Sivilizasiya və mənəviyyat
Milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək bu gün qloballaşan dünyada xüsusi əhəmiyyət daşıyır.
İlham Əliyev
İnsan-təbiət münasibətində insan həmişə onu təbiətdən fərqləndirən və təbiətə qarşı dayanmağa imkan verən yeganə amilə - öz mənəvi qüdrətinə istinad etmiş, yalnız mənəviyyatı sayəsində təbiətə nəzərən nisbi müstəqillik əldə etmişdir. Ayrıca bir fərd təbiətin müqabilində çox gücsüz olardı və İnsan-Təbiət münasibətinin tarazlığını və ahəngdarlığını təmin etmək üçün insanlar öz aralarında ittifaqa girməli idilər. Beləliklə, İnsan-Təbiət münasibətinin mümkün olması üçün İnsan-İnsan münasibəti zəruri şərt idi. Bu münasibətlərdən birincisi ilk praktik biliklərin, ikincisi isə əxlaqın formalaşmasına gətirmişdir. Deməli, insanın əmələ gəlməsi üçün zəruri olan, insan mənəvi dünyasının kənar qütblərini təşkil edən iki əsas tərəf elm və əxlaq yox, bilik və əxlaq olmuşdur. Elm isə yenə də İnsan-Təbiət münasibəti sayəsində, lakin çox-çox sonralar, biliklərin inkişafında yeni keyfiyyətli bir mərhələ kimi ortaya çıxmışdır. Ümumiyyətlə, istər İnsan-Təbiət münasibətləri, istərsə də İnsan-İnsan münasibətləri çox mürəkkəb, ziddiyyətli inkişaf yolu keçmişdir. Bu iki münasibət forması arasındakı qarşılıqlı əlaqə də getdikcə möhkəmlənmiş, daha mürəkkəb və zəngin bir prosesə çevrilmişdir. Bilik-Əxlaq ziddiyyətinin yeni formaları: Elm-Əxlaq, Elmi-texniki tərəqqi-Əxlaq münasibətləri əmələ gəlmişdir. Bu münasibətlərdə ikinci tərəf həmişə eyni sözlə ifadə olunsa da, əxlaq özü də müəyyən keyfiyyət dəyişiklikləri keçirmişdir.
Zaman keçdikcə həm İnsan-Təbiət, həm də İnsan-İnsan münasibətləri vasitələnmiş, buraya bir sıra aralıq mərhələlər əlavə olunmuşdur. İnsanın təbiəti dəyişdirməsi və dəyişdirilmiş təbiətin, bir tərəfdən, yeni təbiət kimi (ikinci təbiət), digər tərəfdən də, insanın təbiəti dəyişdirməsi üçün bir vasitə kimi (texnika) çıxış etməsi İnsan-İnsan münasibətində də öz əksini tapmışdır. İnsanın texnikaya, istehsal vasitələrinə nə dərəcə malik olması onun İnsan-Təbiət və İnsan-İnsan münasibətində tutduğu mövqeyi müəyyən edən başlıca amilə çevrilmişdir. İstehsal münasibətləri insanın daxil olduğu bütün münasibətlərin əsasını təşkil etmişdir. Sinifli cəmiyyətin yaranması ilə İnsan-İnsan münasibəti İnsan-Cəmiyyət-İnsan münasibətinə keçmişdir və cəmiyyətin strukturu, istehsal üsulu, siyasi və hüquqi üstqurum ilkin İnsan-İnsan münasibətinin bütün formaları üçün həlledici rol oynamağa başlamış, o cümlədən, əxlaqa da ciddi təsir göstərmişdir. Cəmiyyət İnsan-İnsan münasibətini vasitələndirdiyindən onun keçirdiyi keyfiyyət dəyişmələri (ictimai-iqtisadi formasiyaların əvəzlənməsi, sosial inqilablar) öz əksini əxlaqda da tapmışdır.
Rasionallaşma, sənayeləşmə təkcə insan mənəviyyatına deyil, həm də təbiətə və təbiətin bir hissəsi kimi insana təsir edir. Bu zaman qarşıya çıxan problem insan ilə təbiət arasındakı müvazinətin, harmoniyanın pozulması təhlükəsi ilə bağlıdır. Bu təhlükəni aradan qaldırmaq üçün üç yol vardır:
Birincisi, necə deyərlər, Russo proyekti olub, müasir dövrdə bir sıra Qərb ideoloqlarının da iddia etdiyi kimi, elmi-texniki tərəqqinin qarşısını almaqdır ki, bu da ən azı iki səbəbdən qeyri-mümkündür:
1) Təbiəti dərk etmək və dəyişdirmək İnsan-Təbiət münasibətinin ayrılmaz tərkib hissəsidir və habelə insanın öz daxili imkanlarının, yaradıcılıq potensialını realizə etməsinin ən mühüm aspektlərindən biridir (siyasət və incəsənətlə yanaşı). İnsan səadətinin məhz daxili imkanların reallaşdırılması ilə bağlı olduğunu nəzərə alsaq, məlum olar ki, guya insan səadəti naminə irəli sürülən "Russo proyekti" əslində onun əleyhinədir.
2) Elmi-texniki tərəqqi bəşəriyyət qarşısında duran bir sıra ictimai problemlərin həllində əsas istinad sahəsidir və ondan üz döndərmək, getdikcə artmaqda olan əhali kütləsinin nəinki təkcə mənəvi, həm də çoxcəhətli maddi tələbatının ödənilməsini qeyri-mümkün edərdi.
Deməli, bu "yol" heç cür özünü doğrulda bilməz.
Dostları ilə paylaş: |