəzzülə uğramağa başladı. Bununla əlaqədar olaraq Eldəgizlərin vassalı olan Şirvanşahlar hakimiyyəti tanımaqdan imtina edərək qısa müddət müstəqillik qazandılar. Lakin Şirvanın dirçəlişi, iqtisadi inkişafı və dinclik dövrü uzun sürmədi.

Səlcuq imperiyası dağıldıqdan az sonra Şərq ölkələrinin üstünü monqol hücumları təhlükəsi aldı. Azərbaycan da monqol istilasından xilas ola bilmədi. Azərbaycan coğrafiyaşünası Bakuvinin verdiyi məlumata görə, monqollar əhalisi onlara inadlı müqavimət göstərən dəniz sahilindəki möhkəmləndirilmiş qalanı - Bakını uzun müddət ala bilməmişdilər. Yalnız bütün ölkə işğal olunduqdan sonra şəhər təslim olmaq məcburiyyətində qalmışdı.

XII-XIII əsrlərdə aramsız basqınlardan qorunmaq üçün Şirvanşahlar Bakı və Abşeronda qala divarları, bürclər, müdafiə istehkamları tikdirirdilər. Onların üzərində Şirvanşahların adları və dəbdəbəli titullar çəkilirdi ki, bu da Şirvanşahların və onların vassalları olan iri feodalların müstəqilliyini göstərirdi.  Elxanilər dövründə Bakı monqol hökmdarlarının qışlaq yeri idi.1297-ci ildə Elxan Arqunun oğlu Qazan xan qışlamaq məqsədilə Bakıya gəlmişdi.  Böyük iqtisadi əhəmiyyətə malik olan Bakı təbii liman idi. İrandan və Orta Asiyadan gələn gəmilər Bakı limanına üstünlük verirdilər.

139-1393-cü ildə Teymur oğlu Miranşahı Şirvanın, o cümlədən Bakının hakimi təyin etdikdə belə Şirvanşah özünün şirvanşah titulunu saxlamışdı. XIV əsrin sonunda Bakıda Teymurun adından gümüş və mis sikkələr kəsilmişdi. 1413-cü ildə Şirvanşah I İbrahim Qaraqoyunlu sultanı Qara Yusifin vassalı olmasını qəbul edir. Bakı və Şirvanın digər şəhərləri Qaraqoyunlu dövlətinin hakimiyyəti altına keçir. Lakin bu vassallıq formal xarakter daşıyırdı. İbrahimin oğlu və varisi I Xəlilüllah (1417-1465-ci illər) taxta çıxandan sonra Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etmişdi. Xəlilüllahın zamanında Şirvanşahlar sarayı kompleksinin, karvansara və körpülərin tikintisinə başlanmışdır.

Onun oğlu və varisi Fərrux Yəsarın kəsdirdiyi ilk sikkələr 1465-cu ilə aiddir. Şirvanşahlar dövlətinin müstəqil yaşamasının əmin-amanlıq dövrü Xəlilüllahın varisi Fərrux Yəsarın zamanında Səfəvilər nəslindən olan Şeyx Cüneydin və onun oğlu Şeyx Heydərin Şirvana hücumu nəticəsində fəlakətlə sona çatdı. Şeyx Cüneyd 1460-cı ildə, I Xəlilüllah dövründə baş verən döyüşdə, Şeyx Heydər isə 1488-ci ildə, Fərrux Yəsar zamanındakı vuruşmada öldürülmüşdülər.

XI-XVI əsrlərdə Bakı və Abşeronda sənətkarlıq inkişaf etmişdi. Burada daş üzərində oymaçılar, həkkaklar, xəttatlar, rəssamlar, toxucu-xalçaçılar, zərgərlər, memarlar, bənnalar, dulusçular, misgərlər, gəmiqayıranlar və digər peşə sahibləri çalışırdı.  Şərq ölkələri ilə Qərb arasında Azərbaycandan uzanıb gedən qədim beynəlxalq tranzit ticarət yolları Abşeron yarımadasının yaxınlığından keçirdi.

Bakının mühüm liman kimi əhəmiyyəti 1375-ci ildə tərtib edilmiş qədim katalon atlasında qeyd edilmişdir. Həmin atlasda Xəzər dənizi Bakı dənizi və Sarra dənizi adlandırılırdı.  Bakıdan Cənubi Azərbaycana, Orta Asiyaya və Həştərxan vasitəsilə Rusiyaya və Avropaya başlıca olaraq neft, ipək, duz ixrac olunurdu. Abşeron bağları Bakı bazarlarını burada bol-bol becərilən əncir, nar və üzümlə təchiz edirdi.

Feodal iyerarxiyasında Şirvanşahlardan sonra əmirlər dururdu. Əmirlər hərbi əyanlara daxil idi. Bütün hərbi və inzibati hakimiyyət onların əlində cəmləşmişdi.

Feodal sinfi daxilində ikinci qrup ali rütbəli ruhanilər - vilayətdə şeyxülislam, qazılar və qazı-əl-qüzzat (qazılar qazısı), yəni vilayətin baş şəhərinin qazısı təşkil edirdi. Onlar şəhər idarəsində yüksək vəzifələr tuturdular. Digər müsəlman dövlətlərində olduğu kimi, Bakıda da şəriətə əsaslanan müsəlman hüquq sistemi fəaliyyət göstərirdi. Cümə (came) məscidlərinin imamları, müdərrislər (mədrəsə müəllimləri), seyidlər, dərviş xanəgahlarının, zaviyələrinin və i.a. şeyxləri, habelə vəqflərin mütəvəlliləri də ruhanilər zümrəsinə daxil idi Şəhər zadəganları sırasına iri tacirlər də daxil idi. Bakı şəhərinin feodal cəmiyyətində rəislər mühüm yer tuturdu. Rəislərin səlahiyyətinə müxtəlif vəzifələr daxil idi. Müxtəlif sex və birliklərin başçıları, məhəllə darğaları, bazarbaşılar rəislərə tabe idilər və onlara hesabat verirdilər. Rəislər şəhərin sosial həyatında mühüm rol oynayan tacir silkinin nümayəndələri, yaxud sənətkar sexlərinin başçıları idilər.

şəhər idarəsinə mənsub olub, rəis ər-rüəsa (rəislər rəisi) qarşısında hesabat verən rəislərdən ibarət idi. A.Bakıxanov elmi əsərləri olan və Şirvandan çıxmış görkəmli orta əsr alimlərini sadalayaraq, onların arasında Məhəmməd Əli Bakuvi (948-1050-ci illər) kimi tanınan Şeyx Əbu Abdullah Əli ibn Məhəmməd Bakuvinin adını çəkir. Onun əsərləri hədislər toplusundan, sufilərin həyatından bəhs edən "Əxbər əl-arifin", "Əxbər əl-qafilin" toplularından, şeir və hikmətli sözlər məcmuəsindən ibarətdir.

XIV-XV əsrlərin hüdudlarında bütün Yaxın və Orta Şərqdə ifrat şiə təriqəti olan hürufilik geniş intişar tapmışdı. Təriqətin banisi Fəzlüllah Nəimi idi. Teymurun sürgün etdiyi Fəzlüllah Nəimi 1386-cı ildən Bakıda və Şirvanda yaşamışdır. XIV əsrin sonlarında Bakı hürufilik təliminin bütün Yaxın və Orta Şərqə yayılmağa başladığı mərkəz idi. Fəzlüllah Nəiminin ölümündən sonra İmadəddin Nəsimi (1369-1417)  hürufilik təriqətinin ən görkəmli rəhbəri olmuşdur.

Şirvanda fəlsəfə və elmin inkişafı XIV-XV əsrlərdə də müşahidə edilir. A.Bakıxanov o dövrün Bakıdan çıxmış görkəmli alimlərinin - XIV əsrdə yaşamış Məhəmməd ibn Mahmudun "Nəfais əl-fünun" kitabında haqqında bəhs etdiyi dərviş Əbusəid Abdal Bakuvinin adını çəkir. XIV əsrin sonu-XV əsrin əvvəllərində Azərbaycanın ən görkəmli orta əsr alimlərindən biri əslən bakılı olub, Bakuvi nisbəsi ilə tanınan Əbdürrəşid ibn Salih ibn Nuri olmuşdur. Bu müəllifin ərəbcə "Təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar ("Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri") adlı dövrümüzədək gəlib çatmış yeganə coğrafi əsəri hicri 806 (1403) -cı ildə yazılmışdır. Müxtəlif ölkələrdə bu əsərin bir sıra çap nüsxələri, eləcə də farscaya tərcüməsi ilə birlikdə əlyazmaları mövcuddur. 1614-cü ildə üzü köçürülmüş və hazırda 5299 nömrəsi ilə Parisdəki Milli Kitabxanada saxlanılan ərəbcə əlyazmalarından biri 1789-cu ildə də Gin tərəfındən fransız dilinə tərcümə olunmuşdur.

XV əsrdə Bakıda, Xəlilüllahın sarayında yaşamış Yaxın və Orta Şərqdə məşhur olan alim və filosoflardan biri Seyid Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əş-Şəmaxi əl-Bakuvidir. Seyid Yəhya Şamaxıda varlı ailədə doğulmuşdur. Seyid Yəhya Şamaxını tərk edərək Bakıya gəlmiş və burada Xəlilüllahın sarayında yaşamışdır. O, Xəlilüllahın sarayında filosof və alim kimi böyük şöhrət qazanmışdı. Seyid Yəhya sufi-mistik səciyyəli bir sıra əsərlər yazmışdır.

İçərişəhərdəki dövrümüzədək qalmış XIII-XIV və sonrakı əsrlərə aid abidələr göstərir ki, həmin vaxtlarda Bakıda mollaxanalar, eləcə də əsasən ilahiyyat və fəlsəfə fənləri, habelə müsəlman hüququ tədris edilən mədrəsələr olmuşdur. Bakı şəhəri əhalisinin danışıq dili XIV əsrin sonunda və XV əsrin əvvəllində Bakıda yaşayan böyük Azərbaycan şairi Nəsimi, Bədr Şirvani və başqa şairlərin yazıb-yaratdığı türk dili idi. XII əsr və XIII əsrin 20-ci illərinə qədərki dövr Bakının ilk çiçəklənmə dövrü olmuşdur. Bakının Azərbaycan ərazisində mühüm feodal qurumlarından olan Şirvanşahlar dövlətinin paytaxtına çevrildiyi XV əsr şəhər mədəniyyətinin inkişaf dövrü olmuşdur.



İstifadə edilmiş ədəbiyyat:
Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü. Bakı: Azərnəşr, 1998, s. 77-172.
Yüklə 17,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin